Sözə ömürlük bağlılıq

 

ZAMAN QARAYEVİN ƏDƏBİ VƏ ELMİ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR

 

 

XX əsrin 50-90-cı illərində və XXI əsrin əvvəllərində Şəki ədəbi mühitinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuş söz sərraflarından biri Zaman Qarayevdir.

 

O, yaradıcılıq sevincini gənc yaşlarından yaşamış, 1951-ci ildə 20 yaşlı gənc yazıçının dövrünün nüfuzlu ədəbi dərgisi olan "İnqilab və mədəniyyət" jurnalında "Təşəbbüs" adlı hekayəsi görkəmli imzalarla bir sırada nəşr edilib. Bu ədəbi nailiyyət Zaman Qarayevi yeni-yeni yaradıcılıq uğurlarına həvəsləndirmiş, o, böyük ədəbiyyat yolunda inamla addımlamağa başlayıb. 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olması, görkəmli alimlərdən dərs alıb ədəbi-nəzəri bilikləri mükəmməl mənimsəməsi onu bədii və elmi fəaliyyətə dərindən bağlanıb. Uğurlu ali təhsil illərindən sonrakı 1952-ci ildən başlayan coşğun müəllimlik fəaliyyəti yazıçının bədii yaradıcılığını həyatı dəqiq müşahidələr əsasında mövzuca zənginləşdirmişdir. 1954-cü ilədək Qasım İsmayılov (indiki Goranboy) rayonunun Goranboy kəndində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi işlədikdən sonra ailə vəziyyəti nəzərə alınaraq Şəki şəhərinə qayıdıb, pedaqoji fəaliyyətini əvvəlcə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, 1959-cu ilin sentyabrından, 1961-ci ilin sentyabrınadək isə Böyük Dəhnə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam etdirib.

1954-cü ildən "Nuxa fəhləsi" qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən "Səbuhi" ədəbi dərnəyinin fəal üzvü olan gənc yazıçı, sonralar bədii yaradıcılıq qüdrətinə görə nəinki Şəki, həmçinin, respublika ədəbi mühitinin qüdrətli qələm sahiblərindən birinə çevrilib. Yazıçı özü "Nuxa fəhləsi" qəzetinin onun bədii, elmi və publisistik yaradıcılığında oynadığı əhəmiyyətli rolu dəyərləndirərək yazıb: "Mən 1954-cü ildən "Nuxa fəhləsi" qəzetində iştirak edirəm. Qəzet səhifələrində məqalələrim, hekayə və oçerklərim dərc edilmişdir. Yaradıcılığımın yüksəlməsində qəzetin mənə köməyi çox olmuşdur. 1955-ci ildə "Ceyrançöl qoruğunda" adlı povest üzərində işləyirdim. Qəzetdə həmin əsərdən parçalar verildi ki, bu da məni daha gərgin işləməyə həvəsləndirdi. Beləliklə, qəzet mənə bir məktəb oldu. Bilmədiyim və çətinlik çəkdiyim sahələri qəzet vasitəsilə öyrəndim".

Yazıçının yaradıcılıq yolunun mövzu, forma və ideyaca formalaşmasında və dolğunlaşmasında "Nuxa fəhləsi" qəzetinin rolu böyük olmuşdur. 1950-1970-ci illər üzrə qəzetin çox az sayı vardır ki, orada "Zaman Qarayev" imzası olmamış olsun. Qəzetin 1950-1970-ci illər saylarında "Əmioğlular" (1956), "Dostlar" (1956), "Haradasan, ay Ağamalı?" (1956), "Mat qalası iş" (1956),  "Qaranlıq bir gecədə" (1957), "Başıpapaqlılar" (1957), "Kürən" (1957), "Payızxəzəlləri" (1958), "Papaq" (1958), "Təmizlik kağızı" (1959), "Canavar duası" (1959), "Qonağım olun" (1959), "Mənzər xala"(1959), "Sədrin köməyi" (1960), "Cadugər" (1960), "Qəmdağıdan" (1961), "Qaranlıq bir gecədə" (1961), "Əvəzçilər" (1966), "Seyid Rəfi" (1970), "Töhmət" (1973) hekayələri dərc olunub. Hələ XX əsrin 60-cı illərində yazıçının yaradıcılıq nümunələri məzmun, dil və üslub xüsusiyyətləri baxımdan müasirlərinin diqqətini cəlb etmiş, bu illərdə Şəki yazarlarının yaradıcılıq yolunu daim izləyən və onların ədəbi yığıncaqlarında iştirak edərək istiqamət verən Bəxtiyar Vahabzadə, Sabit Rəhman kimi qüdrətli bədii fikir sahibləri onun hekayələri haqqında xoş sözlər söyləyiblər. Yazıçının müasiri və qələm yoldaşı olmuş Hüseyn Rəsulov "Gənc ədəbi qüvvələrə qayğı göstərməli" adlı yazısında Zaman Qarayevin bədii nümunələrinin bədii gücünü dəyərləndirərək yazıb: "...Gənc nasir Z.Qarayevin "Ceyrançöl qoruğunda" povesti "Azərbaycan" jurnalında dərc olunmuşdur. Zaman Qarayev müxtəlif mövzularda bir sıra gözəl hekayələr də yazmışdır". Yazıçının həyati müşahidələrinin məcmuyu olan satirik və məişət mövzulu hekayələri hələ orta məktəbdə dərs dediyi illərdə 1959 və 1961-ci ildə nəşr olunub. "Kürən" (1959) və "Qonağım olun" (1961) adlı hekayələr kitabı ədəbi mühitdə müəllifinə nüfuz qazandırıb. Şəkidə gedən ədəbi prosesləri daim izləyən türk dünyasının qüdrətli şairi Bəxtiyar Vahabzadənin mənəvi dəstəyi ilə gənc yazıçı ədəbi uğurları nəzərə alınaraq 1961-ci ildə Azərbaycan SSR Yazıçılar İttifaqına üzv seçilib. Əsas yaradıcılıq yolu doğma Şəkidən keçən yazıçı 1961-ci ildə yaşayış yerini dəyişərək Bakı şəhərinə köçüb, orada bir çox məsul vəzifələrdə işləyib. Qaynar respublika ədəbi mühiti Zaman Qarayevin yaradıcılıq laboratoriyasını yeni-yeni əsərlərlə zənginləşdirib, 1959-2000-ci illərədək bədii və elmi-publisistik xarakterli 10 kitabın nəşri ilə nəticələnib. Zəngin həyat təcrübəsi, xüsusilə, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində (1961-1967), "Gənclik" nəşriyyatında (1967-1971), "Kənd həyatı" jurnalında (1971), yenidən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində (1971-1980), Radionun İnformasiya Baş Redaksiyasında (1980-1991) və "Haqq sözü" qəzeti redaksiyasında işlədiyi illər yazıçının ədəbi-publisistik dünyasının mövzuca zənginləşməsində böyük rol oynamışdır.

Yazıçının həcmindən, janrından asılı olmayaraq hər bir əsərində aktual səciyyəli mövzu, insanların əhvali-ruhiyyəsi, sosial-iqtisadi həyat, düşüncə tərzi, müəllif cəsarəti, ədəbi detala realist, obyektiv yanaşma hakimdir. "Töhmət", "Təmizlik kağızı", "Canavar duası", "Sədrin köməyi", "Cadugər", "Qəmdağıdan" və s. kimi hekayələrdə cəmiyyətin müxtəlif qütblərinə obyektiv baxış, disident münasibət, real əksetdirmə oxucunu razı salan bədii dil hakimdir. Mükəmməl ədəbiyyat mütəxəssisinin qələm çaldığı hekayələrin nəsr dilində ilk andaca diqqəti cəlb edir.

Ədibin yaradıcılığında özünə yer alan ən maraqlı əsərlərindən biri bu gün gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli  mənbələrdən olan, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür və döyüş yoluna həsr etdiyi "Xarqo" romanıdır. Roman yazıçının qələmindən çıxdıqdan sonra nəşr olunmaq üçün "Azərbaycan" jurnalı redaksiyasına təqdim olunmuş, ancaq əsərin aktual ideyası və məzmunu, Fransada olmayan yazıçının belə bir təsirli əsər yazması, yazıçı təxəyyülünə şübhə zəminində jurnalın redaksiyasının məsul şəxsləri tərəfindən etinasız qarşılanmışdır. Əslində, müəllif əsərini realizm üzərində qurmuş, nəinki əsərin baş qəhrəmanı Əhmədiyyə Cəbrayılov haqqında  çoxlu sayda ədəbiyyat oxumuş, həmçinin, onun yaxın dostu olmuş, cəbhə həyatının əsas epizodlarını qəhrəmanın söhbətlərindən yazıya almışdır. Romanın jurnalın səhifələrinə çıxarılması ilə bağlı yaranmış çətinliyi xalq yazıçısı Əbülhəsən aradan qaldırmış, əsəri oxuyub bəyənmiş, bu səbəbdən bu gözəl əsər onun rəyi ilə 1966-cı ildə "Azərbaycan" jurnalında, bir il sonra isə ayrıca kitab kimi "Gənclik" nəşriyyatında çap olunub. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi zəminində erməni terrorçularına nifrətini ifadə etmək, onların əsas qorxu mənbəyi kimi Əhmədiyyə Cəbrayılovun döyüş yolu zəminində müəllif əsəri yenidən bir sıra əlavələrlə nəşr etdirməyi planlaşdırmış, bu arzu 1998-ci ildə reallaşdırılmış, əsər həmin ildə yenidən nəşr etdirilmişdir. Əsərə müəllif Qarabağda erməni terrorçuları tərəfindən törədilmiş tarixi cinayətləri də əlavə etmişdir.

Zaman Qarayev respublika ədəbi mühitində alim-yazıçı kimi də tanınıb. O, istedadlı ədəbiyyatşünas kimi 1976-cı ildə XX əsrin görkəmli yazıçılarından olmuş Süleyman Rəhimovun povest yaradıcılığını tədqiqə cəlb etmiş, "Süleyman Rəhimovun povestləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi (yeni istilahla filologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb. Onun istedadlı yazıçı qələmi ilə alim qələmi bir-birini tamamlamış, kəsəri ilə seçilmişdir. Məlumdur ki, realist nəsrin və dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadə haqqında ədəbiyyatşünaslığımız maraqlı tədqiqat əsərləri ilə zəngindir. Ədəbiyyatşünas Feyzulla Qasımzadə, Mir Cəlal Paşayev, Hidayət Əfəndiyev, Nadir Məmmədov, Sadıq Murtuzayev və digər alimlərimizin qələmində dahi Mirzə Fətəlinin ömür və sənət yolu tədqiq olunub. Çox təəssüf ki, alim-yazıçı Zaman Qarayevin görkəmli dramaturqun həyat və yaradıcılığına dair apardığı araşdırmalar geniş ədəbi ictimaiyyətə çatdırılmayıb, qaranlıq səhifələrdə qalıb. Yazıçının arxivində saxlanılan tərcümeyi-halından məlumatlanırıq ki, "Öz işini bu istiqamətdə quran (Mirzə Fətəli Axundzadənin ədəbi irsinin tədqiqi istiqaməti nəzərdə tutulur - K.A) filologiya elmləri namizədi Zaman Qarayev yorulmadan ciddi araşdırmalar aparıb, M.F.Axundzadənin irsini dərindən tədqiq etmiş, sovet ədəbiyyatşünaslığının böyük mütəfəkkirin həyatına kölgə saldığı bəzi məqamları cəsarətlə tənqid edib, Mirzə Fətəlinin həyatı haqqında bəzi həqiqətləri üzə çıxarmağa müvəffəq olub. Bütün bunları tutarlı fakt və dəlillərlə sübuta yetirən alim Zaman Qarayev M.F.Axundzadənin indiyədək elmə məlum olmayan "Səfərdə" və "İran şahının Qafqaza səyahəti" povestlərini də aşkara çıxarmışdır. O, böyük mütəfəkkirin "Səfərdə" adlı xatirə-povestini " Azərbaycan" jurnalının 10-cu nömrəsində çap etdirmişdir.  Z.Qarayev Mirzə Fətəliyə həsr etdiyi sanballı elmi araşdırmalarla kifayətlənməmiş, böyük mütəfəkkirin həyatından bəhs edən "Amansız vəzir" povestini, "Vay Süruş!", "Nazir", "Şəni yüksək xan", "Rəhimsiz şəkillər" və s. hekayələri də qələmə almışdır.

Ədəbiyyat tariximiz, xüsusilə, Axundovşünaslıq üçün böyük elmi dəyər kəsb edən yuxarıda adı çəkilən əsərlərin elmi-ədəbi ictimaiyyətin diqqətinə çatdırılması, fikrimizcə, müstəqil ədəbiyyatşünaslığın qarşısında duran əsas vəzifələrdəndir və M.F.Axundzadə haqqında müstəqil ədəbiyyatşünaslıq güzgüsündə tədqiqat aparan tədqiqatçılar mütləq Zaman Qarayevin arxivinə üz tutmalıdırlar. Bu böyük ədəbi-elmi diapozonlu şəxsiyyətin yaradıcılıq yolu haqqında kiçik bir məqalə həcmində geniş məlumat vermək imkanından xaric olduğumuza görə bu qısa qeydlərimizlə kifayətlənirik və yazıçının elmi-ədəbi irsini monoqrafik aspektdə tədqiq etmək fikrindəyik.

 

Kamil ADIŞİRİNOV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 8 iyun.- S.19.