Dərin və geniş bir sual: "Mən niyə mənəm?"

 

 

 

Görkəmli fransız aktyor rejissoru Jan-Lui Barronun fikrincə, "təbiətimiz etibarilə biz hamımız ikili xarakterdəyik - bu, qəbul edilmiş həqiqətdir - lakin günlərin bir günü bizim çoxsaylı olmağımız aşkarlansa, təəccüblənmək lazım deyil. "İnsanda o qədər insan yaşayır ki!" Lakin hətta əgər biz müxtəlif çoxsaylı insanların məskəni, məkanı kimi xidmət ediriksə belə, daimi olaraq iki əsas sima özünü büruzə verir; buna görə biz özümüzü ikili şəxsiyyətli, ikili təbiətli adlandırırıq".

Ədəbiyyatda bu "ikili təbiət", "ikili qəhrəman" tendensiyası çox rast gəlinən  motivlərdən biridir. Bu da özünü iki cəhətdən göstərir: ya bir-birinə fiziki mənəvi bənzəyən iki qəhrəmanın (yad da ola bilər, doğma da) zamanla birləşməyi, bütünləşməyi, ya da bir nəfərin öz daxilində ikiləşməyi...

Hələ folklordan gələn, sonralar isə psixologiyanın, psixoanalizin əsas tədqiqat obyektinə çevrilən hər iki hala aid dünya ədəbiyyatında kifayət qədər nümunələr var. Bu yazıda haqqında danışacağımız əsərlərdə "ikili qəhrəman" tandemi üç ayrı situasiyada ortaya çıxır. Hər situasiyaya aid bir nümunə üzərindən təhlil aparaq.

***

Böyük rus yazıçısı F.Dostoyevskinin illər öncə oxuduğum "Oxşar" əsərinin qəhrəmanı məmur Yakov Petroviç Qolyatkin sadə, mülayim, sakit, hər kəslə yola gedən, ikiüzlülük, saxtakarlıqla heç arası olmayan, bir az da qorxaq tipdir. Ona görə cəmiyyətdə xor görülür, yaxına buraxılmır, can atdığı yüksək təbəqələr arasında heç zaman yeri olmur. Bu mənada əsərin ikinci adı - "Digər" onu tam mənasıyla xarakterizə edir. O, olduğu (daha doğrusu, ola bilmədiyi) cəmiyyətdə həmişə "digər"dir.

Yox, güman ki, səhv edirəm. Yuxarıdakı abzasda yazdığım hər şeyi unudun. Bu, mənim sizə danışdığım insan deyil. Əsl Qolyatkin bu deyil. Əsl Qolyatkin şərçi, böhtançı, öz mənfəətinə görə hər kəsi satmağa hazır, ikiüzlü, ən mənfi xüsusiyyətlərə malik insandır. O, olduğu yeri, ətrafındakı insanları sevmir, onlara nifrət edir bunu heç bir vəchlə gizlətmir.

Ağlınız qarışdı, eləmi? Hər şey birdən-birə tərsinə döndü. Yaxşı, bəs hansıdır həqiqi Qolyatkin?

"Oxşar" da məhz burada başlayır. Əsər şizofreniyaya addım-addım yaxınlaşan bir insanın daxilindəki ikinci mənlə üzləşməsini əks etdirir. Bir insanın daxilində ikiləşmə gedir. Biri göründüyü insan, digəri isə olmaq istədiyi, amma hansısa səbəbdən, məcburiyyətdən daxilində gizlətməli olduğu adam. Hər şeyi kənara qoyub, öz içimizdə etiraf edək: bizim daxilimizdə olmaq istədiyimiz, bəzən hansısa nüanslarda baş qaldıran ikinci mənimiz yoxdurmu? Bəzən onu ustalıqla gizləməyi, özümüzün ən məhrəm sirrimiz kimi saxlamağı bacarsaq da, onun qarşısında acizləşdiyimiz zamanlar da az olmur. Onda, əslində, düşündüklərimiz, demək, etmək istədiklərimiz bizim iradəmiz xaricində öz-özünü büruzə verir. Buna qədər əngəl olmağa çalışsaq belə, iş-işdən keçəndən sonra rahatlamış da oluruq. Axı həmişə "ya olduğumuz kimi görünə, ya da göründüyümüz kimi ola" bilmirik, elə deyil?! Nəticədə yenə özümüzük, gizləməyə hacət?!

Qolyatkinin "oxşar"ı isə ona sanki düşmən gəlib. Əsər boyunca iki Qolyatkin arasında mübarizə davam edir. Bu mübarizə, əslində, qəhrəmanımızın öz içində olan savaşıdır. Qolyatkin oxşarına nifrət edir. Çünki o, onun ola bilmədiyi kimidir. Qısqanclıqdan doğan nifrət ona həqiqətləri görməyə izin vermir. Hətta əsərin bəzi məqamlarında oxucu iki Qolyatkin arasında qalır, hansının hansı olduğunu çaşdırır. Hərdən isə onların iki ayrı insan olduğuna inanırıq. Qolyatkin bəzi məqamlarda özünün kimliyini belə sorğulayır. "Qorxaq", "aciz" anlamını verən soyadına layiq biri olduğunu düşünür. Əsər boyunca onun "mən niyə mənəm?" sualına cavab tapmağa çalışdığını görürük. Dostoyevski yazarlığının fərqi və böyüklüyü də məhz bundadır: kiçik həcmli əsərdə belə oxucunu psixoloji gərginliyə sala bilir. Son səhifəyə qədər oxucu əsərin bir insanın öz savaşı, yoxsa, bir-birinə bənzəyən iki fərqli insanın mübarizəsi olduğuna tam əmin ola bilmir. Əslində isə həqiqət budur: "Oxşar" bir insanın iki fərqli üzü haqqında əsərdir.

***

Nobel mükafatçısı, türkiyəli yazıçı Orxan Pamukun "Bəyaz qala" romanı ilk səhifələrdə Dostoyevskinin "Oxşar" romanını xatırlatdı. Hətta "yəni burada da bir insanın özünün başqa bir üzüylə savaşını oxuyacağıq?" deyə şübhəyə də düşdüm. Ancaq burnumuza Dostoyevski ətrini verib, fikirlərimizi yayındırmağı bacaran yazıçı, özümüz də bilmədən bizi fərqli dünyaya səyahətə çıxardı. Sözsüz, Orxan Pamuk bu romanını yazarkən rus yazıçının əsərindən xəbərsiz deyildi. Bəzi məqamlarda təsirlənmələr də özünü göstərir, lakin həm mövzu fərqlidir, həm də "ikili qəhrəman" motivinin işlənmə şəkli.

17-ci əsr Osmanlısını əks etdirən əsərin əsas qəhrəmanları venesiyalı kölə ilə Xocadır. Kölə ilə onu satın alan sahibi bir-birinə fiziki cəhətdən çox oxşayırlar. Bu oxşarlığı daha dəqiq ifadə etmək üçün müəllif güzgü simvolundan istifadə edir. Onların bir-birinə bənzərliyi bir güzgüdə öz əksini görmək kimidir. Bunun ilk fərqinə varan osmanlılara əsir düşən italyan kölə olur: "Otağa girən inanılmaz şəkildə mənə bənzəyirdi... Baxışlarını üzərimdə hiss edərkən aramızdakı bənzərliyin fərqinə varmaması məni narahat edərdi. Bir-iki dəfə də bənzərliyi sezdiyini, amma bunun fərqində deyilmiş kimi davrandığını düşündüm".

Orxan Pamuk yaradıcılığında tez-tez rastladığımız Şərq-Qərb qarşılaşması bu əsərindən də yan keçməyib. O, bu romanında Şərqlə Qərbin bir-birinin pis “kopya”sı olduğuna da işarə edir. Hər zaman öz aralarında gizli rəqabət gedən bu iki qütb, əslində, bir-birinin eynidirlər. Bilikli, elmli italyan əsir Qərbin, heç bir bilgiyə sahib olmayan, yalnız dinlə məşğul olan, amma öyrənmək ehtirasıyla alışıb-yanan Xoca isə Şərqin təmsilçiləridir.

İtalyan əsir astronomiya, fizika, kimya, tarix, təbabət elmlərindən az-çox bilgilidir. Onun bilgisindən istifadə etmək istəyən Xoca onu ölümdən qurtarıb özünə kölə alır. Ancaq bu iki adsız qəhrəmanın birgə yaşadığı illər kölə-sahib münasibətini tamamilə sıradan çıxarır. Əvvəllər bir-birinə yalnız fiziki oxşayan qəhrəmanlarımız illər keçdikcə xasiyyət, düşüncə, bilgi və mənəviyyatlarında da bir-birinin eynisi olurlar. Bu bənzərlik ara-sıra onların özlərini belə qorxuya salsa da, zaman onları eyni insana çevirməyi bacarır. Artıq bir baxışdan, nəfəs alışdan, üz ifadəsindən belə bir-birinindüşündüyünü, nə hiss etdiyini anlayan "oxşarlar" bəzən sanki bir-birinin həyatlarını belə yaşamağa başlayırlar.

Onlardan kənardakı dünya, başqa insanlar "onlar"a, "digərləri"nə çevrilirlər. Bütünləşən bilikləri sayəsində saraya ayaq açan əsirlə Xoca şöhrətlərinin ən yüksək həddinə qədər çatırlar. Hər ikisi padşahın ən inandığı, bilgisinə güvəndiyi insanlara çevrilirlər. Ancaq daha artıq şöhrət, daha çox etimad, daha yüksək pillələr ehtirasıyla alışıb yanan Xoca bununla yetinmir. Hər dəfə daha yeni icadlarla padşahın qarşısına çıxır. Əvvəllər bu ehtirası anlamayan əsir, sonradan bu hissləri də bölüşür. Artıq Xocanın qatıla bilmədiyi məclislərə o qatılır, uydurduğu hekayələrlə padşahı gələcək zəfərlərə inandırmağı bacarır.

Onların əsər boyunca tapmağa çalışdığı sual var ki, o, təkcə bu iki insanın deyil, bütün insanlığın yaranışdan bu günə kimi özünə verdiyicavab tapmaqda aciz qaldığı sualdır: "Mən niyə mənəm?" Bunu illərlə özünə sual verən Xoca xristian əsirini də düşünməyə, onunla birgə cavab tapmağa məcbur qoyur. Gecələr boyunca öz həyatlarına aid bir-birlərinə anlatdıqları yarı doğru, yarı uydurma hekayələr onları özlərindən xəbərsiz bir şəkildə eyniləşdirməyə qədər aparır. Bənzər hekayələri illərlə o qədər dinləyib, o qədər anladırlar ki, artıq həmin hadisələri hansının yaşamağını ayırd etmək məchula çevrilir. Və illər sonra iki fərqli dinə, fərqli mədəniyyətə, fərqli dünyagörüşünə malik insanlar bütünləşməyi, iki bədəndə tək ruh olmağı bacarırlar. Əgər simalarındakı bənzərliyi də nəzərə alsaq, onları tək bədəndə tək ruh da adlandırmaq olar. Hətta bəzi məqamlarda biri xristian, digəri müsəlman olan bu insanların iki ayrı insan, yoxsa bir insanın iki fərqli üzü olduğuna qərar vermək də çətinləşir. Həmin məqamlarda Dostoyevskinin Qolyatkinini xatırlayırıq.

Bu iki dostun son taleyi də bənzərliyin eyniləşmə mərhələsinə çatdığını sübut edir.

***

Orxan Pamukun qəhrəmanları fərqli millətin, fərqli dinlərin nümayəndələri olduqları halda, bir-birinə eyniymiş kimi bənzəyirdisə, Zülfü Livanelinin qəhrəmanları iki əkiz qardaş idilər. Amma fərqli, ayrı dünyaları olan qardaşlar. Onları bir-birinə bənzədən yalnız simaları idi. Heç o da eyni deyildi.

"Qardaşımın hekayəsi" adlı roman Əhməd və Məhməd Arslan adlı iki əkiz qardaşın taleyindən bəhs edir. On yaşları olanda bir qəza nəticəsində valideynlərini itirən bu qardaşlar nənələrinin yanında böyüyürlər. Xasiyyətlərinə, dünyayainsanlara münasibətlərinə görə bir-birindən tamamilə fərqlənən bu qardaşlar həyatın onlara oynadığı oyunlar nəticəsində bir-birindən ayrı düşürlər.

Romanın əsas mövzusu eşqdir. İnsanı dünyadan və özündən uzaqlaşdıran eşq! Necə deyərlər, "eşq bir uçurumun kənarında gözü bağlı yeriməkdir".

Məhmədin Olqaya olan eşqi onun dünyasını tamamilə dəyişir, uçurumun kənarında deyil, dibində yaşamaq mübarizəsinə çevrilir. Ancaq onu uçurumdan aşağı atan təkcə bu eşq deyildi. Taleyin hazırladığı amansız zərbələr də bir insanın psixologiyasını alt-üst etmək üçün yönlənmişdi sanki. Və bu zərbələrdən məğlub çıxan Məhmədin psixologiyası olur. Qardaşı Əhmədin dilindən danışılan bu hekayə hər sətri ilə insanı sarsıtmağı bacarır.

Hekayələr harda başlayar, harda bitər? Bu hekayə bitdiyi yerdə başlayır, başladığı yerdə bitmişdi artıq. Amma biz oxumağa, inanmamaq üçün çabalamağa davam edirik.

Dostoyevskinin "Oxşar"ında bir insanın iki üzü, O.Pamukun "Bəyaz qala"sında iki insanın tək üzü əks olunmuşdusa, Z.Livaneli bir insanın psixoloji şəkildə digərinə çevrilməsindən danışır. Digər iki əsərdə "mən niyə mənəm?" sualına cavab axtarılırdısa, burada bir insanın "mən" olmaqdan imtinasını oxuyuruq. Bilərək, şüurlu şəkildə... Lakin bu imtina da xilas yolu olmur. Sonda hər kəs öz "mən"inə qovuşur.

***

Yazımın son cümlələrini düşünərkən, yadıma Edip Cansevərin "Mən Ruhi Bəy necəyəm?" şeiri düşdü. Şübhəsiz, Cansevər bu şeiri yazarkən ən azından Dostoyevskinin "Oxşar" romanını oxumuş, hətta ondan bir xeyli təsirlənmişdi . Amma o, özünəməxsus şəkildə "mən niyə mənəm?"- sualını vermir, "mən necəyəm?"- sualını verir. Ara-sıra bizim özümüzə verdiyimiz bu sualın cavabını isə yalnız özümüzlə görüşəndə tapırıq. Əlbəttə, o ən vacib görüşə vaxt tapa bilsək:

Sizinlə görüşək Ruhi bəy,

Vaxtım yoxdur, vaxtım yox.

Ruhi bəy, görüşək,

Vaxtım yoxdur görüşməyə kimsəylə,

Ruhi bəy,

Özümlə belə, özümlə belə...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 8 iyun.- S.17.