Xatirələr aynasındakı Əhməd
Bəy Ağaoğlu şəxsiyyəti
Milli
müstəqillik sözlərə, fikirlərə ədəbiyyata
da yeni can, yeni ruh gətirdi. Xalqımızın
mədəni-mənəvi irsini öyrənmək,
özünü tanımaq fürsəti ələ
düşdü.
Bizdən
gizli saxlanılan həqiqətləri, bizə yanlış
tanıdılan şəxsiyyətləri! Sovet ədəbiyyatında
mürtəce romantizmin nümayəndəsi kimi verilən,
"pantürkist", "panislamist" damğaları
vurulan Əhməd bəy Ağaoğlu da bu şəxsiyyətlər
sırasında idi. Ancaq həqiqət bir
gün zühur edir. Elmi həqiqətə
susayan tədqiqatçılarda Əhməd bəy
Ağaoğlu şəxsiyyəti və
yaradıcılığını öyrənmək istəyi
baş qaldırdı. Onların
sırasında ədibin irsinin öyrənilməsi istiqamətində
görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun
apardığı tədqiqatları uğurla davam etdirən və
daha yüksək səviyyəyə qaldıran Vilayət Quliyevin
adı xüsusi yer tutur. O, "Əhməd bəy
Ağaoğlu kimdir?" sualına hələ 1997-ci ildə nəşr
etdirdiyi "Ağaoğlular" adlı monoqrafiyasında elmi
şərh vermişdi. Əhməd bəy Ağaoğlu ilə
bizi tanış etdiyinə görə
Vilayət Quliyevə minnətdar olmaq mənəvi borcumuzdur. Daim dövri mətbuatda Ə.Ağaoğlu irsinin tədqiqinə
dair sanballı məqalələrlə çıxış
edən V.Quliyev ədibin 150 illik yubileyi ərəfəsində
də ciddi fəallıq göstərir. O, bu münasibətlə
"Atatürk və Əhməd Ağaoğlu" və
"Əhməd bəy Ağaoğlu: Xatirələr"
kitablarını nəşr etdirdi.
Ədibin
çoxşaxəli həyat və fəaliyyətini öyrənmək
baxımından zəngin material verən "Əhməd bəy
Ağaoğlu: Xatirələr" kitabında
"Altmış yeddi il sonra" və
"Sərbəst firqə xatirələri" adlı
memuarları yer alır. "Sərbəst firqə xatirələri"
daha öncə
ixtisarla Ağaoğlunun "Seçilmiş əsərləri"nə
daxil edilmişdi. Burada isə memuar tam variantda Azərbaycan
oxucusuna təqdim edilir. Həmçinin, kitab vasitəsilə
ədibin ilk dəfə "Altmış yeddi il sonra"
adlı xatiratı ilə tanış
oluruq. Kitabın tərtibçisi, ön
söz, izah və şərhlərin müəllifi Vilayət
Quliyev həm də xatiratı Türkiyə türkcəsindən
Azərbaycan dilinə çox gözəl
uyğunlaşdırıb. Memuarların bədii
dil xüsusiyyətləri elə qorunub, Ə.Ağaoğlunun
yazı üslubu, deyim tərzi elə gözlənilib ki, əsərin
tərcümə olunduğu hiss edilmir. Bunu
V.Quliyevin uzun illər Əhməd bəy Ağaoğlunun
yaradıcılığı üzərində tədqiqat
aparması və tərcümə sahəsində yetərincə
təcrübəsi olması ilə də əlaqələndirmək
olar. Əhməd bəy Ağaoğlunu
"əsrin əvvəllərində Bakıdakı
"müsəlman mühiti"nin daim oyaq olan vicdanı"
adlandıran V.Quliyev onun həyati mübarizəsindən səmimi
bir dillə bəhs açır. Ədəbiyyatşünas
alimin kitaba yazdığı "Əhməd bəy
Ağaoğlu: hadisələrlə zəngin ömürdən
iki xatirə" adlı ön sözdə də ədibə
olan ehtiramı, sevgini duymaq olur. V.Quliyevin "Əhməd
bəy Ağaoğlunun cild-cild kitablara, böyük seriallara
material verən həyat yolunu göz önündə
canlandıranda istər-istəməz insanın qəlbində
bir istək baş qaldırır - kaş ki ümumtürk mədəniyyətinin
və ictimai fikrinin inkişafına əvəzsiz xidmətlər
göstərmiş bu böyük şəxsiyyət öz
ömür salnaməsini özü qələmə
almış olaydı!" qeydi isə qələmə
alınmamış ssenarinin yazılmasına rəvac verə
bilər.
"Əhməd bəy Ağaoğlu: Xatirələr"
kitabı oxucunun "Əhməd bəy Ağaoğlu
kimdir?" sualına cavab tapmasına əyani köməklik
göstərir. XX əsrin əvvəllərində
Türkiyənin ictimai-siyasi həyatında baş verənlərin
bədii əksi Ə.Ağaoğlu xatirələrində yer
alır. O, həmin dövrdə Türkiyədə
baş verənlərin izləyicisi yox, fəal
iştirakçısı olduğundan onun qələmə
aldığı xatirələri birbaşa qaynaq rolunu
oynayır.
Ömrünün
67-ci ilində qələmə aldığı
"Altmış yeddi il sonra" memuarı ədibin həyatının
Şuşa, Tiflis, Peterburq və Paris
dönəmini ayna kimi əks etdirir. Təəssüflər
olsun ki, xatirat yarımçıq qalıb. Əsərdə
o, özünün doğulub boya-başa
çatdığı patriarxal ailəsindən - Şərq
düşüncəli mömin atası Həsən
ağadan, oğlunun "yalançı mollalardan
olmasını" istəməyən anası Tazə
xanımdan, Şərq dilləri və ədəbiyyatına
yaxşı bələd olan böyük əmisi Hacı Mirzə
Məhəmməddən və anadangəlmə filosof
adlandırdığı əmisi Əli bəydən bəhs
açır. Sarıcalı obasından olan
anası Əhməd bəyin dünyəvi təhsil görməsi
üçün əlindən gələni edir. Ona rus dilini öyrətmək üçün gizlicə
müəllim tutur, oğlunun rus məktəbində təhsil
almasına nail olur. Əhməd bəyin
"nədən bu fəlakətlə dolu yolu oğluna rəva
gördün?" sözlərində həyati mübarizədə
yorğun düşmüş bir qəhrəmanın
üsyanı duyulur. Bəzən sakit ömür
sürmüş əmilərini, atasını
xatırlayıb öz həyatından gileylənir də -
"Ah, nə olardı mən də onlar kimi ola
biləydim!"
Oxuduğu məktəb mühiti, müəllimləri onun
dünyagörüşünün formalaşmasında,
düşüncələrinin təzələnməsində
misilsiz rol oynayır. Ənənəvi mollaxana məktəbi ilə rus məktəbini
müqayisə edərkən 54 il sonra da
cavabını tapa bilmədiyi "niyə? bu
fərqliliyin səbəbi nədir?" sualı doğur. O,
onsinifli lisey timsalında XIX əsrin sonlarında "hər məktəb
bir inqilab təlimi yuvası idi" qeydini verməklə təhsil
ocaqlarının inqilabi fikrin formalaşdırılmasında
roluna işarə edir. Çarizmin
apardığı siyasətə rəğmən məktəblərdə
müəllimlərin uşaqları inqilab ruhunda tərbiyə
etməsi məsələsinə toxunulur. Bu
məktəblərdə Əhməd bəyə də
aşılanan inqilabi ruh bütün həyatı onunla bərabər
irəliləmiş, ən sərt mübarizələrdən
geri döndərməmişdir.
Əhməd bəy Nəsir bəy Tahirovun təşviqi
ilə məktəbin yeddinci sinfini Tiflisdə oxumağa qərar
verir. Ailəsindən razılıq ala bilməyən gənc
Tiflisə gizlicə qaçmağa məcbur olur. O
dövrdə fikri və siyasi cərəyanların mərkəzi
olan Tiflisdə türklər, ləzgilər, osetinlər,
çərkəzlər kimi "çarın sadiq bəndələri"ndən
fərqli olaraq, erməni, gürcü və ruslar hər biri
ayrı-ayrı gizli təşkilatda fəaliyyət göstərirdi.
Ə.Ağaoğlunun şeyxülislamı ziyarətə gedərkən
mülkün giriş qapısı üzərində
yazılan "Əli təriqəti", "Ömər təriqəti"
ifadələri o zaman onda necə təəccüb
doğurmuş və düşündürmüşdüsə,
sonradan təriqətləşmə İslamın birliyi
uğrunda apardığı mübarizəsində yeni problem
təşkil edəcəkdi.
Əhməd bəy oxuduğu kitabların təsirilə
Peterburq sevdasına düşür. Şuşadan uzaqlaşdıqca mənən
də ondan ayrıldığını bildirən ədib
Peterburqdakı həyatı barədə - "qafqazlılıq duyğusu"ndan
bəhs açır, tələbələr arasında
türklərdən təhsil almağa gələnlərin
olmadığının heyrət doğurduğunu qeyd edirdi. Buna görə bir yandan təəssüflənir,
bir yandan da özü ilə qürur duyurdu. Onun Peterburqdakı mühitlə bağlı
bildirdiyi "on minlərlə tələbədən tək
bir nəfər tapılmazdı ki, bu təşkilatlardan
hansınasa mənsub olmasın" sözləri isə şəhərin
inqilabi təşkilatlanmasından xəbər verirdi.
Burada o, Əlimərdan bəy Topçubaşov və Əli
bəy Hüseynzadə ilə tanış
olur.
Peterburq mühitindən sıxılan Əhməd bəy
hələ gimnaziyanın dördüncü sinfində oxuyarkən
xəyalını qurduğu Parisə yollanır. Paris
dövrünü Ə.Ağaoğlunun ilk ən çətin
sınaqlar dövrü adlandırmaq olar. Ancaq
bu dövr onun iradəsinin möhkəmlənməsində,
bir insan kimi yetişməsində misilsiz rol oynayır.
Əhməd bəy təhsil aldığı "College
de France" məktəbini "insanı yüksəltmək,
irəli aparmaq xüsusiyyətləri sanki zahirindən
özünü bəlli edirdi" sözləri ilə
xatırlayır, burada Ernest Renan, Ceyms Darmsteterdən dinlədiyi
məruzələri yada salır. Əsərin əlyazması isə
elə burada qırılır...
"Sərbəst
firqə xatirələri" aynasında isə Türkiyə
Cümhuriyyətinin ilk müxalif partiyası "Sərbəst
Cümhuriyyət Firqəsi"nin fəaliyyətinin
bütün cəhətləri əks olunub. Siyasi
memuar Türkiyə Cümhuriyyətinin ilk onilliyinin
xronikasını vermək baxımından əhəmiyyətlidir.
1930-cu il avqustun 10-dan noyabrın 16-na qədər
fəaliyyət göstərən "Sərbəst firqə"nin
heyətində Əhməd bəy Ağaoğlu da yer
almışdı. Ə.Ağaoğlu həyatının
"Sərbəst firqə" dövrünü fikir
böhranları ilə dolu bir dövr kimi səciyyələndirmək
olar. "Sərbəst firqə"
M.K.Atatürkün Türkiyədə həyata keçirdiyi
demokratikləşmə siyasətinin bir parçası idi.
Firqənin yaradılmasını zəruri edən
səbəblər içərisində Avropanın
çoxpartiyalı sistem təcrübəsinin sınaqdan
keçirilməsini, M.K.Atatürkün fərqli fikirlərin
ortaya qoyulması və ölkədə hansı proseslərin
getdiyini izlənilməsi istəyini göstərmək olar.
Bu partiya Cümhuriyyət Xalq Firqəsinin bir
qolu olacaq, Qazinin (M.K.Atatürk) maliyyə dəstəyi ilə
yaradılacaqdı. "Sərbəst firqə"nin üzvləri, idarə heyəti də Qazi tərəfindən
seçiləcəkdi. Ə.Ağaoğlu
öncə bu işə - razılaşdırılaraq firqə
yaradılmasına inamsızlıqla yanaşır. Lakin sonradan partiyanın iti qələm sahiblərindən,
kəskin çıxış yiyələrindən birinə
çevrilir. O da, Qazi də fərqli fikirlərin,
mövqelərin inkişafa aparacağına inanırdı.
"Sərbəst
firqə"nin tərkibində "İttihad və Tərəqqi"nin
üzvlərindən - Əli Fəthi bəy (sədr), Əhməd
bəy Ağaoğlu (sədr müavini) və Mehmet Nuri Conkerlə
Həsən Təhsin Üzer, M.K.Atatürkün bacısı
Məqbulə xanım, ümumilikdə isə sayı 13-ü
keçməyən millət vəkili yer alırdı. Atatürk "Sərbəst firqə"yə ən
inandığı və ən güvəndiyi adamları gətirmişdi.
Xatiratdan məlum olur ki, firqənin adı da Əhməd
bəyin "sərbəstlik" ideyasından qaynaq
götürmüşdür.
Xatirat ədibin xarakterini ortaya qoymaqda misilsiz rol
oynayır. "Xalqa pul lazımdır, pul!" deyiləndə
onun "türk kəndlisinin ətindən-dırnağından
kəsib vəkillərə, məhbuslara, komandanlara,
böyük məmurlara pul verməyə heç kimin
haqqı yoxdur" sözləri təmiz vicdanının bariz
göstəricisidir. Ə.Ağaoğlu hər
zaman cəsarəti ilə seçilən, dürüst
söz adamlarından biri olub. O, Qaziyə
yazdığı məktubunda onun CXF üzvlərinin əməlləri
üzündən get-gedə nüfuzunu itirdiyini deyirdi.
Firqə yaranar-yaranmaz, xalq arasında böyük əks-sədaya səbəb oldu. Xalqın mənafeyini müdafiə edən yazıları, dövlətin malından sui-istifadə edənləri sərt tənqid edən məqalələri ilə kütlənin qəlbinə yol tapır. CXF üzvləri yeni firqə qurulan gündən düşmən mövqeyə keçdilər.
Firqənin qısa müddətdə qazandığı mövqe Qazini daxilən narahat edirdi. Axı o, türk xalqının qurtuluşu üçün nələr fəda vermiş, nələrdən keçmişdi. Necə ola bilər ki, yeni firqə yaranar-yaranmaz xalq onun partiyasından üz çevirir. Əhməd bəy "o, mübarizəni sevir və qarşı tərəfin məğlub vəziyyətindən zövq alaraq qarşıdurmanı aradan qaldırmağı deyil, qızışdıraraq ən son həddə çatdırandan sonra üzərinə atılıb bir anda yox etməyi düşünürdü" - fikirlərini bildirərək Sərbəst firqənin yaradılmasını və hər iki tərəfi mübarizəyə təhrik etməsini M.K.Atatürkün mübariz xarakteri ilə bağlayır.
Ağır ittihamlar, sərt tənqidlərlə üzləşən "Sərbəst firqə"çilərin hətta "vətən xaini ittihamı ilə mühakimə altına alınmağı" təklif edilirdi. Əhməd bəy "Sərbəst firqə" oyununun belə bitəcəyini gözləmədiyini bildirirdi.
Ə.Ağaoğlu "Sərbəst firqə" timsalında ümumiləşdirdiyi qənaətlər əsasında bir zamanlar dinin unudulmasından şikayət edən xocaları, hürriyyətdən, azadlıqdan ağızdolusu danışanların sonradan hürriyyəti zərərli hesab edənləri, liberallıqdan faşizmə keçid alıb onun ideallığından dəm vuran ədibləri ifşa edir. O, xalqın maariflənməyini vacibliyini vurğulayır və ədalət hissi olmayan bir millətdə hürriyyət, firqə kimi anlayışların heç bir məna ifadə etmədiyini bildirirdi.
Kitabın "İzah və şərhlər" bölməsi isə "Altmış yeddi il sonra" və "Sərbəst firqə xatirələri" memuarlarında sözü gedən şəxslər və bəhs açılan hadisələr barədə geniş məlumat almaqda yardımçı rol oynayır, hadisələrin daha aydın qavranılmasını təmin edir. Həmçinin, bu bölmədə ədibin oğlu Səməd Ağaoğlunun xatirələrindən qeydlərin verilməsi də həmin şəxsiyyətlər barədə ətraflı məlumat almaq imkanı yaradır.
İnanırıq ki, Vilayət Quliyevin tərtibçisi olduğu "Əhməd bəy Ağaoğlu: Xatirələr" kitabı ağaoğluşünaslığa böyük töhfə verməklə yanaşı, Ə.Ağaoğlu şəxsiyyətinin kütləyə tanıdılmasında misilsiz rol oynayacaq. Onun vətən, türk milləti uğrunda üzləşdiyi çətinliklərə sinə gərməsi, xalqının inkişafa, yeniliyə nail olması üçün sərf etdiyi əməyi neçə-neçə qəlbi riqqətə gətirəcək, onun cəsarətindən neçə gənc mənəvi güc alacaq, haqq, ədalət naminə apardığı mübarizədən heç vaxt yayınmayacaq, qarşısına çıxdığı əngəlləri əzmlə aşacaq, həmçinin, gənc tədqiqatçıları da onun irsini öyrənməyə sövq edəcək.
Təhminə
VƏLİYEVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat
tarixi və publisistika şöbəsinin kiçik elmi
işçisi
valiyevatahmina@gmail.com
525-ci qəzet.- 2019.- 8 iyun.- S.15.