Varislər   

 

 

 

Hamının yuvaya ehtiyacı var. Allah bütün canlıları üçün sığınacaq da yaradıb. Gizlənməyə bir künc, daldalanmağa bucaq verib. Soyuqdan qoruyan odu bəxş edib, yanına çörək su qoyub. Əslində, yaşamaqçün bundan artığına ehtiyac da yoxdu. İsti bir yuvan, yeməyə çörəyin, içməyə suyun varsa, bəsindi.

 

İnsan təbiət etibariylə daha çox qazanmağa, daha artığına yiyələnməyə meyllidir. Amma mahiyyətdə bütün böyük sahibkarlıqlar yuvanı genişləndirməkdən, yeməyini, suyunu artırmaqdan savayı bir şey deyil. Bu qanunlar başlanğıcını lap ilk insandan götürür... Zamanla çox şey şəklini, formasını dəyişib, amma təməl eynidir. Hamının özünəməxsus "ərazisi", özünü rahat hiss etdiyi məkanı olmalıdı. mənə görə, bu, "şəxsi ərazi", "xüsusi məkan" dediyim sadəcə şərti məna daşıyır əsasən ailəni ifadə edir. İnsan üçün ən gözəl yuva ailədi. Qəribədir ki, zaman, dünya irəli getdikcə, insan tənhalaşdı ailə öz müqəddəsliyini itirdi. Ona görə merkantil düşüncəylə, praqmatik yanaşmalarla yaşayan Qərb xeyli müddətdir ki, ailə onun borclarından azad olmağa çalışır. Amma bununla belə, münasibətlərin, qohumluq əlaqələrinin yeni formaları tapılır ki, bunun özü elə ilkin başlanğıca, hamının bir-biriylə sevgi emosional hisslərlə bağlandığı dövrə qaytarır adamları. bu mənada yeni formalar, "borclu borclunun sağlığını istəyər" düşüncəsini dağıdan qaydalar daha düzgündür, məncə. Dünyaya gətirib damının altında yer verdiyin adam borclun deyil, sadəcə ailənin üzvüdü, evinin sakinidi. Axı o, səndən bunu xahiş etməmişdi indi qoyduğun qanunlar içərisində yaşamağa məcbur deyil. Sadəcə düzgün olanı göstərə bilərsən, təhlükələrdən qoruya, yaxud məsləhət verərsən... O da çox ehtiyatla! Əlbəttə, əgər həbsxana nəzarətçisi, divanxana xidmətçisi rolunda görünmək istəyirsənsə, buyur... İdarəçiliyi bol elə! Amma azadlıq olmayan yerdə heç bir böyük dəyərlərdən söhbət gedə bilməz. Ailə isə sadəcə DƏYƏR olmalıdı, qollardakı qandala, buxova çevrilməməlidi.

Rejissor Bəhram Osmanovun "Varislər" tamaşasına baxdıqca bu cür məhbəsə çevrilən "dəyərlər" haqqında düşünürdüm. Artıq xeyli müddətdir ki, tamaşanın məşqləri gedir teatrın əməkdaşı kimi yaxından izləmək, baxmaq imkanım olur. bu mənada bütöv tamaşanın oyadacağı düşüncələri öncədən təxmin edə bilərdim bəlkə. Amma... Tamaşanın finalı çatır alqışlamaq arzusunu şok effekti üstələyir. Tatar dramaturqu İlgiz Zəyniyevin "Burqanın evi" pyesi əsasında hazırlanan tamaşa hamını bir dönüb özünə, ailəsinə, beşəlli yapışdığı dəyərlərinə baxmağa, yenidən, özü yaxşı-yaxşı baxmağa çağırır. Burqan böyük bir ailənin ağsaqqalı imiş, savadı, qeyri-adi biliyi, bacarığı olmasa da, kənddə nüfuzu varmış, söz sahibi imiş övladlarını da öz kölgəsində, öz qanadı altında böyütməyə, yetişdirməyə çalışırmış.

Gənc rəssam Reyhan Aslanovanın ənənəvi yas mərasimləri estetikasında qurduğu səhnə zahirən heç demir. Amma bütün hadisələr, yasda danışılır, yasın içində baş verir bunun özü elə simvoldur. Sevimli Anton Pavloviç yada düşdümü? Çexovu deyirəm... Mənimsə bütün tamaşa boyu bircə anlıq da yadımdan çıxmadı Çexov. Tamaşanın ictimai baxışından sonrakı müzakirəmizdə dəyərli teatrşünas Aydın Talıbzadə ideyaların Çexovla İbsen arasında "var-gəl" etdiyini dedi hamımız bununla razılaşdıq, amma mən bu "gediş-gəliş"lərin Çexova aid hissəsini daha məhrəm yaxın bildim. Çünki məhz Çexov istər "Üç bacı", istərsə "Albalı bağı"nda bu darmadağın olan yalnız zahiri "qabığı" qalan dəyərlərdən söz açır.

Elə "Varislər" bu ideyaları tərənnüm edir, sadəcə başqa cür, ayrı baxış bucağından. Yenə Aydın Talıbzadəyə istinad edib deməliyəm ki, əslində, zahirən sadədən sadə hadisə bütöv bir komandanın sayəsində incəliyinə kimi çatdırılıb. Rejissor Bəhram Osmanovun şərtiliklə, həm son dərəcə "sakit", "soyuq" atmosferdə verdiyi quruluş sonacan gözlənilib bütün yaradıcı heyət eyni ideyaya xidmət edib.

Tamaşanın plastik həlli Ceyhun Dadaşova, musiqilərin seçimi Şamxal Novruzluya aiddir. Əsas rolları Xalq artistləri Nübar Novruzova, Qurban İsmayılov, Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Çarhanlı, Elnur Kərimov, Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar Manaf Dadaşov, İlqarə Tosova, Xalidə Şərifova, Gülbəniz Lətifova, Simuzər Ağakişiyeva, Yasəmən Məmmədova canlandırırlar.

Hələ tamaşanın məşqlərinə, pyesin stolarxası oxunuşuna başlananda Bəhram müəllim müsahibəsində əsərə müraciətinin səbəbini açıqlamışdı: "Ötən ilin yay aylarında bu dramaturqun yaradıcılığı ilə ətraflı tanış oldum, ardıcıl bir neçə pyesini oxudum. Və "Burqanın evi" əsəri mənə son dərəcə ciddi təsir etdi. Yəni burdakı müasirlik, həm də müəllifin türk olması, məhz türk mentallığı içərisindən bəşəri problemlərə yanaşaması məni xeyli düşündürdü. İ.Zeyniyevin özünəməxsus yazı manerası, sadə dialoqlar vasitəsiylə dərin ağrılı problemləri önə çəkməsi məni rejissor kimi cəlb etdi. Əslində, bu problemlər - varislər, atalar-oğullar məsələsi zaman-zaman sənətin müraciət etdiyi, gündəmə gətirdiyi mövzulardır. Və mənə elə gəlir ki, dünya nə qədər qabağa getsə də, sənət bu məsələləri düşünəcək, öz bildiyi kimi təqdim edəcək".

Rejissorun bu dəqiq izahına onu əlavə edə bilərəm ki, əslində, "Varislər" Bəhram Osmanov yaradıcılığının məntiqi davamıdır. Daha öncəki səhnə əsərlərində də rejissorun əbədi dəyərləri və bu dəyərlər dağılarsa, baş verə biləcək faciələri önə çəkdiyinin şahidi olmuşuq. "Müharibə"də müharibənin acı fəsadları, "Miras"da hərisliyin gətirdiyi bəlalar, "Hasarın o üzü"ndə bir-birini eşitməyən insanların faciəsi və s. Bütün bunlar ailənin timsalında, ailənin nümunəsində göstərilir. Və bu mənada elə "Varislər"də də Bəhram müəllim özünə, öz ideyalarına sədaqətini qoruyub saxlayıb.

Çox sevdiyim yapon hokkularından birində deyilir: "Ölüm! Qapıda nə çox ayaqqabı?!" İkicə misrada nələr yoxdu, İlahi! Hə, bəd hadisələr, bədbəxtliklər insanları daha çox birləşdirir. Ona görə də zaman-zaman pərən-pərən düşən ailə məhz Burqanın ölümü səbəbindən bir yerə toplaşıb. Amma bu itki də onları birləşdirə bilməyib. Yaradıcı heyət Tomas Mannın məşhur deyimini, "Ailədə hamı bir-birinə dayaq olmasa, fəlakət qapını döyər..." aforizmini tamaşanın epiqrafı, sloqanı kimi qəbul ediblər. Və hadisələr bir-birini əvəz etdikcə başa düşürük ki, hamı bir-birinə elə Burqana görə dayaq ola bilməyib. Kənddə nüfuzu olan kişi ailə qurmadan uşaq doğan qızını, Banatı (Nəsibə Eldarova) qovub, birinci arvadı öləndən sonra oğlu Bəynəzərin (İlham Əsədov) sevdiyi sinif yoldaşı Əminəni (Xalidə Şərifova) özünə arvad edib, ağıllı və zirək övladı Bəybulatı (Manaf Dadaşov) faciədən çəkindirmək üçün heç nə etməyib, savadlı bir həkim kimi yetişən kiçik oğlu Bəyaziti (Rasim Cəfərov) isə az qala zombi kimi böyüdüb... Beləliklə, zahirən özünü ağıllı sayansöz sahibi olan ağsaqqal Burqanın etdiyi səhvlər övladlarının taleyinə təsir edib, acı nəticələrini verib. Və mən bu məqamda aktyor oyunlarındakı dəqiqlikləri xüsusi qeyd etmək istərdim. Məhz ağıllı atanın, yaxud "ağıllı" kimi qəbul olunan kişinin bədbəxt etdiyi adamları göstərmək sadə deyil əslində. İlk baxışda atalarına minnətdar görünən, yasını saxlayan adamlar əslində, onun qurbanlarıdır. Və əsl həqiqəti çarəni əyyaşlıqda görən Bəybulat - Manaf Dadaşov deyir: "Atamız ağıllı adam idi, amma müdrik deyildi..." Və belə adamdan qalan mülk də, yurd da xoşbəxtlik gətirə bilməzdi... Gətirmədi də...

"Varislər" dinləməyi bacaran, düşünmək istəyən, ciddi əsərlərə və dərin mövzulara dalmaqdan qorxmayan elitar, intellektual tamaşaçı üçündür. Teatr səhnəsini şou meydanı ilə səhv salan, çalıb-oynamaq istəyən adam bu tamaşada sadəcə darıxar. Amma bütün hallarda sənət, səhnə özümüzə belə etiraf etmək istəmədiklərimiz haqqında düşündürməlidir... bu mənada "Varislər" ciddi bir hadisədir...

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 8 iyun.- S.10.