Teatrdan hansımız yazaq?  

 

 

 

Öncə onu deyək ki, oxumağa sərlövhəsindən başladığınız bu yazı həmin sərlövhədəki suala cavab vermək məqsədi daşımır.

 

Əksinə, cəmi üç sözdən ibarət olan, arxasında isə dərin mətləblər gizləyən bu sual vasitəsilə diqqəti önəmli bir məsələyə çəkmək üçündür. Ya da belə deyək, cavabı birlikdə tapmaq üçün...

***

İyunun 4-də Beynəlxalq Mətbuat Mərkəzində "İntellekt Araşdırmalar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV radio proqramların hazırlanması" layihəsi çərçivəsində Dəyirmi masa bu sualı onun cavabını bir daha aktuallaşdırmış oldu. Ən azından içində biz olmaqla, teatra məhəbbəti, sevgisi olan ayrı-ayrı fərdlərin düşüncələrində. Mədəniyyət Nazirliyinin əməkdaşları, müxtəlif teatrların Mətbuat xidmətinin rəhbərləri, media ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir həm öz səmimiyyətilə seçilirdi. Teatrşünas, jurnalist Xəyalə Rəis, teatrşünas Elçin Cəfərov, Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr mətbuatla sektorunun müdiri Türkan Cəfərova, Bakı Uşaq Teatrının (BUT) direktoru-bədii rəhbəri İntiqam Soltan, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədzadə, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov, BUT-un ədəbi hissə müdiri, dramaturq Arzu Soltan, Akademik Milli Dram Teatrının mətbuat katibi, yazıçı Cavid Zeynallı, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi "Mədəniyyət" qəzetinin əməkdaşı Həmidə Rüstəmova, "Mədəniyyət" qəzetinin əməkdaşı Gülcahan Mirməmməd, jurnalistlər Könül Aypara, Turan Etibaroğlu, prodüsser Vasif Ayan başqalarının çıxış etdiyi iki saatlıq müzakirədə konkret mövzudan yayınmamaqla teatrda PR işinin təşkili, mətbuat ictimaiyyətlə qarşılıqlı əlaqə, tamaşaçılarda marağının artırılması sair kimi məsələlər ətrafında da söhbətlər aparıldı.

Biz isə bu yazıda həmin dəyirmi masada toxunduğumuz başqa bir mövzudan söz açmaq fikrindəyik. Yenə qayıdırıq lap başa: yazının sərlövhəsinə.

***

Gəlin, razılaşaq ki, bu gün Azərbaycanda teatrla məşğul olmalı, teatrı cəmiyyətə təqdim etməli olan teatrşünaslar ya öz yerlərində deyillər, ya da bu işin öhdəsindən layiqincə gəlməyi bacarmırlar. 27 dövlət teatrı (üstəgəl, özəl teatrlar) olan cəmiyyətdə teatrın təəssübünü çəkən, həqiqətən yazıları ilə tamaşaları, teatrların fəaliyyətini doğru-düzgün analiz edən, tamaşaçıların zövqünü yönləndirməyi bacaran teatrşünasların sayı bir əlin barmaqlarını keçməyəcək qədərdir. Hazırda bu işi öz üzərinə ya ədəbiyyatçılar (filoloqlar) götürüb, ya da mədəniyyət yazarları - jurnalistlər. Sözügedən konfransda Arzu Soltanın çıxışında belə bir fikir vardı: "Jurnalistikadan başı çıxmayan gənclərin çoxu üz tutur mədəniyyət sahəsinə. Elə bilirlər ki, mədəniyyətdən yazmaq asandır. Əslində isə elə jurnalistikanın ən çətin sahələrindən biri məhz mədəniyyət yazarlığıdır". Təəssüf ki, fikirdə qətiyyən yanlışlıq yoxdur.

Nədənsə, ədəbiyyatçıların ya mədəniyyət yazarlarının teatrdan yazmaqları müəyyən qisim tərəfindən heç birmənalı qarşılanmır. Onlara görə teatrdan ancaq teatrşünas yazmalıdır...

***

Bəs hansı teatrşünas? Hanı teatrşünas? Bəli, Mədəniyyət İncəsənət Universiteti hər il müəyyən qədər teatrşünas hazırlayıb cəmiyyətə təqdim edir. Bəs görək o ixtisas üçün universitetin yolunu dörd il yağır edən, sonda göyüzlü (qırmızı da ola bilər) diplomu alıb cibinə qoyan gənclərdən neçəsi o ali təhsil ocağını həqiqətən teatrı sevən anlayan teatrşünas kimi bitirə bilib? Axı onların da bir çoxu vaxtilə ya əlacsızlıqdan o ixtisası seçiblər, ya da oxuyub bitirənə qədər cəmiyyətin teatra münasibətini görüb, bu ya digər səbəblərdən artıq bu sahədən uzaqlaşıblar. Olan-qalan teatrşünaslar da işsizlik, sosial təminatın olmamağı, teatrlarda uyğun ştatın yoxluğu dərdindən mədəniyyət yazarına, ya da jurnalistə, ən yaxşı halda isə mətbuat katibi, ədəbi hissə müdirinə çevrilməyiblərmi? Bu qədər teatrı orada işləyən yüzlərlə insanı cəmi 3-5 teatrşünasın ümidinə qoymaq qədər məntiqlidir?

Filoloqun, ədəbiyyatçının bu sahədən yazmağına xor baxanlar teatrın elə ədəbiyyatdan başladığını bilmirlərmi? Azərbaycanda teatrın əsasını qoyanlardan hansı teatrşünas idi, ya da sonralar belə olsa, bu sahədə hansısa təhsil almışdılarmı?! Teatr hər zaman ədəbiyyatçıların, jurnalistlərin diqqət mərkəzində olmayıbmı?!

Bu cür ritorik suallarımızı istənilən qədər uzada bilərik. Ritorik deyirik, çünki hər birinin arxasında gizlənən həqiqətləri görmək üçün xüsusi diqqətə gərək yoxdur.

***

Sevgi ilk növbədə şəxsi ambisiyalarını kənara qoymağı bacarmaq, eqondan arınmaqdır. Teatrı həqiqətən sevən, onun təəssübünü çəkən teatrşünasın da "mən" dərdi olmamalıdır, zənnimizcə. Ələlxüsus, göz görə-görə teatrdan bu dərəcədə uzaqlaşan cəmiyyətdə.

Bu sahədə yaşanan laqeydlik hansımıza sirdir? Mən bilən heç kimə. İnsanlar ya teatrda oynanılan tamaşalardan xəbərsizdirlər, ya da ümumiyyətlə, teatrın varlığını belə unudublar. Əlbəttə, teatr binasının olduğu yeri belə bilmədən "Azərbaycanda yaxşı tamaşa yoxdur, aktyorlar, rejissorlar peşəkar deyil, teatrlar işləmir" kimi absurd fikirlər səsləndirənləri unutmamalıyıq. Əgər bunun səbəbləri sırasında insanların həyat şərtləri, sosial qayğıların, məişət ehtiyaclarının başlarını qatması, internetin onları real dünyadan uzaqlaşdırması varsa, teatrın özünün onlardan uzaq düşməyi var. Teatr yalnız dörd divarın içərisində fəaliyyət göstərməməlidir. Onun məhsulunu insanlara "satmaq" da lazımdır. Hazırkı zamanda bu işi mətbuat, xüsusən teatrdan yazan 3-5 nəfər (teatrşünaslar yox!) öz üstünə götürüb.

İntiqam Soltan "teatra bircə dəqiqəsini belə ayıran insana ömrümün yarısını verməyə hazıram" - deyir. Çünki bir peşəkar kimi durumun ciddiyyətinin fərqindədir.

Teatrdan hansımız yazmalıyıq, ya da hansımız daha yaxşı yazırıq, bunu biz bilmirik. Hazırkı vəziyyətdə bu, o qədər də önəm daşımır, bəlkə də. Bildiyimiz odur ki, sağlam cəmiyyətin təməlində məhz teatr mədəniyyəti dayanır. Biz də gələcəkdə sağlam cəmiyyət görmək istəyiriksə, bu gün hər birimiz "əlimizi daşın altına qoymalı", bir-birimizi deyil, ortaq məqsədi hədəf seçməliyik. Axı teatr təkcə bina deyil, o, hər yerdə var...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 8 iyun.- S.11.