Sözün önündə və ya ön söz
Azərbaycan publisistikasında öz dəsti-xətti ilə seçilən Flora Xəlilzadə
müxtəlif mövzular
qalereyası yaradan, zəngin yaradıcılığı
ilə hər zaman imzası oxucular tərəfindən
izlənilən və
sevilən ziyalılarımızdandır.
Bu dəfə isə
o, oxucularının görüşünə
tarixi mövzuda yazdığı "Hökmdar
qadınlar" araşdırmalar
toplusu ilə gəldi. Onun yazdığı istənilən məqalə
və ya araşdırma mövzusu imzası yazılmasa belə, ruhunun şəffaflığına görə
Flora xanımın qələminə
məxsus olduğunu dərhal xəbər verir.
Bütün yazılarında sadiq qaldığı əsas yaradıcılıq prinsipləri
mövcuddur. Bu prinsiplər
vətənpərvərlik, milli-mənəvi dəyərlərdən
yol alır, xalqımızın ictimai-siyasi
həyatında rol oynayan elm, ədəbiyyat,
incəsənət xadimlərinin
fəaliyyətinə həsr
etdiyi mövzularla, eləcə də müəllifin vətəndaşlıq
və milli ziyalılıq mövqeyi birləşərək tarix
və qədirbilənlik
anlayışına dərin
ehtiram nümunəsini
yaradır. Flora xanım həm də onlarla kitabın müəllifi kimi yazmış olduğu əsərlərdə
vətən, xalq, millət taleyindən bəhs edən əhəmiyyətli mövzularla
oxucuların dərin rəğbətini qazanıb.
Şair
kimi ruhunun qidası olan "Ürəyim aldatdı məni", "Ruhumun ehtiyacı", uşaq hekayələr toplusu -
"Aysel adını
itirib", publisistik yazılar toplumu - "Analar", "Taleyimdən
keçən adamlar",
"Yolum düşə
Zəngəzura", "Yazdıqlarım",
"Ruhumun ünvanı
Şuşa" kitabları
onun zəngin mənəvi dünyasının
inciləri kimi yaradıcılıq taleyini
bəzədi.
Bu kitabda isə
Flora xanım İslam
dövlətlərində, eləcə də türk dünyasının
və xalqımızın
yetirdiyi tarixi hökmdar qadınlar haqqında ətraflı məlumat verir. Məni kitaba
ön söz yazmağa vadar edən əsas məqsəd Flora xanımın
qələmə aldığı
bu mövzuların vaxtı ilə "Kaspi" qəzetində ardıcıl olaraq çap edilməsi və yüzlərlə oxucunun marağına səbəb olmasıdır.
Kitabda müsəlman
qadın hökmdarlar,
eləcə də tarixin sərhədlərini
aşaraq cəsurluğu,
mərhəməti, ana
və qadın dəyanəti, dövlət
rəhbərliyində intellekt
və taktiki çevikliyi ilə seçilən müsəlman
türk xanımlar haqqında məhəbbətlə
söz açılır.
Müdriklik və cəsurluq, eləcə də yüksək idarəçilik
keyfiyyətlərinə məxsus
olmaq İlahi tərəfindən insana hədiyyə olunanda onun qadına və ya yalnız
kişilərə verilməsi
məsələsində ayrı-seçkilik
qoyulmayıb. Xalqına qəlbən vurğun olmaq və fədakarlıqla,
ədalətlə idarəçilik
qabiliyyətinə malik
olmaq əsas şərtdir. Nümunə olacaq tarixi qadın
hökmdarlar haqqında
folklorlaşan hadisələrlə
Flora xanım oxucunu həm də tarixin özünə səyahətə aparır.
Dünyanın qloballaşan dönəmində
tarixə qayıdış,
tarixi şəxsiyyətlərin
öz xalqları qarşısında xidmət
nümunəsini təqdim
etmək, yetişən
nəsillərin ənənələrdən
bəhrələnməsi mənasında
çox aktual məsələ kimi bu gün əhəmiyyətlidir.
Dehlidə müsəlman türk
dövlətinin sultanı
Raziyyə xatun haqqında, Misir sultanı Şəcər
Uddur, İranın Kirman vilayətindəki Kutduq dövlətinin hökmdarı Türkan xatun, Səfabəddin padişah Xatun, Lalə xatun, Əbəş xatun, XIV əsrdə monqol-müsəlman
elxanlı qolunun xan nəslindən Satı bəyim, Cəlarilər dövlətinin
tarixində ilk qadın
hökmdar kimi rol oynayan Döndü
xatun, XIV əsrdə Maldiv sultanlığına
42 il hökmdarlıq edən üç bacı - Sultan Xədicə,
Sultan Məryəm və
Sultan Fatma haqqında,
onların hakimiyyət
ideologiyası, ədalət
və mərhəmətə
əsaslanan dövlətçilik
təcrübələri həqiqətən
dərindən öyrənilməyə
layiq tarixdir.
Ana olaraq, qadın
olaraq cəmiyyətin
problemlərinə mənəvi
ucalıqdan yanaşmaq,
cəmiyyətin hər
bir vətəndaşının
problemlərinin çözülməsi,
eləcə də xarici dövlətlərlə
münasibətlərin doğru-düzgün
tənzimləməsində, uğurlu həll yollarının tapılmasında
adı çəkilən
qadın hökmdarlar misilsiz rol oynamışdılar.
Flora xanım on yeddi qadın hökmdarın həyatını,
onların müxtəlif
tarixi şəraitlərdən
asılı olan çətinlikləri dəf
etmək yollarını
kəşf etmələrindən
məhəbbətlə söz
açır. Bu tarixi xidmətli qadınların bəziləri
rəsmi dövlət
rəhbəri kimi bəzən təsdiq olunmadan belə fəaliyyət göstərərək
dövrün bütün
dini maneələrini millət, xalq mənafeyi naminə ləyaqətlə qarşılayaraq
şöhrətdən uzaq
duraraq - dolayı yolla xalqın, dövlətin inkişafına
töhfələr vermişlər.
Şəcər - Oddur və
Raziyyə Sultan belə
hallarla rastlaşan xanım hökmdarlardan idi.
Digər tərəfdən, əksər
qadın hökmdarların
türk və ya elə moğol
sülalələrindən olması türklərin qadına verdiyi önəmin nümunəsi
idi. Qadının Tanrı yanında
ucalığı türk
inancından irəli gələn nümunədir.
Həm də qadının dünyaya övlad gətirməsi, yaranış
qüdrətinə malik
olması ona Tanrıdan həyat ərməğanıdır. Türk gələnəklərində qadın
iki sərkərdə
arasında davaya belə öz örpəyini araya ataraq son qoymağa qədər ehtirama layiqdir. Yaxud ən qatı cinayətlərdə kişi qohumlarının
əfvi üçün
hökmdara müraciətinin
müsbət nəticələnməsi
qadına göstərilən
dərin ehtiram və dəyərin ifadəsidir.
Qadın hökmdarların çoxunun
eyni zamanda, sözə, şeirə dəyər verməsi onların mənəvi dünyalarının zənginliyinin
göstəricisi idi. "Hər qadın bez örtməklə xanım əfəndi olmadığı kimi, hər kişinin də papağının olması onun sərdarlığına dəlalət
etməz" - deyən
Lalə xatun hökmdarlığı ilə
yanaşı, həm də sözü ilə tarixdə yaşayır.
Flora xanım Tomris anadan məhəbbətlə söz açır. Bu gün bizim öyündüyümüz tarixi dəyərlər sırasında Tomris ananın öz yeri var. Tək Azərbaycanın deyil, bütün Şərqin qürur yeri, sərkərdə, hökmdar, iradəsi dağı-daşı yerindən tərpədən Tomris ana yunan tarixçisi Heredotun "Tarix" əsərində adı şərəflə çəkilərək, Əhəmənilər hökmdarı Kirin işğalçılığına öz oğlunun ölümü ilə son qoyaraq, düşmənin başını öz əlləri ilə qan ləyəninə salan qadın hökmdardır. Gözəlliyi və zərifliyi sərkərdəlik gücündən ilham alan döyüşçü Tomris Alp Ər Tonqa nəslinin davamçısıdır. Eramızdan əvvələ - 585-625-ə təsadüf edən illərə söykənən tarixin əbədi sağ olan sərkərdə qadınının adı çəkiləndə yenə də onu "Tomris ana" deyə doğmalıq hissi ilə, ehtiramla yad edirik.
Flora Xəlilzadə XXI əsrin əvvəlində texnoloji əsrin yetişdirdiyi Azərbaycan övladlarının yaddaşına Tomris ananın qəhrəmanlığını həkk edir.
Müəllifin yenə böyük məhəbbətlə XII əsrin sonu, XIII əsrin əvvəllərində Naxçıvan hökmdarı, Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin nəvəsi, Məhəmməd Cahan Pəhləvanın övladı, Qızıl Arslanın qızı Cəlaliyyə xatun haqqında ətraflı yazılmış məqaləsi ilə "Kaspi" qəzetində çıxış edərkən lirik ruhlu xanımın tarixi biliklərinə heyran qalmamaq olmadı.
Hakimiyyət qanunlarının genetik mənimsənilməsi Cəlaliyyə xatuna imkan vermişdi ki, Naxçıvanın inkişaf edərək çiçəklənməsini təmin etsin. Hətta müəllif Nizami Gəncəvinin Naxçıvanda Qızıl Arslanın qonağı olarkən Cəlaliyyənin də həmin görüşdə iştirakını yazır. Eyni zamanda, Atabəylər nəslinin digər davamçısı Mehrican Xatun haqqında məlumat müəllifin qələminin məhsulu kimi diqqətimizi cəlb edir. Flora xanımın bu kitabdan oxuyub özüm üçün bildiklərim əsas məlumatlarla üz-üzə gəldiyim faktlar içində qalib gələn hiss Taclı xanıma olan ümumxalq sevgisinin davamı kimi görünən qarşılıqlı ehtiram duyğusu idi. Mən də Şeyx Səfəvilər xanədanın, Şah babamız, Azərbaycanın bütövlüyü uğrunda on üç yaşından mübarizə aparan, pirlər piri Şah İsmayıl vurğunu olduğum üçün Taclı bəyimə tükənməz ehtiram hissi ilə məqaləni su kimi içmişdim.
Mübahisəli məqamlar öz yerində, Taclı xanım Şah babamızın Şahbanusudur, ulu anamızdır. Ona qarşı bütün qələmlər ehtiramlı və sayğılı davrananda Tanrı məqamında ruhları incitməmiş olarlar.
Şah Təhmasibin ilk taxta çıxarkən qədəmlərinin möhkəmlənməsində Taclı xatun hökm verməyən, amma oğlunun tarixi fəaliyyətinə çıraq yandıran Şah anası kimi fəaliyyət göstərdi.
Flora xanım Tutu Bikə, Xədicə Bikə, Pəricahan xanım və Xanbikə haqqında yazısına "Durna qatarı - məlikələr" adı verərək lirik-romantik xətlə oxucunun diqqətini mövzuya cəlb edir.
Fətəli xanın xanımı (XVIII əsr) Tutu Bikə, bacısı Xədicə Bikə, qızı Pəricahan xanım dövlətçilik münasibətlərinin inkişafında xoş niyyətli, sözün əsl mənasında fədakar elçilər kimi öz talelərini deyil, dövlətçiliyin taleyini düşündülər.
Azərbaycanın görkəmli şairi Qarabağ hakimi, Mehdiqulu xanın qızı Şuşada "Məclisi-üns" ədəbi məclisinin 25 il rəhbəri olmuş Xurşud Banu Natəvanın taleyi, onun atasının ölümündən sonra Qarabağın inkişafında, eləcə də təhlükəsizliyində oynadığı fədakar rolu sonuncu məqalədə yer alır.
Flora xanım nə yazırsa yazsın, hansı mövzuya üz tutursa-tutsun ruhunun mayası olan vətənpərvərlik və milli dəyərlərə sadiqlik hissi misraların arasından boy verərək müəllifin vacib ideyasını, ali məqsədini oxucuya məmnuniyyətlə aşılayır.
Siz çox
yaşayın əziz Flora xanım və çox yazın! "Kaspi"
qəzetinin qapıları ürəyimiz kimi
hər zaman üzünüzə
açıqdır. Mütləq yazın!
Sona
VƏLİYEVA
“Kaspi”
qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2019.- 8 iyun.- S.9.