Müdrik söz demək səlahiyyəti müdrik adamlara xas olur...

 

Müdrik sözü hər adam deyə bilməz, gərək müdrik söz demək üçün səlahiyyət qazanasan. Başqa sözlə, müdrik söz səlahiyyəti müdrik adamlara verilir. Aforizmlər də müdrik sözlər silsiləsindəndir. "Aforizmlər fikrin qönçəsidir" - deyiblər. 

Aforizmlərdə fikir rüşeym halında, yığcam və lakonik ifadə olunur. Fikrin cücərməsi və qol-budaq atması - fəlsəfə düşüncənin bar verməsi və həyata tətbiqi isə - həyati təcrbü fəaliyyətin fəlsəfi fikrə çevrilməsi mərhələsi ilə bağlıdır. Digər tərəfdən, aforizmlər həyatın diktə etdiyi təlimlərin nəticələri, xülasələri kimi ortaya çıxır. Yəni yaradıcı adamlara məxsus şəxslərin düşüncələrində, əsərlərində atalar sözlü və məsəllərin struktur və mənasına uyar müəyyən qənaətlər, fikirlər, prinsiplərə gətirib çıxarır ki, bunlar da olduqca maraqlı fikir blokları yaradır...

Lakin aforizmlər atalar sözü və məsəli deyil, çünki aforizmlərin konkret müəllifləri mövcuddur... Ona görə də ədəbiyyat tariximizdə klassiklərin əsərlərindən alınmış aforizmlərdən ibarət kitablar oxuculara məlumdur... Məsələn, Avropa klassiklərinin, bizim ədəbiyyatda Nizami Gəncəvinin, Səməd Vurğunun və digərlərinin əsərlərindən alınaraq tərtib edilmiş belə kitablar mövcuddur...

Qeyd edək ki, tanınmış şair, yazıçı, publisist, dramaturq, jurnalist Əli Vəlioğlu da belə aforizmləri qeydə alıb toplayan fikir  aşiqlərindəndir. O da, ömrünün bir çox anlarını, yaradıcılığının müxtəlif, uzun bir məqamını bu işə sərf etmişdir. O, mütaliə və axtarışları sayəsində klassiklərin aforizmlərini toplayıb, tərtib edib və "Ağıl dəryasından incilər" (2008) kitabı da beləcə ərsəyə gəlib. Kitabda tanınmış, dünya şöhrətli alimlərin, şair və yazıçıların mindən artıq deyimləri, ibrətamiz fikirləri və aforizmlər toplanmışdır. Lakin o, bununla bahəm fikir kəhkəşanından süzülüb gələn aforizmləri ipə-sapa düzərək özünün dərin mənalı və xoş rahiyəli söz gülüstanını yaratmışdır.

Maraqlı cəhətlərdən biri də budur ki, artıq son vaxtlar aforizmlər müstəqil ədəbi janra çevrilmiş və az da olsa ayrı-ayrı ədiblərimizin aforizmlərindən ibarət kitabları nəşr olunur. Qeyd etdiyimiz kimi, belə maraqlı nəşrlərdən biri də tanınmış yazıçı, publisist, qocaman jurnalist Əli Vəlioğlunun ovqat ayələri kimi təqdim etdiyi "Mənim mənalı dünyam" (Bakı, Alatoran yayınları, 2018, 336 səh.) kitabıdır.

Bir məsələni də qeyd edək ki, barəsində fikir söylədiyimiz bu kitabın ilk variantı elə eyni adla hələ 2011-ci ildə 217 səhifə həcmində oxuculara təqdim edilmişdi. Bu ikinci nəşr təkrar deyil, daha da təkmilləşdirilmiş, yeni aforizmlərlə xeyli zənginləşdirilmiş 7045 aforistik ifadəni əhatə edən, gözəl nəşriyyat tərtibində, mükəmməl qrafik ölçüdə, əvvəlki kitabdan yeddi il sonra ərsəyə gəlmişdir. Belə ki, bu kitab da, hikmətli sözlər, fəlsəfi fikirlər, ibrətamiz deyimlər, bənzətmələr, eyhamlar, məcazlar, satirik, yumoristik və müxtəlif səpkili deyimlər toplusudur...  Bu kitab  lirik gündəliyi, fəlsəfi traktatın fraqmentlərini və aforistikanı - bir neçə janrı özündə birləşdirən, millət, vətən sevdalısı, ağsaqqal söz adamı - Əli Vəlioğlunun təfəkküründən, düşüncəsindən, dərrakəsindən süzülən müdrik fikir bulağıdır və bunların da bir qismi nəzmlədir, fikrin yadda qalmasina, əzbərlənməsinə şərait yaradır... Məsələn: Arzu yaşamaq deməkdir. Arzusuz adam - qurumuş ağac"; "Həyat tələsdirdiyi üçün tələsirəm, çünki ömür gözləmir"; "Həyat ona görə qiymətlidir ki, o, sənin ömründür"; "Xarici gözəllik səhər şəbnəmidirsə, daxili gözəllik leysan yağışıdır"; "Tamah insanı uçurum başında saxlayan əyləcsiz bir maşındır";  "Zəhmətsiz gəlirin yoxdur qədri, Gülü qönçə dərsən olmaz ətri" və s. bu qəbildən deyimlər göstərir ki, Əli Vəlioğlunun aforizmlərinin mövzu və məzmun spektiri müxtəlifdir və əhatəlidir...

Lap gənclik illərindən ölkə mətbuatındakı dərin həyati məzmunlu, düşündürücü yazıları ilə o, ictimai-mənəvi münasibətlərin tarazlı inkişafına, ziyalı sözünün xalqa çatdırılmasına əmək sərf etmişdir. Oxucularımıza xatırladaq ki, Əli Vəlioğlu 1940-cı ildə Qərbi Azərbaycanın Mehri bölgəsinin Nüvədi kəndində zəhmətkeş -  sənətkar ailəsində anadan olub, halal bir ocağın övladı kimi böyüyüb... Onun böyük qardaşı Fəxrəddin Əliyev də məşhur xalq rəssamı olmuşdur. İstedad bu ailəyə irsən keçmişdir. Əli Vəlioğlu orta məktəbi qurtarıb, ali təhsilə üz tutub, BDU-nun filologiya fakültəsini bitirib, müəllim və jurnalist işləyib, həyatı boyu müxtəlif xarakterli insanlarla, həyat hadisələri ilə qarşılaşıb, kitablardan çox həyatdan dərs alıb, zəngin təcrübə toplayıb... Bu zəngin həyat təcrübəsini isə qələmin gücü ilə söz incilərinə çevirib, söz sərrafı olub... Yüzlərlə bədii-publisist, satirik yazıların, dərin ictimai siyasi məzmunlu dram əsərlərinin, mahnı mətnlərinin müəllifidir, şairdir, yazıçıdır, jurnalistdir, dramaturqdur... Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.  "Qızıl qələm" və "Həsən bəy Zərdabi" media mükafatları laureatıdır...

  Yeri gəlmişkən qeyd edək ki, 17 (on yeddi) kitabın müəllifi olan Əli Vəlioğlunu yaradıcılıq yolu maraqlı və genişdir, əhatəlidir, çoxcəhətlidir, rəssamlıq anlayışı ilə desək janr etibarilə palitrası rəngarəngdir...

Əli Vəlioğlu adlarını çəkdiyimiz janrlardan ibarət "Mənim dan ulduzum" (1985), "Mənim dünyam" (1993), "Qəzəllər" (1997), "Halal çörək"(1997), "Bu minvalla dünya belə qalamaz" (1997), "Ağıl dəryasından incilər" (1997), "Nüvədidə qalan könlüm" (2000), "Ömrümüzə düşən işıq" (2001),  "Sevgi dolu ürəyim var" (2007), "Mənim mənalı dünyam" (2011),  "Məndən elə qalanlar" (2012), "Mənim mənalı dünyam. Ovqat ayələri" (2011), "Məndən elə qalanlar" (2012), "Göylərə yazmışam şikayətimi" (2013), "Zirvələrdə imzam var" (2017), "Mənim mənalı dünyam. Ovqat ayələri" (2018) və s. bu kimi kitabların müəllifidir. Onun həmyerlilərinə ərməğan etdiyi "Nüvədi antologiyası və Nüvədi şairləri" kitabı da xüsusi dəyərə malikdir...

Bu kitablarda zövqlü, erudisiyalı, səmimi və məsuliyyətli, oxucusuna deməyə sözü olan, ağsaqqal, müdrik bir şairin, 80 yaşın qapısını döyən bir yazıçının, publisistin yapışıqlı yaradıcılıq manerası, yazı tərzi ilə qarşılaşırıq... Həmçinin, müəllifin bir çox janrlara tam özünəməxsus, klassik örnəklərdən bəhrələnərək formalaşan, müxtəlif poeziya və nəsr əsərlərində müdrikliyin, sadəliyin, dərinliyin, humanizmin parlaq nümunələri ilə rastlaşırıq... Onun yaradıcılığında lakonik, tutumlu, hadisəçilikdən uzaq üslubun təbiiliyi məhz aforizm səviyyəsində onun mənalı dünyasının açarına çevrilir...

Xüsusən, "Mənim mənalı dünyam" aforizmlər toplusu ovqat ayələri olsa da, onların nüvəsində milli mentalımızın əksər cəhətləri - azərbaycanlı olan insanın iç dünyası, adət-ənənə, etnoqrafik detallar və aforistik etüdlər, vətənpərvərlik, gözəlliyə və eybəcərliyə münasibət, qonaqpərvərlik, kişilik, halallıq, dostluq, namusgirlik və s. bu kimi güclü, qabarıq milli mentalitet elementləri məna zənginliyiilə təqdim edilir. Bir neçə nümunəyə diqqət yetirək: "Ey mənim deyimlərim, sizə nə ad seçəcəyimi söyləyin mənə! - "MƏNİM MƏNALI DÜNYAM" - deyə bir pıçıltı eşidirəm";  "Vətən, məni nə vaxt dindirsən, sözüm bu olacaq: - "Sevirəm səni!"; "Mənin idealım Prometeydir. O, Allahdan odu oğurlayıb insanlara bəxş etmişdir. Mən də Allahın yerini bilsəydim ondan bəşəriyyət üçün xoşbəxtlik oğurlayardım"; "Gözlərimiz önündə həqiqət yanıb-yaxılsa da, dillər lal olur"; "Bir tərəfdən həyat, bir tərəfdən də insanların süründürməçiliyi məni tələsdirir"; "Ey fikirlərim, darıxmayın. Ömrüm məni əldən salana qədər sizdən yazacağam" və s...

Bu aforizmlər toplusuna mənalı və məzmunlu ön söz yazan, professor, filologiya elmlər doktoru Asif Rüstəmlinin bu şərhi ilə tam həmfikirik: "Buradakı notlar, ola bilsin, müəllifin məişət həyatından qaynaqlanan hansısa bir ovqatını ifadə edir, lakin yazarın sadəliyi və səmimiliyi, öz duyğu və düşüncələrini tam çılpaqlığı ilə, birbaşa yaza bilməsi sayəsində oxucu artıq keçmiş olan o günlə kontakt yarada bilir, onları yazan adamın ümidsizsə ümidsiz, sevincliysə sevincli halını görə bilirik, dolayısıyla o zamanın nəbzini tuta bilirik. Notlar ilbəil irəlilədikcə oxucu dəyişən zamanı, baş verən tarixi hadisələri, sovet sisteminin sərt üzünü, Qarabağ hadisələrini, xalq hərəkatını, köçkünlük həyatını və s. xroniki ardıcıllıqla izləyə bilir. Bu tarixi hadisələrin fonunda yazarın zaman-zaman bədbinliyə qapıldığını, uzun illər xəstəliklə apardığı mübarizəni, bəzən bir mütəfəkkir kimi uzaqgörənliyini, bəzən də bir şair kimi sarı simə toxunduğunu, hər dəfə il tamamlananda qarlı bir dağ zirvəsini çətinliklə aşmış kimi yeni gələn ili necə ağrıyla qarşıladığını müşahidə edirik".

Asif Rüstəmli Əli Vəlioğlunun aforizmlərini haqlı olaraq "Dərddən dərilən deyimlər" adlandırıb. Burada milli dərd ağaca - dərd ağacına bənzədilib, onun meyvələri isə dərdə qiyas edilibdir...

Yazıçı gözəl deyib: "Eşqimizi, dərdimizi qələmə, fırçaya, tişəyə, rənglərə, səslərə, saza, neyə, tara, kamana açdıq. Nə sönə bildik, nə də eşqimiz, dərdimiz tükəndi". Görünür, eşqimizi topa, tüfəngə, mərmiyə, hər cür silaha çevirməliyimişik.

Əli Vəlioğlunun başqa bir deyimində oxuyuruq: "Yaradıcılığım, poeziyam qəlbimin tumurcuqlamış dərdi, kədəri, əzabı, sevinci, həyəcanı, duyğusu, heyrətidir"... Onun yazıçı şəxsiyyəti isə dərd yükümlüdür və "Dünyanın və bəşəriyyətin düzəlməz dərdlərini daşıya bilmək üçün, yükümü fikirlərə, arzulara, xiffətlərə, qəzəblərə, kinlərə çevirib beynimdə, ürəyimdə daşıyıram" - deyir, lakin beynində, ürəyində saxlamır, qələmini dilmanca  çevirərək  onlardan cild-cild kitablar bağlayır... Onun aforizmləri bu dərdlərin edam ağacıdır və bu ictimai fikir necə də gözəl ifadə edilibdir: "Canım haqsızlıq dünyasında sükuta qərq olmuş dar ağacıdır. Dünya qədər dərdli arzularımın, hisslərimin hamısı burada edam olunur".

Müdrik deyimlərində, hikmətli kəlamlarında cəmiyyətdəki ziddiyyətlərin mahiyyətinə, məğzinə toxunan, onlara cazibədar ifadə tərzində, poetik üslubda aydınlıq gətirən ədib haqlı olaraq bildirirdi ki, bütün zamanlarda "Dərdin ağır ucu vicdanlının üzərinə düşür". Taleyinə yazılmış vətən, millət ağrılarını ziyalı ləyaqəti ilə yaşıyan və daşıyan Əli Vəlioğlunun yaradıcılığında dərd, kədər milli və bəşəri mahiyyət daşıdığı üçün nikbin əhval-ruhiyyə, dərin məna və fəlsəfi məzmun kəsb edir...

Ədibin bu kitabda toplanmış, uzun illərin axtarışları nəticəsində araya-ərsəyə gətirilmiş kəlamlar içərisində insan, şəxsiyyət, cəmiyyət, azadlıq, millət, torpaq, həqiqət, hikmət, ədalət, mənəviyyat, inam, dostluq və s. mövzularda həyat təcrübəsindən süzülüb gələn hikmətli düşüncələr, orijinal baxış tərzi yer alıb.

Bu kitabda ən çox diqqətimi çəkən cəhətlərdən biri Əli Vəlioğlunun vətənpərvərlik və vətəndaşlıqla yoğrulmuş azərbaycançılıq mövqeyi oldu. Bu mənada cəmiyyətdə gedən proseslərə təmkinli və məsuliyyətli münasibəti Əli Vəlioğlunun obyektiv azərbaycançı mövqeyinin ifadəsidir...

Əli Vəlioğlunun aforizmlərlə zəngin bu söz gülüstanında, demək olar ki, həyatın bütün sahələrinə aid müdrik sözləri verilib. Aforizmlərdən ibarət bu kitab onun müəllifinin müdrik düşüncələrinin ümumiləşdirilmiş toplusudur... Əli Vəlioğlunun əsəri məramına, qayəsinə, qaldırdığı ciddi problemləri vacib, müasir, taleyüklü olduğuna görə qiymətli, səmimi və təsirlidir. Düşünürəm ki, belə bir sanballı, yüksək zövqlə hazırlanmış və peşəkar tərtibatla işlənmiş bu kitab söz qədri bilənlərin - müdriklərin stolüstü ərmağanı olacaq...

 

Tərlan NOVRUZOV

filologiya elmlər doktoru, professor, əməkdar müəllim

 

 

525-ci qəzet.- 2019.-12 iyun.- S.21.