Ay məni ovudan
adam...
Tələbə dostum Adil Cəmilin oğlu Orxan Cəmilin xatirəsinə
... Dünya belə gəlib, belə də gedəcək!.. Gün çıxıb, göy üzünün ortasında dayanıb və axırda da batıb. Göy guruldayıb, şimşək
çaxıb, yağış
yağıb və gün də bu yağışı qurudub. Dünyanın
bizim istəyimizdən
asılı olmayaraq, öz yaranışı, öz mizan-tərəzisi,
öz sevgisi var. Dünya biz insanları ağuşuna alır, ana kimi layla
çalır və günlərin bir günündə də Allahın dərgahına qovuşdurur...
... Əslində, elə insan
dünyaya gələndə
göz yaşıyla gəlir. Və bunun özü
o deməkdir ki, hər şeyin əvvəli olduğu kimi, sonu da
olacaq.
Ancaq bu dünyada bir təsəlli də var: çünki
insan var ki, uzun ömür
yaşayır və sonra da Allahın
dərgahına dönüş
eləyir. Ömrü qırılan, hələ
ağacdakı yarpaqları
kimi pöhrələnməmiş
cavanları, gəncləri
itirəndə isə
heç cürə bununla razılaşmaq olmur. İnsan özündən də çox, həyatından da çox övladını,
balasını sevir...
... Və mənim tələbə dostum Adil Cəmilin
hansı çətin
yolla addımladığını
biz daha yaxşı bilirik. Çünki o böyük insan,
o böyük şair
bugünkü zirvəyə,
ucalığa heç
kimin köməyi, heç kimin arxası, heç kimin söykəyi olmadan qalxa bilib.
Hətta
universitetə qəbul
olanda da bir gözü ağlayıb, bir gözü gülüb.
Çünki onda da Adil çox çətin anlar, çox çətin günlər, aylar yaşayıb. Amma heç
vaxt, heç zaman bu çətinliyini,
bu sıxıntısını
nə doğmalarına,
nə də biz tələbə yoldaşlarına
bildirməyib. Bildirsəydi
heç Adil Cəmil olmazdı axı!
Adil həyatın
hər üzünü
görüb, hər dərdini, kədərini yaşayıb. Həyatın dərdini, kədərini və sərt üzünü görən
bu böyük adam heç
vaxt Allahından küsməyib. Deyib ki, bu çətinlikləri bəxş
eləməklə Yaradan
məni sınağa çəkir. Ən çətin
anında səbrini itirməyib və yenə Allaha sığınıb.
Oğlu Orxanın dünyasını
dəyişdiyi gündə
də Allah-Təala ona dərdlə yanaşı, bir böyük səbr də verib. Biz Adili həmişə dərdin üstünə
yeriyən bir bütöv şəxsiyyət
kimi tanımışıq.
Və Orxanı itirəndə də, hətta onun ağır günlərində də
Adilin çöhrəsindəki
və gözlərindəki
həyat eşqi sönməyib. Bir daha mən bu cizgiləri
Orxanın yas mərasimində Adilin çöhrəsində gördüm.
Bundan böyük dərd ola
bilməz. Amma Adilin o dərddən
də böyük qəlbində, həyatında
olan həyat eşqidir. Heç bir dərd,
heç bir kədər, heç bir ələm onu öz ağuşuna
çəkib apara bilməyib və indi də apara
bilmir.
Adil Cəmil mənim üçün çox doğma, çox əziz, çox da səmimi bir insan olub. Özünün ən ağır günündə mənim dərdimə, ağrıma, acıma söykək verib. Hətta oğlumu İrana aparmamışdan öncə təsəlli verərək dedi ki, sən İrana get, uşağa çarə tapılacaq. O, mənə təsəlli verəndən bir neçə gündən sonra Orxanı Türkiyəyə apardı. Orda da qaraciyərinin dəyişdirilməsi ilə bağlı çox əziyyətlər çəkdi. Bir gün ona telefon açdım. Dedi başım Orxana bərk qarışıqdı. Amma mən dincəlmirdim, tez-tez ona zəng vururdum. Bir gün də zəng vuranda telefonunu yeznəsi qaldırdı. Dedi ki, Adil əmi möhkəm yorulub yatıb. Soruşdu kimsən? Dedim ki, Adilə deyərsən ki, Faiq zəng eləmişdi. Sonra Adil axşam mənə zəng vurdu və dedi ki, narahat olma, donor tapmışıq, 3-4 gündən sonra əməliyyat olacaq.
Mən oğlumu İrana apardım. Ordan da yenə yeznəsiylə əlaqə yaratdım. Dedilər əməliyyat olunub, hər şey yaxşıdı. Bir müddət keçəndən sonra öyrəndim ki, artıq Adil Türkiyədən qayıdıb. Nəşriyyatın 1-ci mərtəbəsində görüşdük. Sifətindən yorğunluq tökülürdü. 3 ay idi ki, Türkiyədə olmazın əzab-əziyyətini yaşamışdı. Ancaq bunların heç birini heç kəsə demir və heç kimə də bildirmirdi.
Tez-tez görüşürdük və həmişə də öz dərdi yaddan çıxar, oğlum Emili soruşurdu. Mən də deyirdim yaxşıdı. Bəs Orxan necədi? Orxan da pis deyil. Həkimlər deyir ki, aprel, may ayında yaz fəsli olduğu üçün bir az hər şey çətin keçir. Dərmanları da gərək vaxtında atsın.
Mən çox dərdli adam görmüşəm. Və həmin dərdli adamlar elə öz dərdinin içində itib-batıb. Amma Adilin böyüklüyü odur ki, o boyda dərdin içində mənim oğlumla maraqlanırdı. Axı atalar yaxşı deyib:
"Dərdli dərdlinin dərdini anlar". Adil həmişə belə olub. Özündən çox özgələrini, daha doğrusu, doğmalarının, əzizlərinin dərdiylə oynayıb.
Çalışıb ki, onların dərdini hansı bir hərəkətiyləsə yüngülləşdirsin və həmişə də buna nail olub. Yadıma Adilin bu qeyri-adi hərəkətləri düşəndə böyük Ramiz Rövşənin aşağıdakı misralarını xatırlayıram:
Görən səni kim ovudur
Ay məni ovudan adam?
Özgə dərdi görən kimi
Dərdini unudan adam.
Görən indi Orxansız keçən günlərdə Adili kim ovudur? Adili ovudanlar minlərlə onun oxucusu, minlərlə onun dostu, minlərlə onu təmiz qəlbinə və ürəyinə görə sevənlərdi. O insanlar ki, Adilin dərdini öz dərdi bilirlər... O insanlar ki, Adilin ağır günündə hamı onun başına yığışdı... O insanlar ki, Orxanın yas məclisində iynə atsan, adam əlindən tərpənmək olmurdı... O insanlar ki, ürəyini çıxarıb Adilə vermək istəyirdilər. Və Adil də bunların hamısını çox gözəl görür və bilir.
Adili çox insanlar sevirlər. Onun saya-hesaba gəlməyən dostları var. Və o dostlar onun dərdinin altına çiyin veriblər. Və o dostlar Adil Cəmilin ən ağır günündə onu tək qoymayıblar və "qorxma" deyiblər.
... O böyük insan, o böyük ürək sahibi oğlu üçün aman Allah, nə eləmədi?! Hətta deyirdi ki, Orxanın əməliyyat zamanı palatada yatmadım, yanında qaldım. Bir də gördüm ki, onda qanaxma olub. Tez həkimləri çağırdım, dedilər nə yaxşı burda olmusan. Yoxsa hər şey məhv olardı.
Adilin elə bir ürəyi var ki, o ürəyə bəlkə
də dünya
sığar. O ürəkdə bir damla da olsun
kin, küdurət ola bilməz. Adil Kəlbəcərdən Bakıya
hansı ürəklə
gəlibsə, hansı
duruluqla addım atıbsa, o elə o duruluqda, o təmizlikdə
də qalıb. Çünki Adilin nəsli,
kökü və keçmişi halallıq
üstündə yoğrulub.
Hüseyn Arifin gözünün ağı-qarası bir oğlu avtomobil qəzasında dünyasını
dəyişəndə böyük
Bəxtiyar Vahabzadə
bir şeir yazmışdı. Həmin şeirin bir misrası yadımda qalıb: "Mən sənə təsəlli verirəm, oğul vermirəm..." Bizim hamımız
bu gün Adilə təsəlli veririk və əlimizdən bundan artıq bir şey gəlmir. Və biz onu da eləyə
bilirik ki, bu ağır gündə Adili tək qoymayaq, onun yanında olaq.
Adil Cəmil, sən ata kimi Orxan
üçün nə
lazımdır onu elədin. Dünyanın bu başından
o başına getdin.
Bir ətək pul xərclədin, "uf"
da demədin. Halal xoşu olsun! Amma hər şey
Allahdan asılıdır
və heç kəs ölmür. Sadəcə
olaraq, dünyasını
dəyişənlər müvəqqəti
dünyadan əbədi
dünyaya üz tuturlar. Orxan da Allahın
dərgahındadır. Və Allahın dərgahında
olan adamlar bizdən yüz dəfə, min dəfə
Yaradana daha yaxın, daha doğmadır.
Allah səni bu çətin məqamda, bu
çətin anda tək və tənha qoymaz. Sənə dünya
boyda bir səbr də
verər. Axı sən heç kimə bənzəməyən,
heç kimə oxşamayan
böyük Adil Cəmilsən!
Axı sən Ramiz Rövşənin
diliylə demiş olsaq,
"özgə dərdi görən kimi
dərdini unudan adamsan".
Dərdini unudan adamı isə Allah hamıdan çox istəyir.
Və səni də Allah bizim
hamımızdan çox sevir!..
Faiq
QİSMƏTOĞLU
525-ci qəzet.- 2019.-12 iyun.- S.20.