İsacan Sultan çağdaş özbək nəsrinin tanınmış nümayəndələrindən biridir. 1990-cı illərin əvvəllərində ədəbiyyata gəlib.
Özünəməxsus üslubu və təhkiyə tərzi ilə öz nəsildaşlarından ciddi surətdə fərqlənən gənc nasir tezliklə müasirlərinin rəğbətini qazanır.
Onun bir yazıçı kimi parlaq və üstün cəhəti həm tarixi mövzularda, həm də müasiri olduğu cəmiyyətin problemləri haqqında cəsarətli və milli mənafeyə uyğun fəlsəfi münasibət sərgiləyə bilmək bacarığıdır.
İsacan Sultan XX yüzil özbək prozasının Abdulla Qədiri, Abdulla Qəhhar, Aybek, Səid Əhməd, Adil Yaqubov, Pirimkul Qədirov, Şükür Xalmirzə, Ötkür Haşımov, Ölməz Ömərbəyov, Uçqun Nəzərov, Tağay Murad, Erkin Əzəm, Murad Məhəmməd Dost, Əhməd Əzəm və digər görkəmli klassiklərinin ən yaxşı ənənələrini öz yaradıcılığında birləşdirməyə can atır.
Çağdaş özbək nəsrinin Avropa və Asiya xalqlarının dillərinə ən çox tərcümə olunan nümayəndələrindən biri İsacan Sultandır.
Yazıçının əsəri Azərbaycan dilinə ilk dəfə tərcümə olunur.
İsacan SULTAN
(Özbəkistan)
Yurdun qırmızı daşları qandan qızarmışdı. Bütün gül-çiçəklər Vətən oğullarının qanı rəngində idi.
Buradan sol tərəfdə qıp-qırmızı alma və narları, sap-sarı ərikləri Günəşin şəfəqlərində par-par yanan Naxçıvan, Şuşa bütün gözəlliyi ilə cilvələnir. Sağ tərəfdə isə uzaqlarda, göz işlədikcə uzanan genişliklərdə Şirvan, Təbriz, Xorasan sanki öz gözəlliyindən və cazibəsindən vəcdə gəlir.
Bir vaxtlar sədası yeddi iqlimə gedib çatan bu gözəl yurd sərhədlə iki yerə bölünüb. Sərhəd dediyimiz - eni səkkiz yüz arşın gələn uzun bir məsafədir. Təbriz tərəfdən sərhəd buyunca hər yerə eni 50 metrlik nəm qara torpaq səpilib. Quş qonsa da, izi qalar. Bu tərəfdən də sərhəd boyunca yenə 50 metrlik eni olan qara nəm torpaq tökülüb. Hər iki tərəfdən də heç bir ins-cins, hətta quş da uça bilməz, izi qalar. Arada bir neçə qatlı tikanlı məftillər hündürlüyü 2 metrə çatan ağac dirəklərə bağlanıb, göz işlədikcə uzanıb gedir. Ağac dirəklər ağ-qara rənglərlə rənglənib, hər birinin üzərində "Dövlət sərhədi" yazısı var.
Sərhəd boyunca cavan oğlanlar əllərində silah gözlərini qırpmadan qarşı tərəfə baxırlar. Onlar Vətənin sərhədini qoruyurlar.
Səkkiz yüz arşın - xeyli məsafədir. D
övlət sərhədi çəkiləndə bir elin yarısı o tərəfdə qalıb, ikinci yarısı isə bu tərəfdə. Qohum-qardaşların yarısı o tərəfdə, yarısı isə bu tərəfdə qalıb.
İndi sərhədin o tərəfində yüz-yüz əlliyə qədər adam, bu tərəfdə də təxminən o qədər insan nə edəcəyini bilmədən özünü ora-bura vurmaqdadır.
Arvad-uşaq, qocalar-qarılar hamısı fəryad çəkib ağlaşmaqdadır.
Hər iki tərəfdə xeyli əhali toplaşdığı üçün ayıq-sayıq sərhədçilər fövqəladə vəziyyət elan ediblər, əlavə güclər köməyə gəlib. Onların komandanı Başçı da burdadır, ətrafa dörd gözlə nəzər salıb, vəziyyəti müşahidə etməkdədir.
- Hm-m, - deyir o, papirosuna dərin bir qullab vuraraq. - Bu türklər köpək uşağı niyə bura toplaşıb, hə, Osobist?
Osobist dedikləri arıq, qaraqabaq bir oğlandır.
- Bilmirəm, yoldaş Başçı, - deyə cavab verir Osobist.
- Burda sərhəd
olmamalı idi, bilirsənmi?
- Hə,
bilirəm, - deyir Osobist.
- Əgər
İngiltərə ilə Amerika razılıq versəydilər,
o tərəflərdə indi... - o, əli ilə havada
işarə edərək qarşı tərəfi göstərir:
- Azadistan Respublikası olacaqdı!
- Siz o tərəflərdə
olmusunuz, çox şeydən xəbərdarsınız -
qeyri-müəyyən cavab verməyə
çalışır Osobist.
- Hə,
sən də yaman şeysən, leytenant, - deyir
Başçı. - Peşəkarsan də, cavablarından
bilinir. Amma bunu da bil: biz o tərəfdə partiya
yaratmışdıq. Xalq Demokratik Partiyası. Respublika
da qurmuşduq. Bilirsən, nəyə
görə? Birincidən, İran nefti
üçün. Çünki alman faşistləri
diş-dırnağı ilə nefti ələ keçirməyə
can atırdılar, oradan isə - Şimali Qafqaza! İkincidən
isə - Türkiyəyə hücum etmək
üçün!
- Nə
danışırısan, - heyrətindən Osobistin gözləri
az qalır hədəqəsindən
çıxsın.
-
Türkiyəyə möhkəm təzyiq edirdik, - deyir
Başçı. - Əgər oraları ala bilsəydik... Ərdahanı ermənilərə verərdik.
Qarsı gürcülərə... türklərin bütün
düşmənlərini sevindirərdik... Hə,
əgər Avropa olmasaydı, o torpaqların hamısı
bizimki olardı. Sovet Sosialist dövlətləri
yaradardıq...
Sərhədin qarşı tərəfində
üstünə yaşıl parça örtülmüş
tabut görünür. O tərəfdə elin ağsaqqalı, doxsan altı
yaşlı qoca dünyasını dəyişib. Vəsiyyət edib ki, məni mütləq öz
doğma yurdumda, ata-anamın yanında dəfn edin. Səhər
tezdən artıq meyiti yuyub, kəfənləyib, səfərə
hazır vəziyyətə gətiriblər, amma sərhədi
keçməyə icazə hələ də yoxdur!
- Kimsə
ölüb, deyəsən, - öz-özünə söylənir
Osobist.
- Bunlarda
belə bir adət var - doğulduqları yerdə
basdırılmalıdırlar. Harada doğuldun,
harada öldün, bunun nə əhəmiyyəti var, onsuz da
yox olub gedəcəksən.
- Bunlar Allaha inanırlar, - deyir Osobist.
- Vaxt gələcək
ki, onlar da inanmayacaqlar, - yenə papirosuna bir qullab vurur
Başçı. - Bilirsən, bu sərhədi də əslində,
ilk dəfə biz çəkmişik.
-
Sözün düzü, çar dövrünün tarixini o qədər
də yaxşı bilmirəm, - deyə etiraf edir Osobist. -
Özüm kasıb bir kəndçi balasıyam.
- Bilmək
lazımdır, - deyir Başçı. - Yadında saxla,
Osobist. Bir vaxtlar bu torpaqlarda bir-birindən
güclü Azərbaycan xanlıqları olub. Onlar gürcülərə gün vermirdilər,
torpaqlarını da əllərindən almışdılar.
Gürcüləri müdafiə etmək bəhanəsi
ilə yerli xalqın çox hissəsini qılıncdan
keçirmişik. Xanların arasına ədavət
toxumu səpib, onları birləşməyə
qoymamışıq. Amma o vaxtlar Türkiyə də
çox güclü idi...
Qarşı tərəfdəkilərin
narahatlığı getdikcə güclənir. Osobist durbindən
əsgərləri müşahidə edir.
- Əsgərlər yerli xalqdandır, - deyir təşviş
içində Osobist.
- Onlar
çoxdan bizimkilərə çevrilib, - deyir
Başçı. - Fikir vermə, boş şeydir.
Sərhəd boyunca xalqın toplandığını
görən zabitlər əlavə gücləri səfərbər
etmişdilər, onlar sərhəd boyunca boy-boya
düzülmüşdülər.
Balaca uşaqlar analarının ayaqlarına
dolaşırdılar, onlar heç nəyi anlamadan əsgərlərə
heyrətlə baxırdılar.
- Bunların
heç nədən xəbəri yoxdur, düşüncələrini
bölüşürdü Başçı. - Yadında
saxla, Osobist. Bu - siyasətdir. Siyasət
hökmran yerlərdə güc işləyir, güclü
olanlar həmişə haqlıdır. Burada
bizim siyasətimiz güclüdür - deməli, onlar
nahaqdırlar.
Osobist onu diqqətlə dinləyirdi.
- Ehh, əgər
İranda azərbaycanlıların respublikası
yaşasaydı... - deyir Başçı. - Bax hər iki tərəf
də birləşirik deyə can atmaqdadır. Bütün
qohum-qardaşlar da bunu istəyir. O tərəfdə hələ
türkmənlər də öz milli dövlətlərini
qurmaq arzusundadır. Bu tərəfdə müharibə sona
çatmaqdadır... İranın yarısı
Amerika ilə İngiltərədədir. Yerdə
qalan yarısı isə bizdədir. Əgər
azərilərin respublikası süquta uğramasaydı,
müharibə qurtaran kimi biz Türkiyəni alardıq, bundan
sonra isə dərhal Əfqanıstan vasitəsi ilə
Pakistana və Hindistana yol açılardı. Beləliklə, böyük rus imperatorunun əzəli
arzusu həyata keçmiş olardı. Bu tərəfdən
isə uyğurların köməyi ilə Çindən
Yaponiyaya qədər əraziləri tutardıq... Bundan sonra bizim qarşımızda Avropa duruş gətirə
bilərdimi? Yerdə qalan ölkələri bir neçə
gündə özümüzə tabe edərdik - onda görərdin
ki, bir tərəfdə Kuba-Muba kimi xırda-xuruş ölkələrnən
Amerika, bu tərəfdə isə gündən-günə
qüdrətlənən Sovetlər İttifaqı!
- Dəhşətli
şeylər danışırsan, - deyir Osobist, amma həyəcanlanmır.
- Respublikanın taleyi necə oldu?
-
Bığlının nə isə mühüm bir məqsədi
olub, çünki o, həmişə uzağı fikirləşirdi,
- dedi Başçı. - Qəfildən qoşunları
İrandan çıxarmaq haqqında əmr verdi.
Azərbaycan Respublikası bundan sonra daha altı
ay davam gətirdi, sonra İran polisi gəldi, bir gündə
üç min adamı qırıb çatdılar. Hər şey məhv oldu.
-
Respublikanı qurban vermək əvəzinə onlardan nəsə
alıb yəqin? - deyə soruşdu
Osobist.
Başçı cavab vermədi, o, öz xəyallarına
qərq olmuşdu.
Bu tərəfdə səhər tezdən qəbir qazılmışdı,
torpağı hələ də nəm idi, dəfn
üçün hər şey hazırlanmışdı. Qarşı tərəfdəki
oğlanlar öz aralarında nəyisə məsləhət
edirdilər. Meyiti birtəhər, əldən-ələ
ötürüb, o tərəfə çatdıra bilsək,
kifayətdi. Özləri qəbirə
qoyub basdırarlar.
Amma arada
iki yüz metrlik məsafə mövcuddur! Hər
on addımda bir əsgər dayanıb. Onlar
əmrə sözsüz itaət edirlər. Əgər, atəş aç desələr, əmri
fikirləşmədən yerinə yetirəcəklər.
Bir meyitin
yanına on ölü qoşulacaq!
Bu tərəfdəki kişilər səhər tezdən
komendaturaya gediblər. Komendantlıq ilə buranın arası
bir saatlıq yoldur, gedib çatmağa bir saat,
qayıtmağa da bir saat vaxt lazımdır.
Hər iki tərəf də komendantlıqdan icazə gəlməsini
intizarla gözləməkdədir.
Axşama
yaxın komendantlığa gedənlər qayıtdılar:
icazə verilməyib. Hər iki tərəfdən
ağlaşma, ah-fəryadlar eşidilməyə
başladı. Arvad-uşaq bu sərhədi
çəkənləri, əsgərləri
qarğayırdılar.
Nəhayət, qarşı tərəf bir qərara gəldi
- ağsaqqalı düz elə sərhədin özündə
dəfn etməyə qərar verdilər. Bütün
bu baş verənləri, dəfn mərasimini bu tərəfdəkilər
həyəcanla və gözlərindən yaş axa-axa
müşahidə edirdilər. Qocanı qəbrə
qoydular,
üstü torpaqlandı, qəbrin üzərində
tuğ qaldırdılar.
O qədim
azər-türk tuğunu xatırladardı.
- Onların heç nədən xəbərləri yox, - deyirdi Başçı. - Hər iki tərəf birləşməliyik, deyə qırılıb gedir - biz də birləşin deyə onları az-maz qızışdırırıq, sonra isə bundan öz məqsədimiz üçün yararlanırıq. Əgər işimiz alınmasa, heç olmasa, onları satmaqla xeyir götürürük. Məsələn, Azərbaycan Respublikasını Şimali İraqdakı neftlə dəyişdirdiyimiz kimi. Osobist, dünyanın necə bölüşüdürülməsi barəsində heç fikirləşmisənmi?
Hər bir məmləkətdə ən azından bir dənə barıt çəlləyi var, ondan isə onlarla məmləkətlər özlərinin məqsədi və mənfəətləri üçün istifadə etməyə çalışırlar. Xalqlar isə, bax bu gördüyün kimi, sərhədlərdə adət-ənənə, dil, millət deyə özlərini ora-bura vururlar. Bizim fikirləşib tapdığımız, uydurduğumuz ideya və məqsədlər uğrunda qurban olurlar, onları hətta qəhrəman da elan edirik, o qəhrəmanların biri yox olur, o biri meydana çıxır... Əslində... dil də, millət də, ölkələr də bir gün gələcək ki, yox olub gedəcək. Bircə güc qalacaq, güc!
- O cür barıt çəlləklərindən bizdə də var, - dedi Osobist fikirli-fikirli.
- Vo! Bax onlardan başqaları faydalana bilməməyi üçün, bilirsənmi, necə ağıllı olmaq lazımdır, - şəhadət barmağını havada silkələdi Başçı. - Tem bolee, belə kiçik ölkələri böyük oyunlardan sağ-salamat çıxartmaq üçün onların başında dahi durmalıdır, dahi!
Bu zaman, meyit qəbrə qoyulandan sonra, o tərəfdəkilər də, bu tərəfdəkilər də yerlərindən tərpənmirdilər, sərhəd dirəkləri və məftilləri arasından bir-birinə baxır, bir-birlərindən gözlərini çəkmir, ağlaşırdılar.
İndi bir söz söyləməyə gücləri, heyləri qalmamışdı, iki tərəf də bir-birinə səssizcə dikilmişdi.
Birdən bu tərəfdən bir aşıq ortaya çıxdı. Bu el toylarında oxuyan, çalıb-çağıran, tanınmış bir aşıq idi. O, sazını köksünə basdı, ah-nalə ilə yoğrulmuş saz havası hər iki tərəfə yayıldı, sonra isə qəfildən yanıqlı səslə oxumağa başladı:
Fikrindən gecələr yata bilmirəm,
Bu fikri başımdan ata bilmirəm...
O tərəf də, bu tərəf də dalğalanmağa başladı. Aşığın naləsi sərhəd dirəkləri və məftilləri, sərhəd boyu dayanmış əsgərlərin başı üstündən uçaraq o tərəfdəkilərin qulaqlarına çatdı:
Gecələr fikrindən yata bilmirəm,
Bu fikir başımdan ata bilmirəm...
Neyləyim ki, sənə çata bilmirəm...
Sərhəd boyunca səpələnmiş kişilərdən biri, sonra isə hamısı bu nəğməni bir ağızdan cur olub söyləyirdilər:
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olar yaman ayrılıq...
İndi bu musiqi naləsinə hamı, qadınlar da, arvad-uşaq, böyük-kiçik, o tərəf də cur oldu - azərilərin əsrlərdən bəri dərd və iztirabla oxuduğu mahnı bu gün bütün xalqın nisgil və arzularının səsinə çevrilmişdi. Sərhədin o tərəfindəkilər də, bu tərəfindəkilər də bir ağızdan, bir könüldən hər sözünə dərd-qəm çökmüş bu nəğməni hayqırırdılar.
Kim harda görüb, eşidib ki, yasda mahnı
oxunsun? Amma onlar
oxuyurdular:
Uzundur
hicrindən qara gecələr,
Bilmirəm
mən gedim hara gecələr,
Vurubdu qəlbimə
yara gecələr,
Ayrılıq,
ayrılıq, aman ayrılıq,
Hər
bir dərddən olar yaman ayrılıq...
Qocalar,
qarılar, kişilər və qadınlar, oğlanlar və
qızlar, uşaqlar yana-yana durub oxuyurdu bu mahnını!..
Ayrılıq,
ayrılıq, aman ayrılıq,
Hər
bir dərddən olar yaman ayrılıq...
... Həmin
gün Osobist öz rəhbərinə
Başçının imperiyaçılıq
görüşləri barəsində bildiriş yazdı,
söhbət mətnini həmin bildirişə əlavə elədi,
onun dövlət sirlərindən və strateji planlardan
açıq-aşkar danışmağını ayrıca
vurğuladı, aradan bir gün ötəndən sonra,
Başçı Baş idarəyə
çağrıldı və bundan sonra onu bir də görən
olmadı.
***
... İllər keçdi. İndi artıq bu nəğmə
təkcə azəri türklərinin nəğməsi deyil,
onu özbəklər, altaylılar, əfşarlar, balkarlar,
başqırdlar, qaqauzlar, dalğanlar, həcərlər,
qazaxlar, qaradağlılar, qaraçaylar, qaşqaylar, tatarlar,
qumuklar, noğaylar, salarlar, uyğurlar, saxalar, sibirlər,
tofalar, talışlar, tuvalar, türkmənlər,
orınğaylar, çuvaşlar, şahsevənlər,
şorlar, baxalılar, eynanlılar, nəfərlər,
xorasanilər, bıçaqçılar, dəmirdaşlar,
gayrillər, qaragözlər, kəngərlilər, tunguslar.. oxumaqdadır.
Yenə aradan illər keçib, bu mahnının faciəli
tarixi də başqa hadisələr kimi keçmişin
qatları arasında gömülüb, yaddan çıxacaq.
Və
sevgi haqqındakı ən məhzun və şirin nəğmələrdən
birinə dönəcək...
Özbəkcədən
çevirənlər:
Yaşar
QASIMBƏYLİ
Çingiz
QASIMBƏYLİ
İsacan
SULTAN
525-ci qəzet.- 2019.- 12 iyun.-
S.18;24.