Uzaqda dolaşan ruh və qərib qəbir

 

 

Uzaqda bir şəhər var... O şəhər vaxti ilə bizim olub. Öz gözəllikləri, özünəməxsus adət-ənənələri qanunları ilə on minlərlə insanın doğma yurdu olub, o şəhər.

 

Həmin şəhəri dünyanın "ən varlı şəhəri", "Qarabağın toy otağı" da adlandırırdılar. evləri, zəngin bazarı, tarixi məscidi, kino-teatrı, dram teatrı, qonaqpərvər insanları, alimləri, yazıçıları, pedaqoqları, həkimləri, xanəndələri, incəsənət ustaları nəhayət, şəhid olmuş minlərlə igid oğulları ilə məhşur olub o şəhər...

Artiq 25 ildir ki, sözügedən şəhəri ruhlar şəhəri adlandırırlar. Çünki həmin şəhərdə 25 ildir ancaq ruhlar dolaşır. Şəhərin tarixi qəbiristanlığında uyuyan insanların 25 ildə o şəhərin həsrəti ilə dünyasını dəyişərək qərib qəbirlərdə uyuyan insanların ruhları... O şəhərdə dolaşan ruhların sayı artdıqca, o şəhər bizdən daha da uzaqlaşır.

Bakının qəbiristanlıqlarının birində bir qərib qəbir var. O qərib qəbirin sahibinin ruhu isə artıq 7 aydır ki, uzaqda görünən şəhərin səmasında dolaşmaqdadır. O ruhu xöşbəxt ruhlardan hesab etmək olar...

Yeddi ay öncə Bakı qəbiristanlıqlarının birində bir qərib qəbirə ruhsuz bir cəsəd qoyuldu. Bununla da qərib qəbirlərin biri artdı. Həmin qərib qəbrə ruhu bədəndən çıxan kimi doğma şəhərinin səmasında dolaşmağa başlayan, bu dünyadan həmin şəhərin həsrəti ilə köç edən, tanınmış jurnalist-publisist Əbulfət Mədətoğlunun təbirincə desək, "Dözə bildikcə dözən" Surxay Əlibəylinin ruhsuz cəsədi qoyuldu. Gözlərinə həsrətində olduğu şəhərin torpağını tökə bilmədik. Çünki o həmin şəhərə dönüş gününə kimi dözə bilmədi. Artıq səbri tükəndi. O şəhər üçün o qədər göz yaşı axıtdı ki, gözünün biri tutuldu. Artıq göz yaşı da tükəndi "Mən getdim" - deyib, bir göz qırpımında ruhu bizləri bu etibarsız dünyanı tərk etdi.

Vəfatından bir gün əvvəl ziyarətinə getmişdim. Daha dəqiqi özü dəvət etmişdi... Görüşdük son dəfə, dərdləşdik, son dəfə...

Dedi: Gedirəm...

Mən isə gülərək: Tələsmə, hələ getmək zamanı deyil - dedim.

Ancaq onun ruhunun işğaldan azad olunması zamanı gəlmişdi. 25 il həsrətində olduğu şəhər işğaldan azad olunmasa da, Surxay Əlibəylinin ruhu azad oldu. Azad oldu həsrətinə qovuşdu. İndi yandırılmış, talanmış doğma şəhərini seyr edir Surxay Əlibəylinin işğaldan azad olmuş ruhu...

***

Bir insanın canından çox sevdiyi yurdu işğalda olduğu zaman kəsiyində ruhu da işğalda olur. "O şəhər bizim şəhərdi, ancaq bizdən uzaqdadır..." - deyərək düşünən insanın ruhu canında üsyan edir. Azadlıq üçün çırpınır. Necə ki, Surxay Əlibəylinin ruhu 25 ildir canında çırpınırdı, üsyan edirdi...

Nəhayət, ruhun üsyanına ürək dözmədi bir sübh səhəri dayandı. Üsyan edən ruha azadlıq vermək üçün dayandı... Ruh isə elə bu anı gözlədiyi üçün uzaqda görünən şəhərə üz tutdu. Ruhların yaşadığı şəhərdə özünə yer tutdu Surxay Əlibəylinin ruhu...

Həmin şəhərin ən hörmətli şəxslərinin ruhları ilə görüşdü yeni gələn ruh. Xudu Məmmədovun, Şahmar Əkbərzadənin, Famil Mehdinin, Zeynal Məmmədovun, Qədir Rüstəmovun, Sədi Məmmədovun ruhları yeni gələn ruha ilk sözləri bu oldu: - Surxay, sən dözə bilmədin?

Yeni gələn ruh isə: - Dözə bildiyim qədər dözdüm nəhayət, azad oldum. xoş mənə ki sizinlə bir yerdəyəm - deyə bildirdi.

Bu ruhun sahibi Surxay Əlibəyli adi bir jurnalist, adi bir yazar deyildi. Kənardan adi, sadə bir insan təsiri bağışlayırdı. Ancaq onun yazdıqlarını oxuyan qəlbinə bələd olan hər bir kəs onu böyük ürəyə sahib insan kimi tanıyırdı. Onun ürəyində böyük Türk millətinə, Vətəninə, işğalda olan yurd yerlərinə qarşı tükənməz bir sevgi yer almışdı. Onun qələmə aldığı yazıları oxuduqca bu sevgi dənizinə baş vurmaq olardı. O, qəlbindəkiləri yazıya köçürməkdən çəkinməzdi. Onun necə bir türkçü, Qarabağ həsrətlisi olduğunu yazılarından duymaq olurdu.

Onun ürəyinin dözə bilməyib, dayandığı 5 noyabr günündən bəri çoxlu sayda insandan eşitdiyim: - Surxay, tək sənin yox, mənim qardaşım idi - kəlməsi, qardaş itkisinin qarşılığında böyük bir təsəlli oldu mənim üçün.

Bu günlər ərzində onun haqqında yazılan yazılar, söylənilən fikirlər, möhtəşəm dəfn hüzr mərasimi onu deməyə əsas verir ki, Surxay Əlibəyli bu həyatda sözün həqiqi mənasında yaşayıb. Özündən sonra çoxlu sayda kitablar, minlərlə Vətən nisgilli məqalələr, gözəl fikirlər, unudulmaz xatirələr nəhayət, iki layiqli övlad qoyub getdi.

Mənim onunla bağlı xatirələrim çoxdu. Ta uşaqlıqdan Vətən sevgisi, millətçilik, türkçülük məfkurəsini ondan öyrənmişəm. Hələ Sovetlər rejimi dönəmində, "mən türkəm" - deyənlərin dilinin kəsildiyi vaxtda, bizim Ağdamdakı evimizdə lent vasitəsi ilə türk mahnıları səslənərdi. O vaxt satışda olmayan bu lentləri Surxay Bakıdakı dostlarının vasitəsi ilə gizli yolla əldə edərdi.

Heç vaxt yadımdan çıxmayacaq iki epizodu qeyd edim: Sovetlər vaxtı idi. Ermənistanin Türkiyə ilə sərhədində hərbi xidmət keçmiş Surxay əsgərlik xatirələrini bölüşərkən dedi ki, "Bir gün səngərdə dayanmışdıq. Yanımdakı, rus əsgəri "birdən türk əsgəri sərhədi keçib üstümüzə gəlsə, edərsən" deyə sual etdi. Mən üzümü rus əsgərinə tutub cavab verdim: "Həmin andaca silahı sənə çevirərəm. Türk qardaşıma atəş açası deyiləm ki? Rus əsgəri mənim cavabımdan şoka düşərək heç demədi".

Bu kiçik epizodu qardaşımdan eşitdiyim an, anladım ki, biz türkük. İndi "mən türkəm" demək çox asandır. Ancaq o dövrdə bu kəlməni nəinki dilə gətirmək, bu haqda düşünmək belə böyük cəsarət tələb edirdi.

Başqa bir xatirəm isə, yenə mənim uşaqlıq illərimlə bağlıdır. Bakıdan olan erməni əsilli şahmatçı Kasparov ilə rus şahmatçısı Karpov arasında yarış keçirilirdi. Bir neçə gün davam edən gərgin yarışın qalibi Azərbaycanı təmsil edən Kasparov oldu. Hər kəsin sevindiyi halda, Surxay: "Mən istəmirdim Kasparov qalib gəlsin. Çünki bu qələbəyə ermənilər sevinir"-dedi.

Surxayın, həmin fikrindən sonra ermənilərin bizim tarixi düşmənimiz olduğunu dərk etdim.

Qeyd etdiyim elə bu faktlar Surxayın necə bir azadlıqsevər, millətçi türkçü olduğunun bariz nümunəsidir.

Bax beləcə, türk olaraq doğuldu, türkçü vətənpərvər ideyalarını mənimsədi. Ömrü boyu bu ideyalara sadiq oldu doğma yurdunun həsrətinə dözməyərək, ürəyi dayandı Surxay Əlibəylinin...

İyunun 10-u 70 yaşı tamam oldu. Biz onun qərib qəbrini ziyarət etdik, özü isə doğma şəhərində, doğma ruhlarının əhatəsində özü üçün yubiley keçirir.

O yubileydə kimlər yoxdu?.. Surxayın bir yaşından bəri onun doğum günlərini böyük sevinc hissi ilə gözləyən atamız Xasay kişi, anamız Suqra xanım, vaxtsız dünyasın dəyişən qardaşımız Ceyhun, onun dənizdə boğulmuş 15 yaşlı oğlu Toğrul, özünün saysız-hesabsız dostları - Eldar, Allahverdi Bağırov qardaşları, Fred Asif, General Ərşad, Sabir Hüseynov, Sarvan Ağayev daha kimlər bu gün Surxayın ətrafındadırlar. Ən çox sevdiyi xanəndə Qədir Rüstəmov isə "Sona bülbülləri"ni ifa edir...

 

Etibar TOĞRUL 

 

525-ci qəzet.- 2019.- 12 iyun.- S.17.