Bütün zamanların Nəsimisi...
ŞƏRQDƏN QƏRBƏ HUMANİZM DƏRSİ...
"Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği"
"Elm Darvinin şəxsində insanın meymun mənşəyini, ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi..." - mərhum professor Yaşar Qarayevin böyük Azərbaycan şairi, filosofu İmadəddin Nəsimi haqqında dediyi bu fikir, düşünürəm ki, əsrlərdən qalma Qərb-Şərq əqidə savaşının başqa bir mərhələsindən xəbər verir. Bu savaşın mərkəzində insana münasibət, daha dəqiqi, humanizm ideyaları dayanır. XIV əsrdə Qərb alim, filosof və yazıçıları insana qarşı zorakılığın, insanlığa yönələn hər cür təcavüzün aradan qaldırılması üçün yollar axtarırdılarsa, elə həmin zamanlarda Şərqdə Nəsimi adlanan hürufilik ideyalarının daşıyıcısı gənc şair-filosof, Şamaxıdan Hələbə qədər dolaşaraq "ənəlhəq" deyir, insanı hər cür varlığın alisi, ucası adlandırır, insanlara öz mənini tanıtmaq uğrunda savaşırdı.
Azərbaycanda XIII-XIV əsrlərdə geniş yayılmış hürufilik haqqında yetərincə məlumat var. Nə yazıq ki, Allahın təcəssümünü insanda görən, kamil insanı ilahiləşdirən, "haqq mənəm, haqq məndədir" şüarı ilə insanları pis əməllərdən, nəfsin, ehtirasın çirkabından çəkindirməyə çalışan hürufilər uzun zaman "allahsız", "dinsiz", "kafir" adlandırılaraq təqib edilib, işgəncələrə, edamlara məruz qalıblar.
İnsana bu cür yüksək dəyər verən hürufilik Təbriz, Urmiya, bütün Azərbaycan kimi geniş ərazilərdə özünə tərəfdarlar tapır və getdikcə genişlənir. O dövrdə Azərbaycanda hakim olan Miranşah, Əmir Teymur hürufilərlə nə qədər mübarizə aparsalar da təriqətin yayılmasının qarşısını ala bilmirdilər. Çünki hürufilik insana əsrlərcə həsrət qaldığı ehtiyacı olan dəyəri verirdi.
Nəsimi deyirdi:
Ey Həqi "hər yerdə hazırdır" deyən əgrinəzər,
Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi?
Tanrı hər şeyin fövqündədir və Tanrıya gedən yol birdir. Bu yol - insanlıq, mənəvi təkamül, kamil insan yoludur və Nəsimi də "yol", "ərkan" deyərkən məhz bu insanlıq marşrutunu nəzərdə tuturdu, bu yoldan çıxanlara "əgrinəzər" deyirdi.
İNSANIN NƏSİMİ MODELİ
Dahi filosof-şair Nəsimi Azərbaycan bədii söz sənətinin forma və məzmunca zənginləşməsində ən önəmli rollardan birini oynamaqdan əlavə, həmçinin, fəlsəfi fikrin inkişafında da mühüm söz sahibi olan sənətkarlardandır. O, təkcə yaşadığı Azərbaycan, aid olduğu Şərq mühitini deyil, bütün bəşəriyyəti öz əsərlərində ifadə etməyi bacaran şair-mütəfəkkirdir.
İnsanların qəlbi, onların iç dünyası, dünyayla münasibətləri özünün ən yaxşı əksini məhz Nəsimi qəzəllərində tapır. O, təkcə bununla kifayətlənmir, insanlara öz mənini məhz sözlər vasitəsiylə aşılayır, onları özlərini tanımağa, özlərinin əsl dəyərinin fərqinə varmağa çağırır. Bununla yanaşı, o, kamil insan olmağın sirlərini açır, gələcək nəsillərin tərbiyəsində böyük rol oynayacaq nəsihətlərini misralarına sığdırır. Onun bütün yaradıcılığı məhz insanlıq, kamil şəxsiyyət haqqındakı yüksək təsəvvürlərinin ifadəsinə həsr olunub
Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahibhünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.
Nəsimi humanizmini şərtləndirən ən başlıca xüsusiyyətlərdən biri insana sonsuz sevgidir. Bu sevginin gücüylə o, insanı nəfsinə qalib gəlməyə çağırır. Çünki bilir və anlayır ki, insanlığı məhvə sürükləyən əsas amil məhz nəfsdir. Bəli, nəfslə mübarizə heç də asan deyil, "nəfsə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir". Ancaq bu savaşdan qalib çıxan şəxs kamillik zirvəsinə ucalan şəxsdir. O kamil insan ki, onun simasında Allah təcəlli edib, onun ürəyi İlahi nurla dolub.
Bir ovuc tozdur küləklər qarşısında bu bədən,
Ömrümüz qortək ərir hər an günəşdən, şölədən.
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,
Aqil insan zər üçün öz ömrünü verməz hədər.
Nəsimi poeziyasının leytmotivi insandır; zəkalı, kamil, gözəl insan; öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır olan mərd, doğruçul, sadiq, vəfalı insan! Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Şairin fikrincə, insan bütöv bir aləmdir, kainatdır. Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir.
Mən mülki-cahan, cahan mənəm, mən,
Mən ərşi-məkan, məkan mənəm, mən.
Lakin insan bundan daha
böyükdür, o, kainata
da sığmır...
Haqqın, həqiqətin tərənnümü
Nəsiminin şəxsiyyəti
ilə poeziyası arasında bir vəhdət, bağlılıq,
həmahənglik yaradır. Nəsimi fitrətən
haqq, həqiqət aşiqi idi.
Cümlə həqdir, hər
nə kim,
mövcud imiş,
Həqqə sacid, həqqə hər məscud imiş.
Əsl böyük
həqiqət isə insandır, insanın mövcudluğudur. Haqq, həqiqət özü
də ancaq insanla bağlı keyfiyyətdir, insana məxsusdur, bəşəridir.
Belə olan surətdə insan həqiqətin keşiyində
durmalı, mövcud aləmin sahibi, habelə, haqqın, ədalətin başçısı,
allahı olmalıdır:
Ey könül, həq səndədir, həq səndədir,
Söylə həqqi kim, ənəlhəq
səndədir.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun fikrincə:
"Bütün dünyanın
dilində danışan
Nəsiminin dili, həm də bizim ana dilimizdir.
Nəsimi şairlərimizin içində ən çox fəlsəfi, poetik və "mən"i olan şairdir. Onun yaradıcılığında
həm özünün
şəxsiyyəti, ideologiyası,
həm də dili və milli
mənliyi dayanır".
MÜASİRİMİZ
NƏSİMİ
Zaman ən doğru tərəzidir, deyirlər. Bu, sənətə,
sənətkara da aiddir. Tarixən də belə olub: sənətkarın əsl qiyməti özündən çox
sonralar verilib. Bu mənada Nəsiminin
məruz qaldığı
cismani cəzalar onun mənəviyyatının
ucalığından xəbər
verirdi, əslində.
Bu həqiqətə insanlıq sonralar vardı-illərlə, əsrlərlə
ölməyən, zamanın
hər cür sınağından alnıaçıq
çıxan Nəsimi
poeziyasını bu gün- XXI əsrdə sözə, həqiqətə
təşnəliklə oxuyarkən.
Nəsimi həqiqət, amal,
əqidə uğrunda
fədakarlığın canlı
modeli olaraq əsrlərə meydan oxumağı bacardı.
O, fədakarlığın simvoluna çevrildi: "Nəsimi tək bu Aşiq - Yolunda soyulandır" (Sarı Aşıq).
Akademik İsa Həbibbəyliyə
görə, böyük
əqidə sahibi İmadəddin Nəsiminin
faciəli şəkildə
öldürülməsi haqqında
geniş yayılmış
rəvayətlər dünya
ədəbiyyatında təkrarı
olmayan qəhrəmanlıq
mifidir: "Cəmi 48
il ömür sürmüş, böyük
və zəngin ədəbi irs yaratmış Nəsiminin
şeirlərində ifadə
olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq
ideyaları zamanı daha da irəli
aparan çağırışlardır.
Nəsiminin böyük idealları
müasir dövrün
də ideyalarını
əks etdirir, onun əsərləri insanlığı mənəvi
kamilliyə, ədalətə,
humanizmə çağırmaqda
davam edir".
Akademik Teymur Kərimli isə deyir: "Hər hansı orta əsr sənətkarını
orta əsr aliminin gözü ilə nəzərdən keçirmək və qiymətləndirmək, həmin
dövrdə sənətkarın
ideya-bədii qayəsini
onun özünün,
yaxud ətrafındakıların
düşündüyü kimi tədqiq edib üzə çıxarmaq və dəyərləndirmək müəyyən
dərəcədə tarixi
maraq doğura bilər. Lakin yaddan çıxarmayaq
ki, klassik sənətkarların ölməzliyinin
sirri - onun öz dövründə nə düşünməsi
və lokal zamanın ictimai mühitinə nə vermək istəməsi ilə deyil, bizim dövrümüzə
hansı mənəvi
dəyərləri ünvanlaması
ilə şərtlənir.
Bu baxımdan Nəsimi
humanizmini də çağdaş elmi-nəzəri
təfəkkürün işığında
yenidən araşdırmaq,
onun öz dövrü üçün
ifadə etdiyi ezopdilli dolaşıq sufi-hürufi simvolların,
rəqəm-hərf rebuslarının
açılmasından daha
çox, bizim mədəni-mənəvi, estetik
problemlərimiz baxımından
çağdaş nəsilimizə,
cəmiyyətimizə nə
verəcəyini üzə
çıxarmaq önəmlidir.
Nəsimi humanizminin müasir dünyamız üçün
önəmli olan cəhətlərindən biri
onun mücərrəd
xarakter daşımaması,
konkret insan münasibətlərini, real insan
gözəlliklərini əks
etdirməsidir. Nəsimini böyük humanist sənətkar kimi düşündürən başlıca
problemlərdən birini
də insan cəhaləti, qəfləti
kimi ictimai bəla təşkil edir. Şairin bir çox
əsərləri məhz
öz müasirini cəhalət yuxusundan oyandırmağa, ona insanlığın şərəfini
anlatmağa həsr edilib".
NƏSİMİNİ
XALQ DA UNUTMUR, DÖVLƏT DƏ...
Nəsiminin yaradıcılığı və
şəxsiyyəti hər
zaman Azərbaycanda çox yüksək qiymətləndirilib. Hələ 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində
qeyd edilməsi Azərbaycan mədəniyyəti
tarixində əhəmiyyətli
hadisəyə çevrilmişdi.
Həmin
dövrdə Xalq rəssamı Tokay Məmmədovun
müəllifliyi ilə
Bakıda böyük
mütəfəkkirin heykəli
qoyuldu. Eyni zamanda, Nəsimiyə
həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi.
Ötən illər ərzində Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, dünya ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub. Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olundu. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi - poeziya, incəsənət və mənəviyyat Festivalı keçirildi. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar iştirak etdilər.
"NƏSİMİ İLİ" - İNSANLIĞIN TƏBLİĞİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus rola malik olduğunu bir daha təsdiq edir. Sərəncamda deyilir: "Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir".
Eyni zamanda, Prezidentin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili" elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Eləcə də, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.
Keçən yüzilliklər ərzində Şərq humanizm ideyalarını daha da genişləndirərkən, Nəsiminin şəxsində humanizmi dünyaya yaymaqla məşğulkən, Qərbin yenə də insanlıqla bağlı "ağlı qarışıq idi". Haydegger, Nitsşe, Sartr, Fuko kimi XIX-XX əsr filosofları insan haqqında bir fikirdə həmrəydirlər ki, insan Tanrının yerini işğal edib. Yəni insan elə lap əvvəldən işğalçı və təcavüzkardır. Sartr insan haqqında yazırdı: "İnsan başlanğıcda heç nə idi. Sonra necə ola bilərdisə, o cür də oldu". Artıq dünyanın bir tərəfində antihumanizm təşəkkül tapmağa başlayırdı. Müasir dünyamıza nəzər salsaq, antihumanizmin humanizmi üstələdiyini, yenidən insanlığa qarşı zorakılıqların baş qaldırdığını, dünyanın insan anlayışına alçaldıcı nəzərini görmüş olarıq. Belə bir zamanda Azərbaycan kimi dünyaya inteqrasiya etməkdə olan, xüsusən, son illərdə müxtəlif uğurlu beynəlxalq layihələri ilə siyasi və mədəni arenada tanınmaq yolunda əzmlə irəliləyən bir ölkənin 2019-cu ili bütünlüklə Nəsimi kimi şəxsiyyətə həsr etməsi, onun həqiqətən də dünyaya multikulturalizmin, humanizmin bir örnəyi, modeli olduğunu bir daha sübuta yetirir. Eyni zamanda, bu, Azərbaycanın bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışıdır. Dünyanın bu çağırışa verəcəyi cavabı isə yenə də zaman göstərəcək. Axı həqiqətən də:
Bir günəşdir Nəsimi kim anın
Neçələr zərrəsinə həsrətdir.
Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 12 iyun.- S.16.