Moskvanın qoynunda uyuyan mavi gözlü
div
ZÜLFÜ
LİVANELİ: "POLİS RƏİSİ ON ÜÇ
İL HƏBSDƏ YATAN ŞAİRƏ ANIM
TÖRƏNLƏRİ TƏŞKİL EDİR"
Nədənsə gözümə həmişə əlifba
kimi göründü. Amma bu əlifbadan hərfləri yox,
sözləri öyrəndim. Yanından
ötüb keçdiyim kəlmələrin nə qədər
qiymətli olduğunu oxuduqca dərk etdim.
Yaşamadığım sürgünün
ağrısını, ayrılığın
acısını, həsrətin əzabını, insanın
daha dəyərli olduğunu, göy üzünün sonsuz
maviliyini sətirlərindən damla-damla toplayaraq canıma
çəkdim. Bir insanın cəhənnəmin dibi qədər
dərin, küçənin tavanı qədər sonsuz sevilə
biləcəyinə də onun sayəsində inandım.
Hissləri dilə gətirməyim, yaşanan ən
dərin duyğuları gün üzünə
çıxarma cəsarətim də ondan qaynaqlanır.
Birinə sinəmə döyə-döyə, qorxmadan, çəkinmədən
"sən məmləkətimsən" demək
gücünü də o verdi mənə. Şair, yazıçı, rəssam, dramaturq,
ssenarist, türk inqilab etmiş poeziyasında banisi Nazim Hikmətdən
bəhs edirəm. Ölümünün 56-cı
ildönümündə Moskvada, Novodeviçi məzarlığında,
qəbirdaşı üzərində çəkilmiş
selüiti ilə qarşı-qarşıya gəlib,
özünü onunla yan-yana dayanmış kimi hiss etmək
böyük həyəcan idi. Barmaqlarımı
uyuduğu məzarın üstündə gəzdirdim. Bu toxunuşla böyük şairə öyrətdikləri
və qatdığı dəyər üçün minnətdarlıq
bildirdim.
Təbii ki, mən onu şeirləri, yazdıqları qədər
tanıyıram. Amma az qala, bütün Türkiyədə
adı böyük şairlə yanaşı çəkilən
bir isim var - yazıçı, ssenarist, rejissor, siyasətçi,
musiqiçi Zülfü Livaneli. Nazimin əsərlərinin
qadağan edildiyi dönəmlərdə kitablarını
oxuyub, şeirlərini əzbərləmək suç
sayıldığı vaxtlarda onun sözlərinə musiqilər
bəstələyib. Bu az deyilmiş
kimi dünyaya səs salan albom çıxardıb. Həmin dönəmdə hakimiyyətdə olanlar
Nazim Hikmətlə bərabər Zülfü Livaneliyə də
qadağalar qoyub. Amma xalqın sevgisinə
hökm edə bilməyiblər. Çünki
insanlar bu iki dəyərdən heç vaxt vaz keçməyiblər.
"Nazim
Hikmət Türkiyənin Puşkinidir"
Zülfü
Livaneli danışır:
- Demək
olar, hər il iyunun 3-də Nazim Hikməti
anmaq üçün Moskvaya gəlirəm. Türkiyədən
sənətçilər, yazıçılar, jurnalistlər
də gəlir, birlikdə məzarını ziyarət edir,
ürəyimizdən keçənləri deyirik. Bu bizim Nazim Hikmətə verdiyimiz önəmin, dəyərin
göstəricisidir. Əgər müqayisə
edəsi olsaq, deyərdim ki, Nazim bizim Puşkinimizdir. Puşkin ruslar üçün kimdirsə, Nazim də
bizim üçün odur. Hətta belə
bir fikir də demişdim, rus yazarları Qoqolun şinelindən
çıxdığı kimi, biz də Nazimin şərfindən
çıxdıq. Həqiqətən
böyük şair və ən mübariz
insanımızdır. Unudulması
mümkün deyil. Gün keçdikcə
daha da böyüyən adı var. Türkiyədən ziyarətə
gələn dostlar ilbəil azalır. Aralarında
Tarık Akan kimi dünyasını dəyişənlər
olur. Amma yaşayan, sağ olan kəslər
hələ də gəlirlər. Onların
içərisində gənclərin üstünlük təşkil
etdiyini görmək isə ayrı bir fəxarətdir. Bunu davam etdirə bilmək böyük işdir, həmişə
davam edəcəyini bilmək isə ümiddir.
"Şair
Çexov, Qoqol, Çaykovski ilə bərabər, muzey kimi
yerdə yatır"
-
Nazımın bir şeiri vardı:
Yoldaşlar,
ölürsem
o
günden önce yani,
- öyle gibi de görünüyor -
Anadolu'da
bir köy mezarlığına
gömün beni
ve de
uyarına gelirse,
tepemde
bir de çınar olursa
taş-maş da istemez hani...
İnsanlar bu şeiri vəsiyyət olaraq qəbul etdi və
məzarını Türkiyəyə aparmaq üçün
çox cəhdlər oldu. Mən həmişə
buna qarşı çıxdım. Çünki
burada, Novodeviçidə Çexovla, Qoqolla, Çaykovski ilə
bərabər, muzey kimi bir yerdə yatır. Türkiyədə olsa, bir qrup sağçı kəsim
hücum edə bilərdi. Böyük bir
spekulasiya mövzusu olardı. Onsuz da vətəndaşlığa
yeni qəbul ediblər. Bütün
dünyada türk deyəndə Nazim Hikmət ağıla gəldiyi
halda onun türk vətəndaşlığı əlindən
alınmışdı.
"Özü
polis rəisinin onun üçün bu cür işlər
görəcəyinə inanmazdı"
- Burada Rus-Türk İş Adamları Birliyi (RTİB)
var. İllərdir, Nazim Hikməti anma proqramlarını
sponsor olaraq onlar həyata keçirirlər. On ilə
yaxındır, "Nazim Hikməti Anma Komitəsi"
yaradılıb. Qurucusu və rəhbəri
Əli Qalib Savaşır adlı bir dostumuzdur. Eyni
zamanda, burada yaşayan iş adamıdır. Bütün
bu işləri böyük fədakarlıqla, yorulmadan,
usanmadan görür. İşin ən
maraqlı tərəfi əvvəllər Türkiyədə
polis rəisi olaraq çalışmağıdır. Dünənki tədbirdəki
çıxışımda hətta bunu xüsusi
vurğuladım. Nazim Hikmət 13 il həbs
həyatı yaşayıb. O dövrdə illər sonra bir
polis rəisi sənin üçün bu cür anım mərasimləri
təşkil edəcək desəydilər, hər halda
inanmazdı. Amma həyat bu cür gözəl
sürprizlərlə doludur. Əli Qalib
gözəl ürəyə sahib olan
qardaşımızdır. Hər il
eyni izdiham yaşanır. Türklər Nazimin məzarının
başına toplanır. Türkoloqlar, onu
tanıyanlar, keçmiş nəsildən olanlar, Nazimin
qızı Anna Stepanova da gəlir və orada birlikdə
anım mərasimi keçirilir. İldən-ilə
mərasimə qatılanların sayının
çoxalmasını görmək gözəldir.
"İlk
və son dəfə şairin şeirlərindən ibarət
albom çıxartdım"
- Nazim Hikmət təkcə Türkiyənin deyil, həm
də mənim həyatımda çox önəmli yerə
sahibdir. Hələ illər əvvəl, mən uşaq
olanda Nazimin kitabları qadağan edilmişdi. 1960-cı ildə bir hərbi çevriliş oldu.
Ondan sonra bir müddət sərbəstlik
yaşandı. Həmin vaxt Nazimin
"Kuvayi Milliyə Dastanı" kitabı
çıxdı. O günü heç unutmuram. Ankarada kitab evlərindən birində bu kitabın gəlməyini
gözləyirdik. İçlərində ən az yaşı olan mən idim. Kitablar
gəldi, paketlər açıldı, həyəcandan titrəyə-titrəyə
aldıq. Onda Nazim Hikmətin
kitablarının satılması inanılmaz hadisə idi.
Fəqət, sonra yenə ayrı dönəmlər
gəldi, başqa çevrilişlər oldu, şairin
bütün kitabları təkrar qadağan edildi. Mən də həbsdən sonra İsveçə
getdim. İlk illər orada bir tələbə
evində qalırdıq. Yanımızda
ağcaqayın meşəsi vardı, adətən meşə
qarlı olardı. Hər gün həmin
meşədə yeriyəndə Nazim Hikmətin məşhur
"Karlı kayın ormanı" şeirini
düşünürdüm. Sürgündə
idim, məmləkətim üçün
darıxırdım, dönmək istəyirdim, amma heç
cür alınmırdı. Orada yeriyə-yeriyə bu
mahnını bəstələdim və Türkiyədə, az qala, hər kəsin dilində əzbər
olan parçaya çevrildi. Daha sonra digər
sözlərinə musiqilər bəstələdim. İlk və son dəfə 1978-ci ildə "Nazim
türküsü" deyə Türkiyədə sadəcə,
onun şeirlərindən ibarət bir albom
çıxardım. O albom böyük maraqla
qarşılandı. Təkcə Türkiyədə
deyil, ölkə xaricində əcnəbi musiqiçilər tərəfindən
də səsləndirildi. Həmin albomda "Kız
çocuğu", "Büyük insanlık",
"Mehmetçik", "Hoş geldin bebek",
"Karlı kayın ormanı", "Saat 4 yoksun" və
digər şeirlərinə bəstələdiyim mahnılar
yer alırdı. Həbsxanadan yeni
çıxmışdım, Nazimlə adımız birləşdi,
qat-qat olduq və əməlli-başlı lənətlənmiş
hala gəldik. Radiolar, televiziyalar həmin
mahnıların səsləndirilməyini qadağan etdi.
Amma xalqın ürəyinə hökm edə
bilmədikləri üçün klassikaya çevrildi,
ürəkdən-ürəyə, qulaqdan-qulağa
yayıldı. Sonra bizim adlarımız
birlikdə anılmağa başladı. Bir
çox tənqidçiyə görə, Nazim Hikmətin
şeirləri bəstələrimdən sonra daha çox
yayılmağa başladı. Çünki
musiqi insanların dünyasına daha tez təsir edir. Eyni ilə şairin "Karlı kayın
ormanında" kimi çox da bilinməyən şeirləri
bütün xalqa bu cür gedib çatdı. Daha sonra məni sevindirən bir şey oldu. Ankarada Çankaya Bələdiyyəsi mənim
üçün bir Kültür Mərkəzi açdı.
Həmin mərkəzin önündə Nazimla mənim
heykəlimi ucaltdılar. Beləliklə,
heykəl də olsa, bir yerdə görüşmüş
olduq. Hətta bu qış bir instaqram
paylaşımı etmişdilər. Ankarada
lopa-lopa qar yağırdı, bizim heykəlimizi videoya çəkib
altına yazmışdılar ki, "qarlı qayın meşəsində
söhbət edirlər". O video rekord sayılacaq
şəkildə paylaşıldı və izləndi.
"Nazim
ən mötəbər məqamda qərar tutub"
- Nazim
dilimizi, tərzimizi yaradan böyük şairimizdir. Həm də güc, namus, cəsarətdir. Onun çeşidli yanları var. Şair
yönü, mübarizə yönü və ən önəmlisi,
aşiq yönü var - həyata, dünyaya, insanlara,
işçi sinifinə və əlbəttə, bir çox
qadına aşiq. Çoxlu eşq
şeirləri yazıb. Sonuncu həyat
yoldaşı Vera Tulyakova idi. Vera mənim
çox yaxınım idi. Ölənə
qədər Nazimi məzarının başında birlikdə
andıq. Birlikdə çoxlu rəsimlərimiz
var. Mənə deyirdi ki, o mahnıları dinlədiyim zaman
Nazimin canlandığını hiss etmişdim. Buradan bir
daha bəlli olur ki, hökümətlər də gəlib
keçir, rejimlər də dəyişir, amma Nazim Hikmət ən
mötəbər məqamda qərar tutur, dəyişmir,
bitmir! Heç bitməyəcək də.
"Bu
boyda böyük bir insanın var, öyün də
dünyada"
- İyunun 2-də Nazimi şərəfinə konsert təşkil
edildi, ödül mərasimi oldu. Nazim Hikmət
mükafatını mən də almışdım. Bu il isə təqdim edənlərdən oldum.
Edip Akbayrağa həmin mükafatı vermək gözəl
hiss idi. İyunun 3-də Novodeviçidə
şairi məzarı başında andıq. Keçən
il də eyni mərasimlər oldu. Sılanı bura dəvət etmişdim, konsert
vermişdi. Hər il belə olur. Müxtəlif qruplar, sənətçilər gəlir,
konsertlər verirlər. Maraqlı olan
bilirsiniz nədir? Bütün bu tədbirləri, mərasimləri
dövlət yox, iş adamları gerçəkləşdirir.
Halbuki dövlətin etməyi lazımdır.
Amma etmirlər. Puşkinin
200 ilini Rusiya dövləti necə təntənə ilə
qeyd etdi. Bütün şəhərlərdə onu
anıb, Puşkin ili elan etdilər. Mənə Sankt- Peterburq Universitetindən suallar
göndərildi, Dostoyevskinin 200 illiyi ilə bağlı
fikrimi soruşdular. Görürsünüz,
yenə eyni şəkildə qeyd etməyə
hazırlaşırlar. Bizim sənətçilərimizə
isə dövlət bir az ögey övlad
kimi yanaşır. Bir həqiqət də var ki,
Nazim Hikmətin dövlətə yox, dövlətin ona
ehtiyacı var. Bu boyda böyük bir insanın var,
öyün də onunla. Təəssüf
ki, hələ bunu anlamırlar.
Zülfü Livanelinin bəhs etdiyi keçmiş polis rəisi, tədbirin təşkilatçısı, "Nazim Hikməti Anma Komitəsi"nin başqanı Əli Qalib Savaşırla da söhbətləşdik. Təkcə tədbir günlərində deyil, qonaqlar ölkələrinə qayıdana qədər gün ərzində bir dəqiqə belə dayanmadı. Çünki gələnlər təkcə onun deyil, həm də Nazim Hikmətin qonaqları idi. Əli Qalib bəy üzərinə götürdüyü bu məsuliyyətli işi şairin adına layiq şəkildə görməyə çalışırdı. Şübhəsiz, bunu ən gözəl şəkildə bacardı.
"Nazim Hikməti anmaq bizim vəzifəmizdir"
Əli Qalib danışır:
- Artıq 20 ilə yaxındır, Nazim Hikmət Moskvada, burada yaşayan türklər tərəfindən anılır. Bunun başlanğıcını keçmiş RTİB başqanımız Əli İhsan Aksıkalıoğlu qoyub. O buradan ayrıldıqdan sonra Nazimi anma fəaliyyəti ortada qalmışdı. Bir müddət Hakan Aksak adlı bir dostumuz Araşdırma Mərkəzi qurdu, bütün bu işləri üzərinə götürdü və davam etdirməyə başladı. Bizlər də dəstək olurduq. Amma sonra Türkiyəyə döndü. Fəaliyyət yenə havada qaldı. Moskvada türk qadınlarının qurduğu bir dərnək vardı, ardınca bu iş onlar davam etdirməyə çalışdılar. Amma elə də uğurlu alınmadı. Vəziyyətin bu yerdə olduğunu görüb, çox üzüldüm. Dedim ki, bu işləri ələ almaq lazımdır. Amma necə? O vaxt RTİB ağır dönəmlər keçirirdi. Ali İhsan getdikdən sonra bu qurum yox kimi idi. Mən Rus-Türk İş Adamları Birliyinə bir ərizə yazdım. Dedim ki, Nazimi anmaq bizim vəzifəmizdir. Biz bunu etmək məcburiyyətindəyik. Necə edək? Onlar da dedi ki, onsuz da bu an RTİB yox kimidir. Nə ofisi, nə də bunu edəcək gücü var. Mən də dedim ki, heç nə istəmirəm, özüm edəcəm və beləliklə, başladıq. Ondan sonra RTİB-də başqan oldum. Nazim Hikməti Anma Komitəsini qurdum. İlk dəfə 2010-cu ildə başladıq. Hər keçən il yüksələn qrafiklə anım mərasimlərini keçirdik. Bu işdə ən böyük dəstəkçilərimizdən biri böyük qardaşımız Zülfü Livanelidir.
"Bir
toplumu eyni damın altına yığan güc"
- Bu
cür davam edirik, Nazim Hikmətin adını
yaşadırıq. Bunu xüsusi
vurğulamalıyam, "Nazim Hikməti Anma Komitəsi"
buradakı türkləri bir araya gətirən ən
böyük fəaliyyət mərkəzidir. Heç bayramlarda da bu qədər izdiham olmur. Buna dünən bir daha şahid olduq, Almaniyadan,
Türkiyədən və başqa ölkələrdən gələnlər
vardı. Türkiyə ilə Rusiya
arasında viza olmadığı dönəmlərdə
"Nazim turları" təşkil edilirdi. İnsanlar qruplarla gəlirdilər. Biz sevinirik ki, Nazım unudulmur, daha çox
xatırlanır, daha çox anılır. Bir toplumu eyni damın altında toplaya bilir. İllərdir, bu işi özümüzə vəzifə
seçdik və bu şəkildə davam edirik. Burada əlbəttə ki, təkbaşıma deyiləm.
Nazimi sevən, mənə inanan, güvənən iş
insanlarının böyük dəstəyi var.
Sonda onu da qeyd edim ki, təkcə xüsusi günlərdə
deyil, hər zaman Moskvaya ayaq basan bütün nazimsevərlərin
ilk ziyarətgahı Novodoviçi məzarlığı olur. Ardınca
turlar, əyləncələr, gəzintilər
başlayır.
Bax, biz Nazim Hikmətlə bir başqa cür
yaşamağı belə öyrəndik.
Moskva
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 12 iyun.- S.14-15.