Bakıxanovlar şəcərəsinə dair araşdırma təqdim olundu
Dünən AMEA-nın "Azərbaycan
Milli Ensiklopediyası"
Elmi Mərkəzində
tədqiqatçı Xəyalə
Əyriçalmalının "Bakıxanovlar şəcərəsi
və bu nəslin Bakı kəndlərində və
digər şəhərlərdə
məskunlaşan qolları"
adlı elmi-tədqiqat
işinin təqdimat mərasimi oldu.
Tədbir "Abbasqulu ağa Bakıxanov - 225" layihəsi
çərçivəsində təşkil edilmişdi.
Tanınmış tarixçilər Şahin
Fazil, Hacı Həsənov, "Vahid poeziya məclisi"nin sədri Rafiq Şirvani, Əmircan qəsəbəsinin icra nümayəndəsi Cəlaləddin
Əhmədov, Buzovna kənd məscidinin axundu Hacı Soltan Əlizadə, AYB Xəzər rayon şöbəsinin
sədri Arif Buzovnalı, eləcə də digər elm və ədəbiyyat adamları, Bakıxanovlar nəslinin nümayəndələri
və jurnalistlər tədbirdə iştirak edirdilər.
Xəyalə Əyriçalmalı tədqiqat
işinə Maştağa
kəndinin nüfuzlu nəsillərindən biri
sayılan, Abbasqulu ağa Bakıxanovun şəcərəsinə aid Əyriçalma
nəslindən başladığını,
özünün də
həmin nəslin nümayəndəsi olduğunu
bildirdi. Sənədlərə əsasən aparılan
bu araşdırmada Azərbaycan tarixinə, sanballı bir şəcərəyə dair
yeni faktlar təqdim etdiyini diqqətə çatdırdı.
X.Əyriçalma öz
tədqiqatında Bakıxanovlar
şəcərəsinin Səfəvilər
sülaləsinə yaxınlığını
sübut etdiyini açıqladı. AYB-nin
Xəzər rayon şöbəsinin
sədri Arif Buzovnalının fikrincə,
tədqiqatın xüsusilə
önəmli cəhəti
ondan ibarətdir ki, burada görkəmli
bir klassikimizin şəcərəsi bütövlükdə
öyrənilir və
təqdim olunur və belə araşdırmalar bizdə
elə də çox deyil: "Bu araşdırmada nəsildən-nəsilə
ötürüləcək vacib faktlar var. Tədqiqat işi Azərbaycanda Bakıxanovşünaslığa
yeni bir baxışdır. Bakıxanovların həyatı, yaradıcılığı,
qohumluq əlaqələri,
hansı mühitdə
yaşamaları daha da dərindən araşdırılmalıdır. Biz böyük şəxsiyyətlərimizi,
o cümlədən, Abbasqulu
ağa Bakıxanovu şəcərəsilə
birgə tanımalıyıq
ki, fəaliyyətindəki,
yaradıcılığındakı kodları aça bilək".
Tədbir X.Əyriçalmalının ifasında
A.Bakıxanovun qəzəllərinin
səsləndirilməsi və
bədii hissə ilə davam etdi.
A.Bakıxanovun sözlərinə Xalq
artisti, professor Tofiq Bakıxanovun bəstələdiyi mahnılar
dinlənildi. Alim və
şair Şahin Fazil özünün A.Bakıxanovun qəzəllərilə
ruhən səsləşən
şeir nümunələrini
oxudu.
Beynəlxalq müsabiqələr laureatı Camalə Abdinzadənin fortepianoda müşayiətilə, Dövlət
Xor Kapellasının solisti Leyla Dadaşova
"Səninlə bağlıdır
bəxtiyarlığım" adlı mahnını, Filarmoniyanın solisti Fəxri Kazım Nicat isə "Söz düşəndə"
romansını səsləndirdi.
Emil Qurbanov tarda
"Xatirə", İlqar
Bakıxanov isə
"Bakı gecələri"
adlı əsəri ifa etdi.
Şəhla ASLAN
525-ci qəzet.- 2019.- 12 iyun.- S.12.