Oqtay Zülfüqarov konsertlə yad edilib

 

 

İyunun 10-da Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr edilən kamera konserti keçirilib.

Konsert Əfrasiyab Məmmədovun royalda bəstəkarın "Yuxu" pyesini ifa etməsi ilə başlayıb.

Sonra Əməkdar artistlər Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (skripka), Səbinə İbrahimovadan (violonçel) ibarət Azərbaycan Dövlət Triosu O.Zülfüqarovun "Trio" əsərindən III, IV hissələri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Türkiyənin Atatürk Universitetinin professoru Həqiqət Məhərrəmova "Piano üçün 6 prelüd" silsiləsindən 3 prelüdü ifa edib.

Beynəlxalq müsabiqə laureatları Ceyla Seyidova (I skripka), Soltan Məmmədova (II skripka), Əməkdar artistlər Vaxtanq İmanov (viola), Aleksey Miltıxdan (violonçel) ibarət Dövlət Simli Kvarteti bəstəkarın "Simli kvartet"inin III, IV hissələrini səsləndiriblər.

Konsert iştirakçıları, həmçinin, Məhəmməd Füzulinin sözlərinə bəstələnən "Yad eylərəm" və "Canana yetmişəm" romanslarını dinləyiblər. Əsərləri Valeriya İsgəndərova oxuyub. Onu royalda Lalə Zöhrabbəyova müşayiət edib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan və sürəkli alqışlarla müşayiət olunan konsert O.Zülfüqarovun violonçelpiano üçün "Muğam və rəqsə dəvət" pyesinin səsləndirilməsi ilə başa çatıb.

 

525-ci qəzet.- 2019.- 12 iyun.- S.13.