Bir Vaqif Səmədoğlu
vardı...
Şair
kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
-
- deyirdi Vaqif
Səmədoğlu. Xalq
şairi, xalqın şairi Vaqif Səmədoğlu... İstədiyi kimi yaşadımı, bilmirəm, amma istədiyi kimi qaldı yaddaşlarda.
Bunu iyunun 7-də M.Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında keçirilən
80 illik yubiley tədbiri bir daha sübut etdi.
Ölkənin tanınmış qələm
adamlarının, incəsənət
nümayəndələrinin, ziyalıların, oxucu və media nümayəndələrinin
iştirakı ilə
keçirilən gecədə
Azərbaycan poeziyasında
öz yolu, öz dəstxətti ilə seçilən, heç kəsə bənzəməyən qələm
sahiblərindən olan
V.Səmədoğlunun şeirləri
səsləndirildi, sözlərinə
yazılmış musiqilər
ifa edildi.
Tədbiri gecənin aparıcısı,
qiraətçi, şair
Xəzər Süleymanlı
yubilyarın misraları
ilə açdı:
Qurani-Kərim kitabını
açıq saxlama, heç vaxt.
Heç zaman bağlama şeir dəftərini.
Müqəddəs Kitabı yaxşı yerə qoy.
Şeir
dəftərinə dəymə,
özü yer tapacaq özünə.
"Vaqif Səmədoğlu
1956-cı ildə musiqi
məktəbinin buraxılış
imtahanında ilk dəfə
səhnəyə çıxıb. O zaman onun 17 yaşı vardı. Maestro Niyazinin
dirijorluğu ilə Rahmaninovun fortepiano və orkestr üçün
1-ci konsertini gənc Vaqif məhz bu səhnədən ifa edib. 63 il sonra Vaqif Səmədoğlunun
bir daha bu məkana qayıdışıdır bu
anlar".
Sonra ekranda Vaqifin uşaqlıq və gənclik illərini əks etdirən videomateriallar təqdim olundu və bu görüntülər
gecə boyunca o ağ ekrandan
asılı qaldı.
Sanki şair ən
yüksəkdən bizə
baxır, bizi izləyir, onun şeirlərinə nəfəs
verənlərə sevgiylə
gülümsəyirdi.
Azərbaycan televiziya və radiosunun Gülarə Əliyeva adına "Dan
ulduzu" instrumental ansamblı
Əməkdar artist Tariel Abbasovun bədii rəhbərliyilə
musiqi çələngi
ilə gecəyə xüsusi təravət bəxş etdi. Onların ifa etdikləri musiqilər şairin sözlərilə
İlahi ahəng yaradırdı sanki: "Hər şeydən əvvəl məni musiqinin möcüzəsi
heyran edir. Məncə, Allah, insanı
yox, musiqini öz oxşarı kimi yaradıb. Bütün dinlərdə dualar musiqiyə boyanıb.
Əminəm ki, Allah, çox
sözləri qəbul
etmir, ancaq duaların musiqisini qəbul edir. Məhz bu səbəbdən də, hələ dünyanın sonu yetişməyib".
X.Süleymanlı, aktyorlar Kamran Yunis, Elnar Qarayev
və qiraətçi
Samir Bağıroğlu
gecə boyunca şairin yaradıcılığından
müxtəlif nümunələr
səsləndirirdilər. Bu nümunələr bir daha sübut edir ki, Vaqif
Səmədoğlu həyat
və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin
özünəməxsus üslubda
bənzərsiz mənzərəsini
və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət
etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində
saxlayıb. İlk qələm təcrübəsindən
son şeirinə qədər
heç kəs onun yaratdıqlarının
yaşının hansı
dövrünə aid olduğunu
bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Onun poeziyasında inilti,
sızıltı, ah-nalə
yoxdur. Bəşəri bir kədər
var. İnsanları düşündürən,
duyğularına həzinlik,
kövrəklik, xeyirxahlıq
gətirən, dünya
poeziyasını məşğul
edən əbədi bir kədər.
Nicat Cəfərzadə, "Cəngi"
qrupu, Rövşən
Civişov (gitarada Elnur Fəttəhov), Xalq artisi Mübariz
Tağıyev, Azərbaycan
televiziya və radiosunun solistləri Zabitə Alıyeva, Aynur İskəndərli, Taleh Yəhyayev, Əməkdar
artist Şölə Səfərəliyeva,
Samirə Əfəndinin
musiqiləri şairin
sözlərini xatırladır:
"Musiqi, azadlıq məhbəsidir. Ona məhkum olan
insanların cəzası
isə ömürlükdür".
Əməkdar artist Tahir İmanov Vaqifin xatirələr dəftərindən həm
yumorla, həm də hüzünlə dolu səhifələr oxudu.
Xalq artisti Mabud Məhərrəmovun
xatirələri və
səsləndirdiyi şeir
kövrək tellərə
toxunur.
AYB-nin mətbuat
katibi, şair Xəyal Rza isə "ürəyimdə
bir vətən qəribsəyib"- deyən
Səmədoğluna yazdığı
nəzirə ilə gecəyə ayrı bir ab-hava qatdı.
Bakıda
ilk dəfə səslənən
Mobil Babayev V.Səmədoğlunun
sözlərinə bəstələdiyi
"O dünyanın fəsilləri"
adlı əsərlə
Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera orkestri qarşımızdadır.
Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbər və baş dirijorluğu ilə səslənən musiqi və Fəhmin Əhmədlinin ifası tədbirin son akkordlarını vurur.
Və hardansa mərhum sənətkar Fuad Poladovun səsini eşidirik: "Sevgilim, mən öləndə..."
Tədbirdən sonra gecənin aparıcısı X.Süleymanlı
bu sahədə təcrübəsinin V.Səmədoğluya
həsr olunmuş mərasimlə başlamasının
sevincindən danışdı:
"Səhnəyə çıxan
hər kəs öz üzərinə düşəni ürəklə,
həvəslə yerinə
yetirdi. Bu da
Vaqif Səmədoğlu
imzasına sevginin göstəricisi idi.
Mənim
üçün bu gecənin başqa bir özəlliyi var idi. Düşünürəm ki, Azərbaycan
Dövlət Akademik Filarmoniyasının səhnəsində
Vaqif Səmədoğlu
kimi şairin 80 illik yubiley gecəsinin
aparıcısı olmaq
tarixi hadisə idi. Yəqin ki, illər
keçəcək və
mən bu anları ömrümün
ən xoş xatirələrindən biri
kimi qürurla xatırlayacam. Mənə inandıqları
üçün gecənin
rejissoru və ssenaristi Mahmənzər xanıma və Vaqif Səmədoğlunun
ömür-gün yoldaşı
Nüşabə xanıma
çox təşəkkür
edirəm. Ümid edirəm
ki, Vaqif Səmədoğlunun ruhunu
şad edə bildik".
K.Yunis də gecənin xoşbəxtliyini sözlərə
çevirdi: "Vaqif
Səmədoğlu sözün
zirvələrindən olan
kəsdir. Və o zirvədə var
olmaq, düşünürəm
ki, o məqamı anlayan, duyan sənətçi üçün
xoşdu. Nə xoş
ki, mən bu gün o məqamı,
o ruhsal anı yaradanlar sırasında idim. Ruhumun yaradıcılıq təntənəsi idi o məqam. Özümü heç vaxt
böyük saymamışamsa
da, amma bu gün Vaqif
İbrahimoğludan öyrəndiklərimlə,
Vaqif Səmədoğlu
nurunda pərvaz edən kimsə kimi xoş və
xoşbəxt sandım".
Missiyamı tamamlayıb qapıdan çıxmadan son dəfə
foyedəki insanlara baxıram. Şairin misraları döyəcləyir
yaddaşımı:
İndi
son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 12 iyun.- S.12.