Qələmsiz yazılanlar
sms-esselər
Fərqli
ovqatların əksi
Özüm də bilmirəm, bu yazılar nədir və
onları necə adlandırım? Qələmsiz
yazıldıqları həqiqətdir. Bir
yaxın adama, bəlkə, gələcək kitabımın
redaktoruna göndərilib. Amma hansı niyyətlə?
Bəlkə, bir romanın eskizləri,
parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı
düşüncələrdir? Hər bir
insanın düşüncələrini kiminləsə
bölüşmək ehtiyacı olur. Ömrü
boyu özünə qapanıb yaşayan adamın da
haçansa bir gün içindəkiləri kiməsə
açıb danışmaq zərurəti yaranır.
Bölüşdüyün, danışdığın adam yaxın bildiyin, güvəndiyin kəs
olanda isə daha çox açılırsan. Özündən,
həyatından, yaşadıqlarından,
udub-uduzduqlarından, gücündən, zəifliyindən -
neçə illərdən bəri qəlbinin bir
küncündə gizlədib saxladığın hər nə
var - açıb danışmaq istəyirsən. Bəzən,
hətta doğma adamdan giley-güzar da ola
bilər. Təbii ki, özündən gileyləndiyin
məqamlar da, özündən özünə
yazdıqların da var. Amma hər nədirsə, hamısı
öz yaşantıların - özünün
yaşadıqlarındır, parça-parça olmuş, hissə-hissə
bölünmüş həyatın əksi, nişanələridir.
Ona görə də "Qələmsiz
yazılanlar"ın ikinci hissəsi kimi "Sms-esselər"
adlandırdığım həmin bu qeydləri də
çap etdirməyi düşündüm. Ayrı-ayrı
vaxtlarda, fərqli şəraitlərdə yazıb göndərdiyim
və çoxusunu özümdə saxlamadığım bu mətinləri
yığıb toplamaq elə də asan başa gəlmədi.
Göndərdiyim doğma adamdan - redaktordan
xahiş etdim, yardımçı oldu. Amma
içərisində yazıb özümdə
saxladığım, gizlətdiklərim də var idi. Onları da bura əlavə elədim. Və beləcə, qaçaraq, yüz yerə
parçalanmış, əlli yerə bölünmüş
həyatımın fərqli ovqatlarının əksi, mənzərəsi
olan bu yazılar ortaya çıxdı.
SƏBƏBSİZ
HÜZN...
Yaxınlıqda çay var. Böyükdür. Bunlar kanal
deyir bu boyda suya. Dunaydan çəkilən
kanaldır. Səhərin gözü
açılmamış pilləkənlərlə
çayın qırağına düşüb, otururam.
Ağlıma ilk gələn Sena çayı olur - sahili gecələr
Parisin bomjlarına səxavətlə qucaq açan Sena! Burada gözə dəymirlər deyə təəccüblənirəm.
Çox keçmir, yaxındakı skamyada bürünüb
yatan bomju gözüm alır...
Fikrimi əsən səhər mehinə yönəldirəm. Məcidovun sözü
yadıma düşür: "Sən Bakıda olanda rahat
oluram" - deyirdi mənə! Sonra gözüm
üzbəüz sahildəki qayıqlara sataşır. Və
dayanacağın rəngləri Əskişəhəri -
Porsuq çayını yadıma salır; oradakı
qayıqlar, çəkilən şəkillər və
xoşbəxt simalar...
Yaxınlıqdakı
skamyada yatan bomj oyanıb, deyəsən... "Qaçış"
filmini xatırlayıram. Eynən buradakına bənzər
körpünün altına gələn knyaz qumarda udduğu
pullarla bomjları sevindirir, arada da deyir: "Skolko deneq ya
vıiqral, a poçemu mne qrustno?" Ah çəkirəm!
Bu ahı sözə çevirmək artıq mənim
gücümdə deyil, Elif Şəfəqlik, Orxan Pamukluk məsələdir
yəqin...
Görürəm, bomj skamyadan qalxıb divarın dibində
başını basdırıb yatmış başqa bir bomja
yanaşır.
Deyəsən, lap bərk yatıb. Bayaqdan
göz qoyduğum bu kişi bomjun yatan bomja
asta, nəzakətlə yanaşmasından nəsə mənə
elə gəlir ki, o təpəsinəcən
bürünüb yerdə, otların üstündə yatan
qadındır.
Kişi nəsə götürüb ağzına
atır. Bomjlar barədə eşitdiyim bir məşhur lətifə
yadıma düşür. Bir bomj ölən bomja
baxır, görür ki, yanında yarım soğan, bir alma və 100 qram da araq var. Qayıdıb deyir:
"Bunun ki hər şəraiti varmış, bəs, niyə
ölüb?!"
Lətifənin bir anlıq təbəssümünü
knyazın kədəri əvəzləyir. Düşünürəm,
eyni ovqatdır - "Qaçış" filmindəki
knyazın da, bomjun reaksiyası da, mənim halım da! Hər
biri də eyni sualın cavabına məhkumdur: "...a
poçemu mne qrustno?!"
MƏNASIZLIĞA
TƏƏCCÜB...
Məşhur bəstəkarı xatırladım. Görüşlərimiz,
söhbətlərimiz olmuşdu, musiqilərini də dinlədiyim
yadımdadır. Amma adam Vaqif
Mustafazadəyə neqativ münasibətiylə həkk olundu
yaddaşıma. Ölümü də dəyişdirmədi
heç nəyi. Bilmirəm, bəlkə
haçansa, ovqatımın yaxşı məqamında bəyənəcəyim
hansısa musiqisi münasibətimi dəyişdirə bilər.
Amma elə də inanmıram buna.
Burada, bu çayın kənarında o kobud sözlər
bir də yadıma düşür. Xasiyyətim
haqqında düşünürəm - riyanı,
paxıllığı necə ağrıyla qəbul etməyimi,
əslində, qəbul etməməyimi.
Kofe qurtum-qurtum azaldıqca, siqaretlər bir-birinə
calandıqca fərq etdim ki, bomjlar yığışıb
gedib. Onları sahildə velosiped sürən, yüyürən
gənclər, asta sürətlə yeriyib-yüyürən
orta yaşlılar əvəzləyib. Hələ
ayaqlarını aralayıb pilləkənlərdən ördək
kimi tullanan bu oğlanın da, gözlərində eynək
qaçan o arıq gəncin də haqqında
düşünürəm və bütün bunlarda heç
bir məna görmürəm! Dopdolu, rahat
yaşadığım günlərdə parkda yüyürən,
ya veyil-veyil gəzən adamlara münasibətim və
onların həyatlarındakı boşluqlara, mənasızlıqlara
təəcüblənməyim yadıma gəlir.
SƏRHƏDDƏ
SƏRHƏDSİZ BƏDBİNLİK
Dünən sərhəddəki növbədən, sərhədçilərin
sərnişinlərlə davranışından hiss elədim
ki, dözülməz bir yerə gəlmişik. Nəhayət,
qarşılayan oldu, sərhəddə barmaqlarımızın
hamısının izini götürəndən,
üzümüzün üç pozada şəklini çəkəndən
sonra bizi içəri buraxdılar. Dayanmadan asta
tonla, ciy-ciy səslə danışan, ən adi hadisəyə
də hədislərdən misal gətirib, primitiv söhbətləriylə
yoran səfər yoldaşım və gənc operator - təzə
evlənmiş, siqaret çəkən cavan oğlan. Aeroportdan şəhərə gələndə
arabir zarafatlar etsəm də, axşam yeməyində
anladım ki, burada özümə nəsə maraq yaratmasam,
yorulacam. Təşkilatçıların, deyəsən,
məşhur şəhərlərə aparmaq fikirləri yoxdur,
iqtisadi tədbir olduğuna görə fabriklərə,
zavodlara aparacaqlar. "Marriott" otelin həyətində bir
az gəzəndən sonra
düşündüm ki, mən burda ancaq dincələ bilərəm.
Səhər-axşam bu həyətdə piyada gəzməklə,
ingiliscə kanallara qulaq asıb yaddaşımı, dil bilgilərimi
təzələməklə... Otaqda İstanbul aeroportundan
aldığım "Soğuq kahve"ni
oxuyaram... Otağım "no smokinq"dir.
Çalışdım siqaret çəkilən otaq olsun,
alınmadı. Bəlkə, elə belə
yaxşıdır, gecələr siqaret çəkməyi tərgidərəm.
Beləcə, planımı qurdum: gündüzlər tədbirlər,
özbək, tacik, qazax jurnalistlərlə söhbət,
axşam piyada gəzmək, ingiliscə proqramlara baxmaq,
"Soğuq kahve" oxumaq və siqareti azaltmaq...
Bilirdim, çətin olacaq. 9 saat fasilədən sonra siqaret lap ilk gənclikdəki kimi ləzzət elədi. Damarlarımda şirin süstlük yarandı. Gənc səfər yoldaşımın nələrəsə təəccüblə baxmağı uşaqlığımı, gəncliyimi yada saldı. O vaxt yeni gördüklərim məni də təəccübləndirirdi. 90-da, 91-də Türkiyəyə gedəndə, 93-də Şahin Sinariya ilə Parisi gəzəndə, sonra problemlərlə bağlı səfərlərə bir müddət fasilə verib, nəhayət, 98-də Strasburqa və Amerikaya səfərlərimdəki təəccübüm yadımdadır... Amma heç vaxt heç nədən hayıl-mayıl olmadım... Düşünürəm, zamanla adamlara, dünyaya daha sakit baxacam, ən yaxın adamlarımdan ibarət mikromühitdə rahat yaşayacam. İndi gəzə-gəzə bunları düşünürəm və sərhədçilərin qəzəbli, yekəxana sifəti gözümün önünə gəlir... İçimdəki xoşagəlməz qorxu, ağrı da onların davranışından qalıb yəqin.
KÖHNƏ BAKI ÜÇÜN NOSTALJİ...
Aktyor Vidadi Həsənovla vodka içəndən sonra qəribə nostalji duyğular keçirdim. Hətta səhərisi gün bir hekayə süjeti də ağlıma gəldi, xeyli fikirləşib yoruldum, yazmağın necə böyük ağrı, əzab hesabına başa gəldiyini düşündüm.
O nə
hüzn idi məni tutan?!
Vidadi ilə ötən əsrin səksəninci illərinin
Bakısını xatırladıq, ucuz kafeləri, onların
standart menyüsünü, gəncliyimizi yada saldıq. Və Anar müəllimin
misrası ağlıma gəldi: "Bu şəhər daha mənim
şəhərim deyil".
O illərin
kafelərini xatırladan "Təndir" kafesində
oturmuşduq. Vaxtilə "qaban kababı" deyilən donuz ətinin
kababı, "adjika", pendir, turşu, vodka və nostalji
söhbətlər: Tədris teatrı, Vidadinin Ramiz Rövşənin
şeirini ilk dəfə gitara ilə oxuması,
"Azdrama"nın 4-cü mərtəbəsində
"YUĞ" teatrının tamaşası və
tamaşanın oynanıldığı, beynimdə indi də
aydın canlanan yarıqaranlıq salon...
...
"Azdrama"nın yanındakı
yeraltı keçidə düşdük. Uzun
illərdir, bu keçiddən keçmirdim. Gəncliyimdə çox vaxt dostlarla kefikök,
danışa-gülə keçdiyim keçid indi bapbalaca
qalmışdı. Keçiddə
çoxlu mağazalar tikilmişdi. Mağazaların
önündə, kətildə oturan satıcıların nərd
stoluna maraqla baxdım.
Keçiddən çıxıb Şahmat məktəbi
istiqamətinə üz tutduq. Şahmat məktəbinin
indiyəcən qalmasına təəccüblənib ayaq
saxladıq. Arxa həyətdəki xalça sexindən,
şeirlərimi italiyan dilinə çevirmiş şair-bəstəkar,
sevimli Davide Qualtierinin Bakıda toxunmuş xalça-portretindən
və Dağlardan danışdıq...
Bir az gedəndən sonra sağollaşıb
ayrıldıq. Evə piyada gəldim. İçdiyim
vodkanın, aradabir olduğu kimi, məni yenə incidəcəyini
düşünsəm də, narahatlıq hiss etmədim.
Amma nəyə görəsə içimdəki
hüzn keçmək bilmirdi. Bu hüznün içərisində
beynimə bir hekayə mövzusu gəldi...
... Keçiddə bir nəfərlə
rastlaşırıq. Mənimlə
görüşür. Cavanlıqda
görüşməyimizdən,
yaxınlığımızdan, vodka içməyimizdən
danışır, amma mən onu yada sala bilmirəm. Ortaq dostlarımızın adlarını çəkir,
hamısını tanıyıram, amma onu yada sala bilmirəm.
Danışdığı hadisələri
dumanlı da olsa, xatırlayıram, amma onu yada sala bilmirəm
ki, bilmirəm. Özündən
danışır - 91-ci ildə keçiddə mağaza
açıb, düz 27 ildir, burada - yerin altında işləyir.
Bir dəfə imkan yarananda uşaqlarını
da götürüb Antalyaya səfərə gedib. Vəssalam!
Həyatındakı işıqlı məqamlar elə
bunlardır - gənclik xatirələri və ailəsiylə
birgə getdiyi Antalya səfəri!
Keçiddən çıxıram. Fikirli-fikirli taksiyə oturub
deyirəm: "Sür Alatavaya, bir nömrəli taksimatornunun
yanına". Gənc sürücü key kimi üzümə
baxır: "Taksimatornu hardadır?!" Ayılıram
elə bil, "Sür Xətaiyə, Ali Məhkəmənin
arxasına" - deyirəm.
Bu misranı hekayəyə epiqraf seçirəm:
"Taksi, gəncliyimə apararmısan?!"
Rəşad
MƏCİD
525-ci qəzet.- 2019.- 12 iyun.- S.11.