Əleyküm salam!   

 

 

Böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin oxuculara təqdim etdiyimiz "Əleyküm salam" adlı məqaləsi 1932-ci ildə Vilnüsdə polyak dilində çıxan "Rocznik tatarski" ("Tatar salnaməsi") almanaxın 1-ci sayında dərc olunub. Məqaləni "525-ci qəzet"ə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev təqdim edib. 

Polşa Tatarları Mədəni-Maarif Təşkilatları Birliyi Vilnüs şöbəsinin sədrindən aldığım məktub məni olduqca məmnun etdi. Məktubda hörmətli Arslan bəy Kriçinski şöbənin adından mənə "Salam" göndərib və xoş arzularını ünvanlayıb, həmçinin, polyak dilində "Rocznik tatarski" ("Tatar salnaməsi" - M.H.) adlı yeni jurnal nəşr etmək niyyəti barədə məni səmimi şəkildə məlumatlandırıb. 

Bu jurnalın nəşri Polşa tatarlarının milli ideallarının ifadəsi olaraq çox yüksək bir məqsədə xidmət edir, eyni zamanda, bu, azsaylı müsəlman xalqının mənəvi yüksəlişinə şəhadət edərək digər müsəlman millətləri ilə birgə ümumi amalların gerçəkləşdirilməsinə yönəlib.

Ona görə də bu yeni mədəni təşəbbüsü ürəkdən alqışlayır və mənə qardaş müsəlman xalqına səmimi rəğbət hisslərimi bildirmək, bir müsəlman kimi "salamı" alıb bəyəfəndilərə səmimi qəlbdən "əleyküm salam" demək imkanı yaratdığı üçün hörmətli sədrə və eyni zamanda, "Tatar salnaməsi"nin redaktoruna təşəkkür edirəm.

Keçmiş çar Rusiyasının müxtəlif şəhərlərində təhsil alan tələbələrimizdən və oralarda yaşayan digər soydaşlarımızdan Polşa tatarları və onların ziyalıları haqqında çox söhbətlər eşitmişəm. Soydaşlar danışırdılar ki, bəzən elə tatarlarla görüşürdülər, onlar tatar dilində və ya türkcə - özləri demişkən "müsəlmanca" danışa bilməsələr də, qəlblərində müsəlmançılıqla bağlı hər şeyə coşqun məhəbbət alovlanırdı. Onlar bir qayda olaraq müsəlman bayramlarını müsəlman tələbələri arasından məxsusən dəvət olunan qonaqlarla birgə keçirər, dini ayin və ənənələrin gözəlliyindən şövqə gələrək bayramlar haqqında heyranlıqla söhbətlər edər, əgər ərəbcə oxuya bilən tələbələrdən biri Quran oxumağa başlayırdısa, bu zaman əsla başa düşmədikləri ərəb dilində yazılmış bu müqəddəs kitabdan oxunan surələrə acgözlüklə qulaq asıb böyük zövq alardılar.

Müasir Polşada yaşayan müsəlman tatarlar haqqında bildiklərimiz demək olar ki, elə bununla tamamlanırdı. Tarixən Polşa dövlətinin qüdrətli tərəfdaşları olmuş tatarların şanlı əcdadları və onların sonrakı nəsilləri barədə bizim ziyalıların yalnız kiçik bir qisminin bilgiləri olub. Etnik köklərindən qoparılıb ayrı salınmış tatarlar uzun tarix boyu milli identikliyi şərtləndirən bir sıra xüsusiyyətləri, onlara xas olan bəzi etnik əlamətləri və o cümlədən, ana dillərini tədricən unudaraq itirmiş, ancaq dini mənsubiyyətlərini qoruyub saxlamışlar.

Sonralar Dünya müharibəsi başlandı və nəticədə Rusiya imperiyası tənəzzülə uğrayıb dağıldı. Azadlıq hərəkatının dalğaları Rusiyanın məhkum olunmuş bütün xalqlarını, o cümlədən, türk-tatar xalqlarını da ağuşuna aldı. Türk xalqları hərəkatının ön sıralarında daha yaxşı təşkilatlanmış, daha dəqiq və konkret tələblər irəli sürən Azərbaycan gedirdi. Bu hərəkat nəticədə Azərbaycan Demokratik Respublikasının yaradılmasına gətirib çıxartdı. Dünya tarixində ilk müsəlman respublikası olan Azərbaycan 1920-ci ilin yanvarında beynəlxalq ictimaiyyət tərəfindən sivil bir dövlət kimi tanındı.

Rusların həm qırmızı, həm də imperialist qüvvələri tərəfindən təqib olunan və onların simasında Rusiya imperiyasının öz zorakılığının bütün formalarına qarşı güclü müxaliflərini gördüyü türk-tatar ziyalılarının bir sıra təmsilçilərinə Azərbaycan Respublikası siyasi baxımdan mövcud olub yaşadığı bütün müddət ərzində qonaqpərvərliklə siyasi sığınacaq verdi.

Azərbaycan xalqının öz müstəqilliyi uğrunda qətiyyətlə mübarizə apardığı həmin təhlükəli günlərdə - həm qələbə saatlarında, həm də məğlubiyyət anlarında biz məhz Polşa tatarları təmsilçilərinin bilavasitə yardımı ilə qarşılaşdıq.

Həmin dövrdə Polşa tatarlarının bir sıra ziyalı nümayəndələri - xatirəsini əziz tutduğumuz general Sulkeviç başda olmaqla Bakıya gəldilər, dövlət idarələrində yüksək vəzifələr tutdularbu müsəlman Respublikasının qızğın vətənpərvərləri kimi hörmət qazandılar. Azərbaycan xalqının müqəddəs işi naminə - müstəqillik üğrunda savaşlarda həlak olanların salnaməsinə adı əbədi həkk olunmuş general Sulkeviçin şəxsiyyətinə diqqətinizi xüsusilə cəlb etmək  istərdim.

General Sulkeviç hələ 1918-ci ildə Krım Respublikası hökumətinin başçısı olduğu dövrdə Azərbaycan Respublikasının hərb naziri Səməd bəy Mehmandarovla əlaqələr saxlamış, sonradan Azərbaycana gəlmiş və burada Ordunun Baş Qərargah rəisi vəzifəsində çalışmışdır.

1920-ci ilin aprelində rus bolşeviklərinin üstünlük təşkil edən qüvvələri şiddətli döyüşlərdən sonra Azərbaycanın paytaxtı Bakını işğal etdilər. Onda işğalçılar Parlament və Hökumətin vətənpərvər üzvlərini, həmçinin, ordunun bir sıra zabitləri ilə bərabər, general Sulkeviçi həbs edib güllələdilər.

O zaman Parlamentin üzvü olmuş əmim oğlu Məmmədəli bəy (Məmmədəli Əbdüləziz oğlu Rəsulzadə (1882-1982) - ictimai xadim, jurnalist, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. - M.H.) qorxmaz general Sulkeviçin şücaətli ölümünün şahidi olub. General Sulkeviçlə bir kamerada həbsdə oturmuş Məmmədəli bəy o barədə belə danışır:

"... Çekistlər kameraya gəlib generala əmr etdilər ki, o, onlarla getməlidir. Onda başa düşdük ki, general ömrünün son saatlarını yaşayır, onu "rasxoda" - ölümə göndərirlər. Ətrafa laldaş kimi ağır bir sükut çökdü. Onun gözlərinə baxmağa cəsarətimiz, ürək-dirək verməyə, təsəlli sözləri deməyə gücümüz çatmırdı... O zaman generalın özü bizi qabaqlayaraq sakit və təmkinli bir səslə bu unudulmaz sözləri dedi:

" - Mən xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!"

Bu faciəvi tarixi olay bizə Polşa tatarının kimliyini göstərdi.

- Əleyküm salam!..

 

Məhəmməd Əmin RƏSULZADƏ 

Polyak dilindən tərcümə edəni: Mahir HƏMZƏYEV

 

525-ci qəzet.- 2019.- 12 iyun.- S.10.