Dünyaya kitab gəlir!..
- "Qanun" Nəşriyyatından reportaj
Kitab çapı,
mahiyyətinə görə,
elmin, maarifin, təhsilin, texnoloji mədəniyyətin, iqtisadiyyatın,
ədəbiyyatın - həyatımızın
bütün sahələrinin
inkişafında müstəsna
rol oynayıb. Ən əsası
isə, insanların qazanmış olduqları
zəngin mənəvi
xəzinə olan bilik və bacarıqların
qorunub saxlanılmasında,
ötürülməsində, nəsildən-nəsilə çatdırılmasında
əvəzsiz missiyası
ilə cəmiyyətin
sürətli inkişafını
təmin edib. Bu baxımdan cəmiyyətdə
kitaba olan tələbat yeni istehsal üsullarının
reallaşdırılmasını zərurətə çevirib.
Çap işinin texnoloji ardıcıllığı xüsusi
diqqət, istehsalat üçün zəruri
bilik və bacarığın olmasını
tələb edir, həmçinin, digər keyfiyyət göstəricilərinin
təmin olunması da vacib şərtdir. Müasir
dövrdə kitab çapı ilə əlaqədar nəşriyyatda
ən yeni texnologiyanın uğurla tətbiqinə nail olmaq mühüm vəzifələrdən
biri hesab edilir.
İndiki
yüksək texnologiya
çağında kitabın
hazırlanma prosesini daha yaxından izləmək və oxucularımıza çatdırmaq
üçün bu sahədə 27 ildən artıq müddətdə
fəaliyyət göstərən
"Qanun" Nəşrlər
Evində olub, nəşriyyatın rəhbəri
Şahbaz Xuduoğlu ilə görüşdük.
O, bizə "Qanun"un yaranması və fəaliyyəti haqqında danışdı:
"Bu nəşriyyat 1992-ci il 18 yanvardan fəaliyyətə başlayan
"Qanun" jurnalı
redaksiyasının tərkibində
bir şöbə kimi yaradılmışdı.
1996-cı ildən isə müstəqil nəşriyyat elan olundu. Nəşriyyat ilk illərdə əsasən hüquq və tərcümə ədəbiyyatı nəşr
edirdi. Artıq
on il olar
ki, nəşriyyatda bədii ədəbiyyat və tərcümə ədəbiyyatının nəşrinə
üstünlük verilir.
"Qanun" bütün sahələr
- fəlsəfə, tarix,
uşaq ədəbiyyatı,
dini ədəbiyyat, mətbəx və sağlamlıqla bağlı
kitablar nəşr etməklə fəaliyyətini
ilbəil genişləndirir".
Gənclərlə bağlı başladıqları
"Birinci kitab" və "Ən yeni ədəbiyyat" seriyasının cəmiyyətdə
çox populyar olduğunu söyləyən
naşir, "Ən yeni tərcümə"
seriyasında Nobel mükafatı
laureatları Qabriel Qarsia Markes, Orxan Pamuk, Herta
Muller və digərlərilə
yanaşı, Bernhard Şlink,
Paulo Koelyo, Den Braun kimi
dünyaca məşhur
yazarların əsərlərini
türk, rus, ingilis, alman, fransız dillərindən
Azərbaycan dilinə
tərcümələrini nəşr
etdiklərini vurğuladı.
"Klassiklər" seriyasında Azərbaycan və dünya klassikasının nümunələrini,
"Dünya uşaq ədəbiyyatı" seriyasında
isə yeniyetmələrin
bədii təfəkkürünün
inkişafına hesablanan
əsərlərin nəşr
olunduğunu və bu gün Azərbaycanın
kitab bazarında bu kitabların xüsusi yer tutduğunu ifadə etdi.
Sonra Şahbaz Xuduoğlu nəşriyyatın əməkdaşı
Jalə xanıma bizi "Qanun"un
ayrı-ayrı şöbələri
və mətbəə
ilə tanış etməyi tapşırdı.
Jalə
xanım əvvəlcə
bizə nəşriyyatın
redaktor və dizaynerlər olan şöbəsini göstərdi,
kitabın ilkin hazırlıq işlərinin
burada görüldüyünü
bildirdi: "Redaktorlar
burada kitaba düzəlişlər edir,
dizajnerlər onun tərtibatı ilə məşğul olurlar. Sonra çapa hazır vəziyyətə gətirilib,
mətbəəyə göndərilir".
Oradan nəşriyyatın
sonrakı mühüm
işlər görülən
hissəsinə - çap
sexinə yollandıq. Yolboyu söhbətimiz
davam etdi. Bələdçimiz bildirdi ki, əslində, insanların
kitab mağazalarından
rahatlıqla pul verib aldığı nəfis tərtibatlı nəşrlərin hazırlanması
heç də asan başa gəlmir. Kitab ortaya çıxanacan çox sayda mərhələdən keçir
və bu prosesdə onlarla insanın əziyyəti var...
Mərtəbələri endikcə, nəşriyyatın divarlarında
maraqlı şüarlar
gözümüzə dəyirdi:
"Xoşbəxtlik çatdığın
yer deyil, getdiyin yoldur", "Bütün böyüklər
uşaq olublar, di gəl ki
bunu hamısı xatırlamır", "Əgər
sən saat 4-də gəlsən, mən saat 3-dən özümü
xoşbəxt hiss etməyə
başlayacağam", "Uğur məğlubiyyətdən-məğlubiyyətə
gedərək intuziazmı
itirməmək bacarığıdır"...
Nəşriyyatın giriş hissəsində kitab mağazasında söhbətləşdiyimiz Aynur
xanım bizə kitabı alıcılara necə tövsiyə etməsindən, kitaba oxucularda necə maraq yaratmasından danışdı. Dedi ki, kitabı oxucuya sevdirmək üçün yeni çapdan çıxan kitabların əksəriyyətini
oxumalıdır. "Oxumadığın kitab itirdiyin kitabdır" deyir. Demək ki, satışı az olacaq.
"Hazırda daha çox hansı kitablar satılır? - sualımıza
cavab olaraq Ramiz Rövşənin şeirlərindən ibarət
qalın kitabı, Nəsiminin ingilis, rus və Azərbaycan
dilində çap etdikləri qəzəllərini,
"Mini klassika" seriyasından
Cəlil Məmmədquluzadənin
hekayələrini və
başqa kitabları göstərdi. Sonra bizi "Qanun" jurnalı ilə tanış etdi. Jurnalın ayda bir dəfə
çapdan çıxdığını,
burada elmi məqalələrin dərc
olunduğunu dedi.
Mətbəədəyik... Ağ kağızlar üzərinə
qiymətli məlumatlar
yazan cihazların arasında... Mətbəədə çapa məsul
şəxs - Ənvər
bəy qarşıladı
bizi. O, mətbəədəki
fəaliyyəti barədə
danışdı. 20 ildən artıqdır ki, bu işlə
məşğuldur, işindən
razıdır, peşəsini
çox sevir. Qeyd etdi ki, mətbəənin
gücü onun avadanlıqları ilə ölçülür. Nə qədər
çeşidli və
böyük avadanlığı
varsa, nə qədər çox tirajlı kitabları
"həzm edə"
bilirsə, o qədər
güclü mətbəə
sayılır. Bu mətbəədə
də hər bölmənin öz mütəxəssisi olduğunu
dedi.
Müxtəlif funksiyaları yerinə yetirən cihazlar kitabların keyfiyyətli çap olunmasında böyük əhəmiyyət
daşıyır. Əsər mətbəəyə
daxil olandan sonra burada kitabın
montajı, tikişi, çap, qatlama, səhifələmə, yığım,
cildlənmə işləri
həyata keçirilir.
Bütün bunlar çap
aparatlarıyla yanaşı,
çox sayda insanın zəhməti hesabına başa gəlir.
Mətbəədə çalışan digər
əməkdaşlarla söhbət
etdik. Dedilər ki, işdə
yol verilən kiçik bir səhv xeyli oxucu qınağına, yüz səhifələrlə
korlanmış kağız
deməkdir. Bu baxımdan hər kəs öz işində çox diqqətli olmalıdır.
Kitabların vərəqləri hazır
olandan sonra qatlama bölməsinə göndərilir. Səliqə ilə qatlanan
vərəqlər tikməyə
ötürülür. Yığılmış qalın kitablar
tikilir, cildlənmə
prosesi başlayır,
sonra nəşr hazır olur. Kitabların cildlənməsi
prosesinə nəzarət
edən işçi bildirdi ki, bu
iş kənardan asan görünə bilər, amma xüsusi incəlik, diqqət tələb edir. Söhbətimiz zamanı, yeni
nəşr olunacaq kitabların qatlanma və tikişdən sonra cildlənməyə verildiyinə şahid olduq. Həmsöhbətimiz
dedi: "Bu cihazlarla işləmək üçün
illərin təcrübəsi,
öz işinə güclü sevgi lazımdır. Eyni zamanda, bu aparatlarla çox ehtiyatlı işləməlisən,
əks halda ciddi zədə ala bilərsən".
Biz nəşriyyatda olduğumuz müddətdə Krişnamurtinin
"Mənəvi inqilab"ı və Mikayıl Müşfiqin seçilmiş
şeirlərdən ibarət "Əbədiyyət nəğməsi"
nəşr prosesi gedirdi.
Uğultu ilə çalışan iri
cihazların, bacarıqlı əllərin kitabı - hər birimiz üçün bilik və mənəvi yüksəliş mənbəyi
olan nüsxələri necə ərsəyə
gətirdiklərinə əyani şahid olduq və bir daha anladıq ki, kitabı
həm də ona sərf olunan
zəhmətə görə sevmək, qorumaq
gərəkdir.
Şəhla ASLAN
525-ci qəzet.- 2019.- 12 iyun.- S.9.