“Ədəbiyyat biliciləri”
mükafatlandırıldılar
MƏHƏBBƏT
VƏLİYEVA: “ŞAGİRDLƏRİN KİTABA,
BƏDİİ ƏDƏBİYYATA ÜZ TUTMASI,
MÜTALİƏYƏ
İSTİQAMƏTLƏNDİRİLMƏSİ TƏHSİL
NAZİRLİYİ TƏRƏFİNDƏN PRİORİTET
MƏSƏLƏ KİMİ QƏBUL EDİLİR”
Bu gün Təhsil
Nazirliyində “Ədəbiyyat
biliciləri” müsabiqəsi
qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət
Vəliyeva, müsabiqənin
Təşkilat Komitəsinin
və Münsiflər
heyətinin üzvləri
və müsabiqə qalibləri iştirak edib.
Tədbirdə çıxış edən
M.Vəliyeva ümumtəhsil
məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri”
müsabiqəsinin artıq
dördüncü ildir
keçirildiyini bildirib. Nazir müavini ümumtəhsil
məktəblərində şagirdlərin
mütaliə vərdişləri
və mədəniyyətinin
formalaşdırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsini yüksək
qiymətləndirib. Onun sözlərinə
görə, şagirdlərin
kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə
istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet
məsələ kimi qəbul edilir. Nazir müavini “Ədəbiyyat biliciləri”
müsabiqəsinin şagirdlərin
Azərbaycan və dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
yaradıcılıqları haqqında məlumatlılıq
səviyyəsini, ədəbiyyat
nümunələrinin məktəblilər
tərəfindən mütaliə
olunması vəziyyətini
öyrənmək, gənc
nəsildə mütaliə
həvəsini gücləndirmək
və bu sahədə xüsusi fəallığı ilə
fərqlənən şagirdləri
qiymətləndirmək baxımından
mühüm rolunu diqqətə çatdırıb.
M.Vəliyevanın sözlərinə əsasən,
“Ədəbiyyat biliciləri”
müsabiqəsi üç
mərhələdə təşkil
olunub. Müsabiqə 3 mərhələdən ibarətdir. Məktəb mərhələsi, əsasən,
bədii əsər oxumağa meyil və maraq göstərən,
Azərbaycan və dünya ədəbiyyatı
nümunələrini davamlı
mütaliə edən
şagirdlərin aşkarlanmasına
xidmət edir. Şagirdlər tərtib olunmuş
sorğu vərəqlərindəki
müvafiq sualları
-oxuduqları əsərlər,
onların müəllifləri,
hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi
əhəmiyyəti və
sair yazılı cavablandırır, təəssüratlarını
qısa qeyd edirlər.
Cavablar məktəb direktorunun əmri ilə yaradılmış
işçi qrupu tərəfindən təhlil
olunur, eyni adlı əsərlər üzrə ümumiləşdirmə aparılır, daha çox əsər
(VIII-IX siniflər üzrə
10-dan, X-XI siniflər üzrə
15-dən artıq) mütaliə
etmiş şagirdlərin
adlı siyahısı
hazırlanır. Siyahıdakı şagirdlərin adının
qarşısında mütaliə
etdikləri əsərlər
müəllifləri göstərilməklə
qeyd olunur. Göstərilən əsərlərin şagirdlər tərəfindən
həqiqətən mütaliə
olunduğunu dəqiqləşdirmək
üçün zəruri
hallarda işçi qrupu bu əsərlər
üzrə müvafiq
suallar hazırlayır
və onların əsasında məktəbdə
viktorinalar, test yoxlamaları
və sair kimi tədbirlər təşkil edirlər.
Müsabiqənin rayon mərhələsini
keçirmək üçün
təhsil şöbəsində
təcrübəli və
mütaliəsi ilə
fərqlənən müəllimlərdən,
bədii yaradıcılıqla
məşğul olan,
ictimai rəyə görə, Azərbaycan və dünya ədəbiyyatına dərindən
bələdliyi və
geniş mütaliəsi
ilə fərqlənən
şəxslərdən, metodist
və qabaqcıl məktəb kitabxanaçılarından
ibarət Təşkilat
Komitəsi yaradılır.
Ölkə mərhələsində
daha az
şagird iştirak edir və keçirilən
prosedurlar eyni məqsədə xidmət
edir.
M.Vəliyeva vurğulayıb ki, müsabiqənin məktəb
mərhələsində bölgələr
üzrə 25 minə
yaxın şagird iştirak edib. Onlardan 5500-ü rayon (şəhər) mərhələsində
iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən respublika mərhələsində 125 şagird
iştirak edib. Bu mərhələdə iştirakçılar üç
variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.
Şagirdlərin yazı işləri
Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər
heyəti tərəfindən
yoxlanaraq qiymətləndirilib.
Nazir müavini qeyd edib ki, müsabiqənin
nəticələrinə görə,
6 nəfər birinci,
10 nəfər ikinci,
16 nəfər üçüncü
dərəcəli diploma, 20 nəfər tərifnaməyə
layiq görülüb.
M.Vəliyeva müsabiqənin qaliblərini
təbrik edib, onlara uğurlar arzulayıb. Nazir müavini ümumtəhsil
məktəblərində şagirdlərin
mütaliə vərdişləri
və mədəniyyətinin
formalaşdırılması istiqamətində tədbirlərin
keçirilməsini yüksək
qiymətləndirib.
Sonda qaliblərə
diplom və tərifnamələrlə yanaşı,
qiymətli hədiyyə
və kitablar təqdim olunub.
S.QARAYEVA
525-ci qəzet.- 2019.-12 iyun.- S.8.