Yuxudan səyahətə
İnanılmaz bir səyahət arzusu ruhuna işləmişdi. Yeni yerlər görmək,
yeni insanlarla tanış olmaq istəyirdi. Bu səbəbdən də sarayda qərar tuta
bilmirdi.
"O gecə,
1040, Məhərrəm ayının Aşura Gecəsi (19
avqust 1630-cu ildə) Övliya Çələbi,
İstanbuldakı evində bir yuxu görür. Həyatını
dəyişdirəcək, hətta həyatının
imzasını atacaq bir yuxu. Yuxusunda
özünü "Yemiş İskelesi"
(liman-körpü) ətrafında "Ahi Çələbi"
məscidində, minbərin olduğu yerdə görür.
İçəridə çoxlu camaat
vardır. Diqqət etdikdə, Hz.Məhəmmədi
başda görür. Dörd sadiq xəlifəsi
və digər əshabları da oradadır. Hz.Məhəmmədin yanına gedib ondan şəfaət
diləmək arzusuna düşür. Lakin
heç cürə buna ürək edə bilmir. Axırda bir təhər bütün cəsarətini
toplayıb Peyğəmbərə yaxınlaşıb
"Şəfaət ya Rəsulullah" deyəsiydi ki, həyəcandan
dili çaşıb, "Səyahət ya Rəsulullah"
deyir". Beləcə, Peyğəmbərin həm
"şəfaət", həm də "səyahət"
xeyir-duasını alaraq, elə İstanbuldan başlayan və
yetmiş yaşına qədər davam edəcək səyahətə
başlayır".
Əsl adı Məhməd olan Övliya Çələbi
25 mart 1611-ci ildə İstanbulda zərgər Dərviş Məhməd
Zillinin ailəsində dünyaya gəlmişdir. Əslən
Kütahyalı olan ailə, İstanbulun fəthindən sonra
ora köçmüş və atası, "Qanuninin"
dövründə sarayın sayılan zərgərlərindən
olmuşdur.
Balaca ikən atasından gözəl naxış işləməyi
öyrənmişdir. İlk təhsilinə məhəllə məktəbində
başlamış, daha sonra Şeyhülislam Həmid Mədrəsəsinə
qəbul olunmuşdur. Burada yeddi il
oxuduqdan sonra atasının xüsusi zərgərlik xidmətləri
və hörməti sayəsində saraydakı xüsusi məktəb
olan Əndəruna dəvət almış və təhsilini
orada davam etdirmişdir. Burada sarf (dil təhsili),
nahiv (qrammatika), qafiyə və hüsnxət, musiqi dərsləri
almışdır.
Məktəbdən
kənar əlavə olaraq, xüsusi müəllimlərdən
Quran, ərəb dili, bədən tərbiyəsi, xarici dillər
dərsləri almış, Quranı əzbərləyərək
hafiz adına layiq
görülmüşdür. Təxminən
20-25 yaşlarında "Aya Sofya" məscidində, ora gələn
IV Muradın diqqətini öz səsi və nitqilə cəlb
etmiş və sarayda işləməyə dəvət
almışdır. Bu dəvətdə
Övliya Çələbinin o dövrdə sarayda IV
Muradın vəziri olan və xüsusi nüfuzu və hörməti
ilə seçilən dayısı Mələk Əhməd
Paşanın da söz payı olmuşdur. Lakin işlədiyi müddətcə artıq ailəsinə
görə yox, öz bilik və istedadı, gözəl nitq mədəniyyəti,
əxlaqı, üstün zəkası sayəsində
padşahın xüsusi hörmətini qazanmış,
çox böyük vəzifələrə layiq
görülmüşdür. O, səfirliyin üzvü,
həmçinin, xüsusi tapşırıqlar üzrə məmur
kimi Yaxın və Orta Şərqin, həmçinin, Şərqi
Avropanın bir çox ölkələrində olmuşdur.
Səyahətə olan həvəsi, marağı, hətta
yüksək rütbədə olmasına baxmayaraq, ona sarayda
qalmağa imkan vermirdi. Balaca ikən atasının mötəbər
qonaqlarının gəzib dolandıqları yerlər
haqqında danışdıqları maraqlı hekayələr
Övliya Çələbinin yaddaşına həkk
olmuşdu.
İlk səyahətinə 20-25 yaşlarında Bursadan
başlamış, hətta atasından xəlvət
getmişdir. Lakin övladının səyahət həvəsini
görən ata, ilk səfərdən qayıdan kimi ona öz
xeyir-duasını vermişdir. Övliya
Çələbi üçün sözsüz ki,
atasının xeyir-duası çox dəyərli idi. Lakin ilk səyahətinə ilham verən məşhur
"yuxusu" və baş verdiyi məkanları bu gün də
türk folklorunda özünəməxsus iz qoymuşdur.
Yuxunun
baş verdiyi Yemiş İskələsi - (1984-89-cu illərdə
Yemiş İskələsi bir çox başqa İskələlər
kimi sıradan çıxarılmışdır), Yemiş
körpü-limanı, İstanbulda xaricdən gələn tərəvəz
və meyvələr, Haliçdə (Haliç -
İstanbulun (Tarixi Yarımada) və
Bəyoğlu platformalarını bir-birindən ayıran dəniz
girişi) endirilirdi. İskələnin bu məqsədlə
istifadəsi "yemiş" adını almasına səbəb
olmuşdur. Çünki köhnə
türk dilində meyvəyə "yemiş" deyirlərmiş.
Yuxunun təsadüf etdiyi digər məkan isə
"Ahi Çələbi" məscidi idi. Məscid Ahi Məhmət
Çələbi tərəfindən inşa edilmişdir.
Bəzi mənbələrdə adı Əhməd və ya
Mahmud olduğu iddia edilən, lakin daha çox Ahi Çələbi
kimi tanınan bu şəxs, II Bəyazit və Yavuz Səlim
dövründə yaşamış və iki dəfə həkimbaşı
olan türk təbibidir. Atası, Fateh Sultan Məhməd
və II Bəyazit dövrünün məşhur həkimlərindən
olan, əslən Təbriz və ya Şirvanlı Mevlana
Kamaldır. Əhməd Çələbinin
həkimliyə marağı da elə buradan
yaranmışdır. O, 1480-ci ildə həkimlikdən qazandığı
pulla bu məscidi tikdirmiş və məscid türk folklorunda
"halal pulla tikilən məscid" adını
almışdır.
Məscid 1539 və 1653-cü illərdə
yanğından istifadə olunmaz vəziyyətə gəlmiş,
daha sonra memar Sinan tərəfindən təmir edilmişdir. Lakin
1894-cü ildə yenidən zəlzələ nəticəsində
zərər görmüşdür. 1990-cı
ildə son olaraq uzun illərin fasiləsindən sonra bərpa
olunaraq istifadəyə verilmişdir.
Beləcə,
XVII əsrin ən sayılan, seçilən səyyahı
olmuş Övliya Çələbi, öz səyahətinə
başlamış və türk ədəbiyyatına 10 cilddən
ibarət, ömrünün 42 ilini həsr etdiyi, gəzdiyi-gördüyü
yerlərin təəssüratlarını bir xəzinə
kimi topladığı "Səyahətnamə" əsərini
ərməğan etmişdir. Lakin bu əsər
nəinki türk ədəbiyyatı, hətta səyyahın
gəzib dolandığı yaxın və uzaq dövlətlərin
də sənət incisi sayıla bilər. Çünki
kitabdakı faktlara əsrlər boyu bir çox xalqlar öz
tarixi, mədəni, ədəbi və s. irsini
araşdırarkən müraciət etmişdir. Əsər çox sadə bir dildə, lakin
çox zəngin məzmunla yazılmış, həmin
dövlətlərin coğrafiyasını, tarixini, adət və
ənənələrini, abidələrini, xalqlarının
xüsusiyyətlərini özündə çox gözəl
əks etdirmişdir. Hətta əsərdə
müəllif tərəfindən, daha maraqlı olması
üçün bir çox uydurma əhvalatlar əlavə
olunmasına baxmayaraq, əsərin məlumat zənginliyi inkar
edilməzdir. Bu uydurma əhvalatlar isə
müəllifin zəngin təxəyyülündən irəli
gəlib, əsərə xüsusi naxış əlavə
etmişdir.
"Səyahətnamə" kitabında
Övliyanın səyahət yolu qədim Azərbaycan
torpaqlarından - Urmiyadən başlamış
Naxçıvanı, İrəvanı keçməklə, Təbrizə,
Bakıya gəlib çatmışdır. Övliya
Çələbinin təsviri ilə Naxçıvan, Gəncə,
Bakı qalası tarixi sevən hər oxucu üçün
qiymətli təsvirdir. Onun Azərbaycanda
gördüyü hər şey - bazarlar, karvansaralar, məscidlər,
hamamlar - o dövrün sosial-mədəni həyatı
haqqında əvəzsiz materialdır.
Səyyah, Qafqazda olarkən (1640-1641, 1646-1648) Dərbənddə
Dədə Qorqudun müqəddəs qəbri və 40-lar qəbri
barədə bu gün də öz elmi-tarixi əhəmiyyətini
itirməyən rəvayətləri qələmə
almışdır. "Dədə Qorqud"un on iki
boyu araşdırılarkən bu rəvayətlərə
istinad edilmişdir. Səyahətnamənin II cildində
Çələbi, 1647 https://az.wikipedia.org/wiki/1647-ci ilin xatirələrində
Azərbaycanın və Gürcüstanın şəhər
və kəndlərindən ətraflı bəhs etmiş, o
dövrün idman oyunları, meydan tamaşaları haqqında
maraqlı məlumatlar vermişdir.
Əsərdə Azərbaycandakı qonaqpərvərlik
adətinin təsvirinə və incə məqamlarına diqqət
yetirilmişdir. Təbrizə səfəri zamanı
(getdiyi bir çox yerlərə təkcə səyyah yox, həm
də səfirliyin nümayəndəsi qismində getmiş, həmin
dövlətlərin başçılarıyla birbaşa
ünsiyyətdə olmuşdur) xanın onlar üçün
təşkil etdiyi misli görünməyən ziyafət məclisi
haqqında öz heyrətini gizlədə bilməyib,
bütün incəlikləri əsərində əks
etdirmişdir. Səyyah Azərbaycan mətbəxinin
həm dad, həm də çeşid baxımından zənginliyini
vurğulayaraq əsərində bir çox yemək adları
çəkmişdir.
Naxçıvana
səyahəti zamanı səyyah öz əsərində belə
yazır: "Üç kilsədən qalxıb şərqə
doğru yolumuza davam edərək abad şəhərləri,
məhsuldar torpaqları, dağ və uzun yolları, şoran
və quraq yerləri keçdik. Naxçıvan
hüdudunda bir qəsəbəyə gəldik. Şelon dağının ətəyində idi.
On bir minarəsi görünürdü. Burada olan bir Bektaşi təkkəsini ziyarət edərək
Şeyx Nemət Dədənin xeyir-duasını aldıq.
Ertəsi gün səhər qalxıb, bu sonsuz səhra
içində on iki saat yol getdik. Sonra səhranın
cənub tərəfində yerləşən Zəngi
çayı qonağına gəldik. Çay
sahilində çadırlarımızı qurduq. Burada
olan əhali "Osmanlı gəlmiş!" deyə, sevinərək
hədiyyələr və hesabsız içkilər gətirib,
qonaqpərvərlik göstərdilər" (Çelebi 1993,
s. 564-565). Naxçıvan bölgəsinin Sədərək qəsəbəsində
olan səyyah qəsəbə haqqında bu məlumatları
verir: "Buradan yenə şərq tərəfə abad qəsəbə
və səhralar içindən keçərək on saata Sədərək
qəsəbəsinə çatdıq. Sədərək
qəsəbəsi Naxçıvan torpağında İmam
Əli Rza vəqfidir. Bütün öhdəliklərdən
uzaq gözəl, min evli, saysız bağ və
baxçası olan, havası təmiz olan bir qəsəbədir"
(Çelebi 1993, s. 566).
Səyyah şərqi Anadoluda olarkən bölgənin
böyük əyalətlərindən biri olan Ərzurum əyalətinin
şəhərləri, qalaları, memarlıq abidələri
haqqında olduqca maraqlı məlumatlar vermişdir. Səyyah Ərzurum
qalasını bu şəkildə təsvir edir:
"Ərzurum qalası dağın yamacında olan
dördkünc formalı, iki qat daşdan tikilmiş bir
qaladır. Qalanın ətrafında xəndəklər
vardır. Xəndəklərin eni 80 addım, dərinliyi
isə 20 qulacdır (1 qulac 0,5 metr - A.M). Şəhərdə 70 müsəlman, 7 xristian məhəlləsi
vardır. Bütün evlər daşdan
tikilmişdir. Burada (Ərzurumda) cəmi 77
mehrab vardır. Ulu məscid ən qədim
cümə məscididir. Məscidin əsasını
Ağqoyunlu hökmdarlarından biri qoymuşdur. Şəhərdə elmlərin öyrədilməsi
üçün mədrəsə fəaliyyət göstərir,
evlərdə Qurani-Kərim öyrədilir, darülhədislər
(hədis evləri), uşaqlar üçün 110 məktəb
vardır. Şəhərdə, türklər,
kürdlər, türkmanlar, xristianlar yaşayırlar.
Ərzurum sakinlərinin nitqi, danışığı bu
cür səslənir: - Harada idin? Yani - Nerede
idin? (Çelebi 1983, s. 91-96).
Bütün
bu faktları oxuduqca, bir daha əmin olursan ki, Övliya Çələbinin
"Səyahətnamə"si Azərbaycanın və
müxtəlif bölgələrinin, eləcə də bir
çox dövlətlərin məişət və mədəniyyətinin,
coğrafi iqliminin, tarixinin öyrənilməsində istifadə
olunan və olunacaq çox qiymətli və zəngin bir xəzinədir.
Hər birimizin ruhunda azacıq da olsa səyyahlıq
arzusu, həvəsi vardır. Lakin səyahəti bir
ömürə çevirmək üçün bir Övliya
Çələbi doğulmaq lazımdır.
Fidan MALİKQIZI
525-ci qəzet.- 2019.- 14 iyun.- S.16.