Azərbaycan ədəbiyyatında
"orta əsrlər": tarixi-nəzəri konsepsiya və bədii
sistem kimi
Orta əsrlər (orta çağlar!) ayların, illərin,
əsrlərin tarixi-xronoloji düzümü və məzmunu deyil. Hərçənd
ki, bu möhtərəm tarix illər tərəfindən elə
belə də qəbul olunur. Onları daha çox
faktlar maraqlandırır. Mənim münasibətim isə
belədir: tarixdən çox böyük çətinlikə
tapılmış bu əsl dəyərli faktı qeydə
almaq kifayət deyil, işin müəyyən hissəsidir.
İşin mahiyyəti - elmi obrazı və nəzəri
dəyəri həmin faktın tarixi məzmununu və təkamül
məntiqini açmaq, faktı tarixi fəzasında görməyi
bacarmaqdır.
Biz "orta əsrlər"ə də tarixin
böyük bir zaman kəsimi kimi yox, müəyyən və
çox ciddi problemi kimi baxırıq. Həm
tarixi əsərlərə, həm də ədəbiyyatşünaslıq
tədqiqatlarında tez-tez bu məsələyə müraciət
olunur, istər tarixi-ədəbi şəxsiyyətlərdən,
istərsə də epoxial mərhələlərdən bəhs
edilərkən "orta çağlar" anlayışı
gündəmə gəlir. Ona görə də biz
çox zaman dəxli oldu-olmadı, gündəmə gətirilən,
bəzən neytral (daha dəqiq desək, fikir boşluğunu
doldurmaq üçün işlədilən!) problem kimi istinad
olunan "orta əsrlər" anlayışını iki əsas
parametrə - tarixi-nəzəri konsepsiya və bədii sistem
kontekstində bərabər olan konsepsiya kimi nəzərdən
keçirməyi elmi fikir üçün zəruri bildik. Xüsusən müasir dövrdə bu ona görə
vacibdir ki, qloballaşmanın bir çox mənfi təsirlərin
milli müəyyənliyə və bəzən tarixiliyə
(həm problem, həm də metodoloji prinsip kimi!) göstərir.
"Orta əsrlər"i tarixi konsepsiya kimi müəyyənləşdirmək
üçün dəqiq meyar mövcud deyil. Şərq və
Qərb tarixləri bu suala müxtəlif cavablar verir. Məsələn, ingilislərdə orta əsrlər
XVII əsrin ortalarında - "çəpərləmələr"
dövründə başa çatır, "qoyunun
ayağı qızıldandır" həqiqətini dərk
edən ingilislər manifakturiyalar yaratmağa
başlayırlar. Rəsmi Avropa
tarixşünaslığında bu barədə müəyyən
fikir mövcuddur.
Azərbaycanda tarixi "orta əsrləri"in sərhədləri
dəqiq təyin olunmayıb. Ümumiyyətlə,
ictimai elmlər sahəsində anlayışların dəqiq
(və mütləq) hüdudları haqqında fikir söyləmək
çətindir və bu iddiada olmaq elmi yanaşma kimi
özünü doğrulda bilmir.
Nüfuzlu
"Azərbaycan tarixi" (Ən qədim zamanlardan XX əsrədək"
- I cild.
Bakı, Azərnəşr. 1994) əsərində
"Orta əsrlər dövrü. V fəsil Azərbaycan
ilkin feodalizmi dövründə bölməsinin "feodal
münasibətlərin bərqərar olması" adlanan
birinci paraqrafın ilk sətri belədir: "III-V əsrlərdə
Azərbaycanda feodalizmə xas iqtisadi münasibətlər bərqərar
oldu (s.170). Beləliklə, fedolazimi ilkin təşəkkülü
orta əsrlər dövrünün başlanğıcı
kimi qəbul olunur. Bu həm də Azərbaycan
ədəbi dilinin təşəkkül dövrü hesab
olunur.
"Azərbaycan
xalqı eramızın IV-VII əsrlərində bu ərazidə
qədimlərdən məskun olan türk qəbilə və
tayfa birlikləri əsasında formalaşmamıza
başlamış və ümumxalq Azərbaycan dili də məhz
bu dövrdə, məhz bu zəmində
yaranmışdır... Azərbaycan dilinin
artıq IV-VII əsrlərdə formalaşdığına
şübhə yeri qoymur" (Zeynalov F. Azərbaycan dilinin mənşəyi
məsələsinə dair "Azərbaycan filologiyası məsələləri".
II buraxılış. Bakı, Elm, 1984. c. 29). "Ədəbi dilimizin
ilk abidəsi" (Tofiq Hacıyev) "Kitabi Dədə
Qorqud" eposu da məhz bu dövrün hadisəsidir.
Bizim fikrimizcə, tarixdə orta əsrlər bir konsepsiya
kimi Azərbaycanda ilk böyük feodal dövlətinin
yaranması ilə bağlıdır. "IX əsrin
60-cı illərində xilafətdə başlanan yeni
ixtişaşlardan istifadə edən Heysəm ibn Xalid
özünü Şirvanın müstəqil hakimi
(şahı) elan etdi və mərkəzi hökumətlə əlaqəni
kəsdi. Beləliklə, Şirvanın istiqlaliyyəti
bərpa edildi... Dövlətin paytaxtı əvvəlcə
Şirvan, X əsrin birinci rübündən etibarən Yəzdiyyə
(Şamaxı) şəhəri olmuşdur" (Azərbaycan
tarixi. C.274).
Şirvanşahlar dövləti Azərbaycan dövlətçilik
tarixində zirvə təşkil edən üç dövlətdən
(Şirvanşahlar, Atabəylər, Səfəvilər!)
birincisidir. Bu
dövrdə Azərbaycanda nisbətən az
davam edən, feodal müharibələri (xüsusən monqol
hücumları!) nəticəsində tez dağılıb
süquta uğrayan dövlətlər də olub. Məsələn, Sacilər dövləti, Salarilər
dövləti, Şəddadilər dövləti, Rəvvadilər
dövləti və sair. Bir qədər irəli
gedərək qeyd edək ki, IX əsrin 60-cı illərindən
XIX əsrin 60-cı illərinə qədər - 10 əsr Azərbaycan
tarixində "Orta əsrlər" dövrü olmuşdur.
Sivil dünyanın heç bir dövlətində
"orta əsrlər" bu qədər uzun sürməyib,
bu, bir sıra səbəblərlə, xüsusən feodalizmin
davamlılığı ilə bağlı idi. "XIX əsrin 50-60-cı illərin Azərbaycanda
feodal-iqtisadi münasibətlərin süquta uğraması və
yeni kapitalist münasibətlərinin inlişafı ilə
xaraktetizə olunur" ("Azərbaycan tarixi" c.595).
"Orta əsrlər"
və onun xarakterini izah etmək üçün daha iki
faktı qeyd edək: Atabəylər dövləti XII əsrin
30-cu illərində meydana gəlmişdir. "XIII əsrin
30-cu illərində Azərbaycanda tarixi hadisə baş verdi - Azərbaycan Atabəylər dövləti
meydana gəldi" ("Azərbaycan tarixi". C. 299) Atabəylər dövləti təxminən
bir əsr (1136-1225) hakimiyyət sürmüş oldu.
Atabəylərdən
əvvəl Azərbaycan bir əsr (119 il)
Qıpçaq tayfasına mənsub Səlcuq
imperiyasının hakimiyyəti altında qaldı. Xüsusilə Sultan Məlik şahın zamanında
bu imperiya öz parlaq dövrünü yaşadı. Səlcuqlular
islam dinini bütün türklər
arasında yayılmasını həyata keçirdilər. Məhz bu illərdə türklər İslam dinini
yaşatdı. Bu zaman digər önəmli hadisə
baş verdi: XI əsrin birinci
yarısında səlcuqluların gəlişi ilə türk
tayfalarının Azərbaycana axını başlandı. Birinci axın Sasanilər dövründə Dərbənd
keçidi ilə (III əsr) baş vermişdi və bu
axın yerli türk tayfalarını - kutiləri, lullubiləri
aborigen bir xalq kimi gücləndirmişdi.
Nəhayət,
üçüncü dövlətçilik mərhələsi:
XIII əsrin sonlarından Səfəvilər tayfa halında
(Ərdəbil dövrü!) təşəkkül tapmağa
başladı, 1447-ci ilədək formalaşdı. "Səfəvilərin Ərdəbil hakimiyyəti
dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda
hakimiyyət dövrü 1736-cı ilə qədər
götürülməlidir" ("Azərbaycan tarixi" c.392).
Səfəvilər imperiyası yaranana qədər
mövcud olmuş Ağqoyunlu və Qaraqoyunlu dövlətləri
də tarixdə - orta əsrlərin mahiyyətində müəyyən
rolu olmuşdur. Həm qaraqoyunlular, həm
də ağqoyunlular türk tayfaları olmağa binaən Azərbaycan
xalqının təşəkkülündə mühüm
rol oynamışlar.
"Orta əsrlər"in
tarixi xarakterini səciyyələndirən bir sıra qlobal əlamətlər
(olaylar!) mövcuddur:
1.
İslam dininin meydana gəlməsi və türklərin (Səlcuqların!)
sayəsində onun yayılması: bu ədəbiyyata, fəlsəfəyə
və mədəniyyətə yeni mövzular gətirdi. "Oğuzlar İslam dinini qəbul edənə qədər
totemlərə və şamanizmə sitayiş edirdilər"
(Azərbaycan tarixi. C. 289).
2.
"914-cü ildə 500 gəlmənin hər birisində 100
nəfər olmaqla Azərbaycanın Xəzər sahillərinə
50 ailədən artıq rus gəldi. 938-ci ildə
ruslar 38 gəmidə Bakı sahillərinə gəldilər.
Şirvanşah Mənuçöhr ibn Yəzid
onlarla vuruşdu və məğlub oldu" ("Azərbaycan
tarixi" c.286). 944-cü ildə onlar
Kür çayı vasitəsi ilə Bərdəyə gəlib
şəhəri işğal etdilər. Azərbaycanda
bədnam rus işğalı başladı.
3. Uzun
müddət Azərbaycan ədəbiyyatını və mədəniyyətini
Abbasilər sülaləsinin hakimiyyəti (750-1258) zamanında
formalaşmış ümummüsəlman mədəniyyəti
kontekstində inkişaf etdi. Ümummüsəlman
mədəniyyəti özündə ərəbi zehniyyəti,
farsın lisanı və estetik sistem idi.
Hülakü xan (1258-1265) 1258-30-cu ildə Azərbaycanı,
1255-ci ildə Bağdadı istila etdi və 500 ildən
artıq (756-1258 - N.Ş.) hökm sürən Abbasilər
xilafəti süquta uğradı. ("Azərbaycan
tarixi", c.325). Bundan sonra
anadilli-türkdilli Azərbaycan ədəbiyyatına
keçid dövrü (XIII-XIV) başlandı.
4.
Monqolların Azərbaycana hücumu: "monqollar 1220-ci ildə
ilk dəfə Azərbaycana yürüş etdilər"
("Azərbaycan tarixi" c.322) Azərbaycan Hülakülər
(Elxanilər) dövləti yarandı.
Azərbaycan
"orta əsrlər"inin tarixi-siyasi mürəkkəbliyini
təsəvvür etmək üçün təkcə belə
bir faktı göstərmək kifayətdir ki, "1387-1392-ci
illərdə Təbrizə 17 dəfə hücum edildi və
14 hücumun nəticəsində şəhər bir feodal
qrupundan digərinin əlinə keçdi". ("Azərbaycan
tarixi" c.331). Yerli feodallar monqollara
qarşı durmaq əvəzinə bir-birinə qarşı
durdular, bundan istifadə edən Əmir Teymur 1392-ci ildə Təbrizi,
bir qədər sonra isə Bağdadı işğal etdi.
Azərbaycanda
ədəbi-tarixi təkamülünə əsaslanaraq belə
nəticəyə gəlmək olar: dövlətçiliyin
möhkəm olduğu dövrdə ədəbiyyat və mədəniyyətdə
çiçəklənmə - bədii - fəlsəfi cəhətdən
inkişaf mərhələsi yaşayır. Əfzələddin
Xaqani və İmadəddin Nəsimi Şirvanşahlar dövlətinin,
Nizami Gəncəvi Atabəylər dövlətinin, Mövlanə
Məhəmməd Füzuli Səfəvilər
imperiyasının yetişdirdiyi dahilər idi. Füzuli poeziyasının kədəri Səfəvilərin
süqutundan (türkün türkü məhv etməsi!) qopan
tarixi kədər idi.
5. Nəhayət
"Orta əsrlər" keçidi ədəbi-fəlsəfi
baxımdan təmin edən qlobal hadisə sufizm (təsəvvüf)
idi. IX əsrdən bəri bəşəriyyətin
düşünən zəkalarını məşğul
etmiş sufizm üçüncü xəlifə Osmanın
dövründə mali-bərabərsizliyə etiraz əlaməti
olaraq yaranıb. Hakimiyyət müqəddəsliyini
itirir, adamlar Allahı yox, dünya malını sevməyə
başlayanda dünya malından imtina edən, dünyaya
bağlanmamaq üçün dünyadan uzaqlaşan ilk zahidlər
insan bədəninə əziyyət verən az
yun xirqə geyinib tənhalığa çəkildilər və
öz xanəgahlarını yaratdılar. Bu,
sufizmin asketizm mərhələsi idi. Zahidlikdən
irfanın süfizmə keçid sufizmin tarixində ən
böyük mərhələdir. Sufizmin müasir
görkəmli tədqiqatçısı, Miçiqan
Universitetinin professoru A.Knış "Musilmanskiy mistizm"
(2004) kitabında yazır ki, orta əsrlərdə sufi olmayan şair yox idi. Fəqət
sufizmin tarixində mərhələ yaratmış
üç böyük şəxsiyyət olub.
Əbu Həmid əl Qəzzali (1058-1111).
İmam Qəzali Xorasan yaxınlığındakı
Tus şəhərində anadan olub. O, sufizmdə ən böyük
ziddiyyəti həll edib. Şərqdə yunan fəlsəfəsini
nüfuzdan salaraq sufizmi islam texnologiyası
ilə birləşdirməyə nail oldu. Onun sufi
baxışları "Fəlsəfənin mərkəzi",
"Filosofların ziddiyyətləri" əsərlərində
əksini tapıb. Dünyada sosializm nəzəriyyəsinin
banisi, məşhur filosof İbn Xəldun yazırdı ki, Məhəmməddən
sonra peyğəmbər seçmək lazım gəlsəydi,
onda İmam Qəzali seçilərdi.
2.
"Əş şeyx əl Əkbər" ləqəbi ilə
tanınmış Mühiddin ibn əl Ərəbi (1163-1240)
İspaniyada doğulub, 37 yaşında Məkkəni ziyarət
edib. İbn Ərəbi "Müdriklik abidəsi",
"İstəklərin şərhi" kitablarında,
"Məkkə fütuhutları" çoxcildliyində vəhdəti
vücudun əsasını qoyub: cüzdə küllü dərk
etmək!
3. Azərbaycan
alimi, cəmisi 33 il yaşamış
Şeyx Mahmud Şəbüstəri (1287-1320) sufi fəlsəfəsi
ilə poeziyasını sintez etdi. Onun
"Gülşəni raz" əsəri "Sufizmin
açarı" hesab olunur. Əsər
1317-34-cü ildə Xorasan alimi Seyid Hüseyn Hərəvinin
(1246-1320) 15 çətin sualına şeirlə cavabı kimi
yazılıb. Şərq-türk ədəbiyyatında
sufizmin dahi əsərləri məşhurdur: Əhməd Yəsəvinini
(1103-1167) "Divani hikmət", Sənai Qəznəvinin
"Qəqiqətül-Həqaiq", Fəridəddin
Əttarın (1119-1230) "Məntiqut-Teyr", Cəlaləddin
Ruminin (1207-1273) "Mənəviyi-Məsnəvi",
"Divani Şəms Təbrizi", Yunis Əmrənin
(1240-1320) "Risalətül Hüsniyyə",
Marağalı Övhəddinin (1274-1338) "Cami cəm" və
nəhayət, Nəsiminin, Xətainin, Mövlanə Məhəmməd
Füzulinin poeziyası ilahi məhəbbət dastanı
"Leyli və Məcnun" poeması. Azərbaycan ədəbiyyatında
sufizmin klassik dövrü Oğuz-Səlcuq mədəniyyətinin
intişar tapdığı XIII-XVI əsrlərdir.
***
Ədəbiyyat tarixində "qədim dövr"
Nizami Gəncəvinin yaradıcılığı ilə
başa çatır. Azərbaycanda ədəbi-bədii
"orta əsrlər" XIII-XVIII əsrləri əhatə
edir.
Bundan
sonra bir də 1258-ci ildə Abbasilər hakimiyyətinin (ən
mükəmməl xilafətin!) süqutu nəticəsində
vahid (və monolit!) ümumüsəlman mədəniyyəti
sistemi dağılır və Azərbaycan ədəbiyyatında
(poeziyada) tədricən türk-xalq şeiri üslubuna
keçid baş verdi. Anadilli klassik
poeziyanın korifeyləri - Qazi Bürhanəddin, İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai, dahi Mövlana Məhəmməd
Füzuli meydana gəldi və M.P.Vaqiflə yekunlaşdı. Orta əsrlər (XIII-XVIII) Azərbaycan ədəbiyyatı
tarixində 27 böyük şair yetişib. Bunlardan
beşi - Qazi Bürhanəddin, İmadəddin Nəsimi,
Şah İsmayıl Xətai, Məhəmməd Füzuli,
Molla Pənah Vaqif ədəbi
dil, novatorluğu, bədii-fəlsəfi məzmun
baxımından ədəbiyyat tarixində mərhələ
yaratmış sənətkarlardır.
Avropa renessansı "orta əsr mədəniyyətindən
yeni mədəniyyətə keçid dövrü idi"
(Əziz Mirəhmədov). Əvvəlcədən
qeyd edək ki, həm intibah, həm də sufizm universal bədii
sistemdir. Onlar bir bədii metodun və ədəbi
cərəyanın hüdudlarına sığmır. Antik yunan mədəniyyətinin yenidən dirçəlməsi
mənasında XIV əsrdə İtaliyada başlayıb
(Daitle və Peterarka!) XVI əsrdə
İngiltərədə U.Şekspirlə yekunlaşıb, bədii-estetik
zirvə məqamını bulub. Şərq
intibahı Ə.Firdovsi və Ö.Xəyyamın
yaradıcılığı ilə (X-XI əsrlər)
başlayıb dahi Nizami Gəncəvi irsində zirvə məqamına
yüksəlib. "Xəyyam Şərq
renessansının Daitlenidir" (Əli Nazim).
Antik Yunan fəlsəfəsi və mədəniyyəti ərəb-islam mühitində - Abbasilər xilafəti zamanında yenidən qəbul və şərh olunduqdan sonra Avropaya keçib (Qolenişev - Kutuzov "Dante predvozrojdeybe" 1958). Beləliklə, Avropa renessansına görə Şərq elm və mədəniyyətinə borcludur.
Şərq intibahı bütün orta əsrlər elm, ədəbiyyat və mədəniyyətini qavramış və təxminən min ilə XIX əsrin ortalarına qədər (bir qədər sönük!) davam etmişdir. (Nəbati, Seyid Nigari təriqəti!)
XX əsrin mütəfəkkiri Əli bəy Hüseynzadə deyirdi ki, "Nə qədər ki, biz Avropanı öz beynimizdə həzm etməmişik, o çağadək avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq". Avropanı "öz beynində həzm etmiş" dahi Azərbaycan türkü Nizami Gəncəvi olmuşdur. O, möhtəşəm "İsgəndərnamə" poemasında (xüsusən alimlərlə söhbət və utopik cəmiyyət idealı!) antik yunan elmini fars dilində yazmağa binaən bütün Şərqin sərvətinə çevirdi. Nizamidən dörd əsr sonra Kompanella utopik "Günəş şəhəri" əsərini yazdı...
Bizim fikrimizcə, heç zaman məğlub olmayan fateh İsgəndər Azərbaycan alimi Zərdüştün dahiyanə "Avesta" əsərini görüb bu təfəkkür qarşısında sarsılmış və məğlub olmuş, qısqanclıqdan tarixi bir cinayət etmiş - "Avesta"nı yandırmışdır.
İbn Sinanın, Biruninin, İbn Rüşdün, Bəhmənyarın, Əl Fərabinin, Nizaminin, Füzulinin, Nəvainin, İbn Xəldunun fəlsəfəsi intibah və sufizmin, bütövlükdə "orta əsrlər"ni ideya-fəlsəfi məxəzləri idi. "Orta əsrlər" bu elmi-nəzəri arieal üzərində bərqərar olmuşdur.
Bir mühüm amili də unutmayaq: Şərq, o cümlədən, Azərbaycan poetik sistemlərini - nəzəri poetik anlayışlarını ("Qəvaidə-ədəbiyyə"nin!) formalaşmasında "Əruz vəzni"nin (VIII əsr. Xəlil ibn Əhməd!) böyük rolu olmuşdur. Əruzla bərabər Şərqdə, o cümlədən, türk ədəbiyyatlarında mövcud olan "Ümumi-ədəbi"yə 17 elm daxil idi: Onlar bədii fiqurların və şairlərin sənətkarlığını formalaşdıran vacib qəliblər, şeiri cilalayan vasitələr idi. Bu mənada "orta əsrlər" poetikasının konseptual səviyyədə yazılmasına böyük ehtiyac var.
"Poetika şeiri bir sənət növü kimi öyrənən elmdir" (Xəlil ibn Əhməd VIII əsr) "Orta əsrlər" Azərbaycan ədəbiyyatı bəzi istisnalarla lirik növün janrlarında təkamül prosesi keçirib. Ona görə də poetik janrlar nəzəriyyəsi bizdə çox inkişaf edib. Azərbaycan şeir nəzəriyyəsində janrlar və onların bədii-poetik sistemi çox mühafizəkardır. Bu, həm feodalizmin uzun sürməsi ilə, həm də əruz kanonları ilə bağlıdır. Əruzun bəhrləri (təfilələr!) VIII əsrdə - Xəlil ibn Əhmədin "Kitab-əl ayn" (767) necə idisə, indi, XXI əsrdə də elədir. "Quran" kimi "Əruz"da ehkamdır və əsl sənətkarlıq da elə bundadır ki, ehkamları dağıtmadan, əruzun poetik sisteminə əsaslanaraq gözəl şeir yazasan. Əruz əslində, ərəb (və ərəbdilli) poeziya əsasında qurulub. V əsrdən başlanaraq işlədilir. Fəqət, dahi Füzuli həm ərəbcə, həm də farsca, həm də türkcə əruzla şeirin (qəzəl və qəsidənin) məzmunca ən kamil və bədii cəhətdən ən parlaq nümunələrini yaratmışdır. (Mən ADMU-da aktyorluq fakültəsinin tələbələrinə 15 il əruz dərsini M.Füzuli qəzəlləri əsasında demişəm!) Əruz "vəznlərin tərəzisi"dir (Ə.Nəvai "Mizanül-övzan" adlandırmışdır.)
Əruzla yazılmış ilk türkcə əsər Yusif Xas Hacib Balasaqunlunun "Qutadqu-bilik" (1069) poemasıdır. Əruz çox mürəkkəb riyazi poetik sistemdir.
Bir neçə cəhəti də qeyd edək: "orta əsrlər"də hələ Abbasilər dövrünün ənənələrinin davamı olaraq tərcümə sənəti inkişaf etmişdir. "XV-XVI əsrlərdə əvvəlki dövrlərə nisbətən tərcümə sənəti yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur" ("Azərbaycan ədəbiyyatı tarixi" 6 cild, III c. Bakı, "Elm" 2009, s.160). Tərcümə sənəti ədəbiyyatı - poeziyanı həm ideya-fəlsəfi məzmun baxımından, həm də bədii forma nöqteyi-nəzərindən dil-üslub və yeni formalar hesabına inkişaf etdirirdi.
Nəhayət, "Orta əsrlər"
üçün ədəbi-bədii baxımdan səciyyəvi
olan bir qlobal məziyyəti də deməliyik, XVI əsrdən
başlayaq: türk təmayüllü folklor-xalq poeziyası
vüsətli inkişafa başlayır, şeirdə heca vəzni
əruzla bərabər səviyyədə (bəlkə də
artıq!) yer alır. Bayatı, qoşma, gəraylı,
təcnis kimi lirik şairlər ön plana keçir, dastanlar
yaranır...
Nizaməddin ŞƏMSİZADƏ
Professor
525-ci qəzet.- 2019.- 14 iyun.- S.14.