Dərd
Siyamək
Hüseynəlizadə - Ərgin Avşar 1966-cı ildə Təbriz
şəhərinin güney-doğusunda, 220 km uzaqlıqda yerləşən
və Şahlıq rejimi tərəfindən adı dəyişdirilərək
Şahindej adlandırılmış Sayınqalada anadan olub.
İlk okulu və orta məktəbi Sayınqalada bitirəndən sonra, Siyamək Uluyurdun quzeyinə üz tutub və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
Universitetin Bakalavr pilləsini bitirən gənc şair yenidən Təbrizə qayıdıb və ixtisası üzrə master - magistr pilləsinə daxil olub.
Şair bu gün Quzey Azərbaycanla da sıx əlaqə saxlayır.
Quzey Azərbaycanın bir sıra ədəbi, mədəni və elm xadimləri ilə qarşılıqlı dostluq əlaqələrini qoruyub daha da inkişaf etdirir.
Böyük dərddir,
Yarımçıqlar arasında,
Bütövlük!
Baxış
Uçmağı bilməyənlərin,
gözündə
Yüksəlmək
Kiçilməkdir...
Bar
Quruluqdan çox inlədi
Susuz topraq.
Kimsə dinləmədi,
Bir ovuc su çiləmədi.
Çarəsiz tikanlar bitirdiyində,
Çöplərin də danlağına qaldı.
Əlifba
Hansısa ulusun dili
Beş, altı əlifba ilə yazılır?
Mənim xalqımın da
Acısı, sevgisi
Bir, iki əlifbaya sığmayır.
Dayaq
Tülkü satıldı,
Aslana döndü.
Yeni şeir
Hava,
qartallar uça bilməz qədər çənli.
Bir yeni şeir söyləməliyəm.
Ay da
Susuz,
Arxın
qırağında -
kökü yerdə,
gözü ildırımda.
Şeir
Bu fırtınalı çağlarda,
Şeir - çətir.
Deyən mən, dinləyən sən.
Ah, nə qədər
qəribiz,
biz ikimiz.
Gülün könlü
Erkən
solması üçün
Qınayırsan gülü,
Gülün könlü
daşdanmı?
Yağmur
Boşuna
can atır,
Yağmurun həbsinə
bulut,
Anı yetincə,
yağacaq bu yağmur.
Güzgü
Çənlər köçəcək,
Sən güzgünü
duru saxla.
Gəbə
Bu qasırqa
Bir aşinaya
gəbədir.
Gözümüz aydın,
gec-tez doğacaq.
Bilgin
Sozalan şam,
Günəşin qüsurundan
danışır.
Fəhm
Qız qalasının
Ardında gizlənən,
Təpəgöz,
Hələ də məni qorxudur.
Ərgin AVŞAR
525-ci qəzet.- 2019.- 14 iyun.- S.13.