Azərbaycan Televiziyasının yeni siması
Bizim hər birimizin tanışları,
dostları arasında
müxtəlif televiziya
kanallarında, o cümlədən
də Azərbacan Televiziyasında işləyən
insanlar var.
Biz onların öz
peşələrinə böyük
sədaqətinin və
məhəbbətinin dönə-dönə
şahidi olmuşuq. Hər görüşümüzdə daha çox onlar danışıb; çəkilişdən, montajdan,
verilişlərə tamaşaçı
marağından və
tələbkarlığından, arzularından, həyata keçirmək istədikləri
yeni layihələrdən...
Onların çoxu ailəlidir, övlad sahibidir, ev
işləri ilə, dükan-bazarla, mətbəxlə
uğraşırlar, xüsusilə
də qadınların,
anaların qayğısı
daha çoxdur. Ancaq onlar bütün
məişət və
sosial qarğaşalarını
hər səhər
çiyinlərindən aşırıb
evdə qoyur...və iş yerinə tələsirlər.
Bəzən gecə yarıyadək
uzanan montajdan, çəkilişdən sonra
zəngləşəndə hiss olunur ki, yorğunluqdan
dilləri söz belə tutmur.
Nəyə görə bunu belə dəqiq detallarla təsvir edirik? Ona görə ki, televiziyada işləyən bu yaradıcı insanların
qabiliyyətinin, istedad
və bacarığının,
əziyyət və zəhmətinin son məhsulu
- verilişdir ki... bəzimizin bu verilişlərə baxmağa
ya macalımız olmur, ya da
həvəs və
maraq göstərmirik.
Ən əsası da odur ki, tez-tez
çoxları etinasızcasına
"mən ümumiyyətlə,
yerli kanallara baxmıram!" - deyib xarici televiziya kanallarında veriliş "ovu"na çıxmağı ilə
qürrələnir, özünü
cəmiyyətin fərqli
bir fərdi sayır.
Təbii
ki, bir vətəndaş,
yurdsevər insan və televiziyada işləyən dostlarımızın
böyük zəhmətindən
xəbərdar bir ziyalı və tamaşaçı
kimi bu, bizi çox incidir. Bir anlıq
təsəvvür edirik
ki, bu insanlar
da min bir əziyyətlə
məhsul yetişdirib
onu bazara çıxaran, ancaq müştəri tapmayıb
məyus halda evinə dönən əkinçi kimidir... Bircə fərq var ki, əkinçi
bizim maddi təminatımızın qayğısına
qalır, yaradıcı
insanlarsa mənəviyyatımızın
zənginləşməsinə yardımçı olmaq üçün çalışırlar.
Sonda hər ikisi (müqayisəmiz qüsurlu görünsə
də, əfvinizə
sığınaraq bunu
yazırıq) fiziki və zehni əmək
sərf edir, əziyyət çəkir.
Əlbəttə, bu günün
tamaşaçısı 25-30 il əvvəlin tamaşaçası ilə
müqayisə olunmayacaq
bir üstünlüyə
malikdir, əlinin altında yüzlərlə
TV kanalına baxmaq imkanı verən peyklər, kiçik bir telefona sığışan
informasiya bolluğu, bir-birindən fərqli əyləncə
və maarifləndirici
mənbəələri var. Hər kəs günün istənilən
vaxtı, arzu elədiyi məkanda bir düyməyə toxunmaqla dünyanı ovcuna sığışdırıb,
ona maraqlı görünən
yeniliklərdən xəbərdar
ola bilər. Amma və lakin...
qəribədir ki, elə bu adamlar
da bəzən özləri belə fərqinə varmadan özəl kanallarda hər kəsi qıcıqlandıran, bir-iki
gün evdar qadınların və belə söhbətləri
yaymaqda həvəskar
olan dedi-qoduçuların cərgəsinə
qoşulur. Bu auditoriyanın
daimi izləyicisi olan tamaşaçılar üçün
ən "maraqlı və reytinqli" verilişdə
mütləq bu və ya digər
88-ci dərəcəli bir
"problem" qabardılmalı, "siçandan fil düzəltmək naminə"
söyüşdən tutmuş
qeyri-etik hərəkətlərəcən
çox şey sərgilənməli, aparıcıların
efirdə çıxardığı
pəstahlar geninə-boluna
tirajlamaq üçün
hədəfə alınmalıdır.
Çünki kütlə olaraq,
onlar buna daha çox həvəslidir. Əvvəldə qeyd etdiyimiz kimi, çoxları "mən yerli kanallara baxmıram" - desə də, efirdəki biabırçılıqları
daha çox müzakirə edən də elə onlardı. Soruşan
gərək: əgər
baxmırsansa, bunlardan
necə xəbərdarsan? Deməli, baxırsan, maraqlanırsan,
elə isə niyə danırsan? Görünür, bu da müasir dövrün yaşam tərzini şəkilləndirən etinasızlıq
bəlasıdır.
İllər sonra hər şeydən bezən, bəzi telekanallarda aparıcıları dəyişsə də, təqdimat formatı eyni qalan, daha çox dedi-qodu, qeybət üstə köklənən verilişlərdən, yağışdan sonra çıxan göbələk kimi sayı artıb çoxalan "müğənniciklərdən" (əslində, onların verdikləri puldan) başqa heç kimi tanımayan, ekranı, efiri ləhcə ilə, bayağı cümlələrlə, hətta söyüş və nalayiq sözlərlə "gülləndirən" aparıcı və ifaçılar (qonaqlar) tamaşaçıların böyük bir qismini necə deyərlər, "özünə qayıtmağa, övladlarının gələcəyi barədə düşünməyə, haradan gəlib hara getdiyini öyrənməyə, mədəniyyətinə, tarixinə, bir sözlə, gələcəyinə dayaq ola biləcək problemləri önə çəkməyin vacibliyinə daha çox inandırır və bu qlobal problem vaxtaşırı gündəmə gətirilir... və bu halda yada düşən yenə də köhnə dost - heç vaxt köhnəlməyən Azərbaycan Televiziyası olur...
Etiraf etmək lazımdır ki, həm AzTV-də, həm Mədəniyyət kanalında hazırlanan verilişlərin aktuallığı, dövləti və dövlətçiliyi qorumaq, qazanılan uğurları təbliğ etmək səriştəsi digər özəl kanalların təqdim etdikləri "reytinqli" verilişlərdən xeyli fərqlənir. Biz bu kanalda müstəqil dövlətimizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, qabaqcıl təcrübədən bəhs edən verilişlərə son bir neçə ayda daha çox rast gəlirik. Hazırlanan tok-şouların, ictimai-siyasi və bədii-publisistik verilişlərin həm məzmunu, həm təqdimat forması, həm də aktuallığı ilə seçilən bu verilişlərin ana xəttini təşkil edən müqəddəs bir mövzu var: Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açmaq, ölkəmizi tanıtmaq.
Azərbaycan Televiziyasında son bir neçə ayda nəzərə çarpacaq dərəcə hiss olunan canlanma yaradıcı insanların hamısına, xüsusilə də bizim orada çalışan dostlarımıza da qol-qanad verib, söhbətlərinin istiqaməti dəyişib, yaradıcılıq ruhu yüksəlib. Hazırladıqları verilişlərin məzmunundakı maraqlı yeniliklər, onların bədii və texniki təqdimatındakı müasirlik hər bir epizod və detalda gözə çarpan yeni üslub və təqdimat əlvanlığı ilə yadda qalır. Bu və ya digər verilişdə müzakirəyə çıxarılan mövzuların aktuallığı, cəmiyyətin gündəlik həyat ritmi ilə həmahəng olduğu hiss edilir, yaradıcı insanlar daha həvəslə ədəbi dilimizin qayğısına qalır, tariximizin naməlum səhifələrini vərəqləyir, tədris və tərbiyə işlərində uğur qazananların təcrübəsindən söz açır, mədəniyyət aləmində baş verən yenilikləri operativ olaraq tamaşaçı və dinləyici auditoriyasına çatdırır və bütün bunlar ilk növbədə gənclərin zövqünün formalaşmasına yardımçı olur. Əminik ki, yaradıcılıq ihamı ilə zəngin olan bu yeni yayım tərzi çox maraqlı və baxımlı verilişlərin efirə və ekrana vəsiqə almasına səbəb olacaq.
Zəngin tarixə, yaşarı ənənələrə və çoxillik təcrübəyə malik olan Azərbaycan Televiziyasını (həm də Mədəniyyət və İdman kanallarını nəzərdə tuturuq) izləyən tamaşaçılar inanırlar ki, xalqımızın mənəvi sərvəti, milli varlığı, dünəni, bu günü və təbii ki, müasir gəncliyin çiynində, arzu və ümidlərində pərvazlanan gələcəyini tərənnüm edən mövzuları ilə bundan sonra da sözün əsl mənasında cəmiyyətin aynası olacaq, onun tarixini yaradan insanlar da daha böyük əzmkarlıq və yaradıcılıq eşqi ilə çalışacaqlar. Biz bu gərgin və şərəfli yolda dostlarımıza və bütövlükdə Azərbaycan Televiziyasında məhəbbətlə və məsuliyyətlə çalışanlara uğurlar arzulayırıq. Hər zaman evimizin çağırılmamış qonağı olan bu insanlara böyük məhəbbət və sayğı ilə:
Şamil RƏHMANZADƏ
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi;
Adilə AĞABƏYOVA
AMEA-nın Tərcümə və Nəşriyyat şöbəsinin böyük elmi işçisi;
Sahibə
HACIYEVA
AMEA-nın Tarix İnstitutunun elmi işçisi;
Təranə HACIYEVA
AMEA-nın M.Füzuli
adına Əlyazmaları İnstitutunun Elektron Resurslar şöbəsinin
baş biblioqrafı
525-ci qəzet.- 2019.- 14 iyun.- S.12.