Kamil şəxsiyyət, unudulmaz alim
GÖRKƏMLİ
ELM VƏ SƏNƏT XADİMİ, BU GÜNLƏRDƏ 80
İLLİYİ TAMAM OLAN MƏRHUM PROFESSOR BABƏK QURBANOVU
DƏRİN EHTİRAMLA ANIRIQ
"Əcəl gəlmiş cahanə, xəstəliklər
bəhanə..." Bu ifadəni ilk dəfə Türkiyədə eşidəndə
mənasının dərinliyinə
görə o andaca ürəyimə yazıldı.
Amma bilməzdim ki, bu təbir 2 ay öncə haqq dünyasına qovuşmuş böyük
elm adamı, professor Babək
Qurbanovun həyatda olmadığı zaman, iyunun 9-da tamam olan 80 yaşının tamamından üç gün əvvəl qələmə aldığım
xatirəyə başlıq
olaraq seçəcəyəm.
Babək
müəllimsiz günlərdə
yazacağım xatirəmə
bir başlıq da bulmuşdum: "Öz ürəyindən başqa kimsənin ürəyini sındırmayan
insan". Həqiqətən də Babək
müəllimi tanıyan
şəxslərdən bu
alicənab insan barədə neqativ söz duymadım desəm, bəlkə də inanmazlar. Əslində, Babək müəllim
nənki onu tanıyanlara, elə tanımayanlara da öz səhhəti, öz vaxtı-zəhməti
hesabına, "yox"
sözü deyə bilmirdi. "Yox" kəlməsini şəxsiyyətinə belə
sığışdırmazdı. Ona görə də hər kəsin gerçək sevgisini, hörmətini, məhəbbətini
yaşadığı sadə
bir həyat tərzinə, öz körpə qəlbli, duyğusal, həlim, xeyirxahlıq məramı
ilə çırpınan
ürəyinə görə
qazanmış, bütün
bunları şərəflə
daşımışdı. Bu baxımdan da
hər kəs Babək müəllimdən
olduqca məmnun idi. 18 il
çalışdığımız
dost ölkədə kimsə
haqqında pis fikir, nəhs söz demədiyi üçün, onun barəsində də xoş sözlərdən
başqa heç nə eşitmədim desəm, buna inanın. Babək müəllim pis
fikirdən, bəd sözlərdən çox-çox
uzaq dayanan, türk təbiri ilə desək, gerçək Bəyəfəndi
idi. Sözün
əsl mənasında
öz adına, Osman Sarılvəlli ocağına şərəf-şan
qazandıran tərbiyəli,
qanacaqlı, əxlaq qaydalarına riayət edən, bu insani
dəyərləri ünsiyyət
məqamında daim gözləyən, özünü,
sözünün yerini
tanıyıb bilən əsl vətənpərvər, xalq-millət
təəssübü çəkən,
ali duyğularla yaşayan insan idi. 700-dən artıq elmi yazısı, müəllifi olduğu 48
kitabı ilə yanaşı, alicənablığı,
elmdə zirvələr
fəth etməsilə,
üzü nurlu, ipək könüllü,
olduqca səbirli, təmkinli, əsl ziyalı keyfiyyətlərinə
malik şəxsiyyət
kimi yetişməsilə
seçilirdi.
Çoxyönlü, zəngin mütaliəsi ilə özünü o qədər
yüksəltmişdi ki,
elmin və sənətin ayrı-ayrı
sahələri üzrə
məqalələr yazmaq
onun üçün çox asan bir iş idi.
Nə yazacaqdısa, mütləq
o barədə elmi mənbələrni çox
qısa vaxtda sürətlə mütaliə
edib qeydlər apardıqdan sonra əlyazma halında vərəqlərə köçürərdi.
Təbii
ki, vaxtın azlığını nəzərə
alıb məndən kompüterdə bu məqaləni "təmizə
çəkməyimi" xahiş
edərdi. Qeyd etməliyəm
ki, Babək müəllimin 100-lərlə məqaləsini
yazdığım üçün,
həm də ilk oxucusu olaraq fəxr edirdim. Hər bir məqaləsində elmiliyin yüksək səviyyəsi ilə diqqətimi çəkərdi.
Mövzu
baxımından aktual
olduğu üçün
heç bir məqaləsi digərinə
bənzəməzdi. Babək müəllim
istər estetika və etika, istərsə də ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq,
kino və başqa sahələrə,
xalq yaradıcılığı,
muğam və aşıq sənətinə
dair, hər biri mütəfəkkir düşüncəsilə yoğrulmuş
şahanə əsərlər
yazıb. Qeyd etməliyəm
ki bu ayrı-ayrı
elm sahələrindəki özünəməxsus
terminologiyaları yalnız
hədəfində olan
sahə üzrə xırıd edirdi. Mən bu keyfiyyətinə, məqalələrinin yazılmasına
köməyimi əsirgəmədiyim
zamanlarda oxuduqca, heyrət edərdim. Allah Təala ondan
Azərbaycan elminə
başucalığı gətirməsi
üçün bu lütfü əsirgəməmişdi.
Müdrik fikirlərlə cilalanmış
danışığı məqalələrinin
sanbalında da özünü büruzə
verirdi. Boş sözlərdən, saxta fikirlərdən uzaq olan alimimizin
məqalələrinin hər
biri dərin mənalı məzmunla bahəm, aktuallık kəsb etməsi ilə də elm camiasının diqqətini
çəkərdi. Çünki zehni mükəmməl, düşüncəsi dərin
və geniş olanın qələmi də sanballı olar.
Babək müəllimin yoxluğu Azərbaycan və Türkiyə xalqı, xüsusən elmi ictimaiyyəti üçün
böyük itkidir. Sovetlər dönəmində,
rus elmi dünyada tüğyan etdiyi zaman Babək
müəllimin adı
da yuxarı məqamlardan, diqqətçəkici
elmi yazıları sayəsində, aydın duyulmaqda idi. O, Azərbaycan musiqişünaslıq-estetika
elmini həqiqətən
vicdanla, qeyrətlə,
ləyaqətlə təmsil
edirdi. Təəssüf ki, Babək
müəllimin zehnindəki
neçə-neçə fundamental elmi əsər onun möhtəşəm
qələmindən vərəqlərə
köçmədən qaldı.
Nədənsə Babək müəllimin adı gələndə
ilk öncə Xurrəmilər
hərəkatının banisi
və daha sonra Osmanoğlu Babəki hər zaman anıram. Təbiidir
ki, ilk Babək xalq qəhrəmanı, ikinci Babək isə elm fatehi olub, musiqişünaslıq
elmimizə, keçən
əsrin 70-ci illərindən
onu qeyb etdiyimiz günə kimi, sözün həqiqi anlamında, sərkərdəlik vəzifəsini
yerinə yetirib, heyrətamiz düşüncələrini ifadə
edən, qılınc
kimi kəsərli qələmi ilə yorulmadan çalışıb.
Babək müəllim fərqli bir ömür yaşadı. Hətta sirdaşına açmadan,
bir kimsəyə bildirmədən belə dünyanın dərdi-sərini,
problemlərini yalnız
həssas ürəyində
pünhan daşıdı.
Üzündən nur yağsa
da, gözlərinin dərinliklərində böyük
ağrı-acıların, dərd-qəmin lövbər
salması hiss olunurdu.
Hər gün bir otaqda çalışsaq
da, nə qəm idi, nə
dərd idi onun ürək məkanında yuvalanan - bunları heç cür biləmmədim! Bəlkə də məni dərdə salmaması üçün bu barədə bir kəlmə də dilinə gətirmədi.
18 yaş kiçik
olsam da, hər zaman mənə "dayı"
deyərdi. Mən də
eyni müraciətlə
ona "dayı" deyərdim. Son illərə kimi bu müraciət tərzi beləcə davam etdi. Bir gün dedim
ki, ay dayı, heç bilmədik ki, kim-kimin bacısı
oğludur...
Babək müəllimin hər il 10-a yaxın elmi məqaləsi Azərbaycanın jurnal və ya qəzetlərində yayımlansa da, bu barədə məlumat verməyi heç sevməzdi. Təsadüfən ağzından qaçırdığı zaman bilirdim ki, "yenə dayımın məqaləsi çap olunub". Bu səbəblə də deyərdim ki, həmin məqaləni də "Tərcümeyi-hal"ına əlavə edək". Türkiyədə buna "Özkeçmiş" deyirlər. Universitetin personal dairə başqanlığı hər il müəllimlərdən fəaliyyət raportu istədiyi üçün yayınlatdığımız məqalə və ya kitabların adını məcburən siyahıya salırdıq.
Bir neçə simpoziuma Babək müəllimlə dəvət aldığımız (Niğde, Nevşəhər, İstanbul, Antalya, Osmaniyə, Diyarbəkir, Ankara, Trabzon və s.) zaman hörmətli alimimizin ətraflı, aktualığı ilə seçilən, maraqlı çıxışlarının şahidi olaraq qürur hissi keçirmişəm. Müxtəlif elm adamları bu çıxışlardan sonra onunla tanış olmağa can atar, vizit kartlarını, telefon nömrələrini böyük həvəslə Babək müəllimə təqdim edərdilər.
Babək müəllim əsl pedaqoq idi. Tələbələrini elmə həvəsləndirməkdə tayı-bərabəri yox idi. Dərsdən çıxdıqları zaman sinifinə kimi Babək müəllimi təqib edər və müxtəlif suallara cavab almaq istərdilər. Bu hal Babək müəllimin pedaqoji fəaliyyət sahəsindəki parlaq uğuru idi. Hər bir tələbə Babək müəllimə hörmət və ehtiramla yanaşardı. Babək müəllimin çox böyük alim və ustad olmasını isbatlayan bir fakt da tələbələrin ona "Hocaların hocası" demələri idi. Doğrudan da, bu nöqteyi-nəzərdən haqlı idilər, 33 aspirant Babək müəllimin xeyir-duası ilə elmdə yüksələ biliblər, öz sahələrində uğurla fəaliyyət göstərməkdədirlər.
Keçən əsrin 60-cı illərinin sonlarından başlamış, günümüzədək fərqli mətbuat səhifələrində yayımlatdığı fərqli məqalələri köhnəlib saralmış qəzetlərdən xilas edib kirildən təkrar latıncaya köçürməkdə əsas məqsədim bu azman alimimizin külliyyatını bir araya gətirib özünün iştirakı ilə çap etdirmək idi. Bu məqsədlə də bir neçə il bu işlə məşğul oldum və 9 cildlik nəşr halına gətirə bildim. Hər zaman deyirdim ki, ay dayı, bu külliyatı çap etdirməyin vaxtı çoxdan çatıb. Gənc nəslin Babək Qurbanovun zehnindən süzülən, qələmindən çıxan əsərlərlə sistemli tanış olmasına razılıq ver, imkan yarat. O biri işlərini bir kənara qoy, bizi bu xəzinədən məhrum etmə. Təəssüf ki, bu istəyim doğrulmadı. Azərbaycana gedərkən bütün külliyatını "flaş disk"ə köçürüb özünə təqdim edərək dedim: "Dayı, bil ki, tək nüsxədir, o da səndədir. Məndə qalmadı. Vətəndə olduğun zaman redaktə edib nəşriyyata ver, qoy işıq üzü görsün". Lakin məsəl var ki, sən saydığını say, gör fələk nə sayır.
Babək müəllimdəki bir dəyərli keyfiyyət də bu idi ki, heç bir yaxşılığı unutmazdı. Kimdən bir xeyirxahlıq görsə, yəni bəstələrini bir musiqiçi (pianoçulardan professor Həqiqət Məhərrəmova, Əfqan Zəki Saleh, İlqar İmamverdiyev, Fərhat Ağamalızadə) konsertdə çalmış olurdusa və ya adını hər hansı bir elmi dərgidə anırdısa, nə vaxtsa bu əlamətdar hadisəni özünün məqalələrinin bir yerində mütləq qeyd edər, həmin şəxsi sevindirməkdən həzz alardı.
Ağayana bir ömür yaşayan Babək müəllim, məncə, bir kimsənin qarşısında günahkar olmadı. Çünki doğru-dürüst, kamil şəxsiyyət kimi yaşamağı özünə məram seçmişdi. Göründüyü kimi oldu, olduğu kimi göründü. Kimsəyə əziyyət verməyib, qəlbini sındırmadı. Edilən savab işlərin qarşılığını, əvəzini hər zaman verməyə çalışardı. Babək müəllim heç kəsin qarşısında boynubükük qalmadı. Ən sonda bir can borcu var idi, onu da 28 martda Allah Təalaya əmanət verdi, onu sevənləri tərk edib, karvanını bu nahaq dünyadan haqq dünyasına çəkdi. Allah sənə rəhmət eləsin, ay Babək müəllim, ay dayı! 80 yaşın tamam olur və bu yubileyini doğmaların, əzizlərin, dostların, etibarlı həmkarların kövrələrək, ürəkləri nisgillə dolmuş halda, sənsiz qeyd edirlər.
İlqar CƏMİLOĞLU - İMAMVERDİYEV
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru
06.06.2019
525-ci qəzet.- 2019.- 14 iyun.- S.11.