Məhəbbətlə yaşanan təkrarsız sənətkar ömrü

 

Həyatda əlamətdar görüşlər olur. Elə görüşlər ki, onların bəxş etdiyi güclü enerji bütün həyatına nüfuz edir. Mən onları Taleyin bəxşişi adlandırardım. Nə yaxşı, həmin bəxşişlərdən mənə də pay düşüb. Nurlu, alicənab, qəlbi büllur kimi saf, şərəfli sənətkar Ədilə Hüseynzadə ilə görüş məhz belələrindən idi. "İnsanda hər şey gözəl olmalıdır: onun siması da, libası da, qəlbi də, fikirləri də". Ədilə xanım haqqında düşünərkən hər zaman Çexovun bu məşhur deyimi yadıma düşür. Xoşbəxtəm ki, onunla Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimim kimi ünsiyyətdə olmuşam, onun musiqi, bəstəkarlıq peşəsinə dair müdrik tövsiyələrindən bəhrələnmişəm. Məktəbi bitirdikdən sonra münasibətlərimiz davam edib: onu özümə çox yaxın insan, həmdəm, dost bilmişəm. Sonralar Ədilə xanımın yaradıcılığını tədqiq etmək də mənə nəsib olub. Ədilə Hüseynzadə maraqlı, dolğun bir həyat yaşadı. O, Azərbaycanda, ümumən müsəlman Şərqində ilk qadın bəstəkarlardan biri idi. Birincilərdən olmaq isə şərəfli, lakin şərəfli olduğu qədər məsuliyyətli bir işdir: neçə-neçə maneə, stereotip dəf olunmalıdır! Bu yolda Ədilə xanıma ən böyük dəstəkçi Üzeyir Hacıbəyli olub. Bəstəkarlıq məktəbimizin banisi, pedaqoq, alim, dramaturq, publisist, siyasi xadim, 101 il öncə qurulmuş Azərbaycan Demokratik Respublikasının fəallarından biri olan Üzeyir bəyin yaradıcılığında qadın azadlığı mövzusu önəmli yer tuturdu. Öz publisistik məqalələrində də, 1920-ci il bolşevik işğalına qədər yaratdığı üç operettasında da o, qadının öz aqibətini müəyyənləşdirmək haqqını təsbit edirdi. Bu mənada o, böyük maarifpərvələr - Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev və digərlərinin ideyalarının davamçısı kimi çıxış edirdi. Hələ XIX əsrdə Mirzə Fətəli Axundzadə qadınlara nəinki təhsil vermək, habelə onlara "dövləti idarə etmək elminin əsaslarını" öyrətməyin zəruriliyi barədə söz açmışdı. Yeri gəlmişkən, bu fikri mən Azərbaycan qadınları arasında ilk pedaqogika üzrə elmlər namizədi - nənəm Zümrüd Axundovanın "Azərbaycanda qadın təhsili tarixindən (1900-1914-cü illər)" adlı dissertasiyasından əxz etmişəm.

Məhz Üzeyir Hacıbəylinin təşəbbüsü ilə istedadlı azərbaycanlı qadınlar - Ağabacı Rzayeva, Şəfiqə Axundova, Elmira Nəzirova ötən əsrin birinci yarısında sənətə gəldilər, yeni Azərbaycan mədəniyyətinin qurulması işində kişi həmkarları ilə çiyin-çiyinə çalışıb, əhəmiyyətli uğurlar qazandılar. Ədilə Hüseynzadə bu sırada xüsusi yer tutur. Onun bioqrafiyası XX əsr Azərbaycan tarixinin dramatik olaylarını, mürəkkəb zamanın əlamətlərini aynatək əks etdirir.

Ədilə xanım sənətsevər bir ailədə dünyaya göz açmışdı. Onun anası Zeynəb xanım heç zaman çadra örtməyib, tanınmış maarifpərvər Şəfiqə Əfəndizadənin təşkil etdiyi savadsızlığın ləğv olunması kurslarında oxuyub. Ailənin bütün övladları - üç bacı, bir qardaş Avropa tipli musiqi təhsili almış, o zaman təzəcə yaradılan, direktoru Üzeyir Hacıbəyli olan musiqi məktəbində oxumuşlar.

Əvvəl-əvvəl fizika və lirikanın mübarizəsində texniki elmlərə meyl qalib gəlir: Ədilə xanım Sənaye İnstitutunu (indiki Azərbaycan Neft Akademiyasını) kimyaçı, mühəndis-texnoloq ixtisası üzrə bitirir. Onun həyatında kəskin dönüş 1942-ci ildə baş verir. "Musiqi ilə ayrılığa" dözə bilməyən, avazla oxumağı sevən Ədilə xanım - o zaman artıq üç uşaq anası konservatoriyanın rektoru Üzeyir Hacıbəyli ilə görüşüb, ona ürəyində gəzdirdiyi arzunu açır: "Musiqisiz yaşaya bilmirəm!" Rektorun çağırdığı komissiya Ədilənin məlahətli metso-sopranosunu dəyərləndirib, onu konservatoriyanın vokal şöbəsinə qəbul edir.

Bir dəfə Üzeyir bəyin kabinetinin yanından ötərkən Ədilə xanım ustadın cavan bir qızla piano arxasında məşğul olduğunu görür. Bəlli olur ki, bu xanım Üzeyir bəyin bəstəkarlıq sinfinin tələbəsidir. Bu xəbər gənc Ədiləni çox təəccübləndirir: "Qadın da bəstəkar olarmış?" O da musiqi yazmaq həvəsinə düşür: ilk mahnısını - "Yadigar"ı bəstələyib, Üzeyir bəyə göstərməyə cürət edir və - möcüzə! - böyük sənətkarın sinfinə qəbul olunur. Tədricən Ədilə xanımın öz duyğularını səslər vasitəsilə ifadə etmək istəyi ön plana çəkilir. Amma onun vokalçı kimi bioqrafiyasının ən azı bir faktı diqqətəlayiqdir: 1945-ci ildə II Cahan Müharibəsi bitəndən sonra ekranlara çıxan dünyaca məşhur "Arşın mal alan" filmində Asiyanın vokal partiyasını məhz Ədilə Hüseynzadə səsləndirmişdi.

Onu da qeyd edim ki, Ədilə xanım Üzeyir bəyi həmişə böyük ehtiramla xatırlayır, onu "Peyğəmbər kimi insan, maestro, böyük dost" adlandırırdı. Ustadı haqqında danışanda həmişə duyğulanardı, üzünü də indiyədək unutmadığım o bənzərsiz təbəssüm işıqlandırardı...

İlk nəzərdə gənc yaradıcı xanımın həyatı qayğısız görünür, amma yaraşıqlı fasad arxasında o qədər dramatik hadisələr gizlənir!

Repressiyaların tüğyan etdiyi 1937-ci ilin qara buludları Ədilə Hüseynzadənin ailəsindən də yan keçmir. Həmin ildə onun ən doğma insanları - atası, anası, iki bacısı və qardaşı İran pasportlarına malik olduqlarına görə Arazın o tayına - İrana sürgün edildilər, Ədilə xanım isə ailəli, artıq o zaman ana olduğundan həyat yoldaşı ilə birlikdə Bakıda qərar tutdu. O illərə dönərək Ədilə xanım "Vətənimdə qərib qaldım", - söyləyərdi. Onu da deməliyəm ki, Ədilə Hüseynzadənin bütövlükdə nur dolu musiqisində daim kədər notları eşidilir: bu da, zənnimcə, elə bəstəkarın şəxsi həyəcanları, doğmalarından ayrı düşməsi ilə əlaqədardır.

Onun ilk yaradıcılıq nümunəsilə bağlı kövrək bir məqam var. Qərib ölkədə Azərbaycan radiosunu həsrətlə dinləməkdə təskinlik tapan Ədilə xanımın atası onun "Vəslin həvəsi" romansını Bülbülün ifasında eşidib duyğulanmış, öz qızının uğurlarına görə fərəhlənmişdi. Bir neçə gün sonra isə o, dünyasını dəyişmişdi...

40-cı illərin ortalarında artıq Ədilə Hüseynzadə bir bəstəkar kimi tanınır. Zaqafqaziya respublikaları musiqi incəsənəti dekadası kimi miqyaslı festivalda (Tbilisi, 1944) onun əsərləri böyük rəğbətlə qarşılanır. Moskvanın "İzvestiya" qəzeti (7 fevral 1945-ci il) o zaman yazırdı: "Azərbaycanda bir çox gənc bəstəkar qadınların - Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Şəfiqə Axundova və başqalarının sənətə gəlişi xoş hadisədir. Onların əsərləri dekadada özünə layiq müvəffəqiyyət qazanmışdır".

Ədilə xanımın həyatı sanki öz məcrasını tapır, arzuları gerçəkləşməyə başlayır: o, Bəstəkarlar İttifaqına üzv seçilir, əsərləri səslənir, hətta Azərbaycan himninin yazılışı ilə bağlı müsabiqəyə də cəlb olunur. Lakin 1948-ci il Ədilə Hüseynzadə və onun tələbə həmkarları üçün ağır sınaq ili olur. Belə ki, ÜİK(b)P MK-nın (Kommunist Partiyası Mərkəzi Komitəsinin) "V.Muradelinin "Böyük dostluq" operası haqqında" bədnam qərarından sonra Azərbaycanın gənc bəstəkarlarının realizmdən uzaq olmaqda - formalizmdə ittihamlandırılması kampaniyası başlanır. 1948-ci il fevralın 20-də "Kommunist" qəzeti yazırdı: "Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Adil Gəray kimi tələbələrin əsərlərində mücərrədlik geniş yer tutur. Bunların nəticəsində bir sıra tələbələrə rus və qərb klassik musiqisinin ən yaxşı ənənələrinə hörmət hissi aşılanmır, onlar xalq yaradıcılığına məhəbbət ruhunda tərbiyə edilmirlər". Əlbəttə, bu ittihamların adı çəkilən bəstəkarlara şamil olunmasının əsassızlığı aydındır.

Daha bir zərbə 1948-ci ildə artıq 4-cü kurs tələbəsi olan Ədilə Hüseynzadənin oxuduğu nəzəriyyə və bəstəkarlıq fakültəsinin Azərbaycan şöbəsinin (AZO) qəfildən bağlanması olur. Həmin xüsusi bəstəkarlıq şöbəsində tələbələr Azərbaycan milli musiqisinin - muğamların qanunauyğunluqlarını Üzeyir Hacıbəylinin rəhbərliyi altında dərindən mənimsəyib, monodik təfəkkür tipini Avropa musiqi sistemi ilə üzvi uzlaşdırılması yollarını arayıb axtarırdılar. Məqsəd o zaman qərb musiqisini özü üçün kəşf etməyə başlayan gəncləri milli köklərdən uzaqlaşması təhlükəsindən qorumaq idi. Həmin dərslərin mahiyyətini Qara Qarayev gözəl ifadə etmişdir: "Üzeyir bəy mənim milli qəlbim naminə mübarizə aparırdı". Lakin 40-cı illərdə bu təhsil konsepsiyası da sovet ideologiyasının məqsədləri ilə ziddiyyətə girir.

Ədilə xanım ruhdan düşmür: 1948-ci ildə bütün fənlər üzrə qısa müddətdə imtahan verib, yenidən konservatoriyanın 1-ci kursuna qəbul olunur. 1953-cü ildə konservatoriyanı bitirən Ədilə Hüseynzadə bəstəkarlıq üzrə peşəkar təhsil almış ilk azərbaycanlı xanım olur. Onun müəllimi Boris Zeydman - Rimski-Korsakovun tələbəsi Maksimilian Şteynberqin sinfini bitirmişdi. Odur, Zeydmanın tələbələri, o cümlədən, Ədilə xanım, özlərini Rimski-Korsakovun nəticələri adlandırırdılar.

Həmin 1953-cü ildən Ədilə Hüseynzadə Konservatoriya nəzdində onillik musiqi məktəbində (sonralar Bülbül adına orta ixtisas musiqi məktəbi adlandırılır) "uşaq yaradıcılığı" fənnindən dərs demiş, neçə-neçə gəncə bəstəkarlıq peşəsinin əlifbasını öyrətmişdir. Otuz ildən artıq davam edən pedaqoji fəaliyyəti ərzində (1986-cı ilə kimi) Ədilə Hüseynzadənin sinfində Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova, Rəşid Əfəndiyev (Nəsiboğlu), Azad Zahid və başqaları oxumuşdur.

Buradaca mən Ədilə xanım - müəllimim haqda xatirələrə dönmək istərdim. Etiraf edim ki, əvvəlcə biz, Bülbül adına musiqi məktəbinin "nəzəriyyə" şöbəsinin şagirdləri, bu dərslərin bütün əhəmiyyətini dərk etmir, hətta onları musiqişünaslar üçün qeyri-məcburi sayırdıq. Lakin müəllimimizin həssas rəhbərliyi altında tədricən "kompozisiya" fənninə münasibətimizi dəyişdik. Bizdə musiqi bəstələməyə həvəs oyandı. İndi mənə tamamilə aydındır ki, musiqi barədə səriştəli fikir söyləmək üçün tədqiqatçıya əsər yazmağın daxili mexanizmini bilmək və duymaq nə qədər vacibdir.

Ədilə xanım heç zaman təzyiq etmirdi, bəsit bəstələrimi səbirlə dinlədikdən sonra nəzakətli tərzdə müəyyən göstərişlər verirdi. Özü də onun məsləhəti ilə əlavə olunan "naxışlar", bir qayda olaraq, əsərin simasını yaxşılığa doğru dəyişdirirdi. Ədilə xanımın sinfində təhsilimi piano sonatası ilə bitirdim və...gözləmədiyim təqdirdə buraxılış imtahanında məktəbimizin direktoru Nazim Əliverdibəyovdan belə bir təklif eşitdim: "Heç də pis deyil... Bəlkə sənədlərinizi konservatoriyanın bəstəkarlıq şöbəsinə verəsiniz?"

Əlbəttə, mən artıq məşğul olacağım ixtisas barədə qəti qərar qəbul etmişdim, amma nə gizlədim, sevindim: deməli, məşğələlərimiz hədər getməyib. Bu uğurumu Ədilə xanımın səbir, zəhmət və müəllim məharətinin nəticəsi kimi dəyərləndirirdim...

Ədilə Hüseynzadənin yaradıcılıq irsi musiqinin bir çox janrlarını ehtiva edir. Burada iri xor əsərləri də, instrumental musiqinin ən ali formaları - simfonik poema, simli kvartet, sonata da var. Paris konsertində bəstəkarın violonçel və piano üçün Sonatinası A.Miltıx və S.Tağızadə tərəfindən şövqlə ifa olundu. Bu əsər tammetrajlı bir sonata da adlandırıla bilər. Çünki burada biz İnsan konsepsiyasının bütün təzahürlərini - lirik duyğularla yaşayan, düşüncələrə dalan, həyatdan zövq alan insanı görürük. Sonatinanı dinləyəndə Marina Tsvetayevanın bir misrası yada düşürdü: "Violonçel qəlbimin qəlbidir".

Vokal sənətinin sirlərinə bələd olan Ədilə xanım romansa, mahnıya daha böyük önəm verirdi. Paris konsertinin proqramında Ədilə Hüseynzadənin həm erkən vokal əsərləri, "Yadigar" (söz: İ.Soltanındır), "Gül" (söz: A.Puşkinindir) miniatürləri, Nizaminin sözlərinə bəstələdiyi "Vəslin həvəsi" romans-qəzəli, həm də vokal lirikasının zirvəsi - "Duyğular" silsiləsindən fraqmentlər təqdim olundu

Ümumiyyətlə, əsl poeziya xiridarı kimi bəstəkarın ən mühüm keyfiyyətlərindən biri şeirə, sözə son dərəcə həssas münasibətdir: romansların əksəriyyətində məhz söz, ona adekvat ifadəli intonasiya tapmaq cəhdləri əsasdır. Odur, onun vokal miniatürlərini "səs və fortepiano üçün şeir" adlandırmaq daha düzgün olardı. Alman musiqisində tətbiq olunan kunstlied, fransız musiqisində intişar tapmış melodie janr atribusiyasına da üz tutmaq olar.

Öz silsiləsində heç də təsadüfi olmayaraq Ədilə Hüseynzadə, ədəbiyyatşünas Məmməd Arifin təbirincə desək, "fikir poeziyasının yaradıcısı" Rəsul Rzanın əsərlərinə üz tutur.

Proqramın "Duyğular" silsiləsinin (sözlər: Rəsul Rza və Nigar Rəfibəylinindir) lirik kulminasiyası olan "Mənim arzum" monoloqu ilə açılması rəmzi məna daşıyırdı. Demək olar ki, burada bəstəkar şairin ardınca öz əsas fikirlərini, amallarını səsləndirir:

Mən nə istəyirəm? / Ciyər dolusu hava,/ Könül dolusu sevinc./ Bəzən də bir az kədər./ Elə ki, könlüm də, qəlbim də, beynim də sevincin qədrini bilsinlər...

Sonda bir də səslənən "Mən nə istəyirəm?" sualı belə cavablandırılır: Yaradıcı əməklə dolu ömür/ Şəfqətli həyat! Mübarizəli, dinc!

Həqiqətən də yaradıcılıqla dolu həyat bəstəkarın əsas amalı idi. Ədilə xanım peyzaj və ya intim xarakterli lirika ilə məhdudlaşmayaraq dramatik səslənməyə malik mövzulara da diqqət yetirmişdi. Bu baxımdan konsertdə səslənən "Gözlərin matəmi. Xirosima!.." balladası maraqlıdır. Bəstəkarı Rəsul Rzanın şeiri həm yaradıcı insan, həm də qadın, ana kimi çox həyəcanlandırmışdı. Axı şeirin mərkəzi obrazı günahsız bir uşaqdır. Atom bombardmanından zərər çəkmiş bir qızcığazın acı taleyi timsalında Azərbaycan sənətçiləri çox önəmli bir mövzuya toxunurlar: minlərlə insanın faciəsinə bais müharibələrə qarşı qəti etiraz ifadə edirlər. Bəli, bu gün də müharibələrin əsas qurbanları uşaqlardır. Azərbaycanda Xocalı soyqırımı zamanı neçə-neçə uşaq məhv edilmişdir!

Nəhayət, mən "Məhəbbətlə doğulmuşam anadan" vokal miniatürünü də qeyd etməliyəm. Bu miniatür bəstəkarın uzun illər əməkdaşlıq etdiyi lirik duyğular şairəsi Nigar Rəfibəylinin sözlərinə bəstələnib:

Ölümdən qorxmuram, cəfadan,

zülmdən qorxmuram,

Bircə məhəbbət yarasıdır

ürəyimi qanadan,

Elə bil məhəbbətlə

doğulmuşam anadan.

Bircə gün sevilməsəm,

bulud kimi dolaram.

Bircə gün sevilməsəm,

çiçək kimi solaram.

Bircə gün sevilməsəm,

bir anda məhv olaram.

Mən müəllimim Ədilə Hüseynzadə haqqında kitabımı "Məhəbbətlə doğulmuşam" adlandırdım və bu, heç də təsadüfi deyil. Bu sözlər zəngin daxili aləmə malik gözəl, zərif, bəstəkar, həssas müəllim, ilk əvvəl bizim praqmatik zamanda, deyəsən, birdəfəlik itirilmiş ali mənəvi keyfiyyətlər sahibi olan uca insan, şəxsiyyət Ədilə Hüseynzadənin bütün həyatının devizi ola bilərdi. O insanın ki, Vətəninin, musiqinin, həyatın vurğunu idi və öz sevgisini hamıya - dinləyicilərinə, həmkarlarına, tələbələrinə səxavətlə, geniş ürəklə bəxş etməyi bacarmışdı...

Uğurla keçən musiqi gecəsi rəngarəng emosiyalar doğurdu. Dinləyiciləri həm bəstəkarın duyğulu musiqisi, həm də dramatik həyat tarixçəsi həyəcanlandırdı. Buradaca mənim çıxışımın mətnini fransız dilinə tərcümə etmiş Mehri xanıma minnətdarlığımı bildirmək istərdim. Zənnimcə, salona toplaşanlar, fransız dilinə bələd olmayanlar belə, fransızca səsləndirilən poetik misraların gözəlliyi və məxsusi musiqisindən zövq aldılar.

Haşiyə çıxıb qeyd etməliyəm ki, təxminən elə konsertlə eyni zamanda Parisdə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə "Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi" mövzusunda seminar keçirildi. Seminar da Azərbaycanda qadına səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuşdu. Həmin mötəbər toplantıda ölkəmizi Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Sahibə Qafarova, BDU-nun professoru Lətifə Əliyeva təmsil etdilər.

Tariximizin önəmli hadisəsinə həsr olunmuş musiqi gecəsinin məntiqi davamı ölkəmizin Fransadakı səfirliyinin yardımı ilə baş tutan Sen-Klu qəbiristanlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri - Əlimərdan bəy Topçubaşov və Ceyhun bəy Hacıbəylinin məzarlarının ziyarəti oldu. Axı məhz həmin şərəfli insanların sayəsində biz bu gün qadınlarımızın cəmiyyətdə statusunu yüksəldən qanunun bir əsrlik yubileyini qeyd edirik - böyük fərəh, sevinc, həyəcan və sözlə ifadə edilməsi çətin olan heyrətlə qeyd edirik.

 

 

Zümrüd DADAŞZADƏ

Əməkdar incəsənət xadimi, professor

 

525-ci qəzet.- 2019.- 14 iyun.- S.8-9.