Ədilə Hüseynzadənin musiqisi Parisdə səsləndi
Bu yaxınlarda Fransanın paytaxtı Parisdə, şəhərin simvolu sayılan Eyfel qülləsinin qoynunda yerləşən möhtəşəm Azərbaycan Mədəniyyət Mərkəzində ilk qadın bəstəkarlarımızdan biri - Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsert keçirildi. Konsert tariximizin əlamətdar səhifəsi - qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuşdu. Bu musiqi gecəsi Azərbaycanın Fransadakı Səfirliyi, Azərbaycanın Dostları Assosiasiyası və Parisdəki "Azərbaycan Evi" tərəfindən təşkil edilmişdi.
Gecənin başlanğıcında Parisdə "Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva bütün qonaqları səmimiyyətlə salamladı. Sonra ölkəmizin Fransadakı Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Vaqif Ağayev çıxış edərək auditoriyanı Şərqdə ilk demokratik respublika olan ADR-in tarixi və əsas nailiyyətləri haqda məlumatlandırdı.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan nümayəndə heyətinin Paris Sülh konfransında fəaliyyətindən, iki ölkə arasında münasibətlərdən söz açdı. O, qardaşlaşmış şəhərlər mövzusuna da diqqət yetirdi.
Ü.Hacıbəyli adına BMA-nın professoru, musiqişünas Zümrüd Dadaşzadənin peşəkar bəstəkar təhsili almış ilk azərbaycanlı xanım - Ədilə Hüseynzadənin yaradıcılıq yolunu işıqlandıran məruzəsi maraqla dinlənildi.
Gecənin proqramı bəstəkarın işarəvi əsərlərini - instrumental opuslar, mahnı və romanslar, Rəsul Rza və Nigar Rəfibəylinin şeirlərinə yazılmış "Duyğular" silsiləsinin ayrı-ayrı miniatürlərini özündə ehtiva edirdi. Ədilə xanımın vokal lirikası Azərbaycan bəstəkarlarının musiqisini xaricdə fəal təbliğ edən Xalq artisti Fidan Hacıyevanın ifasında təqdim olundu. Müğənni öz emosional, duyğulu təfsiri ilə müxtəlifdilli auditoriyanı ehtizaza gətirə bildi. Vokalçının həssas tərəf-müqabili rolunda həmin axşam beynəlxalq müsabiqələr laureatı pianoçu Səidə Tağızadə çıxış etdi. O, həmçinin, Ədilə Hüseynzadənin az səslənən, biçimli formanı milli intonasiyalarla uzlaşdıran fortepiano fuqasını mahiranə ifa etdi. Əməkdar artist Aleksey Miltıx - Səidə Tağızadə duetinin ilhamlı təfsirində Ədilə Hüseynzadənin violonçel və fortepiano üçün Sonatinası proqramın yaraşığı oldu.
Böyük uğurla keçən gecənin sonunda bəstəkarın nəvəsi Səbinə Əliyeva söz alaraq bütün təşkilatçılara və konsertin icraçılarına, istedadlı musiqiçilərə, habelə Ədilə Hüseynzadənin etibarlı tələbələri - bəstəkar Elnarə Dadaşovaya, musiqişünaslar Zümrüd Dadaşzadəyə, Lalə Hüseynovaya Ədilə xanımın xatirəsini yaşatdırdıqları üçün dərin minnətdarlığını bildirdi.
Azərbaycan Mədəniyyət Mərkəzinin konsert zalının foyesində Ədilə Hüseynzadənin əsərlərinin kompakt-diskləri, not materialları, habelə Z.Dadaşzadənin yenicə işıq üzü görmüş "Bəstəkar Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam" monoqrafiyasının nüsxələri sərgiləndi.
Professor Zümrüd Dadaşzadənin
Ədilə xanımın həyat və sənət yolu, şəxsiyyəti,
yaradıcılığının xüsusiyyətləri
haqqında fikirlərini, həmçinin, Paris
səfəri ilə bağlı təəssüratlarını
oxuculara təqdim edirik.
525-ci qəzet.- 2019.- 14 iyun.- S.8.