Ekstremizm, radikalizm, terrorizm
İSLAMA
QARŞI YÖNƏLƏN SİYASİ DAMĞALARİN
MAHİYYƏTİ
Müasir dövrümüzdə dini
radikalizm dünya miqyasında narahatlığa
səbəb olan əsas problemlərdən
biridir. Bu gün
bir çox ölkələrdə dini
radikalizm məzhəblər
və dinlərarası
dözümsüzlük, zorakılıq,
eləcə də dini motivlərlə törədilən terror aktlarında
təzahür edir.
Strateji baxımdan
olduqca əhəmiyyətli
mövqedə yerləşən
və əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət
olan Azərbaycan üçün də bu təhlükə kifayət qədər aktualdır.
İyunun
10-da "Kaspi" Geosiyasi
Araşdırmalar Mərkəzi
İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində
keçirilən "Dini
radikalizmə qarşı
mübarizə yolları"
adlı konfrans da elə bu
mövzuya həsr olunmuşdur.
Konfransda alimlər, jurnalistlər, İlahiyyat İnstitutunun müəllim və tələbə heyəti
iştirak edirdi.
Tədbirdə müzakirə olunan
məsələlər, ekstremizm,
radikalizm və terrorizmə qarşı mübarizə aparmaq üçün irəli sürülən fikirlər
və səsləndirilən
təkliflər barədə
daha ətraflı məlumat almaq məqsədilə konfransda
əsas məruzəçi
kimi çıxış
edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, fəlsəfə
elmləri doktoru,
professor Rafiq Əliyevlə
görüşüb söhbət
etdik.
- Rafiq müəllim, istərdik ki, öncə oxucularımıza
son vaxtlar kütləvi
informasiya vasitələrində
tez-tez rast gəlinən ekstremizm, radikalizm və terrorizm anlayışlarının
əsl mahiyyətini açıqlayasınız. Bu məfhumları bir-birindən
fərqləndirən və
bir-birilə bağlayan
amillər hansılardır?
- Ekstremizm, radikalizm və terrorizm anlayışları son illər
kütləvi informasiya
vasitələrinin gündəmindən
düşməyən, sadə
vətəndaşdan tutmuş
yüksək post tutan
məmurlara qədər
hər kəsi narahat edən və ən əsası hələ də məğzi tam açılmayan mövzulardandır.
Sizin vasitənizlə üzümü
oxuculara tutub söyləmək istəyirəm
ki, əslində ekstremizm, radikalizm və terrorizm eyni zəncirin halqalarıdır. Amma onların
hər birinin mahiyyətinə vardıqda
aydın olur ki, bu terminlər
təkcə dinə
aid edilməməli, eyni
zamanda, cəmiyyətin,
ölkənin, dövlətin
həyatında, beynəlxalq
əlaqələrdə mövcud
olan hadisələrdə
də axtarılmalıdır.
Çox təəssüflər
olsun ki, bu gün dinin
özünə, onun daşıyıcılarına qarşı
yönələn siyasi-ideoloji
dözümsüzlük, terrorizm,
hətta müharibələri
nəzərə almadan
dünyada, xüsusilə
islam ölkələrində,
Avropa qitəsində baş verənlərin hamısını neqativləşdirib,
necə deyərlər,
islamın, onun ardıcıllarının ayağına
yazır, müsəlmanları
bütün bəlalarla,
hətta Avropa ölkələrində gündən-günə
artan kasıbçılıq,
işsizlik və Avropanın siyasi-ideoloji landşaftının dəyişməsi
kimi problemlərlə
əlaqələndirirlər. Bütün bunlar dinin ardıcıllarının
ekstremizmdən dini radikalizm fazasına keçməsini şərtləndirən
amillər kimi qiymətləndirilməlidir. Bunlar isə tamamilə fərqli-fərqli anlayışlardır.
Ekstremizm
birinin digərinin fikrini, ideyasını qəbul etməmək mənasında işlədillir
və bu, normal hal hesab olunmalıdır.
Hamının fikri eyni ola
bilməz. Müxtəlif dini, siyasi cərəyanlar, məzhəblər
mövcuddur. Bu müxtəlifliyi biz qəbul
etməli və anlamalıyıq. Radikalizm isə
ikinci mərhələ
olaraq əslində, öz ideyasını başqasına zorla qəbul etdirmək məqsədinə xidmət
edir. Terrorizmin mənasına gəlincə,
düşünürəm ki, bu, hər
kəsə bəllidir.
Həmin anlayış
haqqında birmənalı
tərif mövcud olmasa da, böyük
əksəriyyətin gəldiyi
qənaət budur ki, o, din pərdəsi altında siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə
çatmaq üçün
dini-siyasi qruplaşmaların
qanuna və dinə zidd olan zorun, gücün,
hədənin tətbiq
olunması cəhdlərindən
irəli gələn
son addımdır ki,
o da ciddi qarşıdurmaya, konfliktə,
hətta müharibəyə
belə səbəb ola bilən vəziyyətin əsasını
təşkil edir.
- Qeyd etdiniz ki,
dünyada baş verən bütün neqativ halların səbəbini nədənsə
islam dinində
və onun ardıcıllarında axtarmağa
çalışırlar. Sizcə, bu,
beynəlxalq aləmdəki
münasibətləri daha
da gərginləşdirmi?
- Əlbəttə, gərginləşdirir. Dinə qarşı
yönələn siyasi-ideoloji
radikalizm, terrorizm vəziyyəti çox gərginləşdirir. Nəticədə
ortaya ciddi problemler çıxır.
Necə deyərlər, "Daş
qayaya rast gəlib". İslam dininin
tərəfdarları (onları
"islamçılar" adlandırırlar) ilə
millətçi radikallar
(onları da "radikal millətçilər"
adlandırmaq olar) arasında ciddi mübarizə, güc tətbiq etməklə müşahidə olunan ictimai fəsadlara gətirib çıxarır.
Bu isə, gördüyümüz
kimi, getdikcə
yüksələn xətt
üzrə inkişaf
edir. Bu, ekstremizmdən
terrorizmə aparan yolda ən dəhşətli
mərhələdir.
- Amma bir məqamı
unutmayaq ki, baş verən neqativ halları islam dini
ilə əlaqələndirən
əsas amil kimi müsəlman qaçqınlarının Avropaya
axını qeyd edirlər.
- Əslində, razılaşmalıyıq ki, müharibə gedən ölkələrdən insanların qaçqın qismində Avropaya axını və avropalılar üçün yaratdıqları problem çox ciddi amildir. Təqribən 4 milyon miqrantın Avropa ölkələrinə gəlişinin ilkin səbəblərini araşdırmadan onlara hansısa qiymət vermək düzgün olmasa da, miqrantların Avropa dəyərlərinə uyğun gəlməyən hərəkətlərinə qarşı etirazların da əsası var. Amma gəlin etiraf edək ki, Avropada yaşayan adi vətəndaşların Yaxın Şərqdə aparılan müharibələrdə nə rolu, nə də ki, marağı var. Heç onlar da istməzdilər ki, öz yurd-yuvalarını tərk edib din, dil, mentalitet baxımından onlara tamamilə yad olan bir məmləkətdə qaçqınlarla bir məkanda yaşasınlar. Amma nəticədə əziyyət çəkən də onlardır, bir çox problemlərin səbəbkarı da onlardır. Lakin bütün bunların fonunda avropalıların bir hissəsinin radikallaşması, bu zəmində sağ radikal millətçi partiyaların yaradılmasının, uğurlarının səbəbi hakimiyyətə gəlməkdir. Nəticədə bu siyasi-ideoloji mübarizə fonunda islamçılar da fəallaşır, təşkilatlanır, radikallaşırlar. Bu da təbii bir haldır. Azlıq təşkil edənlər həmişə fəal olur, birləşir, ideoloji baza yaradır və bədii dillə ifadə etsək, mübarizləşir, müqavimətlərini artırırlar. Bu, bütün zamanlarda, bütün ölkələrdə, hətta imperiyalarda da belə olub. Azlıq təşkil edən xalqlar həmişə fəal və mübariz olurlar. Yaşadığımız regionda da bunu təsdiqləyən faktlar göz qabağındadır.
- Sizcə, bütün dünyanın aktual probleminə çevrilmiş dini radikalizmə qarşı mübarizə Azərbaycanda qənaətbəxş vəziyyətdədirmi?
- Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən radikalizmə qarşı mübarizə mexanizminin həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülür. 2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun qəbul edilməsi buna sübutdur. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Üstəlik, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti də etnik-mədəni və dini müxtəliflikləri yüksək səviyyədə tənzimləyir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycanda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilsə də, son hadisələr, xurafata yuvarlanmaq, xarici dini-siyasi təsirlərə məruz qalmaq kimi ciddi problemler hələ öz həllini gözləməkdədir. Bu, ümumi dini-siyasi sabitliyə kölgə salan amil kimi qiymətləndirilməlidir.
- Dini radikalizmlə mübarizədə vətəndaş cəmiyyətlərinin və KİV-lərin rolu nə dərəcədə əhəmiyyətlidir?
- Düşünürəm ki, müasir dövrdə Azərbaycanda dini radikalizmlə mübarizə sahəsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin göstərdiyi xidmətlər kifayət qədər əhəmiyyətlidir. Sevindirici haldır ki, qeyri-hökumət təşkilatlarının dini radikalizmlə mübarizəyə həsr etdikləri layihələrin sayı günü-gündən artmaqdadır. Eyni zamanda, kütləvi informasiya vasitələrində bu sahəyə həsr olunan verilişlərin, məqalələrin yayılması böyük əhəmiyyət kəsb edir. Mətbu orqanlarda dini radikalizmlə mübarizəyə həsr olunmuş məqalələrin dərc edilməsi və geniş oxucu auditoriyasına çatdırılması çox böyük rol oynayır. Lakin hələ görüləsi işlərimiz də az deyil. Sakitləşmək üçün əsasımız yoxdur və bu uzun sürən bir davamlı prosesdir.
- Rafiq müəllim, iştirak etdiyiniz konfransda ekstremizm, radikalizm və terrorimzə qarşı mübarizədə yeni fikirlər səsləndirildimi?
- Demək olar ki, iki saat ərzində çox maraqlı söhbətlər, çıxışlar, sual-cavablar oldu. Müzakirə olunan mövzuya aid səsləndirilən hər bir fikir müzakirə mövzusu kimi qəbul edilməlidir. Bütün iştirakçılar sonda belə nəticəyə gəldilər ki, dini radikalizmə qarşı mübarizə yolları haqda danışanda və bu siyasi, qanuni müqavimət formalarını müəyyənləşdirəndə yuxarıda qeyd etdiyim amillər mütləq nəzərə alınmalıdır. Dini radikalizmin hardan qaynaqlandığını, nəyə əsaslandığını, niyə bu fenomenin Avropada bizdən daha kəskin təzahürünün səbəblərini öyrənəndə söylənilən fikirlər bizim təbliğat işimizdə, informasiya məkanında aparası olduğumuz əks təbliğatda önəmi olar.
- Necə düşünürsünüz, bu cür konfransların təşkili gələcəkdə ekstremizm, radikalizm və terrorizmə qarşı mübarizəyə töhfə verə biləcəkmi?
- Əlbəttə. Belə konfransların, toplantıların iştirakçılarının əksəriyyətini gənclər təşkil edir. Onlara düzgün, faktlara əsaslandırılmış istiqamət verilərsə, radikalizmə qarşı mübarizə bir o qədər faydalı, təsirli, başadüşülən olar.
- Gənclər demişkən, cəmiyyətin bu həssas təbəqəsini ekstremizm, dini radikalizm kimi təhlükəli amillərdən necə qoruya bilərik?
- Din əslində, insanın ruhi tələbatının ödənilməsində əvəzolunmaz bir vasitədir. Dini dəyərlər əslində, insanın əxlaq və mənəviyyat baxımından kamilləşməsinə xidmət edir, dinlərdə vətənə, millətə sevgini, mənsub olduğu cəmiyyətə bağlılığı, inancından, milliyətindən, sosial statusundan asılı olmayaraq bütün insanlarla mehriban davranmağı aşılayır. Yetər ki, insan seçdiyi dinin əsl mahiyyətini qavrasın. Amma təəssüf ki, hansı dinin daşıyıcısı olmasından asılı olmayaraq, bəzən insanlar öz inanclarından çıxış edərək ifrata varır, fanatizmə, mövhumata, dözümsüzlüyə meyl edir, cəmiyyətin fərdləri arasında ayrı-seçkilik etməyə çalışırlar. Diqqət yetirsəniz görərsiniz ki, radikal qruplara əsasən cəmiyyətin yoxsul, savadsız, dünyagörüşündə qüsurlar olan təbəqəsinə mənsub insanlar qoşulur. Təəssüf hissi ilə qeyd etməliyik ki, radikal qruplara qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Deməli, radikal dini cərəyanlar öz təbliğatlarını hədəf qrupu olaraq əsasən gənclərə yönəldirlər. Xüsusən də intellektual səviyyəsi yetərincə yüksək olmayan gəncləri onlar asanlıqla manipulyasiya obyektinə çevirirlər. Amma üzümü gənclərimizə tutub demək istəyirəm ki, bütün dinlərin missiyası insanı kamilliyə yüksəltməkdir, insanlar arasında ayrı-seçkilik etmək heç bir dinin konsepsiyasına uyğun gəlmir.
Bu məsələ ilə bağlı onu qeyd etmək vacibdir ki, hansı qitədə, ölkədə olmasından asılı olmayaraq, dinin dövlətdə, cəmiyyətdə mövcudluğunu, vacibliyini qəbul etməli və onun yerini, rolunu, əhəmiyyətini başa düşməliyik. Nə dindarlara, nə də dini radikalizmə qarşı mübarizə aparmaq niyyətində olanlar ifrata yol verməməlidirlər. Biz Avropada katolikliyə qarşı aparılan radikal siyasətin nəticələrini görürük. Dinin təsirinin sıfra endirilməsi nəticəsində bu gün Avropada milli-mənəvi, dini-əxlaqi dəyərlərin iflasını müşahidə edirik. Homoseksualizm, eyni cinslilərin evlənməsi və digər bu kimi mənəviyyata və xüsusilə dinə zidd hallar artıq insanlar tərəfindən normal kimi qəbul edilir. Əminliklə deyə bilərik ki, bu, cəmiyyətə, bəşəriyyətə sonsuz dərəcədə ziyan vuran amildir və milli ideologiyası olmayan Avropa ölkələrində dinə qarşı siyasi radikalizmin və bəzən də siyasi terrorun nəticəsidir. Bu, günümüzün reallığıdır və tarixi dərsdir. Hakimiyyət, cəmiyyət və din dövlətin üç aparıcı sütunudur. Bunları bir-birindən ayırmaq, bir-birinə qarşı qoymaq ciddi ictimai-siyasi gərginliklərə gətirib çıxara bilər. Bunu mütləq nəzərə almaq lazımdır.
Ceyhun ABASOV
525-ci qəzet.- 2019.- 14 iyun.- S.7.