Elnaz Eyvazlının poeziyası: təkrarsız duyğular məkanı

 

 

 

Elnaz Eyvazlı ədəbi prosesdə az görünür, mətbuatda şeirlərilə tez-tez çıxış etmir, ya da mənə elə gəlir, şeirləri ədəbi mətbuatda və saytlarda gözümdən qaçmış da ola bilər.

 

Cəmi iki şeir kitabı nəşr edilib: "Yaxşı ki yaza bilirəm" (2007) və "Kişi etirafı" (2011). Bu kitablar dörd illik bir fasilə ilə işıq üzü görüb. Üçüncü şeirlər kitabının nəşr edilməsi mənə məlum deyil, mətbuatda da bu barədə informasiyaya rast gəlməmişəm, özü ilə də şəxsi tanışlığım yoxdur. Hər halda ikinci şeirlər kitabından səkkiz illik bir zaman keçir, bu zaman içərisində yeni şeirlər yazmaması mümkünsüzdür. Çünki bu şeirləri göstərir ki, poeziya ilə nəfəs alır və yaşayır, şeir onun həyatı, yaşam umududur. Umud isə heç zaman kəsilməz, bulaq kimi axacaq, çağlayacaq. Bu səbəblə ədəbi prosesdə görünməməsi özünün şair həyatını yaşamasından, yaradıcılığa ciddi yanaşmasından da irəli gələ bilər. Ancaq məsələ heç də ədəbi mühitdə görünməkdə də deyil, hər zaman gündəmdə olanlar heç də həmişə ədəbiyyatın faktına çevrilə bilmir. Şairi ədəbiyyat faktına yazdıqları, əsərlərindəki yenilikçilik, malik olduğu ruh, bədii mətnin enerjisi, oxuculara təsiri, özünəməxsus poetik manifestasiyası və onu sonadək inkişaf etdirməsi çevirir. Bu mənada Elnaz Evazlının əlimizdə olan iki kitabı onun poeziyası haqqında müəyyən ədəbi tənqidi fikir söyləməyə imkan verir.

 

Açığı, bütün dövrlərdə olduğu kimi, indi də şeir yazanlar çoxdur; lakin bu yazanlar içərisində öz səsi, öz bədii düşüncə aləmi, orijinal poetik dünyası olanlar o qədər də çox deyil. Əsrimiz intellekt əsridir, indi oxucunu subyektiv, cılız hisslərlə, arzularla aldatmaq, yalançı pafosla məşğul etmək, onun qəlbini oxşamaq, beynində yuva salmaq çox çətindir. Qloballaşan, robotlaşan dünyanın, həyatın və insanın poetik yükünü çəkmək üçün bunlar çox azdır, gərək kədərin, sevincin, həyatın bütün rənglərini göstərə biləsən, özü də səmimiyyətlə, istedadla. İstedadla yanaşı, həyatı dərketmənin yeni ifadə forma və üsullarını da yaxşı biləsən. Elnaz Eyvazlının şeirlərində həyatı əksetdirmədə son dərəcə orijinallıq və özünəməxsusluq var; hər bir şeiri həyatın (həyatının!) bir parçası, lövhəsidir. Lakin bu parça bədii mətn boyu onun həyatından çıxır, hamımızın həyatına dönüşür, sanki yaşadıqlarımızı bizə yenidən yaşadır. Biz bu həyatı sanki bir kərə yaşamışıq. Şeirlərindəki həyatı yaşayaraq təsvir edir, bizə sevdirə bilir, bəlkə buna görə bu həyat bizə doğma, tanış gəlir.

 

Elnaz Eyvazlı poeziyasının əsas xüsusiyyətlərindən biri şeirlərinin poetik ruhunun təbiiliyində və orijinallığındadır. Poetik nəfəsi canlıdır, enerjilidir;  hadisə və predmetlərə tamamilə başqa bir rakursdan baxır, onu hiss edir və görür. Şeirlərinin çoxunda ən adi həyat hadisələrindən söz açır, ancaq bu həyat hadisələrini belə poetikləşdirməyi və məna verməyi bacarır. Fərhad Metenin ölümünə yazdığı "Son mənzilə ilk məktub" şeirində gənc şairin həyatdan vaxtsız getməsini poetik detallarla təsvir edir. Şairin ölümünə ağı demir, vay-şivən qoparmır, çox sakit tərzdə, sanki bu ölümü gözləyirmiş kimi qarşılayır. Ölümünü "mənzilini dəyişməsi" kimi mənalandırır; şeiri sadə bir detal üzərində quraraq şair həyatının gerçəkliklərinə verdiyi poetik mənanı son dərəcə yığcam şəkildə ifadə edir:

 

Salam, dostum, necəsən?

Eşitdim mənzilini dəyişmisən gecə sən.

Sən: "bir azdan-deyirdin-ölüm dəyişəcək yerini,

keçəcək divarın o biri üzünə"

Amma tez dəyişdi,

Bu nə işdi?

Eşitdim, darıxdım,

pəncərəni açdım laybalay.

Qulağıma səs gəldi,

lay-lay balam, a lay-lay.

Adını çəkib çığırmaq istədim, çığıra bilmədim.

Sən deyən kimi pıçıldadım ismini.

 

Elnaz Eyvazlı poeziyasının yenilikçiliyi orasındadır ki, fikirləri və təsvirləri ölçülü, nizamlıdır, süjet və kompozisiya vəhdətdə götürülür, bədiilik və obrazlılığa üstünlük verilir. Konkret poetik məqsəd daşımayan fikir səsləndirilmir, mücərrəd, anlaşılamaz obrazlar yoxdur. Hər şey sanki ölçülüb-biçilmişdir. Amma bu "ölçü-biçi" hiss olunacaq dərəcədə deyil. Bütün bunlar şairin poetik üslubi vasitələrinin rəngarəngliyi ilə başa çatır. Bu üslubi vasitələr içərisində şeirin bədii təsvir və ifadə vasitələri mühüm yer tutur. Onun dili sadə, sadə olduğu qədər obrazlıdır. Sözləri, ifadələri semantik yüklüdür. Poetik obrazlılığın ən bitkin formaları sintaktik vasitələrlə ifadə olunur. Poetik təsvir imkanlarının genişliyi, forma yığcamlılığı ideyanın başa çatmasını şərtləndirir. Özünəməxsus şeir dili estetik faktorda bədii sistemliliyi tamamlayır. Allaha xitabları, fikrin ifadəsində sözün elastikliyi və poetikliyi yeni poetik düşüncə aləmini formalaşdırmış olur. Bu cür səmimi şeirlərin, misraların ona Allah tərəfindən verildiyini iddia edən şair bunun üçün "Pis olmadı göndərdiyin, Göydən yerə endirdiyin. Bu gecə dilləndirdiyin, Qulunam mən, sağ ol, Tanrım", - deyə ifadə edir edir.

 

Poeziyada üslubi vasitələr nə qədər çox olarsa, onun dəyərliliyi artmış olar; şeirdə söz, ifadə və söz sırası bu üslubi vasitələri artırmaqla emosionallığı təmin edir. Elnaz Eyvazlı bu vasitələrdən məharətlə istifadə edir. İfadə vasitələrindən tutmuş semantik üslubi vasitələrə qədər şeirin strukturuna təşkilində əsaslı rol oynayır. Bu poetikliyin ilkin meyarlarından biridir. Belədə hər bir misra və ifadələr poetik yüklülük, obrazlılıq qazanır, sətirlərin hər biri həm müstəqil fikir ifadə edir, həm də əvvəlki və sonrakı fikirlərlə bağlanır.

 

Sətirlərdəki hərəkətlilik və dramatizm ideyanın açılması üçün bir vasitə olur. Poetik strukturda əyanilik, görümlülük, inandırıcılıq lakonikliyi şərtləndirir. Bütün bunlar gözlənilməz poetik sonluqla bir qədər də möhkəmlənir, daşlaşır. Şair sevginin özünü deyil, onun gətirdiyi fədakarlıqları təsvir edir. Sevmək fədakarlıqdır, lap elə lirik qəhrəmanının dediyi kimi, "Hər şey cəhənnəm olsun deyib" "cəhənnəmə birlikdə getmək"dir:

 

Aç qollarını,

yum gözlərini.

Bas bağrına körpə kimi.

Çək ciyərlərimə qoxumu,

at içindəki təlaşı, qorxunu.

"Hər şey cəhənnəm olsun", - deyib,

tut əlimdən.

Məktəbli dəftəri kimi

sıxıb sinəmizə günahı,

köksümüzdə çəkdiyimiz acıların ahı.

Tüpürüb əzaba, acıya, qəmə,

birlikdə gedək cəhənnəmə!

 

Elnaz Eyvazlı poeziyasının əsas xüsusiyyətlərindən biri də hadisəni canlandırmaq, adi təsvirlərlə qeyri-adi poetik qənaətlər əldə etməsidir. Bu, onun üslub fərdiliyidir. Fikrimcə, bu üslub fərdiliyi şairin poeziyamızdakı yerini möhkəmləndirə və onu daha görümlü yerə qaldıra bilər.

 

O, şeirdə ənənəvi meyarlardan-obrazyaratmadan, süjetdən istifadə etmir; ancaq sətirlərin hər biri süjetlilik qazanır. Feillərdən maksimum istifadə sətirlərə və fikrin ifadəsinə bir hərəkətlilik gətirir. Obraz burada nişan verilmir, barmaqla göstərilmir, adı ilə çağırılmır; yalnız şeirin sonunda onun kimliyi aydın olur, sözlərlə obrazın portreti çəkilir. Buraya nəyi isə əlavə edib, nəyi isə çıxarmaq olmaz. Hər şey zərgər dəqiqliyi ilə verilir: "Səhər gözlərini açan kimi, barmaqlarının ucunda tərk edər yataq otağını. Evdən işə qaçar ilandan qaçan kimi. Başını işlə, ciyərlərini zəhər, gözlərini siqaret tüstüsüylə aldadar. Bürüyər dumana ətrafını, yalançı xəyallar qurar. Düşünüb-düşünüb arada yumruğunu stola vurar. Çəkər nəzərləri özünə, gülər yalandan iz azdırmaq üçün hamının üzünə..." Yaxud: "Heç nə dəyişməyəcək, heç nə, yenə çıxdığı yerdən çıxacaq Günəş, səhər gecənin ikinci yarısından bir az sonra açılacaq. Yenə günün düz ortasında, ağacların kölgəsi özü boyda olacaq". Şair bu təsvirlərdə heç bir çətinlik çəkmir, söz sırası poetik obrazlılıqla fikir axınını sistemləşdirir və tamamlayır.

 

Şair üçün hər şey potensial obrazlardır, obrazların potensiallığı poetik obrazların əsasını təşkil edir. Onun obrazları həyati detallılıqla xəyaliyin, bədii təxəyyülün sintezindən yaranır. Potensial obrazların şeirdə poetik obraza çevrilməsi güclü poetik tərtibatlılıq sayəsində mümkün olur. Şeirdə tərtibatlılıq ən çox fikir verdiyi cəhətlərdəndir. Qəlbi sevgiylə dolu bəxtsiz bir adamın obrazı son dərəcə sənətkarlıqla yaradılır. Yaxud sevgidən başqa heç nə verə bilməyən adam obrazı da bütün traktovkası ilə yeni, orijinal olduğu kimi, həyati gerçəkliklər üzərində qurulmuşdur. Bir başqa qəhrəmanı isə "beş-altı pal-paltar", bir də bir neçə "maraqlı kitab", "bir dəftərçə, bir qələm" götürüb harasa getmək istəyir, elə yerə ki, heç kim onu tanımasın. Lirik qəhrəmanın mümkün qədər uzağa getməsinin səbəbinin "kədər" olduğu şeirin sonunda məlum olur. Poetik qənaət lirik qəhrəmanın kredosunu müəyyən edir, onun kimliyinə açar salır:

 

Geridə buraxmaq yadları, doğmaları,

Mümkün qədər xatırlamamalı onları,

bilirəm, ölməzlər mənsiz.

Eyyyy! "Qolların vətənimdir", - dediyim adam,

Qərib olacam! Qərib olacam vətənsiz!!!

 

Bəzən onun qəhrəmanları cəmiyyətdən, hamıdan qaçmaq, özü ilə tək qalmaq, düşünmək, "göz yaşında təmizlənmək", "ruhunu durultmaq" istəyir. Bəzən də onlar incidilmiş, itirmiş və itirilmiş adamlar olur. Onun obrazları heç kiminkinə bənzəmir. Heç yaratdığı obrazlar da bir-birinə bənzəmir. Hər bir şeirində yeni obrazlar və obrazlılıqla qarşılaşırıq. Obrazlılıq onun şeir dilinə ekspressivlilik və emosionallıq gətirir. Lirik qəhrəmanın əhvali-ruhiyyəsinə uyğun poetik dilin işlənilməsi semantik vəhdət yaradır. Mürdəşir, qarson, süpürgəçi qadın və b. obrazları şairin bədii düşüncəsində yeni həyatını yaşayır. Süpürgəçi qadının "dumanlı, sönük baxış"larını, "qara, donuq gözlər"ini ölmüş ümidlərin "baş daşı" adlandıran şair onun daşıdığı yükü düşünür və "qırışmış qabarlı əllərin", "didilmiş boyaqsız dırnaqların" mahiyyətinə enərək bənzərsiz obrazını yaratmağa nail olur:

 

Süpürüb yığdığın xəzəl yarpaqlar,

dağınıq, səliqəsiz düşüncələrindir.

Sən toplayırsan, külək dağıdır.

Hərə sənin üçün bir cür maraqsız,

sən hamı üçün birsən.

Hamı üçün bir adın var, bir adın:

"süpürgəçi qadın".

 

E.Eyvazlının şeirlərinin çoxu adsızdır, bu şeirlərdə ad şərti xarakter daşıyır. Ancaq adlı şeirləri də vardır ki, burada poetik güc ada fokuslanmış olur və şeirin adı ilə məzmunu bir-birini tamamlayır. "Yetim yollarımız". "Aparsın səni", "Son xatirə", "Yağış", "Sənin günahların", "Bağışla, bulud" və başqa şeirlərində də poetik məkanda yeni obrazlar görünür. Bu şeirlərində obrazların tablosu çəkilir. Bu cəhətdən Elnaz Eyvazlı şeirlərinin "poeziyanın danışan tablosu" adlandıra bilərik. O, bu şeirlərində sevincin, kədərin, yarın, sevgilinin, sevgisinin qarşılığını görməyən insanların obrazını yaradır. "Bağışla, bulud" şeirində gecə səhərə qədər kədəri ilə baş-başa qalıb sevgisinə ağlayan yarın kədərini buludla müqayisə edir. Bu bədii müqayisə şairə yeni poetik qənaətlərə gəlməyə imkan verir. Buluda üz tutan Yar buludun ondan küsdüyünün səbəbi dünən gecə həsrətin çoxluğundan onun yerinə "yağması"dır və buna görə də ona "mən yağan gecələrdə, sən üzünə pərdə tut", - deyə yalvarır.

 

E.Eyvazlı yalnız sərbəstdə deyil, hecada da kifayət qədər özünü ifadə edə bilir. Ümumiyyətlə, vəzn, forma onun üçün fikrin ifadəsindən başqa bir şey deyil. Fikir hansı formanı tələb edirsə, o formada da yazır. Sərbəstdə olduğu kimi, hecada da şair özünü "suda balıq" kimi hiss edir, istədiyi fikrə poetik məna verməyi və obraz yaratmağı bacarır:

 

Qismətimdən qaçım, yoxsa qaçmayım?!

açılası deyil bu sirr, açmayım.

Nə ağıllı, nə dəliyəm, yox tayım,

bəxt deyil bu, bir qurulmuş tələdi.

 

Biz burada şairin poeziyasının bəzi faktlarına və faktorlarına toxuna bildik. Zəngin məcazlar sistemi və poetik fiqurları, üslub zənginliyi, üslubi-poetik vasitələri etibarilə də onun poeziyası təkrarsızdır. Elnaz Eyvazlı imzası poeziyamızda yeni deyil, ancaq poeziyası hər zaman yenilik duyğusunu özündə daşıyır. Heç kimə bənzəməyən poeziyası artıq ədəbiyyat məkanında özünün yeni həyatını yaşayır. Onun poeziyasını yaşadan sözlərin enerjisi, orijinal poetik ruhu və fikrin bənzərsiz ifadəsidir. İnanırıq ki, oxucuları Elnaz Eyvazlının şeirlərini ədəbi prosesdə daha tez-tez görəcək və bədii yaradıcılıq yolunun inkişafını izləmək imkanı əldə edəcəklər. Biz də bu yolda ona uğurlar diləyirik...

 

Bədirxan ƏHMƏDLİ

 

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.19.