Xoreoqrafiya Akademiyası "Qız qalası"nı təqdim edib

 

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) kolleci xoreoqrafiya təhsili tarixində ilk dəfə olaraq Şərqin ilk professional baleti olan Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti buraxılış tamaşasını nümayiş etdirib.

 

Tamaşanın quruluşçu-baletmeysteri SSRİ Xalq artisti, "Şöhrət" ordeni kavaleri, Dövlət mükafatı laureatı Qəmər Almaszadədir. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarə etdiyi Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə nümayiş olunan tamaşada Bakı Xoreoqrafiya Akademiyası orta ixtisas bakalavr təhsil pillələrinin tələbələri rol alıblar.

 

Solistlər qismində II kurs bakalavr tələbəsi, beynəlxalq müsabiqələr laureatı Seymur Qədiyev (Cahangir xan), I kurs bakalavr tələbəsi, Respublika beynəlxalq müsabiqələr laureatı Murad Kərimov (Polad) kollecin buraxılış kursunun tələbəsi, Qəmər Almaszadə adına Klassik Milli rəqs üzrə I Beynəlxalq müsabiqənin laureatı Zəhra Tanrıverdiyeva (Gülyanaq) çıxış ediblər.

 

Tamaşanın yaradıcı heyətinə müəllim-repetitor Yelena Çernousova, buraxılış kursun müəllimləri Əməkdar artistlər Rimma İskəndərova, Səbinə Qasımova BXA-nın dosenti, Prezident mükafatçısı, Xalq artisti Yusif Qasımov daxildir.

 

Bədii rəhbər "Zirvə", "Qızıl dərviş" "Humay" mükafatları laureatı, Prezident mükafatçısı, Xalq artisti, dosent Kamilla Hüseynovadır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.18.