Moskva: ədəbiyyatın və sənətin beşiyi

 

 

 

İllər əvvəl dünyanın altıda birinin baş şəhəri olan, SSRİ-nin döyünən ürəyi sayılan Moskva həmişə gözümə dərin siyasətin, ən sərt qərarların, oyunların mərkəzi kimi görünüb.

 

Təbii ki, Dostoyevskinin, Tolstoyun, Mayakovskinin, Çexovun, Qoqolun vətəni olduğunu nəzərə almasaq... Müəyyən səbəblərdən bu şəhərə qarşı həmişə önyarğılı olmuşam. Beynimdəki dumanlı fikirlər, əzik-üzük düşüncələrlə enmişdim Domodedovo Hava limanına. Limandan Tverskaya küçəsinə getdiyim saatyarımlıq yolda uşaqlıqdan bu yana olan bütün xatirələr gözümdə canlanmışdı. Şəhərə doğru irəlilədikcə arxitekturası, əl əməyi kimi incə işlənmiş memarlığı, heyranedici gözəlliyi, əsrarəngiz kilsələri, rəngarəngliyi məni necə ağuşuna aldısa, beynimdəki bütün qarmaqarışıq düşüncələri unutdum. Hələ otelə çatmamışdan, dərindən nəfəs alıb, "yaxşı ki, gəldim" dedim. Çünki gördüyüm mənzərələr, yan-yana sıralanaraq insanı tilsimləyən tikililər mənə Dostoyevskinin "Bəyaz gecələr" əsərini xatırlatmışdı. Dahinin Sankt-Peterburq küçələrindəki evlərlə danışmağını, binaların rənglərini dəyişməyini, yanğından canlarını qurtarmaqlarını, bu az deyilmiş kimi bənnadan, ustadan şikayətlənməyini burada iliyimə qədər hiss etmişdim. Hətta üzümdə xoş bir təbəssüm yaranmışdı. Əsəri oxuyanda qəhrəmanı yadırğadığım halda, indi özüm min xəyala dalmışdım. Bu cür yerdə xəyal qurmamaq mümkünsüzdür...

Leninin kölgəsi, Stalinin nəfəsi...

Moskva çayında təknə gəzintisi, Moskvanın sadəcə, daşının, torpağının deyil, suyunun da altun olduğunu sübut etdi. İki saat gediş, iki saat dönüş olmaq şərti ilə dörd saat çayboyu hərəkət etdik. Sağda, solda yerləşən parkları, yaşıllıqları, rəqs edən insanları, nəhəng binaları, nəhəng binaların hündür tağları, geniş küçələrdəki ucsuz-bucaqsız tıxaclar belə insanın gözünə fərqli görünürdü.

Diqqətçəkən məqamlardan biri isə bu qədər dəyişib, inkişaf etməyinə baxmayaraq, hər yandan SSRİ qoxusunun gəlməyi idi. Hələ köhnə küçə, dairə, şosse adlarını göz bəbəkləri kimi qoruyub saxlayırlar. Hər tərəf Leninin, Stalinin, Orconikidzenin, hətta 26 Bakı komissarının adını daşıyan simvollarla doludur. Dairələrdə, lay-lay fasadlarda oraq-çəkiclər, SSRİ-nin gerbi, beşguşəli ulduzlar gözə girir.

Tverskayada qaldığım üçün buradan tez-tez keçməli olurdum. Moskvanın ən məşhur küçəsidir. Dünyanın bahalı brendlərinə məxsus butiklər, gecə klublarının əksəriyyəti burada yerləşir. , əslində, buraya qədər qeyri-adi heç yoxdur. Maraqlı olan bu cür dəbdəbənin, bəzək-düzəyin, hər dörd-beş butikdən, iki-üç gecə klubundan bir kitab mağazalarının yerləşməsidir. Yolun sağında, solunda, addımbaşı kitab mağazası var. Görəsən, ruslar bununla nəyə eyham vururdular?! Kim olursan ol, necə yaşayırsan yaşa, amma kitabsız qalma demək istəyirdilərmi?! Bəlkə ...

Öpüşmək sərbəstdir

Ən xoş mənzərələrdən biri isə küçədəki insan selinin üzündə zərrə qədər gərginlik hiss edilməməsidir. Gördüyüm, müşahidə etdiyim insanlarda xoşluq, rahatlıq sezilirdi. Çöhrələrindən kin, nifrət yox, sakitlik süzülürdü. Göz oxşayan bir başqa mənzərə isə əl-ələ tutub gəzən, hər fürsətdə öpüşən sevgililərin çoxluğu idi. Baxışlar hər yerdə bu çılğınlığa tuş gələ bilir. Məsələn, yolu keçəndə, parkda oturanda, ayağını çaya uzadıb yelləyəndə, yol keçəndə ən müxtəlif yerlərdə bir-birilərini qucaqlayıb öpürlər. Hətta bu şəhərin polisləri hara baxır deyə, zarafat etmədən ötüb keçmək olmur. Bir sözlə, öpüşməyin çox da təhlükəli hadisə olmadığını, ətrafda kimsəyə zərər vermədiyini beləcə görmüş oldum.

Şəhərdə gözəl, baxımlı qadınların çoxluğu lap ürəyimcə oldu. Slikonsuz, qaynaqsız, gelsiz, makiyajsız, amma baxımlı qadınlar hər zaman cazibədardırlar. Moskva küçələrindəki gözəllər bunu bir daha təsdiqlədilər.

Ulduz kimi sayrışan lampalar

Qızıl meydanayrıca bir dünyadır. Burada üzünü hayana çevirsən, teatr binası, sənət ocağı, mədəniyyət mərkəzi ilə rastlaşırsan. Addımbaşı imza mərasimi, kitab yarmarkaları, fərqli-fərqli alətlərlə musiqili proqramlar, operalar insanın ruhuna sərin su kimi səpilir. “QUM” Ticarət mərkəzinin əsrarəngiz arxitekturası insanı lap valeh edir. Nəsə almasan da, mütləq girib baxılmalı, tanış olunmalı yerdir.

Sehrinə salan gözəlliklərdən növbətisi isəBöyük teatroldu. Həm böyük, həm əsrarəngizdir!

Şəhərin bəzi küçələri işıq lampaları ilə bəzədilib. Gecə həmin lampaların altından keçəndə ulduzların başına yağdığını zənn edirsən. Moskva nağıllar aləmi kimi yerdir. Doyumsuzdur. Gözəl ağıllı qadın kimi hər an səni heyrət təəccüb içində saxlayır. Bir neçə gün ərzində əmin oldum ki, şəhərdə hər yanı gəzmək, həzm edə-edə görmək üçün köçüb uzun müddət burada yaşamaq lazımdır.

Ancaq bir məsələni xüsusi vurğulamalıyam. Sağlam qidalanan insanlar üçün burada ac qalmaq şansı yüksəkdir. Yerli yeməklər dadsız ləzzətsizdir. Ən yaxşı rus restoranlarında belə dəyişən nəsə olmur. Adi məkanlarda keyfiyyətsiz dadsız olursa, lüks yerlərdə bu, keyfiyyətli, amma dadsız olaraq sizə təqdim edilir.

Dahilərə toxunmaq...

Ertəsi gün Nazim Hikməti ziyarət etmək üçün Novodeviçi qəbiristanlığına üz tutduq. Bura məzarlıq deməyə min şahid lazımdır. Öldükdən sonra cənnətə getmək üçün dəridən-qabıqdan çıxanlar buranı mütləq görməlidir. Çünki Novodeviçi cənnətin açıq hava altında olan hissəsidir. Nazim Hikmət, Bulqakov, Qoqol, Çexov, Mayakovski  daha kimlər var, kimlər... Nazim Hikmətin məzarının bir neçə addımlığında Rusiyanın ilk prezidenti Boris Yeltsinin qəbri var. Dostlar bunu xüsusi vurğulamasaydı, qəbrin Yeltsinin olduğunu bilməyəcəkdim. Başdaşında adı güclə oxunurdu.

Məşhur sovet aktyoru Yuri Nikulinin məzarı daha çox diqqət çəkirdi. Əlində siqaret, oturduğu yerdə ayağının dibində isə iti ilə birlikdə heykəli vardı. Aktyor iti siqareti çox sevdiyi üçün ona ehtiram əlaməti olaraq belə ortam yaratmışdılar.

Hər tərəf sənət, hər yer ədəbiyyat

Üzünü hara çevirsən, müxtəlif şəxsiyyətlərin heykəlini görürsən. Hər tərəf tarix, ədəbiyyat, sənət qoxuyur. İnsan burada özünü mədəniyyətin beşiyində hiss edir. Moskvanın məşhur küçələrindən olan Arbat belə yerlərdəndir. Küçəboyu hər yer restoranlar, kafelər, mağazalar küçə sənətçiləri ilə doludur. Burada əylənmək üçün müxtəlif məkanlar mövcuddur. Hər tərəfdə rəssamlar, sərgilər görmək mümkündür. Başqa yerlər kimi bura da sənətlə iç-içə keçmiş vəziyyətdədir. Küçənin tarixinə nəzər salanda əslində, bunun kökünün hardan qaynaqlandığını müəyyən etmək olur. Məsələn, Çexov bu küçədə yaşamışdı. Məşhur "Üç bacı" pyesini ilk dəfə Arbatın girişində yerləşən "Praqa" restoranında tamaşaya qoymuşdu. Burada yaşayan məşhurlardan Puşkin, Çaykovski, Mayakovski, Meyerhorldun adını da çəkə bilərik.

Moskva ədəbiyyat kimi şəhərdir. Əgər hekayən uyğun gəlirsə, özünü bestseller kimi hiss edəcəksən!..

Moskva

 

Türkan TURAN

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.10.