Nəsimi obrazı musiqi,
incəsənət və bədii ədəbiyyatda
Nəsimi yaradıcılığı XV əsrdən etibarən türkdilli ədəbiyyata
qüvvətli təsir
etmişdir. Türk şairi Rəfii
"Bəşarətnamə" əsərində Nəsimini
özünün ustadı
və müəllimi adlandırmış, ona dərin məhəbbətini
bildirmişdir. Özbək şairi
Əsiri və türkmən şairi Əndəlib ona poemalar həsr etmişlər.
Burada
ilk dəfə epik şeirdə Nəsiminin bədii surətini yaradan və Azərbaycanda çap etdirən istedadlı rus şairi və tərcüməçisi
Sergey İvanovun "İmadəddin
Nəsimi" poemasının
tarixi rolundan söz açmaq istərdik. Şair poemanı Böyük
Vətən müharibəsi
dövründə yazmış
və ilk olaraq qüdrətli şairimizi
rusdilli oxuculara təqdim etmişdir.
Sevimli şairimiz Səməd Vurğun hələ Vətən müharibəsinin
davam etdiyi 1943-cü ildə Sergey İvanovun Bakıda rusca çap olunan "Seçilmiş şeirləri"nə
yazdığı müqəddimədə
şairin Nəsimi haqqında poemasını
yüksək qiymətləndirmişdir:
"İvanovu XIV əsrin
sonunda və XV əsrin əvvəllərində
yaşayıb-yaratmış Azərbaycan şairi Nəsiminin facianə taleyi cəlb etmiş və həyəcana gətirmişdir...
Sergey İvanov Nəsiminin taleyini düzgün başa düşmüş və
lazımi boyalar tapa bilmişdir. İvanov buna Azərbaycan şeirini və tarixini yorulmaq bilmədən, böyük
səylə öyrənmək
sayəsində nail olmuşdur.
Poemada istifadə olunan dil vasitələri, strofika tərkibləri və sairlər tamamilə yerindədir.
Bütün poema böyük
bədii təsir qüvvəsinə malikdir".
Beləliklə, deyə bilərik ki, Nəsimini elmi cəhətdən rusdilli oxuculara ilk təqdim edən Səməd Vurğun olmuşdur.
Nəsimi obrazı Azərbaycan musiqisində, incəsənətdə
və bədii ədəbiyyatda XX əsrin
70-ci illərindən yaradılmağa
başlanmışdır. Bəstəkarlarımızdan:
Fikrət Əmirovun
"Nəsimi dastanı"
baleti, Cahangir Cahangirovun "Nəsimi"
kantatası, Azər Rzayevin "Nəsimi" simfonik poeması, Firəngiz Əlizadənin "Nəsimiyə
ithaf" balet konserti, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Ədilə
Hüseynzadənin, Ağabacı
Rzayevanın, Ramiz Mustafayevin, Emin Sabitoğlunun, Əfrasiyab
Bədəlbəylinin, Səid
Rüstəmovun, Nazim
Əliverdibəyovun, Ramiz
Mirişlinin müxtəlif
janrlarda yazılmış
əsərləri həmin
dövrdə yaranmışdır.
Xalq rəssamı
Mikayıl Abdullayev möhtəşəm "Nəsimi"
portretini yaratmışdır. Bakının
mərkəzində şairin
heykəli ucaldılmışdır
(heykəltaraşlar: T.Məmmədov,
İ.Zeynalov). Bədii
ədəbiyyatda isə
Nəsiminin obrazının
mükəmməl nümunələrini
Rəsul Rza "Son gecə" poemasında, İsa Hüseynov "Məhşər" romanında,
Bəxtiyar Vahabzadə
"Fəryad" pyesində,
Qabil ikicildlik "Nəsimi" poemasında
yaratmışlar.
Rəsul
Rza yığcam
"Son gecə" poemasında
Nəsiminin şəxsiyyətini
və əqidəsindən
dönməzliyini zindan
gözətçisi ilə
qısa söhbətində
parlaq şəkildə
ifadə edə bilmiş və şairin obrazını oxucunun gözləri önündə canlandırmışdır:
"Məşhər" romanı və "Fəryad" mənzum dramı haqqında çox yazılıb. Burada bir
onu deyə bilərik ki, "Fəryad" Əvhədi
və Nəsiminin güclü təsiri altında yazılıb.
Əvhədi yazırdı:
Allahı
öz nəfsinlə tanımaq gərək,
Öz nəfsin
nədir, pərvərdigar
kimdir?
Nəsimi
yazırdı:
Fələyin əsli nədəndir, mələyin nəsli nədən?
"Fəryad"da oxuyuruq:
Allah! Bilirik, cisim deyil, bəs nədir allah?
Fəlsəfi-psixoloji "Fəryad" pyesindən hasil olan qənaət
odur ki, Nəsimilik bir təlim kimi günümüzdə də
yaşayır.
Bu münasibətlə Çingiz
Aytmatov yazırdı:
"Tarixi də müasirlik qədər yaşada bilmək, "keçmişə görə
əzab çəkmək"
prinsipi Bəxtiyar Vahabzadənin bu şərti-bədii üslubunda
özünün qabarıq
əksini tapıb"
(Bu sitatı tanınmış
alimimiz Vaqif Yusiflinin "Şəhidliyin
zirvəsi" məqaləsindən
götürmüşük).
Nəsimi obrazı şairlərimizin
şeirlərində də
canlandırılmışdır. Əliağa Kürçaylının "Nəsimi",
Əli Kərimin
"Şəhidliyin zirvəsi"
Nəsimiyə həsr
olunan ən yaxşı nümunələrdir.
Aşıq-şair Mikayıl Azaflı
da "Dünya" adlı müxəmməsində
və "Getdi" adlı cahannaməsində
Nəsimidən və
başqa böyük şəxsiyyətlərdən söz açır:
Dahilər, şairlər, böyük
ustadlar
Bir-bir tərk
eylədi cahanı, getdi.
Nəsimi
soyuldu, çəkildi
dara
Şekspir dolandı dünyanı, getdi.
Azərbaycanda ilk dəfə Nəsimiyə
poema həsr edən, şairin mükəmməl obrazını
yaradan Xalq şairi Qabil olmuşdur. Şair "Nəsimi" poeması üzərində
10 (on) ilə yaxın
işləyərək ortaya
fundamental bir əsər
qoymuşdur. O, şairin
həyat və yaradıcılığına dair
çoxlu kitablar oxumuş, bir çox məxəzləri
araşdırmışdır.
Şairin
"Nəsimi" poeması
haqqında İraqda işləyəndə geniş
məqalə yazaraq soydaşlarımızı - İraq
türkmanlarını əsərlə
tanış etmişdim (bax: "Qardaşlıq", sayı
1-2, Bağdad, 1973, s.34-35). Həmin
məqalədən bir
hissəni burada verməyi münasib bildik:
Qabil əsərini Nəsimiyə
müraciətlə başlayır:
Ulu əcdadımın yanar nəfəsi!
Sənsiz boğularam, havasız ollam.
Əsilsiz etməsin tarix heç kəsi,
Sənsiz - zəminəsiz, mənasız
ollam.
Ana dilimizin axar-baxarı,
Şerində bir daha aşikar
oldu.
Böyük Füzulinin şah
misraları,
Sənin bünövrəndə bərqərar
oldu.
Qabil Nəsiminin dilinin saflığına, büllurluğuna,
axıcılığına, şirinliyinə heyranlığını
gizlədə bilmir:
O uzaq, o qədim lisana bir bax,
Büllur bulaq kimi süzülər,
çağlar.
Əsər var yazılıb
otuz il
qabaq,
Otuz cür lüğətə ehtiyacı
var.
Qabilin əsərində
heca və əruz vəznindən eyni dərəcədə
məharətlə istifadə
olunmuşdur. Onun qəlblərə axan şeir parçalarını oxuduqca
oxuyur və sevirsən. Aşağıdakı
gəraylılar deyilənləri
təsdiqləyir:
Bu dünyada nəyim
qaldı?
Varisim də, varım da siz.
Aydan arı, sudan
duru,
Namusum da, arım da siz.
və s.
Xalq ədəbiyyatını gözəl bilən Qabil, yeri gəldikcə ondan elə məharətlə istifadə etmişdir ki, əsəri oxuyur, ondan ayrılmaq istəmirsən:
Gecə dərin, yuxu dərin,
Təbriz yatır şirin-şirin.
Yuxu məlhəm, yuxu dərman.
Ağrılardan, acılardan,
Adam bir az azad olur.
Oyaqlıqda bir gülməyən,
Röyalarda min şad olur.
Ac toyuqlar yuxusunda darı görür,
Leyli-Məcnun misallılar,
Yuxusunda yarı görür.
Xalq şairi
Süleyman Rüstəm
"Nəsimi" poemasına
Ön söz yazmış və göstərmişdir ki, Qabilin istedadına biz yaşlı nəsil çox ümid bəsləyirdik. İllər keçdi, Qabil
bizim ümidimizi doğrultdu. Biz Qabilin
bir gün böyük bir əsər yazacağına
əmin idik...
Təsadüfi deyildir ki,
1976-cı ildə Dövlət
mükafatına layiq görülən "Nəsimi"
poemasını Qabilin
70 illik yubileyində Ümummilli liderimiz Heydər Əliyev bir daha yüksək
qiymətləndirmişdir:
"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da o, çox böyük bir iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".
Onu da deyək ki,
Sergey İvanovun
"İmadəddin Nəsimi", Rəsul Rzanın "Son gecə" poemaları, İsa
Hüseynovun "Məhşər"
romanı, Bəxtiyar Vahabzadənin "Fəryad" pyesi, Qabilin "Nəsimi"
poeması Nəsimi obrazının kamil
yaranmasında böyük əhəmiyyət
kəsb etməklə bərabər, Azərbaycan ədəbiyyatının,
Azərbaycan bədii fikrinin dolğun səhifəsini təşkil edir.
Qəzənfər
Paşayev Əməkdar elm xadimi
525-ci qəzet.- 2019.- 15 iyun.- S.16.