Kamal Abdulla mətninin
söylədikləri
Ədəbi cərəyanlar müəyyən
dövrdə formalaşaraq
həmin tarixi zamanın xüsusiyyətlərini
əks etdirir, ədəbi prosesdə bir növ mayak
rolunu oynayır.
Ədəbi fikir tarixində fenomenal adlandırıla biləcək belə cərəyanlardan biri postmodernizmdir. Postmodernizm tarix səhnəsinə
çıxdığı gündən böyük səs-küyə, müzakirələrə
səbəb olmuşdur.
Hər bir tənqidçi, nəzəriyyəçi, yazıçı,
oxucu onu öz başa düşdüyü kimi izah etməyə səy göstərmişdir.
Bu bəlkə də postmodernizmin öz mahiyyətindən doğan bir haldır. Ədəbiyyat sanki postmodernizmə
dünyanın hər
şeyini - bütün
maddi-mənəvi irsini,
dəyərlərini yıxmağa,
desakrallaşdırmağa icazə
verir. Eko deyir ki, hər dövrün öz manyerizmi olduğu kimi, hər dövrün də öz postmodernizmi var. Zatonski isə postmodernizmi İncilə qədər aparıb çıxarır.
Lakin burada bir məqamı
qeyd etmək yerinə düşər.
Postmodern dünyagörüşü
ilə postmodernizm cərəyanı fərqlənməlidir.
Postmodern düşüncə
tərzi, yəni yenilikçilik, köhnəni
yıxıb yenidən
yaratma şəklində
fərqli adlar altında həmişə
mövcud olub. Postmodernizm isə məhz ədəbi cərəyan
kimi XX əsrin II yarısında meydana çıxıb. Poststrukturalizmin əsasında meydana çıxan postmodernizm ədəbiyyatda sərhədlərin
silinməsi janrların
qarışması və
sintezi, mutasiyalar və parodik - oyun effektləri ilə seçilir. Oxucu artıq əsəri oxuyan fərddən kənar amil statusundan çıxaraq həmmüəlliflik qazanır,
intertekstuallıq önə
çıxır, "mən"
silinərək ümumi
xaos ortamı yaranır.
Postmodernizm Azərbaycan ədəbi-bədii
düşüncəsinə bir sıra yeni
əsərlər və
obrazlar gətirdi. Bu sırada K.Abdullanın, İ.Fəhminin, S.Səxavətin,
E.Hüseynbəylinin, N.Kamalın
və başqalarının
yaradıcılığını qeyd etmək olar. Bu kontekstdə
Kamal Abdulla yaradıcılığı
xüsusilə fərqlənir.
Çünki Kamal Abdulla yaradıcılığı
Azərbaycan postmodernizminin
yeni mərhələsinin,
belə demək caizsə, "intellektual postmodernizmin" əsasını
qoydu. Kamal Abdullanın "Yarımçıq əlyazma"sından
və "Sehrbazlar dərəsi"ndən sonra
Azərbaycan ədəbiyyatşünaslığında
postmodernin dərin qatlarına maraq başlandı. Kamal
Abdulla yaradıcılığında özünəməxsus şəkildə
təzahür edən,
X.L.Borxesin yaradıcılığında
parlaq şəkildə
əksini tapan, U.Ekonun "Qızılgülün
adı" romanında
İsgəndərin "Qordi
düyünü"ü doğradığı
kimi kitabxananın yandırılması ilə
çözdüyü labirint
postmodernizmin əsas anlayışlarından biridir.
Kamal Abdulla
mətnində labirint
effekti iki formada əks olunur. Birinci halda labirint
postmodern nəzəriyyənin təsvir etdiyi əlamətləri ilə
dərhal intellektual oxucunun diqqətini cəlb edəcək şəkildə qurulur.
Məsələn, "Sirri-zəmanə" hekayəsi klassik Borxes labirintinin əlamətlərindən olan
kitab, kitabxana fiqurları üzərində
qurulmuşdur. "...Mən
üç gün əvvəl siz bura gələndə bilirdim ki, elə
belə də olacaq. Sən gəldiyin nöqtəyə
qayıdacaqsan. Hələ yaxşı
ki, risalələr səni Seyid Sarı Dərdəçarənin
"Ruhi və rahi kəvakib"inin içinə aparıb salmayıblar. O isə
tamam başqa bir dünyadır. Ora edilən səyahət heç vaxt bitmir".
Kamal
Abdulla yaradıcılığında labirintin postmodern ənənəyə
uyğun şəkildə
əksi məsələsinə
Mətanət Vahidin
"Kamal Abdullanın
"labirint"i", Səlim
Babullaoğlunun "Kamal
Abdullanın Minotavrsız
labirinti...", Tehran Əlişanoğlunun
"Zəmanə sirrinə
vaqif olanda", "Kamal Abdullanın metafizik labirinti" məqalələrində toxunulub.
Bu səbəbdən biz labirintin bu formasını
geniş şərh etməyəcəyik.
Kamal
Abdulla mətnində bizim
diqqətimizi cəlb edən, labirintin gizli formasını əks etdirən məqamlara nəzər salaq:
"Səyyah Sehrbaz nəfəsini dərib aramla sözünə davam etdi: "... mən çox uzaq bir yerdənəm,
ağa, inanmıram sən öz karvanınla o yerlərə
nə zamansa getmişsən, nə zamansa da gedib
çıxacaqsan. Çərxi-fələk deyərlər öz vətənlərinə bizimkilər.
Özləri də yaşayışlarını, inam-əqidələrini,
söz-söhbətlərini eynən
çərx kimi, çevrə kimi qurarlar. Hər şeyi yumru
bir şeyə bənzədərlər, yerişləri,
oturuşları da dairəyə oxşar, nəinki ev-eşikləri,
hətta bütün dünya, bütün səltənəti-kainat onlar
üçün beləcənə
dairə, çevrə,
çərxdir" ("Sehrbazlar
dərəsi").
"O təpənin altından, yolun o biri üzündən
aşağı bir dərə açılır,
adına Sehrbazlar dərəsi deyərlər.
Cəmi dünyanın
sehrbazları bu gün yığışıblardı
o dərəyə... Çevrə düzəldiblərdi. Adına öz
aralarında Qaranlıq
çevrə deyirlər.
Dünyamıza qaranlığı çəkib gətirmək
üçün var gücləri ilə çalışırlar. Çevrə qapansa, bu işi bəlkə də görə biləcəklər. İndilik bu
qaranlıq çevrənin
bir kiçik həlqəsi çatmır".
("Sehrbazlar dərəsi")
"Evdən bir adam çıxıb
yağan qar ləpələrinin arasıyla
qəribə bir yerişlə, dövrə
vura-vura uzaqlaşır
və gözdən itir. Bu, Səyyahdır"
("Korneliusun ölümü").
"Qanad çalıb
dərhal yuxarıya şığıdı, yetişmiş
dumanın üstü
ilə dağın ətrafına bir geniş dövrə vurdu və yenə
də qanad çala-çala dağın
başındakı sıldırım
qayanın üstünə,
bayaq durduğu yerə uçub qayıtdı, ayaqlarını
ahəstəcə yerə
toxundurdu" ("Uçuş").
"Bir anın içində əyrisinə
çevrə vurub aşağı enmək, evə qayıtmaq istədilər" ("Uçuş").
Nədir bu çevrə, dairə? Niyə görə biz çərxi
fələk deyirik?
Niyə
"həsri basma dolan gəl?" Nə üçün "dolanım
başına?" Niyə gəlini
çırağın başına
fırladıb xeyir-dua
veririk? Çırağın odun simvolu olduğunu, atəşpərəstlikdən
gəldiyini bilirik.
Bəs niyə mütləq başına dolanmalıyıq?
Nəyi tamamlayırıq? Hansı çevrəni
qapayırıq? Dərvişlər niyə məhz fırlanaraq cəzb olurlar?
Sualların cavabını Kamal Abdulla mətni verirmi bizə? Bəli! Kamal Abdulla bu
dairə, çevrə
obrazı ilə
postmodern estetikanın bizə
təqdim etdiyi labirint effektinin kökünü göstərir.
Dairə
labirintin ilkin formasıdır. Labirintlərin ilkin variantları məhz dairə şəklində təzahür
edir. V.V.Koronanın klassifikasiyasına görə, həm də konsrtuktiv arxetip olan dairə
mifologiyada qoruyucu funksiyanı özündə
ehtiva edən elementdir. Dairə, çevrə içində
qalan əşyanın,
məfhumun ətrafla əlaqəsi kəsilir, öz xüsusi zamanında dustaq qalır. Və əslində, ətraf
aləmdən fərqli
zamanda daim mövcudluğunu qoruyur.
Çevrədə son yoxdur. Yol sonsuz
davam edir. Fırlanır, yenidən yaranır,
reinkarnasiya dairəvi şəkildə davam edir. Deməli, Kamal Abdullanın da obrazları, mətnləri də dairəvi şəkildə
hərəkət edir,
"təkcənəlik zamanı"na daxil olur, Sirr içindən
keçərək yenidən
Sirrə qayıdır.
Labirintin sonunda
isə... "Qoca Mif"
bizi gözləyir!!!
Elnarə
QARAGÖZOVA
Filologiya
üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2019.- 15 iyun.- S.21.