70 yaşında cavan sənətkar -
İlham Namiq Kamal
İl
2016... Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rejissorluq fakültəsini
bitirən qardaşımın diplom işini hazırlayırdıq.
Mövzumuz Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər
Cabbarlının yaradıcılığıdır. Ədibin dram
və şeirlərindən, sözlərinə
yazılmış mahnılardan ibarət tədbirin ssenarisi mənə
addir. Aparıcılıqla bərabər,
tamaşanın ən çətin obrazları olan Sevil və
Almazı da qırx ilin aktrisası kimi öz öhdəmə
götürmüşdüm. Bütün
qruppamız həvəskarlardan ibarət idi. Yəni biz "boyumuzdan böyük işlərə
girmişdik". Düzü, necə
alınacağı haqqında heç bir fikrim yox idi. Bildiyim tək şey o idi ki, diplom tamaşası ən
yaxşı şəkildə təhvil verilməlidir. Oynadığım hər iki obrazı isə elə
ta əvvəldən, məktəb vaxtı əsərlərini
oxuyandan sevirəm.
Həmin günün məsuliyyəti bununla da bitmirdi. Çünki
eyni gündə, eyni səhnədə ikinci bir diplom
tamaşasını da oynayacaqdıq. Qardaşımın
qrup yoldaşı isə Xalq şairi Rəsul Rzanın
yaradıcılığına müraciət edib. Orada da həm aparıcı, həm də "Vəfa"
pyesində baş rolda olmalıyam. Deməli,
bir neçə saat içərisində obrazdan obraza
keçmək var.
Dörd il ərzində Bakı Dövlət
Universitetinin dram dərnəyində iştirak etməyimi nəzərə
alsaq, səhnəylə ilk tanışlığım deyildi.
Amma 2016-cı il mayın 18-ni əlamətdar edən ən
mühüm səbəb həmin bu rolları Xalq artisti,
"Şöhrət" ordenli sənətkar İlham Namiq
Kamalın başçılıq etdiyi, ADMİU-nun müəllim-professor
heyətinin qarşısında oynayacaq olmağım idi.
Hər zaman oturub boyumuzdan hündür səhnəni
heyranlıqla izlədiyimiz tamaşaçı kreslosunda həmin
gün elə o səhnədən tanıyıb sevdiyimiz sənətkar
vardı. Bu dəfə
rollarımızı dəyişmişdik: səhnədəki
("aktyor" sözü burada yerinə düşməyə
bilər) biz, tamaşaçı isə o idi.
Nəhayət, gözlədiyimizdən də yüksək
səviyyədə çıxışımızı edib hər
iki diplom tamaşasını yekunlaşdırdıq. Gəlib
çıxmışdıq ən həlledici məqama:
müəllimlərin rəylərini öyrənməyə. Sözə Xalq artisti, professor İlham Namiq Kamal
başladı. Özünün zəngin təcrübəsi,
pedaqoq və sənətkar ustalığı ilə həyəcanımızın
hansı həddə olduğunun fərqində idi. Ona görə də həyəcanımızı
götürmək üçün zarafatlar edir, həm də
rəyini bildirirdi. Gözümüzü açandan
öncə mavi televiziya ekranından, sonra müxtəlif
teatrların səhnələrindən
gördüyümüz, oynadığı rollarla bizi gah
güldürən, gah düşündürən, səmimiyyəti,
istiliyi, sənətinə sevgisi, tamaşaçısına dərin
hörmətiylə insanların qəlbində ən yüksək
zirvəni fəth edən sənətkarın indi
qarşısında səhnəyə çıxmaq, rol
oynamaq, sonra isə onun xoş sözlərini dinləmək hər
birimiz üçün gözəl yuxu kimi idi. Bu yuxunun yozumu
isə ən az özü qədər
gözəl imiş...
Səhnədən, teatrdan, aktyorluq sənətindən
elə böyük şövqlə, elə ülvi sevgiylə
danışırdı ki, insan bir anlıq o vaxta qədərki
təhsilini bir kənara qoyub bu sənətin arxasınca getmək
eşqinə düşürdü. O danışdıqca mən,
qardaşım da daxil, onun tələbələrinə həsəd
aparmaya bilmirdim. Təbliğ etdiyi sənəti
bu qədər sevmək, ona ən müqəddəs bir
işmiş kimi yanaşmaq hər insana nəsib olan duyğu
deyil. Sənətkarlıq da məhz bu
hisslərdən başlayır. Onu dinləyəndə
cəmi bir neçə ay öncə saytlardan birində
oxuduğum müsahibəni xatırlayırdım. Orada da təxminən eyni sözləri demişdi.
Sonralar bu sözləri İlham müəllimdən çox
eşitdim: "Mən hələ gənclik illərimdən
teatra məbəd, aktyorluğa isə müqəddəs
peşə kimi baxmışam, elə indi də bu fikirdəyəm.
Mənim aləmimdə hətta aktyor sənəti o qədər
müqəddəsdir ki, onun sevgisini içində
daşıyan adam heç kimin
qabağında əyilməməlidir. Çünki aktyorun
qüruru ölərsə, ondan aktyor olmaz... Mən
bu çətin işdə öz qürurumu həmişə
qorumağa çalışmışam".
Sözə
təzə başlamışdı ki, birdən səhnədə
düzlənən bizə baxıb: "Sevil rolundakı kim idi?" - dedi. Ürəyim
yerindən çıxacaq kimi döyündü. Etdiyim hansısa səhvin bir tələbənin
işinə əngəl çıxara biləcəyindən
çəkinirdim. Qorxa-qorxa bir addım qabağa
çıxıb: "Mən idim" - dedim.
- Hmm? Nə
qəşəng yıxıldın sən... Tir-tap
uzandın e. Bax, səhnə plastika istəyir. O plastika səndə
var idi.
Sevilin evdən qovulandan sonra oğlunu görmək
üçün qayıdanda acından ürəyi gedib
yıxıldığı səhnəni nəzərdə
tuturdu İlham müəllim. Ömrünün 50 ilə
yaxın bir zamanını səhnədə keçirən,
yüzlərlə aktyor, aktrisa yetişdirən, bir o qədər
obraza həyat verən sənətkardan belə bir yüksək
qiymət almaq, əlbəttə, sevindirici idi. İlham Namiq Kamal başda olmaqla, digər müəllimlər
də ümumən işlərimizdən razı
qalmışdılar. Hər iki
diplomçu yüksək balla universiteti bitirdilər. Mənim
isə bu böyük sənətkarla ilk
tanışlığım belə yarandı...
70
yaşın işığında...
Bu hadisədən
üç il keçməsinə
baxmayaraq, yaşatdığı hisslər, sevinc və həyəcanı
həmin günki kimi təzə, diri qalıb. Hər
dəfə İlham müəllimi görəndə, onun
haqqında söz düşəndə, tamaşasına
baxanda, müsahibəsini oxuyanda ilk
tanışlığımızı gizli qürur hissiylə
xatırlayıram, özümü sirli-sehrli teatr aləminin ən
yaxın, ən doğma adamı kimi hiss edirəm.
Bugünlərdə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat
katibi, zəhmətkeş və işinin peşəkarı
dostlarımızdan Fəridə Rüstəmova bizi
"Şöhrət" ordenli Xalq artisti, professor İlham
Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş tədbirə
dəvət edəndə, düzü, təəccübləndim.
İlham müəllimin nə vaxt bu yaşa
çatdığını, əminəm, bizim kimi heç
özü də hiss etməyib. Yadımdadır
ki, biz onu hər zaman "gənc aktyorlar" sırasında
qəbul edərdik. Bu gün də belədir... İyunun
12-si keçirilən tədbir isə bunun səbəbini bizə
çox gözəl və dəqiqliklə
aydınlaşdırdı...
Həmin
gün Musiqili Teatrın səhnəsində Azərbaycan teatr
və kino sənətini özünün ən müxtəlif
rolları ilə zənginləşdirən, 50 ilə
yaxın müddətdə yorulmadan, usanmadan bir-birindən
maraqlı obrazlara imza atan, illərdir pedaqoq kimi səhnəmizə
istedadlı rejissor, aktyor, aktrisalar bəxş edən 70
yaşlı gənc vardı. Gənclik onun
ruhuna, qəlbinə, duyğularına, qədd-qamətinə
elə hopub ki, illər onu sadəcə peşəkarlaşdırmağa,
sənətkar kimi yetişdirməyə xidmət edib. Məşhur personajın dilindən oxuduğu kimi, həqiqətən
də, "o dəyər min cavana". Ağ
saçları da sizi aldatmasın ha. Özünün
dediyinə görə, saçlarını "həftədə
bir dəfə İngiltərədən gətizdirdiyi ağ rəng"lə
boyayır. Hə, özüylə
zarafatından, yumorundan da qalmır sənətkar.
Yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu,
quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin
quruluşu Əməkdar artistlər Zakir və Leyla
Ağayevanın idi.
Gecə mədəniyyət naziri Əbülfəs
Qarayevin yubilyara ünvanladığı təbrik məktubunun
oxunması ilə başladı.
Düzü,
öyrəşmişik monoton, sanki eyni ssenari üzərində
qurulmuş, quru yubiley tədbirlərinə: səbəbkar
çıxıb səhnənin bir küncündə oturur,
qonaqlar bir-bir mikrofondan onun şəninə təriflər
yağdırır, xatirələrindən danışır,
bir-iki musiqi, səhnəcik, vəssalam. Amma
İlham müəllimin yubileyinə gedərkən bizi tamamilə
başqa və çox maraqlı bir gecənin gözlədiyinə
əmin idim. Hətta işdən gec
çıxdığı üçün mənimlə gəlməyə
tərəddüd edən anama da demişdim: "Gəl,
İlham Namiq Kamalın gecəsi çox maraqlı
olmalıdır, bilirəm". Yanılmamışdım.
Rəsmi
hissədən sonra, budur, qarşımızda yubilyar, tədbirin
səbəbkarı var. Rəqs qrupunun müşayiəti ilə,
"Qaynana"dakı "A bəxtəvər qaynana"
mahnısının sözlərini gecəyə uyğun dəyişib
oxuyur:
A bəxtəvər
millətim,
Akyorluqdur
sənətim,
Alqışlara
alışdım,
Sizlər
üçün çalışdım...
İlhamı görməmisiniz?
Mahnıdan
sonra aktyor tamaşaçılara müraciət edir: "Ay
camaat, düz əlli ildir ki, özümü itirmişəm,
özümü axtarıram, məni görməmisiniz ki?"
Necə yəni bir insan özünü
axtarır? Sonra isə izahat verir: "Hər dəfə
güzgüyə baxanda gah Hüseynağa bacı oluram, gah
Dadaşbala, gah Soltan bəy, gah Kələntər, gah İbad
İbadov, gah Bəbirli, gah Fərzəli, gah Müsyo Jordan,
gah Markiz, gah da... daha nə bilim nə. Uzun illərdir
ki, özümü tapmıram. Xahiş edirəm, məni
harda görsəniz, deyin ki, özümə qayıdım. Mətbuata,
televiziyalara da elan verəcəyəm: "İlham Namiq Kamal
düz 50 il bundan əvvəl özündən
çıxmış, bir daha qayıtmamışdır".
Bir aktyorun sənət yolunu bundan daha gözəl necə təsvir
etmək olardı, görəsən...
Yubiley axşamı benefis formasında həll
olunmuşdu. Sənətkar 70 illik həyat hekayəsini
ekrandakı uşaqlıq şəklinə "İlham
qaqaş" deyə xitab edərək böyük qürurla,
sevgiylə, həvəslə nəql etdi. O
danışdıqca, ekranda həyatından, rollarından
görüntülər əks olunurdu.
Benefis axşamında aktyorun səsləndirdiyi
mahnılar, monoloqlar, videobloklar bir-birini əvəz edirdi. Ssenaridə bircə an belə olsun boşluq yaranmır, Xalq
artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən
parçalar gecənin nostalgiyasını daha da
artırırdı. O, gah Dadaşbala ("Dadaşbala əməliyyatı"),
gah Soltan bəy ("Arşın mal alan") , gah Don Kixot
("Bizim Don Kixot"), gah Hüseynağa bacı
("Kişilər"), gah da İbad İbadov ("Mən dəyərəm
min cavana") kimi qarşımıza çıxırdı. İlham Namiq Kamalı fərqləndirən
xüsusiyyətlərdən biri də odur ki, onun bütün
rollarında təkcə libas və sözlər dəyişmir,
ümumilikdə xarakter dəyişir. Bir-birindən
tamamilə fərqlənən bu obrazları bir insanın
canlandırdığına inanmaq çətinləşir.
O, gah oynayır, gah sevinir, gah əsəbləşir, gah qəmlənir,
bir sözlə, səhnədə cilddən-cildə girir.
İllərlə bir səhnəni
bölüşdüyü sənət dostları,
ziyalılar, rəssamlar da yubilyarı bu əziz günündə
tək qoymurlar. Xalq artisti, sənətkarın
qardaşı Cəfər Namiq Kamal öz gəlişilə
gecəni daha da canlandırır. O, qardaşının
və özünün teatra gəliş tarixçəsini
danışır. Məlum olur ki, nəsillərində
bu sənətin daşıyıcısı olmasa da, bu iki
qardaşın fitri istedadı hələ uşaqlıqdan
özünü göstərib. Məktəb
vaxtı dram dərnəyinə birinci Cəfər
yazılıb, sonra İlhamı da özüylə aparıb.
İlham müəllimin replikası hamıda gülüş
doğurur: "Günahkar mən deyiləm ha, odur".
Sonra Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Azər Zeynalov, Əməkdar artist Gülüstan Əliyeva, Xalq rəssamı Arif Hüseynov, videoəlaqə ilə gecəyə qoşulan ustad sənətkar Cahangir Zeynalov və başqaları öz təbriklərini yubilyara çatdırdılar. Onların da məzəli, səmimi çıxışları sanki bir səhnəcik təsiri bağışlayırdı.
Bir müəllimə ən gözəl təbrik tələbələrinin, bir tələbəyə ən gözəl təbrik də müəllimlərinin təbrikidir, məncə. İlham müəllim həmin yubiley gecəsində hər ikisini qazandı. Tələbələrinin maraqlı çıxışları, səhnələşdirilmiş təbrikləri gecənin unudulmaz anlarından idi.
İlham müəllim, həmçinin, böyüklərinə, müəllimlərinə, dünyasını dəyişmiş sənətkarlara ehtiramı, diqqətilə də seçildi. Yaşar Nuri, Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi böyük sənətkarlar ekrandan bizə gülümsəyir, sanki illərlə birgə çalışdıqları sənət dostlarının yubileyini təbrikə gəlmişdilər. Xüsusən, "ana" deyə xitab etdiyi Nəsibə xanımla sanki canlıymış kimi səsləndirdiyi dialoq "Qaynana" filminin məşhur replikaları altında elə uğurla seçilmişdi ki, onların yoxluğu hiss olunmurdu.
İlham müəllim dünyasını dəyişmiş bütün sənətkarların adlarını "aktyorluq müəllimlərim", "rejissorlarım" deyərək qürurla çəkdi, hər birinin şəkli ekranda göründükcə onların qarşısında ehtiramla baş əydi. O, iyunun 12-sinin mərhum sənətkar Hacıbaba Bağırovun doğum günü olduğunu da sayğıyla xatırlatdı.
Bütün bunlar bir tələbənin müəllimlərinə, bir dostun dostlarına, bir sənətkarın özündən əvvəlkilərə vəfasının örnəyi, bir insanın böyüklüyü idi.
Möhtəşəm bir tədbirin yükünü təkcə öz çiyinləri üzərinə götürən sənətkarın həyəcanı da yox deyildi. Minlərlə dəfə çıxdığı səhnədə yenə də həyəcanlanır, yenə də ilk dəfə imiş kimi sevinirdi. Bu da onun məsuliyyətindən, sonsuz sevgisindən xəbər verir.
Əziz sənətkarımızı biz də
təbrik edir, ona möhkəm can sağlığı, yeni
rollar, yaradıcılıq uğurları diləyirik! Biz
İlham Namiq Kamalı yüzlərlə rollarında
görmüşük, sənətkar. "Özünüzə
qayıtmayın", siz onsuz da özünüzdəsiniz,
özünüzsünüz - bənzərsiz, təkrarsız!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 15 iyun.- S.14.