UZAQLAR
YAXINLAŞIR...
Keçib getdi nə çağlar,
Nə çağlar yaxınlaşır...
Nə qarmaqlar, tələlər,
Duzaqlar yaxınlaşır...
Düşən elə haqq düşür,
Tənha, yalquzaq düşür.
Böyüklər uzaq düşür,
Uşaqlar yaxınlaşır.
Öz küncün, köşən olur,
Darıxmaq peşən olur.
Kürəklər nişan olur,
Bıçaqlar yaxınlaşır.
Eşq könlünün məbədi,
Dön başına, Kəbədi.
Yaxınlaşır, əbədi
Qucaqlar yaxınlaşır...
Qəm yemə xəstə canım,
Gedirsən dosta, canım.
Hər gün bir az da, canım,
Uzaqlar yaxınlaşır...
NƏ VARDI ÖZÜNƏ YAŞASAN
ÖMRÜ...
Sayılı günləri çoxdu
sadəcə,
Boşuna yaşadın, boşa, sən ömrü.
Özünə ha elə gəlin-göbək
ol,
Say da paşalardan-paşa, sən ömrü...
Dərdini dərmanı çəkib
apara,
Olasan qurbanı,
çəkib apara.
Apara, sarbanı çəkib apara,
Bir uzun karvana qoşasan
ömrü...
İtiyin
ola da
qəfil tapasan,
Özünə şip-şirin dünya yapasan.
Ya köhlən at ola
minib çapasan,
Yel kimi keçəsən, aşasan ömrü...
Çəkmə, hər yetəni
başa çəkmə
sən,
Sonra çiləsini
boşa çəkmə
sən.
Əcəl şərbətitək başa çəkməsən,
Dərd
kimi çəkərsən
başacan ömrü...
Nə fərqi yasnandı, toynandı, bitdi,
Bir cürə
oyundu, oynandı, bitdi.
Oğluna,
qızına paylandı
bitdi,
Nə vardı özünə yaşasan ömrü...
MƏN SƏNİ YAZMIRAM Kİ...
Sən bir ömrə bədəlsən,
yaşamla tən gəlirsən,
Çəkirsən yurd yeritək,
mənə vətən
gəlirsən.
Əlimə qələm keçir,
ağlıma sən gəlirsən,
Mən səni yazmıram ki...
Söykəyib bir ümidə
kürəyimi, yazıram,
Arzumu, istəyimi,
diləyimi yazıram.
Sənsən ürəyimdə, sən
ürəyimi yazıram,
Mən səni yazmıram ki...
Bir cürə car olmuşam
dostun, yadın dilində,
Nə deyirlər görəsən
buna qadın dilində?
Əzbərə çevrilsə də,
hər gün adın dilimdə,
Mən səni yazmıram ki...
Hər gün vaxtla, zamanla
küsürəm, barışıram,
Hər gün baxtın, taleyin
işinə qarışıram.
Həsrətinlə gizlicə
yanıram, alışıram,
Mən səni yazmıram ki...
O nur dolu surətin
əslini çəkirəm
mən,
Təbiətin sən adlı
fəslini çəkirəm
mən.
Üzündəki gülüşün
rəsmini çəkirəm
mən,
Mən səni yazmıram ki...
Bir kəlmə söz deyirsən
sözünü köçürürəm,
Yana-yana odunu,
közünü köçürürəm.
Tanrı
yazısısan sən
üzünü köçürürəm,
Mən səni yazmıram ki...
GƏLƏCƏK
Daha gözünü çək
göydən,
Gəlsə, duman, çən gələcək.
Nə ruzi gələcək göydən,
Nə zəfər
göydən gələcək.
Baxma dərdi, qəmi asan,
Yol azıb,
gecikib haçan?
Sevinc gəlib çıxanacan
Düşəcək heydən gələcək.
Heç
olmayıb belə köçən,
Süpürgədən kibritəcən.
Ha gözlə bu sülh bitəcək,
Savaşa meydan gələcək.
Hər gələn sıxıb gedəcək,
Dağıdıb, yıxıb gedəcək.
Bir hoydan çıxıb gedəcək,
Başqa bir hoydan gələcək.
Bax, beləcə vaxt keçəcək,
Keçəcək, vallah, keçəcək.
Qəlbindən Allah keçəcək,
Önünə şeytan gələcək...
MƏN OLMAMIŞAM
Tanrım
uzaq tutub şöhrəti məndən,
Şöhrət olan yerdə mən olmamışam.
Salıblar hardasa söhbəti
məndən,
Qeybət olan yerdə mən olmamışam.
Nəyim
var sözdədi, sözdən nə gizli,
Düzdə qalmağım da düzdən, nə gizli.
Allahdan gizli yox, sizdən
nə gizli,
Xəlvət olan yerdə mən olmamışam.
Daim adam bilib
sardım adamı,
Vallah, bir başqadı yardım adamı.
Xalq dövlət olanda vardım, adamı
Dövlət olan yerdə mən olmamışam.
Yerim yox, adıma yazılıb qayıb
Harda abır-həya,
ismət olmayıb.
Mən olan yerlərdə qismət olmayıb,
Qismət olan yerdə mən olmamışam.
Başımdan tac kimi salınıb Şuşa,
Qəlbim Xocalıda çəkilib
şişə.
Qanımı almağa fürsət
gəzmişəm,
Fürsət olan yerdə mən olmamışam.
Günahdı dörd yanım,
günah olan yer,
Günahdan görünmür vallah,
olan yer...
Demirəm olmayıb Allah olan
yer,
Əlbət olan yerdə mən olmamışam...
ƏLİMDƏN YAXINI YOX
Səmtim,
yönüm hayana,
Yolum hara, bilirəm.
Çiyinlərimdən yaxın
Başım gora, bilirəm.
Yaman çəkir uzaqlar,
Ağlımı alıb gedir.
Günlər, aylar ağzımın
Tamını çalıb gedir.
Gözlərim həsrətlə tən,
Təşnədi ki can yana.
Könlüm dərddən, qubardan,
Dilim duadan yana.
Qoynumda isidirəm,
Dolanıram başına;
Əlimdən yaxını yox
Gözlərimin yaşına...
GƏL DƏ YUVA QURMAĞA...
Gəl də könül ver sözə,
Bir danış, dil aç, adam...
Çıx içindən, çıx
üzə,
Çıx, içindən qaç,
adam...
Bu nə baxt, bu
nə yazı,
Bitdin içində
yasın.
Həm başımın bəlası,
Həm başıma tac
adam...
Bəlkə mümkün dərdimə,
Gün doğa,
gün, dərdimə.
Ay mənim min dərdimə
Minbir də ilac adam...
Seç,
səninçün seç,
ayır
Yananı cayır-cayır.
Gör necə susuzlayır,
Necə
olur ac adam?..
Son yerinəm varmağa,
Dayanmağa, durmağa.
Gəl də yuva qurmağa,
Gözləyir ağac adam...
UĞRUNDA CANINDAN KEÇƏNİ
YOXSA
Gör hardan haraya köç
eləmişəm,
Hesaba qoymurlar
köçəni yoxsa?
Zamanmı dəyişib, yolmu
dəyişib,
Dəyişik salmışam küçəni
yoxsa?
Deyirsən adamdı, büstdü
- nə fərqi,
Axırda
düz çıxır
tüstü - nə fərqi...
Ya altı olsun, ya üstü - nə fərqi,
Torpağın əkəni-biçəni yoxsa...
Əzəli əzəldən əzəlmi
görən,
Canmı tez yaranıb, əcəlmi görən?
Fəsilmi dəyişib, məsəlmi
görən,
Payızda saymırlar cücəni yoxsa?
Bu yönsüz, yöndəmsiz
bəstəyə lənət,
Hələ bu bəstəni dəstəyə lənət.
Lənət o arzuya, istəyə
lənət,
Uğrunda canından keçəni
yoxsa...
ÖLÜB AÇARAM
SİRRİNİ
Tanrım,
verdiyin qüdrətdən
Bilib açaram
sirrini.
Doqquz aylıq bir zülmətdən
Gəlib açaram sirrini.
Şərt kəsilər şərt
üstündən,
Çəkərəm bir xətt üstündən.
Dərd
də gələr dərd üstündən,
Gülüb açaram sirrini.
Özümü başdan çıxarram,
Gözümü yaşdan çıxarram.
Çörəyi daşdan çıxarram,
Bölüb açaram sirrini.
Dürdanən, dürründü ölüm,
Ən uzun hürründü ölüm.
Gizlinin,
sirrindi ölüm,
Ölüb açaram sirrini...
HƏLƏ BİR DUANIN
ÜSTDƏYƏM...
Əli dəyənəkli, qılınclı
vardı
Fələk mən astanın, yavanın üstdə.
Tək bircə davalıq qələbə vardı,
Mən gedə
bilmədim davanın üstdə.
Meydan meydan idi, fürsət
tək əldi,
Axı,
kim tək
əlin səsinə gəldi?
Hələ də həvəs
yox yuva dikəldim
O uçub, dağılan yuvanın üstdə.
Boşuna
hər arzum, istəyim elə,
Bir kövrək,
bir yanıq bəstəyəm elə.
Hələ bir duanın üstdəyəm elə,
O sən eylədiyin duanın üstdə.
Həmin
dilsizinəm, o həmin
lalın,
O həmin dərdlinəm, həmin bəlalın.
Yenə
saatda bir dəyişir halım,
Atırlar yenə də havanın üstdə...
TOZ BASIB ÜSTÜNÜ
XATİRƏLƏRİN...
Deyirlər çoxalıb işvən
bir az
da,
Naz gəlib bir az da nazın üstünə.
Mənsə üşüyürəm gülüm, bu yazda,
Payız gətirmişəm yazın
üstünə.
Adicə
duyğumu bu duyğu görən,
Neynəsin bu qəfil soyuğu
görən?
Axı, nə yatdım ki, nə yuxu görəm,
Ta yoxun nəyini yozum üstünə?..
Gəl də gör şəstini xatirələrin;
Yapmışam büstünü xatirələrin.
Toz basıb üstünü xatirələrin,
Adını yazmışam tozun üstünə...
DƏRDİNDƏN
ÖLDÜYÜM BİR QADIN OLUB...
Baxma ki, ən çətin
oxunan kitab,
Ən çətin çözülən
sirr qadın olub...
Adına
həmişə and içiləsi,
Ən təmiz, ən qutsal yer qadın
olub...
Qadın
təbəssümü, qadın
gülüşü,
Tanrının ən gözəl rəsmi, əl işi.
Adəmdi
bəlkə də ən azad kişi,
Həvva
da ən azad, hür qadın olub...
Gəlmişəm, gələsi bu
dağılmışa
Nə ürək
yaxıb, nə könül qırmışam.
Sevib ətəyində namaz qılmışam,
Olub da bir ocaq,
pir qadın olub...
Gəlsin
Tanrı haqqı gözümdən desəm
Nəyi
kəsir desəm, nəyi kəm desəm...
Kimsə
inanmasın sevirəm
desəm,
Dərdindən öldüyüm bir
qadın olub...
Kəmaləddin
QƏDİM
525-ci qəzet.- 2019.- 15 iyun.- S.23.