Cəlil Məmmədquluzadə
yaradıcılığında ana dili məsələsi
XX əsrin əvvəllərində Azərbaycan mətbuatında ədəbi dil uğrunda mücadilə
gedirdi.
Bu mücadilənin önündə
dayanan ziyalılarımızdan
biri böyük yazıçı, dramaturq,
şair, publisist, ictimai xadim Cəlil
Məmmədquluzadə idi.
Cəlil Məmmədquluzadə XX əsr
Azərbaycan ədəbiyyatının
ən nəhəng nümayəndələrindəndir. Onun əsərləri Azərbaycan
ədəbiyyatının parlaq
incilərindəndir. Cəlil Məmmədquluzadə
irsinin görkəmli tədqiqatçısı, akademik
İsa Həbibbəyli
haqlı olaraq Cəlil Məm-mədquluzadəni
"Azərbaycan milli
istiqlal ədəbiyyatının
sərkərdəsi" adlandırır.
XX əsrin əvvəllərində
milli mətbuatda Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Yusif
Vəzir Çəmənzəminli,
Firudin bəy Köçərli, Əhməd
Cavad, Üzeyir Hacıbəyli və digər ziyalılar ana dilinin müdafiəsinə
qalxmışdılar. Çünki həmin dövrdə Azərbaycan ədəbi dilinin statusu dəqiq müəyyənləşdirilməmişdi.
Bir çox ziyalılar osmanlı
türkcəsini ədəbi
dil statusunda görürdülər.
"Molla Nəsrəddin"
jurnalının əsas
mövzularından biri
məhz ana dilinin saflığı problemi idi. XX əsrin əvvəllərində
Azərbaycanda ədəbi
dil məsələsi
ən aktual problemlərdən birinə
çevrilmişdi. O dövrün
ziyalıları arasında
hansı dilin ədəbi dil olması uğrunda kəskin mübarizə gedirdi. Bəziləri osmanlı türkcəsini
ədəbi dil kimi qəbul edir, bəziləri isə digər dillərə meyl etməklə doğma ana dilinə ögey münasibət bəsləyirdilər.
Cəlil Məmmədquluzadənin yaradıcılığında
ortaq türk ədəbi dili, ana dilinin saflığı,
əlifba məsələsi
aparıcı mövzular
idi. Cəlil Məmmədquluzadə cəmiyyətdə sözün
rolunu, dilin əhəmiyyətini yüksək
qiymətləndirirdi. Təsadüfi deyil ki, böyük demokrat ədib yazırdı: "Dünyada
hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf gedir, amma söz qalır".
Yazıçı janrından asılı olmayaraq müxtəlif ədəbi növlərdə
yazdığı əsərlərində
ana dilinin saflığı probleminə
toxunmuşdur. Ana dili
məsələsi Cəlil
Məmmədquluzadənin dram əsərlərində də
həssas mövzulardan
biri idi. "Anamın kitabı"
tragikomediyasında məhz
bu problemin əks olunduğunu görürük. Bu əsərdə
rus dilinə meylli Rüstəm bəy, fars dilinə meylli Mirzə Məhəmmədəli,
türk dilinə meylli Səməd Vahid obrazlarının timsalında ədib XX əsrin əvvəllərində
bəzi ziyalıların
ana dilinə biganə münasibətini
ürək yanğısı
ilə təsvir etmişdir. Ədib bu əsərdə
Gülbaharın, çobanların,
Zəhrabəyimin danışıqlarının
timsalında sadə xalq danışıq dilinə olan məhəbbətini ifadə
etmişdir. Yazıçı "Dəli yığıncağı"
tragikomediyasında xalqın
dilində danışa
bilməyən Doktor Lalbyuz, Həzrət Əşrəf kimi insanları tənqid edirdi. Əsərdə
Hacı Nayib deyir: "Hacılar, burada bir vacib məsələ
var ki, öndan
ötəri də həzrət Əşrəf
sizi buraya dəvət edib, amma and verirəm sizi qollu Həzrət
Abbasa, burada, əgər mümkünsə
türkcə danışmayaq,
çünki Həzrət
Əşrəfin mənə
qeyzi tutar". Müəllif Hacı Cəfər Kompaninin dili ilə də
Hacı Əşrəf
kimi ana dilində danışmağı
özünə ayıb
bilən məmurları
ifşa edir: "Doğrusu, Hacı ağa, peyğəmbərə
and olsun, Həzrət
Əşrəfin dilini
biz başa düşmürük.
Bəs buna görə biz əhd edirik ki, Həzrət Əşrəfin xidmətinə
bundan sonra heç danışmayaq, heç danışmayaq".
XX əsrin əvvəllərində
əlifba məsələsi
də böyük önəm daşıyan mövzulardan biri idi. Ziyalılar arasında
həm ərəb əlifbasının, həm
də latın
əlifbasının tərəfdarları
var idi. Cəlil Məmmədquluzadə
yenilikçi ziyalı
kimi latın
qrafikasının tərəfdarlarından
idi. O, ərəb əlifbasının yazıda
bir çox problemlər yaratdığını
öz felyetonlarında
tez-tez qeyd edirdi. "Molla Nəsrəddin" jurnalının
1908-ci il, 19-cu sayında "Dil" adlı felyetonda ərəb qrafikası ilə yazılmış məktubda bir hərf yanlışlığının
nə qədər faciə yaratdığı
göstərilir: "Mən
indiyə kimi inciyirdim o müsəlmanlardan
ki, öz dillərini bilə-bilə
bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimərəm.
Darülfünu qurtarmış cavanlarımızın
hamısı rus dilində yazı-pozu eləyirlər - müsəlmanca
savadı olanlar da eləyir, olmayanlar da eləyir.
Əvvəla mən buna razı olmazdım, amma indi razıyam.
Hətta
qəzetə müdirlərimizdən
bizə indiyədək
bir neçə kağız gəlib.
Bunların hamısı rusca
yazılıb. Müəllim rəfiqlərimiz də rusca kağız yazırlar. Az
qalıb mollalarımız
da rus dilində
irsal-mərsul edərlər,
amma eləmirlər, məhz ondan ötür ki, rusca bilmirlər. Bu işlərə əvvəllər mən də təəccüb edirdim, amma indi
eləmirəm. Səbəbi
var....." Felyetonda qeyd olunur ki,
ərəb əlifbası
ilə Molla Cəfərə göndərilən
məktubda yazılan
"Anama de ki, Fatmanın oğlu oldu" xəbəri
"Anama de ki, Fatmanın oğlu öldü" şəklində
anlaşılmışdır.
XX əsrin 20-ci illərində
yeni latın
əlifbası ilə
nəşr olunan əsas qəzetlərdən
biri "Yeni yol" qəzeti idi. Qəzetdə latın əlifbası
təbliğ olunurdu. Həmin qəzetin baş redaktoru Cəlil Məmmədquluzadə idi.
Bu qəzetin ilk sayı 22 sentyabr 1922-ci ildə nəşr olunmuşdu. "Molla
Nəsrəddin" jurnalının
1924-cü il tarixli,
6-cı sayında "Hazırın
naziri" imzası ilə yazılan "Təzə əlifba" felyetonunda bəzi ziyalıların vaxtilə
latın əlifbasının
əleyhinə çıxdıqları,
sonra isə ona tərəfdar olduqları göstərilir.
1926-cı ildə Bakıda keçirilən
I Türkoloji Qurultayın
nümayəndələri arasında
Cəlil Məmmədquluzadə
də vardı.
XX əsrin əvvəllərində
türk xalqları arasında ortaq bir ədəbi dilin zəruriliyini böyük ədib çox yaxşı başa düşürdü. Cəlil
Məmmədquluzadə yazırdı:
"Həm tək bircə Qafqaz türkləri üçün
ümumi bir dil məsələsinin həlli hələ səhvdir, pəs Osmanlı türkləri, pəs Krım və Qazan tatarları,
pəs Türküstan
və Özbəkistan,
pəs İran azərbaycanlıları... Pəs biz bunu
etiraf edirik ki, əvvəl-axır türk kütlələri
üçün ədəbi
dilə və ümumi imlaya çox böyük ehtiyac vardır. Və etiqadımız da bundadır ki, bir belə dil
gec-tez vücuda gələcəkdir".
Ədibin felyetonlarının bir qismində öz ana dilində danışmağı ar bilən ziyalılar tənqid olunurdu. Təsadüfi deyil ki, Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində (Tiflis, 1906, 7 aprel) "Sizi deyib gəlmişəm" adlı felyetonunda ana dili məsələsinə toxunmuşdu: "Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır...
Hərdənbir ana dilində danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?"
Cəlil Məmmədquluzadə bir sıra hekayələrində də ana dili məsələsinə toxunmuşdur. Onun "Şeir bülbülləri", "Sirkə" hekayələri dil mövzusundadır. "Şeir bülbülləri" hekayəsində evində farsca "nadir kitablar" kolleksiyası yığan bir ziyalının ailəsində nə xanımının, nə də oğlunun anlamadığı qəzəllər oxuması tənqid atəşinə tutulur. Halbuki həmin evdə bir qız uşağına sadə ana dilində nağıl söyləyən Zeynəb arvadın danışığı hamı tərəfindən çox rahat başa düşülür. Yəni bu müqayisəni verməklə böyük ədib öz ana dilinə xor baxan üzdəniraq "ziyalıları" tənqid edirdi. "Sirkə" hekayəsində isə balıq sözünü düzgün tələffüz edə bilməyən ziyalılar tənqid olunur. Burada müəllif göstərir ki, balıq sözünü balıx deyil, balık kimi yanlış tələffüz etməyə cəhd edən ziyalılar osmanlı türkcəsinin tərəfdarlarıdır. Hekayədə Əhməd Fitrət kimi milli sözlərimizi süni olaraq osmanlı türkcəsinin tələffüzünə uyğun olaraq yanlış tələffüz edənlər əsas tənqid hədəfidir: "Mən üzümü Əhməd Fitrətə tutub dedim:
- Necə yəni nəyin səbəbi? Axı səndən soruşurlar ki, biz ki, dörd Azərbaycan balaları ki, oturub burada balıx yeyirik, nə səbəbə biz balığa "balıq" deyək, "balıx" deməyək?"
Yazıçının müxtəlif əsərlərində gah rus, gah fars, gah ərəb, gah da osmanlı türkcəsinə aid sözlərin yersiz işlənməsi tez-tez tənqid olunur. Ədib "Danabaş kəndinin əhvalatları" povestinin "Bir yüngülvari müqəddimə" adlanan hissəsində ərəb sözləri ilə nitq söyləyən axundu tənqid atəşinə tutaraq Lağlağı Sadığın dili ilə ərəb mənşəli ləqəb sözünü deyil, xalq danışıq dilinə aid ayama sözünü işlətməklə ana dilinə sonsuz sevgisini ifadə edir. Halbuki axund ayama sözünü avam sözü hesab edir, ləqəb sözünün işlənməsini təşviq edir: "Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təəccüblə dübarə soruşdu:
- Olan, ayama nədi, qəribə avam adamsınız!
Sadıq səbəbini soruşanda axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Amma avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdə-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək".
Canlı xalq dilinin varlığını qoruyub saxlamağı təbliğ edən böyük ədib bütün yaradıcılığı dövründə dil məsələsinə həssaslıqla yanaşmışdır. Cəlil Məmmədquluzadənin əsərlərinin dili xalq danışıq dilinə çox yaxındır. Onun əsərlərində kötək yemək, dəmə qoymaq, ləzzət aparmaq, əlində maya tutmaq, başını girləndirmək, ovutmaq, quylamaq, yavıqlaşmaq, qısnamaq, dılğır, ləyən, pəyə, çömbəlmək, sin, dadaş, ayama tipli xalq danışıq dilinə məxsus ifadə və sözlər, frazeologizmlər onlarladır.
Cəlil Məmməduquluzadə şəxsiyyətinə qarşı son zamanlar aparılan ədalətsiz kampaniyalar qeyri-sağlam düşüncənin təzahürüdür. Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi misilsiz bədii sənət nümunələridir. Bütün varlığı ilə Azərbaycan xalqına xidmət edən, Azərbaycan ədəbiyyatına yeni janrlar bəxş edən, yeni ədəbi məktəb yaradan, tənqidi realizmin banisi olan Cəlil Məmmədquluzadə ruhuna ehtiram və sevgi hər bir ziyalının mənəvi borcudur. "Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur" - deyən Cəlil Məmmədquluzadə doğma xalqının rifahı və istiqlalı üçün çalışmışdır. Əsərlərində daima Azərbaycan xalqının maariflənməsini təbliğ edən Cəlil Məmmədquluzadə irsi hər zaman millətimizin gələcəyinə işıq salacaqdır.
Baba
MƏHƏRRƏMLİ
AMEA
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər
üzrə direktor müavini, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2019.- 15 iyun.- S.20.