Əhməd Qəşəmoğlunun şeirləri: Bir sevdanın ahəngi

 

 

 

İmzası oxuculara kifayət qədər tanınan Əhməd Qəşəmoğlu həm sosioloq alim, həm şair kimi özünəməxsusluğu ilə seçilir.

 

Elmi fəaliyyətində, artıq dünyanın bir çox qabaqcıl ölkələrində uğurla yayılan  ahəngyol adlı yeni bir nəzəriyyəni  ortaya qoyan Əhməd Qəşəmoğlu ilk dəfə xalq şairi Rəsul Rzanın təqdimatı ilə mətbuatda şeirləri ilə çıxış etməyə başlayıbdır. O gündən bu günə xeyli şeirlər elmi kitabları çap olunan Əhməd Qəşəmoğlu 1980-ci ildə o zaman olduqca nüfuzlu olan "Gənc yazıçıların Ümumittifaq  Festivalında" mükafatçılardan biri olmuşdur. Elə ona görə 1985-ci ildə Moskvada, "Molodaə qvardiə" nəşriyyatında "Vlöblennıy veter"  adlı şeirlər kitabı böyük tirajla nəşr olunmuşdur. 2005-ci ildə "Rəsul Rza" beynəlxalq ədəbi mükafatına layiq görülən Ə.Qəşəmoğlu 2015-ci ildə böyük həcmli  "Sonsuzluğun ahəngi" adlı şeirlər kitabına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə" mükafatına layiq görülmüşdür. Kitabda şair,  "Müəllifdən" başlıqlı yığcam yazısında öz məram məqsədini oxucuya təqdim edib: "...Şeirlərimə hər zaman öz ruhi övladlarım kimi baxdım. Ona görə onların heç zaman yalançı, yaltaq, tamahkar, şöhrətbaz olmasına yol vermədim... Bu şeirləri  həmişə o ümidlə yazdım ki, onlar öz vətənlərinə, yer üzünə əllərindən gələn qədər xidmət edəcəklərindi , illərdən sonra da"...  Oxucu müəllifin  kitabı ilə yaxından tanış olduqca  onun bu təqdimatının özünü tamamilə doğrultduğunun şahidi olur.

 

Mən öz fikirlərimi təqdim etmək istəyirəm.  Bəri başdan deyim ki, Əhməd Qəşəmoğlunun şeirlərində sətirlər əsasən kiçik hərflərlə başladığından  nümunələri eynilə verməyə çalışdım. Bu gün müasir Avropa türk poeziyasında bu dəst-xətt geniş yayılıbdır, hətta onlarda durğu işarələrindən olduqca az istifadə edilir. Əhməd Qəşəmoğlunu heç olmasa, durğu işarələrini yerli-yerində işlətdiyinə görə təqdir edirəm. Belə ki:

işığın da dilavəri,

işığın da lalı var...

salam olsun o kəslərə,

onlarda

        işıq əhvalı var...

Bəli, salam olsun o şəxslərə ki, onlar işıqlıdırlar, ziyalıdırlar. İşıqlı, ziyalı şəxslər o adamlardır ki, onlar xeyirxah, doğru, düzgün, namuslu, zəhmətkeş, qeyrətli, vətəni, xalqı bütün bəşəriyyəti sevib qiymətləndirə bilirlər. İşıqlı adamlar o şəxslərdir ki, sevirlər, onların sevgisində bir işıq var, bu işıqda bir ahəngin içindədir ki, onu da duyub, qiymətləndirmək hər kəsin qisməti olmur.

qəlblərdə doğan işıq

aləmdəki işıqdımı?

İlahinin bir sirridi,

işıq onun adı deyil.

bir ahəngin içindədi

bu yer üzü, bu göy üzü,

 dünya özü...

o ahəngi duya bilmək

bir qismətdi,

 sadə deyil.

Sadə deyil, çünki "taleyimizə axan işıqlar" hardan gəlib hara gedir fəlsəfəsini anlamayınca qismətimizdə nələr ola biləcəyini dərk etməyimiz çətinləşir. Bir çiçəyə, bir gülə vurula bilirik, bir qızı, bir qadını sevə bilirik, vaxtsız yağmurunu üstümüzə ələyən bir buluda qəzəblənirik, bizi sərin kölgəsində əyləndirən, yaxud dadlı meyvələri ilə ağzımızı tama gətirən bir ağacın nazını çəkirik, alqışlaya-alqışlaya dənizin qoynuna giririk,  sonra da hamısını atıb gedirik. Çiçəyin, gülün kövrəkliyi, ağacın həsrəti, buludun qəzəbi, dənizin pıçıltısı, sevgili qızın, qadının yanğısı bizi rahat buraxarmı?! Ağacı, daşı, buludu, dənizi hissiyatsızmı sanırıq?!. Hələ sevgili bir qız, qadın necə?!. Bəs onların ruhundan qopub gələn sirli işıqlar necə?! Görə bilirikmi onu?!.

ağaca, daşa, dənizə,

 buluda, ulduza,

ya bir gözəl qıza, sözə

bağlanan adam!

onlar da, ayrısı da

sənə bağlana bilər...

sənə hirslənə bilər...

səndən xəbərsiz

sənə vurulan, sənə açıqlanan

 hər şeydən

işıqlar axır, qaranlıqlar axır

ilahi dalğalar axır

taleyimizə...

"Taleyimizə axan işıqlar" "duman içində işıq" kimidir. Dumana bürünmüş İblis içərimizə soxulub əbədilik qazanmaq istəyir. İnsanlar səksəkə içərisindədirlər, avaralar, dilənçilər, dəlilərlə doludu məmləkətlər. Hər yerdə zülüm, qan vəhşət vardır. Toz-duman içində yanan saraylar, xarabaya çevrilən yurd yerləri, ağlayan körpələr, bədəninin əzalarını itirmiş, sürünən insan qalıqları, çirkli, üfunət qoxuyan dağılmış kəndlər, yaşayış məskənləri cəhənnəmi xatırladır. Bir çiçək görə bilsəydim bu cəhənnəmin içində sevinərdim. yazıq ki çiçək yoxdur. Amma o toz-dumanın içindən ruh kimi peyda olan, ilahi bir mələyə bənzəyən kimsə var. O kimsə, qəlbindəki, ən dərində gizlənən ümidləri ən doğma duyğularla dilləndirən bir varlıqdır...

sən bu dumanın içində

ilahi mələk kimisən,

küsdüyüm bu dünya ilə

barışdırırsan məni sən.

Sanki "dünya bir eşq içində" çalxalanır. Demək, məni sevən var. Mən sevdim... sevdim sənin qara gözlərini, "gözlərin and yerim oldu". "Əlində şamın işığı" yollarımı aydınlatdı. Sevdamı ürəyimdə gizləməyə çalışdım, bacarmadım. Boynuna asdığın silsiləyə yarışıq verirdin mənimsə gizlətmək istədiklərim gözlərimdən oxunurdu.

boynunda var silsilə

asmısan bilə-bilə?

ha gizlətdim sevdamı

ürəyim verdi ələ... 

 

Olmaya "sən çiçəklərin ruhusan", "mənə ən doğma qadın!" "bir bax, qurtarır ömür"... Bu vüsala yetməmiş, bu nisgili başından aşan ömrümüzün sona yetməsinimi istəyirsən? Sənin həsrətini anlayıram, "sən bu dünyadasan - duyuram bunu". "Bu qəfil sevda" qəlbinə yatmadımı? "bu Allahdan bir paymı, ya imtahandı, bəlkə"? Həsrət dolu qınayıcı baxışlarının ağırlığını qaldıra bilmirəm, elə baxma, onsuz da "mənim sevdalarım mənə qənimdi", "sındı əlimdəki piyalə"... İndi dəniz sahilinə tək gedirəm. Bilirsənmi, "səni soruşdu dəniz"... "səndən salam dedim dənizə", "qəlbimdəki gözəl".

sənin qüdrətinlə yazdım,

bu dünyada sənə həsr elədim,

 bütün sevgi şeirlərimi...

Bu qədər ülvi duyğular ilə yaşayan, yazan, yaradan şair özündən asılı olmayaraq bir günah da işlədir. Bəlkə bütün şairlər belədir, günahlarıyla baş-başadır, etiraf etməyə utanırlar, yaxud özünü görməzliyə vururlar. Amma Əhməd Qəşəmoğlu, günahını görür etiraf edir. Bakının qışı mülayim keçəndə "badam ağacları aldanıb çiçəklədi"yi kimi, o da yer üzündəki bir gözəli, ömrü boyu qəlbindən boy verən o  "qəlbindəki gözəl" hesab edib,  ona inanmışdı. Qəlbindəki gözəl ülvi sevgisi ilə ilahi bir gözəl idi... inandığı gözəlsə maddiyyat, şöhrət dumanında, həmin ülvilikdən uzaq olan birisi imiş... Şairin günahı vardı. Qəlbindəki ülvi gözəli bu bəsit hisslərlə yaşayan hesab etmişdi...

qəlbimdəki gözəl!

bağışla məni...

sən məni hər zaman

ucalarda saxladın,

mən

yer üzündə axtardım səni... 

Bu səmimi etirafdan sonra şair, başqa bir şeirində yazır: "o mənə dedi ki, hava soyuqdu"... "günün günortasında" soyuyan hava iki qəlbin arasında pozulmuş işıq nizamını xatırladır. Bir-birini cəzb etməyən cisimlər kənarlaşdığı kimi iki qəlbin telləri biri-birindən ayrılır. Hava soyumur, könüllər soyuyur, isti məhəbbət hissləri yerini soyumuş havalar ilə dəyişir. Peşiman olmuş lirik mənin mənəvi dünyası dağılır, nəsə demək istəyir. Deyə biləcəkmi?

... mən sənə o gün

bir söz demək istəyirdim

o söz hər dəfə

qəlbimdə doğulanda

 dünyada görmədiyim

 ən gözəl işığa bənzəyir.

 gəlib-gəlib boğazımda

büllur kimi çiliklənir,

  dağılır...

Əhməd Qəşəmoğlunun işıqlı sevda dünyasında dərdləri böyüyür. Üzünü Tanrısına tutan şair "dünyanın nəfs əlində, qan gölündə çırpınan zamanında, işıqların kölgələrə əsir düşdüyü vaxtda mən də dünyadayam, İlahi!" - deyir. Dünyanın ahənginə inanır, zamanın ahənginə inanır, hərəkətdə olan, hərəkəti görünməyən hər şeyin ahənginə inanır. Bu ahəngi pozmağa çalışan adamlar var. Nə qədər çalışsalar da, əlahəzrət zaman yenidən hər şeyi ahəngə tabe etdirir. Şair "ümid" ilə yaşayır. "Ah, gözəl işıq"... sən yenidən gələcəksənmi?

ah, gözəl işıq, qəlbim işıq...

mavi dənizlərdən qalxan dumanın

gün işığıyla

sevdasına bənzəyən işıq...

harda qaldın, niyə yubandın?..

Şair ümidlidir, bir də nə zamansa gül kimi, çiçək kimi bir qucaq torpağın üstündə pöhrələnib göyərəcəyinə inanır. Rəssama çevrilib ümidlərinin şəklini çəkməyə çalışır, yandırdığı ümidlərin alovu üzünə işıq salır. Bu adam bir rəssamdımı, yoxsa şair özüdür? "Alov dilimləri işıq salıb gözləri suallı, ağzı dualı bu kişinin üzünə"...

Əhməd Qəşəmoğlu, bəlkəsiz o rəssam elə sənin özünsən. "sSən bu yer üzünü ögey şəhər kimi gəzmə... bu, həm də sənin yer üzündü"... Bir də sənin "Azərbaycanım" dediyin Vətənin var. İşığıyla, oduyla, həyatımızın başladığı doğma Azərbaycan. Axı, bu sözləri sən yazıbsan, bu ruh sənin canında yaşayır.

... ilk səndən başlayır...

türk  səndən başlayır

tarixim tarixlərə

tarix olanım, işıq salanım

doğma Azərbaycanım...

Yolun işıqlı olsun, Əhməd Qəşəmoğlu! İşığının ahəngi pozulmasın. Bu dünya sevənlərin sevdalar ölkəsidir. İşığıyla, ahəngiylə, sözüylə...

 

 

Nizami MURADOĞLU

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.15.