Uzaq və yaxın Meksika

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

İnsanların təsərrüfat fəaliyyəti Meksika təbiətinə nəzərə çarpan dərəcədə ziyan vurmuşdur. Ona görə də təbiətin qorunması kimi vacib olan bir işə də artıq başlanmışdır. Ölkədə 50-dən çox milli park salınmışdır, onlar 800 min hektar sahəni əhatə edirlər. Dağlardakı və xüsusən sahillərdəki rayonların çoxu böyük istirahət və kurort əhəmiyyətinə malikdir.

Meksika bir ölkə kimi təkcə təbiətin rəngarəngliyi ilə deyil, həm də malik olduğu mədəniyyətlərin sintezi ilə seçilir. Meksika paytaxtında, irəlidə deyildiyi kimi, "Üç mədəniyyət" meydanı vardır. Bu, ona görə belə adlanmışdır ki, burada yerli hindu əhalisinin qədim mədəniyyət abidələri ilə yanaşı, müstəmləkə epoxasından olan ispan arxitekturası binaları və ən yeni tikililər yerləşir.

Yadelli imperatorun və siyasi xadimin oxşar taleləri

Meksika və onun paytaxtı öz keçmişinə, onun hər bir səhifəsinə hörmətlə yanaşır, minilliklərin xatirəsini, qorunan abidələrdə yaşatmağa çalışır. Meksikalılar böyük siyasi sarsıntılarla üzləşmiş, azadlıq sevən xalq yadellinin ona hökmranlıq etməsinə dözməmiş, kütləvi mübarizəyə qalxmışdı. 1861-ci ildə ingilis, fransız və ispan silahlı qüvvələri Meksikaya müdaxilə etmişdilər. 1864-cü ildə işğalçılar I Maksimilian Habsburqu Meksikanın imperatoru elan etdilər, o, Avstriya imperatoru Frants İosifin kiçik qardaşı idi. Yeni imperatorun hakimiyyəti yalnız fransız işğalı altında olan əraziləri əhatə edirdi. Fransız qoşunları xalqın müqaviməti nəticəsində 1867-ci ildə Meksikanı tərk etməyə məcbur oldu. Az sonra İ Maksimilian Habsburq əsir götürüldü və prezident Benito Xuaresin göstərişi ilə güllələndi.

Meksika həm də təqiblərdən qaçıb canını qurtarmağa çalışan bəzi siyasi xadimlərə sığınacaq verərkən, onların ömrünün bir qədər uzadılmasına şərait yaratmışdı. Belələrindən biri, 1929-cu ildə SSRİ-dən sürgün olunmuş L.D.Trotski idi. Trotski Oktyabr inqilabının qələbəsinin təşkilatçılarından biri və Qızıl Ordunun banisi idi. Onun başçılığı altında Vətəndaş müharibəsində ağqvardiyaçılara qarşı vuruşlarda "qırmızılar" xeyli qələbə qazanmışdılar. Leninin vəfatından sonra partiyadaxili mübarizə qızışanda Trotski partiyanın xəttinə qarşı çıxmış, İ.V.Stalin isə əksəriyyət tərəfindən dəstəkləndiyinə görə mübarizəni udmuş və öz rəqibinin sürgün edilməsinə nail olmuşdu. Trotski bir müddət İstanbul yaxınlığındakı adada yaşamış, sonra İsveçə getmiş, nəhayət, 1937-ci ildə Meksikada sığınacaq almağa müvəffəq olmuşdu. Ona bu məsələdə dostu, dahi rəssam Dieqo Rivera kömək etmişdi. 1934-cü il prezident seçkilərində qalib gələn Lasaro Kardenas (indi bu görkəmli demokrat generalın - ölkə prezidentinin adını daşıyan şəhər Sakit okean sahilində, Akapulkodan bir qədər şimalda yerləşir.) Riveraya yaxın olduğundan, Trotskiyə sığınacaq vermək barədəki onun xahişinə razılıq vermişdi. Lev Davidoviç Trotski arvadı Natalya Sedova ilə birlikdə Meksikaya gəldikdən sonra əvvəlcə Riveranın evində yaşamış, sonra Koyoakan qəsəbəsindəki kiçik həyəti olan və uca divarlarla qorunan evə köçmüşdü. İndi həmin ərazi Mexiko şəhərinin ərazisinə daxildir. Trotski Riveraya qarşı xəyanətə yol vermişdi, onun arvadı, rəssam Frida Kalo ilə intim yaxınlıq etmişdi və ona görə də əzablardan onu xilas etmiş dostunun evini birdəfəlik tərk etməli olmuşdu.

Rusiyanın hökmranlığında olanlar əxlaq məsələlərində ümumi qaydalara məhəl qoymurdular, şəhvət hisslərinə asanlıqla tabe olurdular. Axırıncı çar II Nikolay balerina Matilda Kşesinskaya ilə intim yaxınlıq edirdi. Lenin inqilabçı ərli qadın İnessa Armand ilə sevişirdi, hətta qadının doğduğu oğlan uşağı sonralar Vladimir İlyiçin cavanlığını yada salırdı. Lakin Lenini və ya Trotskini Romanovlar sülaləsinin axırıncı imperator nümayəndəsi ilə müqayisə etmək ədalətsizlik olardı. Lenin inqilabda alim, elmdə inqilabçı idi, dünyanın ən böyük tarixi şəxsiyyətləri - Makedoniyalı Aleksandr, Qay Yuli Sezar, Çingiz xan və Napoleon belə onunla müqayisədə uduzurlar, çünki o, həmin dahi sələflərindən fərqli olaraq tarixin gedişini dəyişdirmişdi. Rusiyada yeni inqilabçı hökumətə - Xalq Komissarlar Sovetinə başçılıq edən Lenin həm də repressiyanın başlanmasına, əks mövqedə olan insanların məhvinə start vermiş, xeyli sayda görkəmli yaradıcı ziyalını, məşhur filosofları ölkədən sürgün etmişdi. Trotski özü də böyük intellektə malik olmaqla, istedadlı təşkilatçı idi.

Çar II Nikolay isə bir kəndi idarə etməyə qadir olmadığı halda, dünya ərazisinin altıda birində hökmranlıq edirdi. Onun fiziki ölçüləri də yaxşı rəy yaratmırdı, mərhum atasından fərqli olaraq ensiz çiyinləri vardı, boyu isə 152 sm idi. 1905-ci ildə dinc nümayişi Peterburqda atəşə tutdurduğuna görə ona "Qaniçən Nikolay" deyirdilər.  Rusiya hərbi donanması çar II Nikolayın  təhqiramiz qaydada "makakalar" (meymunların kiçik bədənə malik olan xırda burunlu növü) adlandırdığı yaponlar tərəfindən 1905-ci ildə Tsusima boğazında alçaldıcı qaydada məğlub edilmişdi. Ümumiyyətlə, o, fəaliyyət adamı deyildi, I Dünya müharibəsi vaxtı cəbhədə olarkən dövlət işləri ilə, ağır itkilərə məruz qalan ordunun problemləri ilə məşğul olmaq əvəzinə, arvadına intim detallarla dolu saysız-hesabsız məktublar yazırdı. Petroqrada qayıtdıqdan sonra da səfehlikərini davam etdirirdi, oğlu Alekseylə çarpayıda uzanıb, bərkdən səs çıxarmaq qaydasında otağın havasını korlamaqla məşğul olurdu. O, öz məğlubiyyətinə səriştəsizliyi ilə bünövrə yaratmışdı, hakimiyyətdən getməyə mütləq qaydada məhkum idi.

Çar II Nikolay və arvadı Aleksandra mənfur bir adam kimi tanınan, şarlatan Qriqori Rasputinin, 1916-cı ildəki qətlinə qədər 8 il ərzində güclü təsiri altında olmuşdu. Bu savadsız, səriştəsiz adam dövlət işlərinə birbaşa müdaxilə edirdi. Çox sayda faktlar onu göstərir ki, çar, sükançısı olduğu qatarı - Rusiya adlanan nəhəng bir varlığı uçuruma sürməklə fəlakətə uğratdı. Onun Fransa kralı XVI Lui kimi dövlət rəhbərliyinə yaramaması Rusiyada monarxiyanın süqutuna, 300 illik Romanovlar sülaləsinin məhvinə səbəb oldu. Hər bir ölkənin tarixində II Nikolaya bənzərləri tapmaq çətin deyildir. Onlar dövlət başçısı kimi böyük və məsuliyyətli vəzifəni aparmağa qabiliyyətləri olmadığı halda, onu tutmağa can atsalar da, azacıq böhran mehi əsdikdə tezliklə tutduqları kürsü ilə vidalaşmalı olurlar, çünki ilk anda ancaq onun ləzzətinə, dəbdəbəli həyat yaşayacaqlarına ümid bəsləyirdilər, xalqa rəhbərliyin ağır yükünü daşımaqdan isə tam uzaq idilər. Çətin an onların yararsızlığını bütünlüklə açıb göstərir. Belələrinin səriştəsizliyinin ağır nəticələrinə görə isə haqqı heç də özləri deyil, bir qayda olaraq xalq ödəməli olur. 

Trotskiyə gəldikdə, onun məhv edilməsi üçün sovet kəşfiyyatı bir sıra cəhdlər etmişdi. Böyük rəssam David Alvaros Sikeyrosun silahlı dəstəsi Mexikoda onun evinə hücum edib, otağı gülləbarana tutmuşdu. Arvadı Trotskini sürüyüb çarpayının altına saldığından ona xətər toxunmamışdı. Biz ev-muzeyində olarkən divarda avtomat atəşinin çox sayda izlərini gördük. 1940-cı ildə isə ispan mənşəli sovet agenti Ramon Merkader guya gənc jurnalist kimi Trotskidən professional məsləhətlər almaq üçün tez-tez onun evinə gəlirdi. Bir dəfə onun otağına girib, arxadan başına alpinist külüngü ilə (buzqıran külüng) zərbə vurmuş və onu qətlə yetirmişdi.

Meksikalı dostlarımızın təklifi ilə qaçqın siyasətçinin yaşadığı evdə və onun həyətində olduq. Onu elə həmin həyətdə də dəfn etmişlər və mərmər başdaşında "Leon Trotscy - 1979-1940" sözləri yazılmışdır. Həyəti hündürlüyü 4 metrə çatan, tikanlı məftillərlə haşiyələnən divarlar mühafizə edir.

Vətəndaş müharibəsində Trotski çox qanlar axıtmışdı. Rusiyada ilk ölüm düşərgələri və ordunun arxasındakı cəza dəstələri - "Zaqradotryad"lar da onun təşəbbüsü ilə təşkil olunmuşdu. Özü də nəticədə qətlin qurbanına çevrilməklə, həyatdan getmişdi. Yaşadığı həyətin belə qorunması göstərir ki, qisas alınacağından qorxan bu adam, təhlükəsiz saydığı sığınacaqda da öz ölümünə qədərki dövr ərzində də əslində, məhbəs həyatı yaşamalı olmuşdu. Lakin o, Meksikada yaşadığı dövrdə bununla təskinlik tapa bilərdi ki, digər inqilab xadimlərindən bir neçə il çox yaşamışdı, onun silahdaşlarının əksəriyyəti 1930-cu illərin ikinci yarısında Stalin repressiyasının qurbanları kimi artıq həyatdan getmişdilər.

Ev, həyət, qəbir birlikdə rekviyem əhval-ruhiyyəsi yaradırdı, ancaq bir fikir də adamı izləyirdi ki, əli günahsız insanların qanına batmış bir adamın taledən başqa "mükafat" gözləməsinə də elə bir haqqı yox imiş. Onun Trotski soyadı da götürmədir, mənşəcə yəhudi olan onun əsl familiyası Bronşteyn idi. İlk dəfə dustaqxanada yatdıqdan sonra, azad olunduqda həmin məhbəsin rəisinin familiyası olan Trotskini özünə soyad götürmüşdü. Bu soyad altında da o, geniş şöhrət qazanmışdı, inqilabın və sonrakı keşməkeşli həyatının əzablı yolları ilə addımlamışdı.

İmperator I Maksimilian Habsburqun və inqilab xadimi Lev Trotskinin həyatında oxşar cəhətlər olmasa da, öz qətlləri ilə cəzalandırılmaqla, həyatla heç də arzulamadıqları şəkildə vidalaşmalı olmuşdular. Onlar böyük ambitsiyalarla yaşayırdılar, lakin sonda taeyin acı hökmü ilə üzləşməli oldular. Çəkdikləri zəhmət ağacı çürük meyvə verdi və bu mənada onları ömürlük əzaba məhkum edilmiş qədim yunan mifinin qəhrəmanı Tantala bənzətmək olar. Axı Lidiya çarı Tantal da allahlar tərəfindən əbədi əzaba məhkum edilmişdi. Buna "Tantal əzabı" da deyirlər. O, xirtdəyinə qədər su içərisində olduğu və ağacdan sallanan meyvələri gördüyü halda yanğısını və aclığını söndürə bilmirdi, çünki su onun dodaqlarından kənara çəkilirdi, meyvəli budaqlar isə uzaqlaşırdı.    

Bayram ərəfəsi və qüssə yaradan mərasim

Meksika-SSRİ dostluq cəmiyyətinin sədri olan professor xanım məni öz evinə qonaq dəvət etdi, bir nəfər nümayəndə heyətinin üzvü ilə ora getdim. Bu siyasi işlə məşğul olan qadın həm də qabiliyyətli ev sahibəsi idi və biz onun qonaqpərvərliyinə heyran qalmışdıq. Mənzilinin geniş zalında oturub, xeyli söhbət etdik. Söhbətdə cəmiyyətin digər rəhbər işçiləri də iştirak edirdi.

6 noyabrdan 7 noyabra keçən gecə isə mən Bakıya zəng vurdum, 9 saatlıq vaxt fərqinə görə paytaxtımızda səhər saat 9 idi. Mərkəzi Komitənin növbətçisi bildirdi ki, ənənəvi bayram nümayişi olmayacaqdır, büro üzvləri gəmidə Xəzər dənizinin sahil ətrafında gəcəzəklər və görünür, əvvəllər keçirilən hay-küylü bayramın bu dəfə belə bir surroqat növü seçilmişdi. Bu kiçik fakt ölkədəki quruluşun tənəzzülünün, əslində, süqutunun başlanğıcının əlaməti idi. Mixail Qorbaçovun quruluşu islahata uğratmaq istəyi baş tutmamış, onun özünü birbaşa sona çatdırmağa xidmət etmişdi.

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.22.