Amaliya Pənahova sənətkarlığı:
səhnədə və ekranda
GÖRKƏMLİ
SƏNƏTKARIMIZIN İLK DƏFƏ ONSUZ QEYD OLUNAN DOĞUM
GÜNÜNƏ
Səhnə və ekran elə bir fenomendir ki, onların hər
ikisi mütəmadi olaraq yenilənmək və dəyişmək
məcburiyyətindədir.
Ötən əsrin 60-cı illərinə qədər
Azərbaycan teatr sənəti sovet formalizmindən gələn
pafosla zəngin idi ki, bununla da səhnə
tamaşaçıdan sanki get-gedə uzaqlaşırdı. Səhnəni
tamaşaçıya, sənəti xalqa qaytarmaq lazım idi.
Bu missiyanın arasında dayana birinci fenomen ədəbiyyat
və dramaturgiya oldu, lakin əsas məsələ səhnə
və ekranı dəyişmək idi. Təkcə
rejissorlar deyil, pafosdan uzaq, Stanislavskinin yaşamaq məktəbi
ənənələrini qaytarmaq iqtidarında olan
ifaçılara da ehtiyac var idi. Əslində,
elə həmin vaxtlarda yeni, gənc aktyor nəsli yetişirdi.
1964-cü ildə 18 yaşlı Amaliya Pənahova səhnə
stereotiplərini qıraraq, dramaturq İlyas Əfəndiyevin
"Mənim günahım" pyesindəki Nurcahan
personajı ilə səhnəyə çıxdı. Azərbaycan tamaşaçısı gənc azərbaycanlı
xanımı səhnədə olduğu kimi gördü.
Amaliya Pənahova Azərbaycan səhnəsinə
yeni nəfəs gətirdi, qadının daxili psixoloji
dünyasını aşkara çıxararaq, onu
tamaşaçı üçün daha da aydın etdi.
Halbuki psixoloji məqamların
açılması daha çox kino sənətinə
uyğun prinsip olsa da, Amaliya xanım istedadı sayəsində
bunu birbaşa teatr səhnəsindən etməyə müvəffəq
oldu. Həmin illərdə Azərbaycan
teatrı özünün renesans dövrünü yaşayırdı
və renesansı yaşadan fenomenlər arasında sonradan bu
adı təsdiqləyəcək Amaliya Pənahova imzası da
var idi. Nərmin ("Unuda bilmirəm"),
Nargilə ("Sən həmişə mənimləsən"),
Şahnaz ("Mahnı dağlarda qaldı"), Nurcahan
("Mənim günahım"), Təhminə ("Təhminə
və Zaur") və başqa personajların vasitəsilə
Amaliya Pənahova təkcə hadisənin aparıcı
qüvvəsi kimi çıxış etmir, eyni zamanda, öz
personajları vasitəsilə tamaşaçılarına,
bununla da cəmiyyətə vacib çağırışlar
ötürmüş olur. Amaliya Pənahovanın
qadın personajları faciə və komediyanın vəhdətində
formalaşan yeni dramatik modeldir. Hətta ən
çətin, dramatik anlarda belə Amaliya Pənahovanın
qadın personajları məğrurdur və hər biri digərindən
peşəkarlıq səviyyəsinə görə fərqlənir.
Hətta müxtəlif dram əsərlərində
oxşar qadın personajların olmasına baxmayaraq, Amaliya Pənahova
aktyorluq texnikasından məharətlə istifadə edərək,
fərqli xarakterli qadınları tamaşaçılara əyani
tanıdır. Bir zamanlar dəbdə olan və bu gün
də aktuallığını itirməyən "Təhminə
və Zaur" tamaşası ilə bağlı müsahibəsində
Amaliya Pənahova belə qeyd etmişdi: "Tamaşada baş
rolları Fuad Poladovla mən ifa edirdim. Biz o
yüksək sevgi səhnələrini çox estetik şəkildə
canlandırmışdıq, bununla heç kəsin
duyğularını qıcıqlandırmamışdıq.
Hər dövrün
tamaşaçısının öz zövqü, öz
dünyagörüşü var".
Amaliya Pənahova yaradıcılığının
böyük bir hissəsi kino sənəti ilə
bağlıdır. Amaliya xanımın kinoya gəlişi
onun üçün heç də çətin olmadı.
Çünki qeyd etdiyimiz kimi, aktrisa səhnədə
ikən belə söz və plastikanın misilsiz vəhdətini
yaratmağa nail olmuşdu. "Əhməd
haradadır?" filmində Məsmə epizodik rolu ilə diqqətə
çəkən Amaliya Pənahova, "Cazibə qüvvəsi",
"Sən niyə susursan?", "Həyat bizi
sınayır", "Xatirələr sahili", "Səmt
küləyi", "Mezozoy əhvalatı", "Qəribə
adam", "Mən mahnı qoşuram", "Gözlə
məni" ("Mahnı dağlarda qaldı") bədii
filmlərində rəngarəng personajlar yaradır.
Amaliya xanımın kino yaradıcılığında
"Babək" epik filmində yaratdığı Zərnisə
obrazı xüsusilə diqqətçəkəndir. Aktrisa Zərnisəni
təkcə güclü, məğrur, eyni zamanda, bic lider
qadın olaraq təqdim etmir, ssenaridən gələn məziyyətlərə
uyğun olaraq, qayğıkeş ana kimi göstərməyə
çalışır. Ümumiyyətlə,
Amaliya Pənahova kino personajlarına bir xətli
yanaşmayıb, hər dəfə personajların alt
qatlarında gizlənən "mən"ləri taparaq
üzrə çıxarmağa çalışıb.
Amaliya xanım kino üçün xarakterik olan
iri planlar aktrisası idi, o, istənilən dramatik məqamı
gözləri və sifət ifadələri ilə aydın
şəkildə çatdıra bilirdi. Onun,
tamaşaçıların sevə-sevə baxdıqları
"Arxadan vurulan zərbə" detektivində
yaratdığı Ziba obrazını da - burada artıq
personaj yox, obraz sözünü işlədirik - xüsusi
qeyd etmək lazımdır. Zibanın
"Ə bu nə maşındır gətirmisən,
başqa maşın tapılmadı mənə?"
xitabı ilə Amaliya Pənahova çarəsiz vəziyyətdə
qalsa da, çıxış yolu tapmağa
çalışan qadının narahatlığını
ustalıqla ifadə edə bilmişdi. Bu
ifadə film ekranlara çıxandan sonra dillər əzbəri
olmuşdu. Bu isə birabaşa Amaliya Pənahova
peşəkarlığının uğurundan xəbər
verirdi. 2007-ci ildə Amaliya Pənahovanın
çəkildiyi "Nəfəs" qısametrajlı bədii
filmindəki Ağabəyim personajı aktrisanın gənclərə
hər zaman dəstək olmasından xəbər verirdi.
Filmdə gəldikdə isə, digər kino
personajlarından fərqli olaraq, bu filmdə Amaliya xanım
oyun texnikasını müəllif kinosunun tələblərinə
uyğunlaşdıra bilmişdi.
Amaliya Pənahova Azərbaycanın televiziya
teatrının inkişafında həm aktrisa, həm də
rejissor kimi misilsiz xidmətlər göstərib. "Topal
Teymur", "Qapalı orbit", "Ömrün
yolları", "Təkan" (həm də rejissor), "Mənim
günahım" (həm də rejissor), "Sənsiz" (həm
də rejissor) teletamaşalarında aktrisa teatr və kino sənətinin
vəhdətini təqdim etmiş olur. A.Pənahovanın
"Qapalı orbit" teletamaşasında
yaratdığı Marqaret personajı əslində,
var-dövlət içində yaşayan bədbəxt
qadındır. Həyat yoldaşı
Uolter həyatın mənasını pulda görsə də,
Marqaret ona yad olan bu mühitdə özünü tapmağa
çalışır. Amaliya Pənahova
teletamaşanın bir sıra səhnələrində
amerikalı qadının faciəsini yalnız sükutla təqdim
etmiş olur ki, bu da süjet xəttinin dramatikliyinə təkan
vermiş olur. A.Pənahovanın rejissor
kimi quruluş verdiyi Şıxəli Qurbanovun "Sənsiz"i
ötən əsrin 80-ci illərinin sonunda başlanan Azərbaycan
xalqının milli-azadlıq mücadiləsi ərəfəsində
hər birimizin ürəyindən xəbər verirdi. "Sənsiz", Sevincin (Amaliya Pənahova) və Tərlanın
(Füzuli Hüseynov) timsalında dünyada repressiyaya məruz
qalmış bütün ailələlərin faciəsini əks
etdirirdi. Rejissor burada faciəni bir
qadının timsalında Amaliya Pənahovanın məharəti
onda idi ki, həm rejissor, həm də aktrisa qismində
çıxış elədiyi bu tamaşada hər iki
missiyanı dəqiq yerinə yetirə bilmişdi. Amaliya xanım ekranda idi, eyni zamanda, ekranın
arxasında dayanaraq, bütün əhvalatı mükəmməl
şəkildə idarə edirdi. "Sənsiz"
mövzusuna görə Azərbaycan ekranında yeni idi. Düzdür, növbəti illərdə rejissorlar bu
və ya digər şəkildə repressiya mövzusuna
müraciət etmişdilər. Amma ilk dəfə
bu mühüm addımı atan Amaliya Pəhanova oldu, üstəlik,
rejissor kimi. Əslində, hər aktyor bu
cür çətin missiyanı üzərinə
götürərək, uğurlu əsər ortaya qoya bilməzdi.
Söhbət təkcə peşəkarlıqdan
deyil, eyni zamanda, cəsarətdən gedirdi.
Amaliya xanım həm də cəsarəti ilə
seçilən incəsənət xadimi idi və məhz bu
xüsusiyyəti, o cümlədən, yüksək vətənpərvərlik
keyfiyyətləri, özünü xalqımızın ən
ağır vaxtlarında göstərdi. O, hələ 90-cı illərin
əvvəllərində ölkəmizin hüdudlarından kənarda
Azərbaycanın haqq səsini dünyaya
çatdırmağa çalışmışdı.
Sonrakı illərdə Amaliya xanım ictimai işlərlə
fəal məşğul olmuş, 2000-2005-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət
daimi komissiyasının üzvü, MDB Parlamentlərarası
Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi
Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin
işçi qrupunun sədri kimi fəaliyyət göstərmişdi.
Amaliya xanımın təşəbbüsü və təşkilatçılığı
ilə Bakı Bələdiyyə Teatrı 1992-ci ildə,
dağılmış keçmiş Sovet məkanında,
çiçəklənən, yenicə müstəqilliyə
qədəm qoyan Azərbaycanda yarandı. Amaliya
xanım bu teatrın sayəsində sənətdə yeni vətənpərvərlik
modelini ortaya qoydu. Əslində, Sovet
dövlətindən çıxmış bir ölkənin
sakinləri üçün sənətdə vətənpərvərlik
tamamilə fərqli yanaşma idi. Bakı
Bələdiyyə Teatrı təkcə sənət
xüsusiyyətlərinə görə deyil, eyni zamanda,
teatrın təşkilatlanma prinsiplərinə görə də
yeni idi. Amaliya Pənahova ilk dəfə
olaraq Azərbaycan milli teatrına, bütün dünyada
mövcud olan bələdiyyə teatrı modelini təqdim
edirdi. Bu model sonrakı illərdə
Respublikanın digər şəhərlərində yarana və
inkişaf edə bilərdi. Amma hələlik
bu yük, elə bu gün də Bakı Bələdiyyə
Teatrının üzərinə düşür. Amaliya
Pənahovanın Bakı Bələdiyyə teatrında
quruluş verdiyi "Tomris", "Mənim Ərdəbilim",
"Vətənə igidlər gərək", "Dəli
Domrul" tamaşaları qısa müddət ərzində
nəinki ölkəmizdə, həmçinin, ölkəmizin
hüdudlarından kənarda da böyük nailiyyətlərə
imza atdı. Amaliya xanım, eləcə də bu teatrda Azərbaycan
səhnəsinin sönməyən ulduzlarına ikinci həyat
bəxş etmiş oldu: Muxtar Avşarov, Sofa Bəsirzadə,
Məhluqə Sadıxova, Mirvari Novruzova, Firudin Mehdiyev kimi
istedadı sənətkarlarımız ömürlərinin
ahıl yaşlarında yenidən Bakı Bələdiyyə
teatrının səhnəsində parladılar. Amaliya Pənahova bu teatrda öz tələbələri
ilə çiyin-çiyinə çalışırdı
ki, bu da onun gənc nəslə bəslədiyi yüksək
inam hisslərindən, göstərdiyi qayğı və dəstəkdən
irəli gəlirdi.
Amaliya Pənahova
1974-cü ildə Azərbaycanın Əməkdar artisti,
1985-ci ildə Xalq artisti fəxri adına
layiq görülmüşdü, 2015-ci ildə isə Azərbaycan
Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif
edilmişdi. 43 illik sənət fəaliyyətində
Amaliya xanım mənsub olduğu heç bir titulla
öyünmədi, çətin vaxtlarında məğrur
dayandı və ömrünün sonuna qədər sənətinə
sadiq qaldı. İstər teatrda, istər kinoda, istərsə
də televiziyada beş yüzdən
artıq personajda yaratdı. Bunların
içində onun sayəsində obraz səviyyəsinə
yüksələn çoxlu sayda rolların adlarını
sadalamaq mümkündür. 1945-ci ilin bu günü - 15
iyunda dünyaya gəlmiş Amaliya Pənahova öz təkrarolunmaz
sənəti ilə səhnəmizə və ekranımıza yeni fenomenal obraz gətirib:
bundan sonra da neçə-neçə nəslin qaynaqlana,
tamaşaçıların isə qəbul edə biləcəyi
Azərbaycan qadını obrazı!
Kamran QASIMOV
ADMİU-nun
dissertantı
525-ci qəzet.- 2019.- 15 iyun.- S.17.