Azərbaycan milli hərəkat
tarixinin tədqiqatçısı
Azərbaycan
xalqının tarixinə daxil olmuş görkəmli tədqiqatçı
alimlərin elmi-pedaqoji fəaliyyətini,
yaradıcılığını və ictimai-siyasi fəaliyyətinin
ayrı-ayrı sahələrini öyrənmək, onların
mənalı həyat yolunu, zəhmətsevərliyini və vətəndaş
mövqeyini, vətənpərvərliyini və yüksək insani
keyfiyyətlərini gənc nəslə çatdırmaq
çağdaş dövrümüzdə də mühüm əhəmiyyətə
malikdir.
Xalqımızın tarixinə, milli-mənəvi dəyərlərimizə
kökündən bağlı olan belə tədqiqatçı
alimlərin qələmindən çıxan tarixi kitablar
geniş elmi ictimaiyyət və tələbələr tərəfindən
sevilə-sevilə oxunan əsərlər sırasına
daxildir. Belə
alimlərdən biri ömrünün müdrik
çağını yaşayan, tarix elmləri doktoru, professor Xəqani Məmmədovdur.
Xəqani
Məmmədov 1954-cü il iyun
ayının 18-də Ağcabədi şəhərində
dünyaya gəlib. 1970-ci ildə Ağcabədi
şəhər 1 saylı orta məktəbini bitirən Xəqani
Məmmədov elə həmin ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur.
Cəmi 16 yaşı yenicə tamam olan gənc
Xəqani tələbə yoldaşları içərisində
ən cavanı idi.
Hələ tələbə ikən gecə-gündüz
tarixi kitabları yorulmaq bilmədən kitabxanalarda fasiləsiz
öyrənən Xəqani özünün zəhməti və
elmi biliyi hesabına 1975-ci ildə fakültəni fərqlənmə
diplomu ilə bitirir. Təhsil Nazirliyinin göndərişi ilə
doğma məktəbində tarix müəllimi işləyir
və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin
aspiranturasına daxil olur. Onun istedadı və
savadı nəzərə alınaraq 1982-ci ildə tarix
fakültəsində müəllim vəzifəsinə təyin
edilir. Deyirlər ki, cəmiyyətdə
insanın mövqe tutmasının birinci amili onun öz sənətini
ürəkdən sevməsidir. Sənətini
və milli tariximizi canı qədər sevən Xəqani
müəllimə zaman keçdikcə bu peşə
şöhrət gətirdi. 1985-ci ildə
namizədlik, 1998-ci ildə isə doktorluq
dissertasiyalarını müdafiə edir və tarix elmləri
doktoru alimlik dərəcəsini alır. 2000-ci
ildə professor vəzifəsini tutur. Sürətlə
keçın bu illər ərzində Xəqani Məmmədov
zəngin və çoxsahəli bir elmi-pedaqoji
yaradıcılıq yolu keçir. Bu illər
ərzində ciddi elmi tədqiqatlar apararaq dəyərli əsərlər
yazır.
Xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl sahibi
olan Xəqani müəllimin həyatda özünəməxsus
elə bir tarixi fəlsəfəsi var ki, onun həyat
simfoniyasında mənəvi saflıq, poetik təbiət, Vətənə,
xalqa sədaqət, milli-mənəvi dəyərlərə
bağlılıq üstünlük təşkil edir.
Bu gün
respublika elmi ictimaiyyətinin görkəmli alimlərindən
biri, Azərbaycanda və türk dünyasında
tanınmış dəyərli tarixçi alim, yüzlərlə
insanın qəlbində özünə əbədi heykəl
ucaldan, sevgi və istək dolu mənalı ömür
yaşayan Xəqani Məmməd oğlu Məmmədovun anadan
olmasının 65 və elm-pedaqoji fəaliyyətinin 40 ili
tamam olur. Qəlbinin hərarətini, zəngin
elmi biliyini istəkli tələbələrinə öyrətmək,
bütün insanlara əlindən gələn köməyi
etmək, onlara mənəvi dayaq olmaq Xəqani müəllimin
elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin başlıca
amalına çevrilib. Məhəmməd Peyğəmbər
(s.) hədislərinin birində deyib: “İnsanların ən
xeyirlisi başqalarına xeyri dəyəndir”. Xəqani
müəllim həmişə belə xeyirxah insanlardan biri
olub.
Qədim Roma imperatorlarından birinin dediyi kimi, ən
böyük elm müdriklikdir, ən yüksək müdriklik
isə xeyirxahlıqdır. Bu baxımdan X.Məmmədov
yeni tarixi şəraitdə fəaliyyətə başlayarkən
bütün hərəkətlərində və
addımlarında haqqın qələbəsinə
çalışıb, təbiətindəki saflıq və
səmimiyyət, mənəvi və əxlaqi təmizlik,
ümid və arzularını həyata keçirməkdə
aparacağı mübarizə üçün ona dönməz
cəsarət və qətiyyət verib. Onun
həm rəhbər, həm müəllim, həm mütəxəssis
kadr və həm də bir ziyalı kimi həqiqət konsepsiyası
daha geniş ictimai məkan ölçüsü kəsb edir,
Vətənə və xalqına xidmət onun başlıca
amalıdır.
Hər kəsi səbirlə dinləmək, hadisələrə
doğru-düzgün qiymət vermək, mühakimələrində
obyektivlik, sərbəstlik, ardıcıllıq və qətiyyətlilik
Xəqani müəllimin həyat kredosudur.
Xəqani
Məmmədov müdrik alim, dəyərli ziyalı, gözəl
təşkilatçı, əvəzsiz dost, minlərlə
insanın və tələbə dünyasının sevdiyi
istəkli müəllim, təcrübəli pedaqoq,
xalqını və Vətənini canı qədər sevən
insandır. Yaxşılıq və
xeyirxahlıq onun qanında və canında, bütün elmi və
pedaqoji yaradıcılığında, praktik əməllərində
və mənalı ömür bioqrafiyasındadır.
X.Məmmədov Azərbaycan tarix elmində öz
sözünü deyən yaradıcı və məhsuldar tədqiqatçı
alimdir. Mənim yaxşı yadımdadır. Xəqani müəllim Bakı Dövlət Universitetinin
aspiranturasına daxil olduğu ilk günlərdən elmi tədqiqatlara
böyük həvəs və istəklə
yanaşırdı. Məhz həmin istək arzusu ilə Xəqani müəllim
respublikanın, o zamankı İttifaq dövlətinin mərkəzi
şəhərlərinin kitabxanalarında, arxivlərində
yorulmaq bilmədən axtarışlar aparır, yeni-yeni arxiv
materiallarını elmi dövriyyəyə cəlb edirdi.
Həmin ciddi elmi axtarışların məntiqi nəticəsidir
ki, onun qələminin məhsulu kimi Azərbaycanın XIX əsrin
sonu - XX əsrin əvvəllərini əhatə edən milli
hərəkat tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil,
elm və mədəniyyət sahələrində fəaliyyəti,
Türkiyədə və Azərbaycanda erməni quldurları
tərəfindən törədilən soyqırımlar və
digər sanballı tədqiqat əsərləri
yazıldı və geniş elmi ictimaiyyətin istifadəsinə
verildi. Xəqani müəllim doktorluq
dissertasiyasını müdafiə etməklə kifayətlənmədi.
Müdafiədən sonra onun ali məktəblər
üçün dəyərlı dərs vəsaiti və
monoqrafiyası, bir çox elmi əsər və məqalələri
işıq üzü gördü. Onun Azərbaycan tarixi
elminin müxtəlif sahələrinə dair çoxlu elmi əsərləri,
dərslikləri və monoqrafiyaları, ali
məktəblərimizdə tədris edilən və sevilərək
oxunan kitabları var.
Xəqani Məmmədovun elmi-tədqiqat sahəsi
çox genişdir. Zəhmətkeşlərin əmək tərbiyəsi
ilə elmi yaradıcılığa və araşdırmalara
başlayan və elmlər namizədi alimlik dərəcəsi
alan (1985-ci ildə) X.Məmmədov,
sonradan daha aktual problemləri tədqiq etməyə və Azərbaycan
tarixinin sovet dövründə yasaq edilmiş problemlərini
araşdırmağa başladı. Azərbaycan
xalqının milli azadlıq mübarizəsinin məntiqi nəticəsi
kimi dövlət müstəqilliyinin bərpasının
böyük əhəmiyyəti həm də o oldu ki, qədim
və zəngin dövlətçilik tariximizin obyektiv
yazılmasına əlverişli şərait yarandı.
Azərbaycan tarixinin yeni təfəkkür tərzində,
doğru-düzgün yazılmasına xüsusi diqqət və
qayğı göstərən Ümummilli Lider Heydər Əliyev
1993-cü il sentyabrın 21-də və 1997-ci il yanvarın
31-də ziyalılarla, AMEA-nın rəhbərliyi ilə
görüşündəki nitqində Azərbaycanın
XIX-XX əsrlər tarixinin yenidən yazılmasının
vacibliyini qeyd etdi və bu istiqamətdə elmi-tədqiqat
işlərinin genişləndirilməsinin zəruri olduğunu bildirmiş,
tarixçilərə dəyərli məsləhətlərini,
tapşırıqlarını və tövsiyələrini
verdi. Azərbaycan tarixi elminin gələcək
inkişaf strategiyasını müəyyənləşdirmək,
tarixçilər ordusunu səfərbər etmək və
istiqamətləndirmək baxımından Heydər Əliyev
bu tarixi görüşləri ilə Azərbaycan tarixçilərinə
hər hansı bir problemin dərindən və obyektiv
araşdırılması üçün dövlət səviyyəsində
hərtərəfli şərait yaratdı. Eyni zamanda,
XIX-XX əsrlər Azərbaycan tarixinin yazılmasını
daim nəzarətdə saxlayacağını, bu vacib məsələyə hərtərəfli
kömək və yardım edəcəyini bildirdi. Bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan
tarixinə dövlət siyasəti səviyyəsində diqqət
və qayğısının parlaq ifadəsi, tarixçilər
qarşısında duran fəaliyyət proqramı idi.
Heydər Əliyev deyirdi: “...Tariximizin parlaq səhifələri
də, qaranlıq səhifələri də var. Tariximizin hər
bir səhifəsinə hörmətlə, ehtiramla
yanaşaq... Biz qısa vaxtda heç olmasa XX əsrin
tarixini yazmalıyıq».
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin
xalqımızın tarixinin yeni təfəkkür tərzində
araşdırılmasına dair tapşırıqları və
göstərişləri tarixçi alimlərin
qarşısında bir proqram sənədi oldu. Tarixçi
alimlər yeni-yeni aktual mövzularla araşdırmalara
başladılar.
Geniş araşdırmalara başlayan X.Məmmədov
1998-ci ildə “Azərbaycanda maarifçilik və milli hərəkat
(XIX yüzilliyin sonları-XX yüzilliyin əvvəlləri)”
mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri
doktoru alimlik dərəcəsi aldı. Onu da qeyd etməliyik ki, iki
il əvvəl, yəni 1996-cı ildə onun tərəfindən
“Azərbaycan milli hərəkatı(1875-1918-ci
illər)” adlı monoqrafiyanın nəşr olunub geniş
ictimaiyyətə çatdırılması respublika tarix
elmində böyük marağa səbəb oldu və görkəmli
tarixçi alimlər həmin kitaba yüksək qiymət
verdilər. Arxiv sənədləri və milli-azadlıq hərəkatının
görkəmli xadimlərinin, qabaqcıl
ziyalılarının əsərləri, dövrü mətbuat
materialları əsasında, geniş araşdırmalar nəticəsində
yazılan həmin monoqrafiyada ilk dəfə idi ki, XIX əsrin
sonu-XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatının
sosial-iqtisadi və siyasi təməli, maarifçilik hərəkatı
və milli-mədəni inkişaf, milli-demokratik ideyalar, erməni-azərbaycanlı
münaqişələrinin milli-azadlıq hərəkatına
təsiri, qabaqcıl ziyalıların
türkçülük və demokratik dəyərlərə
söykənən istiqlal mübarizəsinin ümummilli xalq hərəkatına
çevrilməsi nəticəsində Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması və s. məsələlər
ətraflı tədqiq edilirdi.
X.Məmmədov həmin kitabda ilk dəfə olaraq Azərbaycan
milli hərəkatının mərhələlərini müəyyənləşdirmiş,
həmin hərəkatın təkamül tarixini izləmiş,
hər bir mərhələnin də özünəməxsus
xüsusiyyətlərini səciyyələndirmiş, milli hərəkatın
daxili və xarici amillərini faktlar və sənədlər əsasında
müəyyənləşdirmişdi. Azərbaycan milli hərəkatı
probleminin tədqiqi ilə bağlı arxiv
materiallarının, habelə xarici sovetoloqların və azərbaycanşünas
alimlərin bir çox tədqiqatlarının ilk dəfə
elmi dövriyyəyə cəlb edilməsi kitaba elmi
marağı daha çox artırmış, onun elmi-nəzəri
və əməli
əhəmiyyətini daha da yüksəltmişdi.
X.Məmmədovun ömür kitabının və elmi
araşdırmalarının hər hansı bir səhifəsinə
diqqət yetirərkən, onun sözun əsl mənasında
dəyərli və istedadlı bir alim olması dərhal təsdiqlənir. Ona görə
ki, X.Məmmədov tədqiqatçı alim kimi Azərbaycan
tarixinin bir çox məsələlərini
araşdırmış və yorulmaq bilmədən yeni-yeni əsərlər
və elmi məqalələr yazıb. “Azərbaycanda
maarifçilik və milli hərəkat” (Bakı, 1998, doktorluq
dissertasiyası), ”Aydınlarımızın istiqlal mücadiləsi”
(Bakı, 1999), “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil,
elm və mədəniyyət sahəsində fəaliyyəti”
(Bakı, 1999), “Azərbaycan xalqının milli istiqlal
mübarizəsi” (Bakı, 2005, dərs vəsaiti), “Türkiyədə
və Azərbaycanda erməni millətçilərinin cinayətləri”
(Bakı, 2007, monoqrafiya), “Erməni
iddiaları və Azərbaycanlıların
soyqırımı” (Bakı, 2008, dərs vəsaiti) və digər
elmi əsərlər X.Məmmədovun qələminin məhsuludur.
Bunlardan başqa X.Məmmədov “Azərbaycan tarixi” XI sinif,
“Siyasi tarix” ( I və II hissələr), “Azərbaycan tarixi” ( Ali məktəblər
üçün dərslik , Bakı, “ Bakı Universiteti Nəşriyyatı
“, 2014, 2015 və 2017-ci illər)
və başqa dərsliklərin həmmüəllifidir.
X.Məmmədov yaradıcı alimdir. Bu vaxta qədər
onun 15 adda monoqrafiyası, dərsliyi, dərs vəsaiti,
elmi-metodik kitabçaları, proqramları, 120-dən artıq
elmi əsərləri və məqalələri çap
olunub. Onun əsərləri Polşa, İsveç,
Türkiyə və başqa xarici ölkələrdə nəşr
edilib.
X.M.Məmmədov dövlətçiliyimizin
qorunmasında və möhkəmlənməsində vətəndaş
qeyrəti ilə irəlidə gedən
ziyalılarımızdandır. Təhsil sisteminin
yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə
dair Xəqani müəllimin səmərəli təklifləri
və tövsiyələri vardır. Gözünün
nurunu, qəlbinin işığını, elmi təfəkkürünü
və zəkasının mayasını tələbələrinə,
magistrlərinə və yetirmələrinə verən Xəqani
müəllim bu gün həqiqətən çox xoşbəxt
pedaqoqdur, onun yetişdirdiyi ləyaqətli kadrlar, yüzlərlə
mütəxəssislər Xəqani müəllimi özlərinin
idealı sayır, ona çox böyük sevgi və
sayğılarla, hörmət və ehtiramla
yanaşırlar.
X.Məmmədov
həm də respublıkamızda bacarıqlı ali təhsil və elmi təşkilatçılarından
biridir. O, 1995-2003-cü illərdə Bakı Biznes Universitetində
beynəlxalq əlaqələr üzrə prorektor və
“Humanitar fənlər” kafedrasının müdiri vəzifələrində
işləyib, 2005-2007-ci illərdə Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilk
Akademiyasında “Rəhbər kadrların ixtisasının
artırılması” fakültəsinin dekanı vəzifələrində
çalışıb, 2007-ci
ildə Təhsil Nazirinin əmrinə əsasən Azərbaycan
Müəllimlər İnstitutunun Ağcabədi
filialının direktoru vəzifəsinə təyin edilib və
2013-cü ilə kimi həmin vəzifədə fəaliyyət
göstərib.
Filialın direktoru vəzifəsində işlədiyi dövr ərzində o, əsas fəaliyyətini tədris intizamının gücləndirilməsinə, tələbələrin dərsə dəvamiyyətinin yüksəkdilməsinə, təhsilin keyfiyyətinin artırılmasına, filialın maddi-texniki bazasının möhkəmləndirilməsinə, xüsusən də tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi zamanı obyektivlik və şəffaflığın təmin edilməsinə yönəltmişdi. Nəticədə 2007-2012-ci illərdə əvvəlki illərdən fərqli olaraq filial əməkdaşlarından 4 nəfər dosent elmi adını almış, 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlmiş, filialın 8 məzunu Respublikanın müxtəlif ali məktəblərinin magistratura pilləsinə daxil olmuşdu. Filialın yerləşdiyi tədris inzibati korpusu əsaslı təmir edilmişdi.
O, 2009-cu ilin mart ayının 18-də keçirilən Referendum ərəfəsində rəsmi vəkil olaraq Ağcabədi, Ağdam, Laçın, Goranboy, Beyləqan və Xocavənd rayonlarında keçirilən tədbirlərdə fəal iştirak edib.
2013-cü ilin may ayında Azərbaycan Respublikasının BMT-dəki Daimi nümayəndəliyinin rəhbərliyi tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə dəvət olunmuş professor X.Məmmədov həmin konfransda “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarıdır” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Professor Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının üzvləri ilə görüşüb və orada “Erməni iddiaları və azərbaycanlıların soyqırımı” mövzusunda məruzə ilə çıxış edib və diaspor təşkilatı tərəfindən xatirə medalı ilə təltif olunub.
Professor X.Məmmədov 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə dəvət edilib və tarix-coğrafiya fakültəsinin “Azərbaycan tarixi” kafedrasının professoru vəzifəsinə qəbul edilib. O, 2016-cı ildə həmin kafedraya keçirilən seçkilərdə iştirak etmiş və qalib gələrək, 5 il müddətinə “Azərbaycan tarixi” kafedrasının professoru vəzifəsinə seçilib.
Tarixin inkişaf dialektikasının qanunauyğun prinsipi belədir ki, cəmiyyətin tərəqqisində və irəliyə doğru inkişafında elm, maarif, təhsil, milli-mənəvi dəyərlər həmişə qabaqcıl rol oynamış və onu daha da zənginləşdirən ixtira sahibləri, böyük alimlər xalqın mənəvi irsinin zəngin fundamentini təşkil ediblər. Bu gün üçüncü minilliyin baxış bucağından baxarkən həyatını elmə, təhsilə, gənc nəslin maariflənməsinə, onların cəmiyyətin layiqli vətəndaşı kimi yetişməsinə və formalaşmasına həsr edən insanların geniş və çoxşaxəli fəaliyyətinə heyran qalmaya bilmirsən. Həyatını və mənalı ömrünü bütünlüklə xalqına xidmətdə keçirən, xeyirxah əməlləri ilə nəsillərə nümunə olan professor Xəqani Məmmədov belə ziyalılarımızdandır. Onun həm alim, həm müəllim və həm də ziyalı kimi həqiqət konsepsiyası daha geniş ictimai məna kəsb edir.
Xaqani müəllimin daxili aləmində və bütöv xarakterində təmkinli bir müdriklik var, böyük səbir sahibidir, dostunu və opponentlərini axıradək dinləmək, öz fikir və mülahizələrini söyləmək, dəyərli tövsiyələrini vermək, onlara kömək əlini uzatmaq bacarığına malikdir. O, özünün mənalı ömrünü bütünlüklə elmə, təhsilə və maarifə həsr etməklə geniş elmi-pedaqoji və ictimai-siyasi həyat yolu keçmiş və 65 illik ömür bioqrafiyasının zirvəsinə yüksələ bilib.
Hörmətli Xəqani müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı və xoşbəxtlik, geniş elmi-pedaqoji fəaliyyətində böyük uğurlar arzulayıram.
Məmmədov NURU
Tarix elmləri doktoru, professor
525-ci qəzet.-
2019.- 19 iyun.- S.10;12.