Dost-dost deyə-deyə...
"İnsanlara dostlarına
görə qiymət verməyin, ona qalsa, İudanın dostlarından yox idi!"
E.Heminquey
Bizdə
adamı yaxşı tərəfindən xarakterizə
etmək istəyərkən,
ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir "sədaqətli dost" ifadəsi
də qoşmağı
unutmurlar. Xüsusən də, epitafiya
janrında yazılmış
boğazdan yuxarı sicilləmələrdə. Bəs, filankəs "çox sədaqətli
dost idi" deyə.
Baxırsan, adamın dirisindən xəbəri olmayanın birisi, ölüsünün
başının üstünü
alıb, muzdla ağlayan arvadlarsayağı
elə şivən qoparır ki, ölü yaddan çıxır, bunun əhvalına yanmağa başlayırsan.
Sözüm onda deyil, mən "sədaqətli
dost" haqqında danışmaq
istəyirəm.
Bu günlərdə oturduğum
bir məclisdə məni dönə-dönə
"vəfalı, sədaqətli
dost" kimi tərifləyib,
şənimə badə
qaldıran bir sənətkarın üzünə
qayıtmaq istədim.
İstədim deyəm ki,
bu dünyada ən sədaqətli, vəfalı varlıqlar itlərdir. O da hamısı yox! İnsandan vəfa ummaq özü də əbləhlikdir...
Sonra fikirləşdim ki, məclisin pafosu ilə heç uyuşmayan bu sözlər daş və qurbağa gölü effekti yaradacaq, bayaqdan mənim sağlığıma
nitq irad eləyən həmkarımın
sifəti qəfildən
dəyişəcək və
o, sözümün ardını
gözləmədən:
- Sən oturub çörək kəsdiyin
adamları təhqir eləyirsən? - deyə bozaracaq. Mən isə "çörək kəsmək"lə
bağlı da nələrsə deyəcəyəm,
məsələ bir az da qəlizləşəcək. Odu ki, səsimi içimə salıb, səbirlə məclisin bitməsini gözlədim və bu yazını yazmağı qərara aldım.
Ondan başlayım
ki, qədimlərdə
qulun comərdliyi onun sahibinə sədaqəti ilə ölçülürmüş. Sədaqət iyerarxiya münasibətləri
sisteminin əhəmiyyətli
ünsürlərindən biri
sayılırmış. O zamanlarda taxta çıxan padşahlar
and içməzmişlər, əksinə, təbəələr
ona sədaqət andı içərmişlər.
Bu, bir növ
ictimai müqavilə imiş, bu andı
pozmaq cinayət törətməyə bərabər
tutulurmuş.
Bəlli məsələdir, insan eqosunun özəllikləri
belədir ki, iki fərdin belə bir-birinə eyni dərəcədə
sədaqətli olması
mümkünsüzdür.
Bunu qədim
insanlar bizdən yaxşı bilirdi.
Nəticədə, insanların bir-birinə sədaqət andı içməsi, uzaq səfərlərə çıxan
cəngavərlərin öz
sevgilisinə "sədaqət
kəməri" taxması
kimi məsələlər
meydana çıxırdı. İşgəncə alətini xatırladan
"sədaqət kəməri"
haqqında ayrıca danışmaq lazımdır.
Bu kəmər qadın
bədəninin bütün
aşağı hissəsini
"blokirovka" edən
iri dəmir konstruksiyadan ibarət olurdu. Cəngavərlik romanlarında bu
barədə çox
danışılıb, Avropa
muzeylərində nümayiş
etdirilən belə kəmərlərin çeşidi
isə "göz oxşayır".
Bu sırada Oskar Uayldın
"Dorian Qreyin portreti"
əsərindəki sətirləri
xatırlamaq lazım gəlir. Sənətkar yazır ki,
"həyatında bircə
dəfə sevənləri
mən dayaz adamlar sayıram. Onların sədaqəti, vəfası
yalnız vərdiş
letargiyası, yaxud təxəyyülün kasadlığından
irəli gəlir.
Bu, sadəcə gücsüzlüyün sübutudur,
mülkiyyətçi tamahkarlığıdır".
Uayldın "Sədaqətli dost" adlı bir hekayəsi
də var - burada bir-birinə
"dost" deyib, dördəlli
yapışanların həyat
hekayəti nəql olunur. Axırda məlumdur, biri
o birisinin anasını
ağlar qoyur.
"Sədaqətli dost" ifadəsinin
özü də nitq ştampından başqa bir şey deyil, məncə. Bu, "şirin şərbət"
kimi səslənir.
"Dost" sözündə "sədaqət", "vəfa"
kimi semantik, sıradan qavramlar ehtiva olunmur məgər?
Ötənlərdə sənətkarlar
klassik dostluq anlamının (sədaqət
bir yana
qalsın), yalnız fiksiya olduğunu çox gözəl ifadə etmişlər:
Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay Mədəd.
Ya da:
"Dost",
"dost" deyə-deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara torpaqdır.
Yaxud da:
Gunçıxandan günbatana yürüd üm,
Bir dost bulammadım, gün axşam oldu.
Hər ürəyə, hər könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu...
Sufi şairlərinin "dost" deyərkən,
yalnız Allahı nəzərdə tutmaları
təsadüfi deyil.
Ətrafınıza diqqət yetirin, görün, hansısa gerçəkləri
pərdələmək və
öz eqosunu təmin etmək üçün "sədaqət",
"vəfa", "dost" kimi ibarələrdən çox ustalıqla nə qədər adam istifadə edir?
Bunun yalnız bir adı var: özündə
olmayanlardan danışmaq!
Bir-birinə qarşı dürüst
olmaq, hər addımda yalana, fəndgirliyə baş vurmamaq, aradabir vicdanının da səsini dinləmək kifayətdir ki, bu yalançı dostluqların girovuna çevrilməyəsən..
Etimad
BAŞKEÇİD
525-ci qəzet.- 2019.- 19 iyun.- S.23.