İroniya

 

  hekayə  

 

 

 

Ənfal surəsi (8), ayə 9 (Quran)

O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu.

Makros 11:24 (İncil)

Eşidin, sizə buyururam ki, dua ilə dilədiyiniz hər dilək dua etməyə başlamadan əvvəl qəbul olunmuşdur.

Pəncərədən boylanan günəş şüaları otağı elə qızdırmışdı ki, Daniel nəfəs almaqda çətinlik çəkirdi. İçki və tütün qoxusu divarlara hopmuşdu, otaqda üfunət qoxu hökm sürürdü. Ya istinin, ya da bu üfunət qoxunun təsirindən Daniel bir anda, işıq sürəti ilə gözlərini açdı. Qızmış döşəmənin üzərinə sərilmiş Daniel, ayağa qalxmaq barədə bir qədər tərəddüd edərək bir neçə dəqiqə gözlərini öz bəyazlığını itirmiş, solğun tavana zilləyib xırıltılı səsi ilə asta tonda mırıldandı:

- Səni öldürmək mənə borc olsun...

 Bir əli ilə qurumuş ağacı xatırladan bədəninə təkan verib, digər əli ilə çarpayıdan tutaraq çətinliklə də olsa ayağa qalxmağı bacardı. Vanna otağına getmək üçün ən azı beş-altı əşyadan kömək alan Daniel, bir təhər üz-gözünə su vurduqdan sonra ayıldığını hiss etdi. Qonaq otağına keçib, pəncərələri açaraq döyüş bölgəsinə bənzəyən masadakı məktubu götürüb, ucadan oxumağa başladı:

"Səni yaratdığım üçün çox peşmanam. Əminliklə deyə bilərəm ki, sən yaratdığım canlılar içərisində ən lazımsız olansan...

İmza: Tanrı"

Məktubu oxuyub qurtaran kimi, əsəbindən kağız parçasını ovcunda əzişdirib, pəncərədən küçəyə atdı. Masaya çevrilib üst-üstə yığılmış məktubları görəndə Daniel əməllicə özündən çıxıb deyinməyə başladı:

- Hə, Allahın işi-gücü qurtarıb indi də məni ələ salır. Haradasan?! Haradasansa çıx o gizləndiyin yerdən!

Əsəbini cilovlayıb, təmkinli üz ifadəsi alaraq geriyə bir-iki addım atıb çarpayıya oturmuşdu ki, bu səfər qapı döyüldü. O artıq təxmin edirdi ki, qapını döyən kimdir, dodaq altında "Josef, məni rahat burax!" deyə mızıldandı. Josef  on ildən çoxdur ki, bünövrəsi üstündə çətinliklə dayanan bu binanın qapıçısıdır. Daniel qapını açıb iki qabaq dişi olmayan, üzündə qat-qat qırışları olan, seyrək saçlı bəstə boy Josefi beş-on saniyə kinayəli baxışlarla süzüb dilləndi:

- Eşidirəm, Josef, buyur... Sənə dəfələrlə demişəm ki, mənim nəyəsə ehtiyacım olanda özüm səni axtarıb tapa bilərəm. Əgər səni axtarmıramsa, deməli, ehtiyac sahibi deyiləm. Dəqiqə başı qapımı döyüb məni narahat eləmə!

Yaşlı qapıçıya ağzını belə açmağa imkan vermədən qapını bağladı. Qapını bağlaması ilə açmağı bir oldu, qapını açıb pilləkənləri axsaya-axsaya düşən Josefə astadan səsləndi:

- Josef?

- Buyurun cənab!

- Bilirsən?! Əslində, düşünürəm ki mənə kömək edə bilərsən.

- Hə, hə... Buyurun Cənab, təbii ki əlimdən nə gəlirsə...

- Josef, səncə, Allah haradadır ?

Qapıçı bir anlıq elə düşündü ki, Daniel onu əla salır və bu sualın özəyi sadəcə zarafatdan ibarətdir. Josefin bu düşüncələrinə Danielin ciddi üz ifadəsi son qoydu, o, yenidən soruşdu:

- Bilmirsən, Allah haradadır?!

Qapıçı uzun-uzadı fikirləşib tam ciddi şəkildə cavab verdi:

- Yəqin ki evində olar...

- Yaxşı, Allahın evi haradadır?

- Cənab, bu artıq inanclarla bağlıdır. Mənim inanclarıma görə, Allahın evi kilsədir, məsələn, elə sizin qapı qonşunuz Aleksandr, öz dinini dəyişib xristianlıqdan İslama keçib, ona görə, Allahın evi məsciddir.

- Yaxşı Josef, çox sağol. Gedə bilərsən.

- Xoşdur cənab, nə vaxt nə lazım olsa, sizin qulluğunuzdayam.

Daniel qapını bağlayan kimi əmin addımlarla öz otağına keçib, dörd küncə göz gəzdirdi. Gün ərzində otağın heç vaxt günəş düşməyən küncünə masa qoydu. Sonra dəhlizə keçib şkafın bütün siyirmələrini qarışdırıb axtardığını tapmadıqca dəliyə dönən Daniel bütün siyirmələri dağıdıb, nəhayət, axtardığını tapanda qürurla öz-özünə tərif yağdırmağa başladı:

- Həəə... deməli, burdasınız.

Daniel əlində kibrit qutusu boyda bir qara, bir rəngli daşla otağın küncünə qoyduğu masanın yanına gəlib ehmalca ağ daşı qara daşın üstünə qoydu. Sonra bir qədər kənardan daşları seyr edib özündən razı şəkildə dilləndi:

- Allah, evinə  gəlirəm, gözlə məni...

O, toz-torpaq içində korlanmış ayaqqabılarını ayağına keçirib məscidə getmək qərarına gəldi. Havada küləkdən əsər-əlamət yox idi, belə bürkü havalarda küçədə adam görmək haradasa mümkünsüz bir hal almışdı, küçələrdə ancaq axşam saatlarında insan nəfəsi duyulurdu. Məscidə çatana qədər qan-tər içində qalmışdı. Alnından axan tər gözlərinə süzüldükcə gözləri alışır, dodaqları susuzluqdan kimsəsiz səhranın bir ovuc torpağını xatırladırdı. Bir xeyli yol getdikdən sonra, nəhayət ki, uzaqdan məscidin azan səsinə mürgüləyən divarları görünməyə başladı. Daniel özündən asılı olmadan həyəcanlanırdı. Allahın burda olma ehtimalı ona bir qədər ürküdücü təsir bağışlayırdı.

Nəhayət, məscidin qarşısına çatanda məscidin həyətindəki bulaqda dəst-namaz alan insanları gördü. Daniel iki yaşlı kişi ilə bir yerdə dəst-namaz alıb günün ikinci yarısında vaiz moizə oxumağa başlayanda dizlərini yerə atıb üzü mehraba tərəf dua etməyə başladı:

- Ey Aləmlərin Rəbbi, sən ey sonsuz güc sahibi, sənə təslim olmağa gəldim... Yalnız sənə dua edirəm, yalnız səndən istəyirəm. Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allah,     "Əl-ənam (Davar) surəsi, ayə (1)".

Səndən tək bir istəyim var, cəmi müqəddəslərin ruhuna xatir eşit məni. Əgər sən həqiqətən varsansa, doğurdan da məscidlər sənin evindirsə, məni eşidirsənsə, səndən otağım da üst-üstə qoyduğum iki daşın yerini dəyişməyini istəyirəm...

Daniel dizlərində ağrı, əyilmiş onurğa sümüyündə sızıltı hiss edəndə qədər təzim edib, eyni duaları dəfələrlə təkrar etdi. Məsciddə ondan başqa ibadət edən heç  kim qalmamışdı. Axşam hava qaralmağa az qalmış evə getmək qərarına gəldi. Məscidin həyətindən çıxıb iri addımlarla evə tez çatmağa can atırdı. Səbirsizliklə daşları görmək istəyirdi. Binaya çatıb tələm-tələsik pilləkənləri çıxıb paslanmış dəmir qapını açıb otağa daxil oldu. Daşlara baxıb bütün gün etdiyi duaları düşündü, günün istisində getdiyi yola heyfi gəldi. Daşları necə qoymuşdusa, elə də yerində dayanırdı. Xəyal qırıqlığına düçar olan Daniel pəncərədən yaşlı Josefi səslədi:

Josef, Josef...

- Buyurun cənab.

- Yuxarı qalxa bilərsən?

- Bu dəqiqə gəlirəm.

Bir neçə dəqiqə sonra Josef qapını döydü:

- Buyurun cənab, nə əmr edirsiniz?

- Mənə 3 pivə, 200 qram hisə verilmiş balıq, 1 qutu siqaret lazımdı...

- Baş üstə cənab, mən bu saat həll edərəm.

Josef sifarişləri gətirənə qədər çarpayıya uzanıb bir az fikrə getdi. Beynində sabahla bağlı planları quran Danielin sabah ilk işi, günün ikinci yarısı kilsəyə gedib yenidən Allaha dua etmək olacaqdı. Küçədə insanların səsi onu yamanca narahat edirdi. Bir az keçmişdi ki Josef qapını döydü:

- İstədiyiniz bütün sifarişləri gətirmişəm, buyurun.

Daniel üz qabığı soyulmuş dəri portfelindən əzilmiş pulları çıxardıb yaşlı qapıçıya uzadıb kifayət edib etmədiyini soruşdu, yaşlı qapıçı heç də həyasız insan deyildi. Fağır üz ifadəsi alıb diləndi:

- Çoxdur ki, az deyil. Təşəkkürlər.

- Həəə... bir də ki, Allah məsciddə deyilmiş.

- Başa düşmədim, cənab, necə yəni.

- Heç nə boş ver. Gedə bilərsən.

Josef minnətdarlığını bildirib oradan ayrıldı. Daniel gecənin yarısına qədər pivə içib, siqaret çəkdi. Sərxoş olduqdan sonra yatmaq istəsə də, yediyi balığın qoxusu əllərindən çəkilmək bilmirdi, bu qoxu ona yatmağa imkan vermirdi. Dəfələrlə əlini yuyub yenidən yatağına girsə də, yuxuya gedə bilmədi. Vanna otağına keçib quduz heyvan kimi diş pastasını əlinə boşaldıb, diş fırçası ilə əllərini fırçalamağa başladı. Bir neçə dəqiqə davam edən bu səydən sonra balıq qoxusu əllərindən  tamamilə çəkildi.

Günəş qarşıdakı binaların arasından utancaq qadın kimi boylanıb, otağı qızdırmağa başlamışdı. Daniel üzündə günəşin şüalarını hiss edirdi. Bir az keçmişdi ki, bir gözünü açıb, nəmişlikdən qabıq verən divara asılmış saata baxıb çarpayıdan dik atıldı. Hazırlaşıb kilsəyə getmək üçün elədə çox vaxtı qalmamışdı. Yatağından qalxan kimi masanın üstünə göz gəzdirdi, Allahdan yeni məktub var idi:

"Zavallı Daniel... Sən məni yanlış yerdə axtarırsan, belə getsə məni öldürmək sadəcə istək olaraq qalacaq. Tez tərpən, baxma ki, mən Allaham, belə  yalnız yaşamaq mənə də çətindir...       

İmza: Tanrı"

Məktubu oxuyub qurtarandan sonra əsəbini cilovlayıb, kağız parçasını masaya qoyub, tələm-tələsik qapını bağlayıb binadan çıxdı. Küçələr od tutub yanırdı, insanlar yoluxucu xəstəlikdən gizlənən kimi evlərinə çəkilib qapı-pəncərələrini bağlamışdı ki, isti hava evlərə dolmasın. Yol qurtarmaq bilmirdi, hövsələdən çıxmışdı. Alnından dabanına qədər tər axırdı. Bir xeyli yol getdikdən sonra, kiçik binaların arasından kilsənin xaçı görünəndə Danielin üzündə təbəssüm hiss olundu. Kilsəyə çatıb həyətdə əl üzünü yuyub bir az nəfəsini dərib içəri keçdi. İçəridə qəribə qoxu var idi. Bir birindən fərqli insanlar dua edirdi. Ona elə gəlirdi ki, Məsihin qarşısında dua edən bomj axşam üçün bir şüşə içki istəyir. Daniel sakitcə bir küncə çəkilib dua etməyə başladı;

- Rəbbim... Sənə təslim olmaq üçün bütün varlığımla qarşındayam. Çarmıxa çəkilmiş övladın İsanın ruhuna xatir eşit məni. Əgər doğurdan da sən varsansa, bu kilsə sənin evindirsə, məni sən yaratmısansa, eşit məni. İstədiyimi almaq üçün dua edirəm, tapmaq istədiyimi axtarıram, qapı açılsın deyə döyürəm eşit məni... "Dua ilə istəyin sizə veriləcək, axtarın tapacaqsınız, döyün qapını, sizə açılacaqdır" (Matta 7: 7) İncil.              

Otağımda masanın üstündə üst-üstə iki daş var, səndən sadəcə o daşların yerini dəyişməyini istəyirəm...

Kilsənin qoxusu üstünə hopana qədər dua etdi. Hərdən kilsənin həyətinə çıxıb üz-gözünə su vurub yenidən eyni duaları təkrar edirdi. Uzun müddət dua edən Danieli  xadimələr şübhəli baxışlarıyla süzməyə başlamışdı. Kilsənin tavanındakı pəncərədən hava qaralmağa az qaldığını görən də evə getmək üçün ayağa qalxdı. Heç şübhəsiz, onun getmək qərarında xadiməçilərin baxışlarının rolu da az deyildi. Kilsədən çıxıb 10 metr yolu əmin addımlarla gedir, sonra inamı qırılır ümidsiz şəkildə yeriməyə başlayır, sonra yenidən inamını bərpa edib iri addımlarla evə can atırdı. Restoranlarda oturan insanların qarşısından keçəndə deyib-gülən insanları görəndə Daniel qəribə hisslər keçirdi. Bacardığı qədər ara küçələrlə gedir, insanlar çox olan yerlərdə sıxılırdı. Uzun yol getdikdən sonra axır ki, yaşadığı binanın yerləşdiyi küçəyə çatdı. Binanın pilləkənlərini iki-iki qalxıb, kirli ayaqlarını çıxarmadan qapını açıb otağa keçdi. Daşları necə qoymuşdusa, elə də yerində dayanmışdı. Dizlərini yerə qoyub uzun-uzadı daşlara baxdı. Bu qədər duanın hara uçub getdiyini düşündü. Ayağa qalxıb arxa cibindəki əzilmiş qutudan siqaret çıxarıb pəncərədən küçəyə baxaraq çəkməyə başladı. Siqaretdən bir-iki tüstü çəkib masadakı külqabıda söndürüb aşağı, Josefin yanına düşdü;

- Josef, sən neçə ildir ki Allaha kilsədə ibadət edirsən?

- Cənab, mən uşaqlıqdan kilsədə ibadət etmişəm, elə mənim atam da kilsədə ibadət edərdi.

- Josef, sən özünü aldadırsan, Allah kilsədə deyil...

Yaşlı qapıçı donub qaldı, heç şübhəsiz, onun bu sözləri Josefin qəlbini qırmışdı. Daniel evə qalxıb çarpayıda oturub başını əlləri arasına alıb gözlərini yumub fikirə getdi. Bir az keçmişdi ki ayağa qalxıb otağda o baş-bu başa gəzişməyə başladı. Dodağının altında öz-özünə danışır, kimisə günahlandırmaq üçün çalışırdı.

- Mən Allaha təslim oldum. Bu böyüklükdə dünyanı yaradan, bu qədər dağ-dərə, bu qədər insan yaradan Allah yəni bacarmadımı iki daşı yerindən oynatmağı? Bəlkə mən Allahı yanlış yerdə axtarıram...

Öz-özünə danışan vaxt gözləri otağın küncündəki masaya zilləndi, yenidən diqqətlə daşlara baxdı. Masaya yaxınlaşıb dizlərini yerə atdı. Qorxaqcasına ağ daşı qara daşın üstündən götürüb, daşların yerini dəyişdi. Gözləri dolan Daniel otağın küncündən uzaqlaşıb masanın üstündəki məktublara göz gəzdirdi. Qəfildən gözü məktubların arasındakı qələmə sataşdı, qələmi götürüb uzun-uzadı baxsa da, bu qələmi indiyəcən görüb-görmədiyi haqqında qərar verə bilmədi. Bir qüvvə, hansısa varlıq, bəlkə də neçə gündür axtardığı Allah onun ürəyinə pıçıldadı ki, qələmi qoxla. Qələmdən hisə verilmiş balıq iyi gəlirdi.

Bir neçə gün sonra yaşlı Josef polislərə xəbər verdi ki, binanın 3-cü mərtəbəsində yaşayan Daniel Salvador adlı şəxs, iki gün olar ki, evdən çölə çıxmayıb, üstəlik də qapını döyürlər, açan yoxdur. O, polislərlə Danielin qapısına gəldi,  qapını açanda evdən çölə dəhşətli bir qoxu hücum çəkdi. Polis işçiləri içəri keçəndə özünü otağın qapısından asmış Danielin cəsədini gördülər. Yaşlı Josefin də, polislərin də diqqətini  cəsəddən çox bozumtul divara qara rəngli qələmlə yazılmış yazı çəkdi.

- Ey insanlar mən onu uzun müddət axtardım. O nə kilsədədir, nə də məsciddə. Mən haradayamsa, elə Allah da ordadır.

Hər kəs çıxıb getdikdən sonra, şər qarışanda Josef sağ ayağını çəkə-çəkə Daniel yaşayan otağa girib, masanın üstünə məktub qoydu. Məktubda bu sözlər yazılmışdı ;

"Yanılırsan, əziz Daniel. Sən haradasansa Allah orda deyil. Son məktubda sənə yalnızlığım haqqında yazmışdım. Sənsə məni başa düşmədin...

İmza: Josef"

 

 

Kənan İSMAYIL

 

525-ci qəzet.- 2019.- 19 iyun.- S.21;24.