Azərbaycan ədəbiyyatında yapon
hayku şeirinin təzahürləri
Üç misralıq
yapon şeiri əvvəllər haykay, hokku, XIX əsrin sonlarından isə hayku adlanır. 5-7-5 ölçülü hayku şeiri dünyada ən
qısa həcmli şeirdir.
XIX əsrdə Yaponiyanın dünyadan təcrid olunma
dönəminə son qoyulduqdan sonra hayku şeiri dünya ədəbiyyatına
təsir göstərməyə başlayıb. XX əsrdən
etibarən əksər xalqların ədəbiyyatında hayku
şeirinə müraciətlər müşahidə edilir.
Azərbaycanda yapon poeziyası ilə
tanışlıq XX yüzilliyin ikinci yarısından başlanıb.
Elçinin 1975-ci ildən etibarən rus dili
vasitəsilə etdiyi tərcümələr, nəzəri
aspektdə yazdığı yazılar ilə hayku şeiri Azərbaycanın
oxucu auditoriyasına təqdim olunub. XXI əsr
Azərbaycan nəzmində isə yeni bir janr - Azərbaycan
haykuları formalaşıb. Az
sözlə böyük məna ifadə etmək
imkanlarına malik haykular (üçlük) Şahin Fazil və
Güləmail Muradın yaradıcılığında da
öz əksini tapıb.
Müasir dövrümüzdə dünyanın bir
çox ölkələrində Yaponiyaya maraq olduqca
böyükdür. Yaponiyanın iqtisadi inkişafı, yapon xalqının
tarixən formalaşmış və bugün də davam
etdirilən özünəməxsus adət-ənənələri,
bənzərsiz mədəniyyəti daim diqqət mərkəzindədir.
Əsrlər boyu müxtəlif mədəniyyətlərdən
olan insanların əlaqəsi, ünsiyyəti mədəniyyətlərarası
əlaqələrin yaranmasına gətirib çıxarmışdır.
Mədəniyyətlər arasındakı əlaqələrin
təşəkkülündə və sözügedən
münasibətlərin möhkəmlənməsində ədəbi
əlaqələr geniş imkanlar yaradır. Duyğuların, düşüncələrin
yazılı dil vasitəsilə ifadə olunduğu və gələcək
nəsillərə ötürüldüyü ədəbiyyat
dünyasında qarşılıqlı bəhrələnmə
daha geniş şəkildə təzahür edir. Dünya ədəbiyyatının inkişafı
müxtəlif ədəbiyyatların qarşılıqlı
əlaqələri nəticəsində mümkün olur.
Bu məsələ
ilə bağlı Ulu Öndər Heydər Əliyevin
yanaşması olduqca diqqətəlayiqdir: "Ədəbiyyatların
qarşılıqlı təsiri yeni məsələ deyildir.
Digər ümumbəşəri mədəniyyətlər
kimi dünya ədəbiyyatı da ancaq milli mədəniyyətlərin
və ya ədəbiyyatların toplusu deyildir, ilk olaraq
onların tarixi qarşılıqlı təsir və
qarşılıqlı nüfuz prosesində yaranan müəyyən
vəhdətidir. Heç bir xalq başqa
xalqların nailiyyətlərindən istifadə etmədən
inkişaf edə bilməz". Azərbaycan
və Yaponiya arasındakı ədəbi-mədəni əlaqələr
keçmiş SSRİ ilə Yaponiyanın diplomatik əlaqələri
qurulduqdan sonra - XX əsrin II yarısından yaranmağa başlayıb.
Yaponiya ilə ədəbi-mədəni əlaqələrimizin
hərtərəfli inkişafı və formalaşmasında
bədii tərcümənin rolu əvəzedilməzdir.
Uzaq Şərqi Asiya xalqlarının ədəbiyyatları
arasında Azərbaycan dilinə ən çox tərcümə
olunan məhz yapon ədəbi nümunələridir. Azərbaycanda, eləcə də, bütün
dünyada yapon ədəbiyyatının böyük rəğbətlə
qarşılanmasının səbəbi ədəbiyyatın
yapon mədəniyyətindəki yeri, tarixi inkişaf, yapon
dili və yazı sistemi, yapon ədəbiyyatının ictimai
keçmişi və yapon dünyagörüşüdür.
Digər bir səbəb isə Yaponiyanın 250
ilə yaxın müddətdə dünyadan təcrid olunma
siyasətini həyata keçirməsi və nəhayət,
Meyci reforması ilə 1868-ci ildə qapılarını
dünyaya açması ilə uzun müddət gizliliyini
qoruyan yapon ədəbiyyatına marağın artması idi.
Yapon şeiri zəngin və qədim ənənələrə
malikdir. Yapon şeiri ilə bağlı təsvirlərdən
biri 900-cü illərdə Ki no Tsurayuki tərəfindən
yazılan "Kokinşuu" kitabının ön
sözündə yer alıb: "Yapon şeiri toxumlarında
insan ürəyini daşıyır və sayıla bilməyəcək
qədər sayda söz budaqları olaraq inkişaf edir. Həyatda insanlara bir çox şey təsir edir.
Sonra onlar gördükləri, ya da eşitdiklərindən
ibarət hisslərini izah etməyə
çalışırlar". Tsurayukinin fikirlərini Azərbaycan
ədəbiyyatında yapon poeziyasının ilk geniş tərcüməsi
ilə məşğul olan Xalq yazıçısı
Elçinin fikirlərində də sezmək
mümkündür: "Hokku bu kiçik formalardan (kiçik
formalar dedikdə qədim yunan epiqramı, Şərq rubaisi,
Azərbaycan bayatısı nəzərdə tutulur), məncə,
əsas etibarilə bununla seçilir ki, dəqiq və son dərəcə
incə ştrixlərlə əhvali-ruhiyyə mənzərəsi,
miqyası və vüsəti yaradır. Bayatı
altı-yeddi sözlə dərin bir fikir söyləyirsə,
hokku bu fikrin yaratdığı əhvali-ruhiyyəni təsvir
edir".
Yapon ədəbiyyatının ən fərqli özəlliklərindən
biri hər hansı dövrə hakim olan bəlli bir forma və
üslubun daha sonrakı dövrdə yerini digər tərzə
verməməsi ilə bağlıdır. Yapon ədəbiyyatında
"yeni" heç bir zaman "köhnə"nin yerini almamış, sadəcə ona əlavə
olunaraq davam etmişdir. XIV yüzillikdən
formalaşan "hayku" və yaxud "hokku" şeiri bu
gün də yapon poeziyasında öz yerini qorumaqdadır. XIX əsrdə
Yaponiyanın dünyadan təcrid olunma dönəminə son
qoyulduqdan sonra isə hayku şeiri dünya ədəbiyyatına
təsir göstərməyə başlayıb. Hayku şeiri dünya ədəbiyyatında ən
qısa həcmli şeir növü kimi tanınmaqdadır.
17 hecalıq sütunu ilə 5-7-5 sxemiylə
yazılır. Ümumiyyətlə, yapon poeziyası
sillabik olub, qafiyə yox, heca sayı əsas
götürülməklə az sözlə
böyük məna ifadə etmək prinsipinə əsaslanır.
Qısa həcminə baxmayaraq, hayku
toplularında hər hayku ayrıca bir səhifədə təqdim
edilir. Bu vasitə ilə oxucunun şeirin dərin
mənasını duymağa, bütün çalarlarıyla
dərk etməyə şərait yaradılır. XVI əsrdə haykunun ustadı olaraq
adlandırılan Matsuo Başo yaradıcılığı
ilə hayku şeiri xüsusi rəğbət
qazanmışdır. Başo köhnə
nümunələri də əsas tutaraq yeni istiqamətlər
müəyyənləşdirmişdir.
Azərbaycanda yapon haykuları ilə tanışlıq
1975-ci ildən etibarən Xalq yazıçısı
Elçinin rus dili vasitəsilə etdiyi tərcümələr,
nəzəri fikirlər vasitəsiylə mümkün olub. Elçinin tərcüməsində
təqdim olunan "Nərgizin bircə ləçəyi"
klassik yapon poeziya nümunələri toplusu 1979-cu ildə
çapdan çıxıb. Topluda orta əsrlər
poeziyası ilə yanaşı, yeni dövr poeziyası da yer
alıb. Təqdirəlayiq tərəflərdən
biri isə hər bir misranın müəllifi haqqında məlumatın
verilməsi və bəzi anlaşılmaz məqamlarda
şeirin şərhinin təqdim olunmasıdır. Məsələn,
Yamanca tez
uçdular!
Qanad
açdı pullar
İlin axırında (İssa. "Böyük Budda Kamakurada").
"Orta əsrlər
poeziyası" bölməsindəki nümunəyə tərcümənin
müəllifi Elçin belə bir şərh verir: "Bu
hokkuda İssa həmişə borc içində olduğunu
göstərir. Yaponiyada da Çindəki kimi
ilin axırında borcları qaytarmaq adəti
mövcuddur".
Elçinin tərcümələri Azərbaycan - yapon ədəbi
əlaqələrində böyük rola sahibdir. Bunun nəticəsidir
ki, Azərbaycan nəzmində yeni bir janr - Azərbaycan
haykuları formalaşıb. Az
sözlə böyük məna ifadə etmək
imkanlarına malik haykular Şahin Fazilin
yaradıcılığında öz əksini tapıb.
"Dadlı
şeir təamında
Duz
miqdarı söz
Budur hayku!"
- deyərək
haykuya tərif verən Şahin Fazilin 2007-ci ildə nəşr
olunmuş "Azərbaycan haykuları" adlı hayku
toplusuna müəllifin 333 haykusu daxil edilib ki, bu, yapon haykusu
janrında Azərbaycanda yazılan ilk kitabdır. Şahin Fazilin haykuları əsasən 5-7-5
ölçüsünə tabe olmur. Bu,
digər bir çox dillərdə olduğu kimi, Azərbaycan
dilində də heca sistemi ilə yapon dilindəki heca sisteminin
fərqliliklərindən irəli gələn məsələdir.
Lakin sözügedən haykularda əsas diqqət
çəkən cəhət ondan ibarətdir ki, müəllif
yapon haykusunun sabit 17 heca ölçüsünə əməl
etmişdir. Məsələn,
Tez-tez
Şipşirin
yuxu görürəm
Bu ap-acı dünyada.
Göründüyü kimi, bu nümunədə
ümumilikdə 17 heca olmaqla 6-7-4 ölçü sistemindən
istifadə olunmuşdur.
Məlum olduğu üzrə, yapon haykularında əsas mövzunu təbiətin tərənnümü təşkil edir. Şahin Fazilin yaradıcılığında isə sevgi, tənhalıq, qəm-kədər kimi mövzulara üstünlük verilmişdir:
Boşadım sevinci...
Kədəri də boşasam
Dul qalaram.
Yapon haykularını yaradıcılığına daxil edən daha bir yazıçı-şairə Güləmail Murad olub. G.Muradın haykularında Azərbaycan şeirinin bədii təsvir və bədii ifadə üsulları, obrazlı deyim tərzi diqqəti cəlb edir:
Mən bu eşqin dəlisi,
sən təşnəsi
Səndə gizlənmişəm.
Yazıçının haykuları məzmun müxtəlifliyi ilə seçilir, insan qəlbinin incə titrəyişləri, sevgi faciəsi, vətənpərvərlik ruhunun ifadəsi kimi mövzulara toxunulmuşdur. Ş.Fazil haykularında izlənilən ölçü sistemindəki dəyişkənlik G.Murad yaradıcılığı üçün də keçərlidir. Məsələn,
Şuşa, Qarabağ
közərən qorumdu,
dolub yatağıma.
Vətənpərvərlik ruhunda yazılmış bu hayku nümunəsində ölçü sistemi 5-6-6 şəklində olub, 17 hecada tamamlanıb.
Yapon haykuları 5-7-5 bölgüsündə olduğu halda, Azərbaycan haykularında misralarda hecaların bölügüsü konkret olmayıb, 3 misra 17 hecada fikrin tamamlanması əsas götürülür. Eyni zamanda, haykuların xarakterik xüsusiyyətlərindən biri də hər haykuda kiqoların, yəni ilin hansı fəslində yazılmasını göstərən ifadələrin işlənməsidir. Ş.Fazil və G.Muradın hayku yaradıcılığında isə sözügedən xüsusiyyətlər bir qədər fərqli şəkildə özünü göstərməkdədir. Belə ki, burada daha geniş mövzu rəngarəngliyinə təsadüf edirik.
Özünəməxsus estetik və
sənət dəyərlərinə malik qədim Yaponiya ədəbiyyatının
bir hissəsini təşkil edən hayku şeirinin tarixi
yüzilliklərlə ölçülür. Əksər
xalqların ədəbiyyatına daxil olan və ötən əsrin
70-ci illərindən Azərbaycan dilinə tərcümə
olunan hayku şeirinin Azərbaycanda tədqiqi məsələləri
olduqca zəifdir, bu sahədə görüləsi işlər
çoxdur. Tərcümələrin orijinaldan olmaması isə
ən aktual problemlərdən biridir. İkinci dildən tərcümə
əsərin məzmununda müəyyən itkilərə yol
açır. Xalq yazıçısı
Elçin bu məsələ ilə bağlı qeyd edirdi ki,
mən onları rus dilindən tərcümə etmişəm
və şübhəsiz ki, orijinal şeirin tərcüməsinin
tərcüməsində itkiləri çox olur və bu mənada
bu hokkular orijinalda, yəqin ki, daha çoxnüanslıdır,
daha dərin və zərifdir.
Gülnar
YUNUSOVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.
"Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsinin elmi işçisi
525-ci qəzet.- 2019.- 19 iyun.- S.20