Xalq
yaradıcılığının tükənməz xəzinəsi
Nəsimi poeziyasında
Qədim zamanlardan başlamış zəmanəmizə
qədər bədii yaradıcılıqla məşğul
olan əsl sənətkarlar həyat çeşməsi kimi həmişə
qaynayan xalq yaradıcılığına vaxtaşırı
müraciət etmədən keçinməyiblər. Bu
çeşmə onların əsərlərinə saflıq,
büllurluq və səmimiyyət bəxş edib.
Xalq arasında deyirlər ki, cavan qartallar
uçmağı həmişə qoca qartalların
qanadları üzərində öyrənir. Bu mənada,
qoca Şərqin xalq deyim və duyumları, xalq dilinin gözəl
ənənələri hələ gəncliyindən İmadəddin
Nəsiminin qanına hopub, demək olar ki, təfəkkürünə
və hissiyyatına hakim kəsilib. Nəsimi
xalqının nağıllar və əfsanələri, zərbiməsəlləri
ilə yanaşı, musiqisini də sevib.
Pedaqoji fikrin inkişafında misilsiz xidməti olan Nəsiminin
yaradıcılığına səmimi məhəbbət, dərin
ehtiram da məhz bundan yaranıb, pöhrələnib. Şairin
misralarını, beytlərini nəzərdən keçirdikcə
burada müdrik sözlərin sıx-sıx işlənməsinə,
xalq danışığında daha çox istifadə edilən
hikmətli ifadələrə, məcaz və metaforalara rast gəlirik.
Nəsimi
fəlsəfəsi mündəricəli şeirlərində
atalar sözü və məsəllərdən daha çox
istifadə edir:
Çün
hər nə kim əkərsən anı
biçərsən axır,
Dünyada
əkmə anı kim, adı oldu üsyan.
Şairin nəsihətverici şeirindən gətirilmiş
bu beyt xalq təfəkkürünün məhsulu olan "Nə
tökərsən aşına, o da çıxar
qaşığına", "Hər nə əkərsən,
onu da biçərsən" kəlamlarının eyni olsa
da, forma və yeni məna ifadə etməsi baxımından
diqqəti cəlb edir.
Hikmətli
sözlər, şübhəsiz, sənətkarı az sözlə məzmunlu və əhatə
obyekti geniş olan fikirlər aşılamağa istiqamətləndirir.
Nəsimi şeirlərində bu qayəni əsas
götürüb.
Özünü dərk edən insanlar kimisə
mühakimə etmədən öncə öz doğru,
düzgün, yanlış addımlarını gözdən
keçirir. Ancaq öz sözünə, hərəkətinə,
əməlinə məhəl qoymayan, məsuliyyət
daşımayan, özünün kənardan necə
göründüyünü görməyən isə
başqasında qüsurlar axtarır. Atalarımız bu
kimi özünə hörmət qoymayan adamlar haqqında
demişdir: "Öz gözündə tiri görmür,
özgə gözündə tük axtarır" və yaxud
"Özünə umac avammır, başqasına əriştə
kəsir". Nəsimi belə adamları məzəmmət
edərək, onları düzgün yola bu şəkildə səsləyir:
Öz
gözündə tiri qoyub, özgə gözdə
tükü görmə,
Uzaq görər öz eybini görən, tükü
tükdən seçər.
İnsan Nəsimi yaradıcılığının mərkəzində
durur. O, dinindən,
irqindən asılı olmayaraq hamıya eyni mövqedən
yanaşır və insanları dostluğa, xeyirxahlığa
səsləyir. Mala, mülkə aludə
olmamağa, öz varlığına "arifanə yek" nəzər
qılmağa, həyatın və yaşamağın mənasını
dərk etməyə çağırır. Nəsimi deyir ki, insanın şərəfi
mal-dövlətlə ölçülmür. İnsanın idealı yalnız yemək, geymək,
varlanmaq, sərvət toplamaqdan ibarət olarsa, öz şəxsi
mənafeyindən kənarda heç bir şey görməzsə,
başqalarının taleyi onu düşündürməzsə,
belə adamı başqa bioloji varlıqdan fərqləndirmək
olmaz. Yalnız öz şəxsi mənafeyini
düşünən, ətrafdakıların, xüsusilə
zəhmətkeş kütlənin taleyinə, dolanışığına
laqeyd münasibət bəsləyən dargözləri,
mal-dövlət, sərvət toplamağa can atanları nəzərdə
tutan Nəsimi deyirdi:
Dünyada
mülkə, mala sən aldanma, ey məlik,
Kim, dünyanın mətahi bəğayət həqirdir.
Nəsimi
bir neçə başqa qəzəlində də göstərir
ki, var-dövlət insana xoşbəxtlik verə bilməz, kim səadətini var-dövlətdə
arayırsa, şübhəsiz yanılır. Nəsimiyə
görə dünya malının daimi sahibi yoxdur. İnsan da dünyanı tutmaq üçün,
dünyaya sahib olmaq üçün
doğulmamışdır. Nikbin şair mülkə, əsil-nəsəbə
güvənənləri tənqid edir, aza qane olanları mərd
insan adlandırır:
Qafil olan,
öz ömrünü var yığmağa sərf eyləyər,
Öləndəsə Əzrailin hüzurunda boyun bükər.
Nəsimiyə görə hər bir şəxs öz səadəti
və xoşbəxtliyini ümumi xalqın səadəti və
xoşbəxtliyi ümumi xalqın səadəti və xoşbəxtliyi
naminə aparılan faydalı işlərdə görməlidir. Xalqa, vətənə
xidmət etməyi yüksək əxlaqi keyfiyyət sanan
şair zəhmətkeş insanın mənafeyindən
oğurlayıb, ancaq öz xüsusi varidatını
artırmağa çalışanları pisləyirdi. Bu baxımdan, Nəsiminin həcmcə kiçik, məzmunca
dolğun "Bəhrül-əsrar" ("Sirlər
ümmanı") əsəri diqqəti cəlb edir. Əsasən, cəmiyyət və insan təbiətinin
müxtəlif təzahürləri barədə fikir söyləyən,
hökmdarları, sultanları, zahidləri tənqid edən
şair şöhrətpərəstlik, tamahkarlıq kimi eybəcər
sifətləri söz qılıncı ilə kəsir,
müasirlərinin idrakını, daxili aləmini zənginləşdirirdi.
Simuzər
yığmaq üçün cəhd eyləmə gündən-günə,
Hər xəzinə torpaq ilə örtülür
axır yenə.
Sərvət
ilə yüklənərsə gəştisi dövrün əgər,
O, dərin
dəryalar içrə qərq olub batmaz məgər?
- deyən şair insanın özünün dərk
etməsini əsas və vacib bir məsələ hesab edir.
Nəsimi yazır ki, insan üçün mərifətdən
başqa mühüm bir bəzək yoxdur. Aqil insan zər
üçün öz ömrünü boş yerə sərf
etməz:
Bu
qızıl sevdasına qəlbində vermə heç məkan,
Mərifətçün ayrılan yerdə qızıl
olmaz, inan.
Sərvətin
artdıqca bil ki, artacaq dərdü-sərin,
Sən öləntək parçalar ol sərvəti
varislərin.
Bu beytlərin
yaranmasında heç şübhəsiz ki, yuxarıda qeyd
etdiyimiz kimi, dünyanı dördəlli tutanlara, var-dövlətə
uyub pis əməllərə qurşananlara qarşı
xalqın dediyi "Dünya malı dünyada qalar",
"Dünya malına aldanma", "Dünya varına
güvənilməz" sözləri əsas olmuşdur.
Nəsimi məhəbbət mövzusunda yazmış qəzəllərində
dilin sadəliyi, aforizmlərin orijinallığı bariz şəkildə
nəzərə çarpır. O, atalar sözü və məsəlləri
bacarıqla seçir, onları yeni formada şeirlərinin ahəng
və məzmununa uyğunlaşdırır.
Ey Nəsimi,
aqübət varar yelə,
Bivəfa ilə yeyən nanü nəmək.
Yaddaşımızı
araşdırsaq, mərdlik və namərdlik haqqında
saysız-hesabsız nümunələr üzə
çıxır: "Namərd gəlib mərd olmaz, olmasa mərd
atası", "Namərdin çörəyi dizi üstə
olar", "Keçmə namərd körpüsündən,
qoy aparsın sel səni", "Namərdə yaxa vermə,
mərdə arxa ol". Bu misalların
sayını artırmaq da olar. "Xərc
eylə dünya varından nə qədər olsa
varın" deyən şair sərvət toplayan "zərü
ziynət" düşgünlərini özgələr
üçün gecə-gündüz çalışan mehtərə
bənzədir. Nəsimi dövrünün xəsis təbiətli,
sərvətə həris adamlarını "tamah-kar",
"həris" adlandırır, onların dövlətlənmək
həsrəti ilə sağalmaz bir dərdə, mərəzə
tutulduqlarını, bu dərd ilə həyatdan gedəcəklərini
xəbər verir və bu sərvət sahiblərinin aqibətlərini
belə təsvir edir:
Ağlın
varsa, gəl gömülmə qızıl üçün
torpaqlara,
Mal hərisi məhşər günü siçan kimi
çox sürünər.
Tamahkarlıq,
hərislik yox, mərd insanda hümmət gərək,
Ömür səmum küləyidir, sərvət,
dövlət toza bənzər.
Yaxud:
İşin qalsa Əzrailə, qızılının nə
faydası?!
Gərək
nağdı can verəsən, qızıl orda çətin
keçər.
Nəsiminin şeirindən gətirdiyimiz nümunədə
də xalq sözlərinin ifadə etdiyi fikir yada düşür. "Gərəkməz"
rədifli qəzəldən:
Qəmindir
könlümün təxtində sultan,
Bir iqlimə iki sultan gərəkməz.
Yaxud da:
Zər
eşqiylə tanrı eşqi sığışmayır bir
araya,
Ölkə necə abad olar, iki şahı varsa əgər?!
- kimi beytlər xalqın təfəkkür
süzgəcindən süzülən "İki qoçun
başı bir qazanda qaynamaz" ifadəsini
xatırlatmırmı?! Şair həmin ifadədən
istifadə edərək hamının başa düşə
biləcəyi bir dildə gözəl, təsirli və səmimi
bənzətmə yaratmışdır.
Bu və ya digər tərzdə "Yıxılana balta
çalan çox olar" ifadəsi də dildə işlənən
deyimlərdəndir. Şeirlərinin birində Nəsiminin həmin
misaldan faydalanmasını müşahidə edirik. Məhəbbət gülşənində müvəffəqiyyətsizliyə
uğrayan aşiq dərdinə əlac, yarasına məlhəm
arayır. Lakin bunun müqabilində daha böyük bəlalara
mübtəla olur, tənə hədəfinə çevrilir:
Könlümün
şişəsinə pərri məgəs dəgsə
sınar,
Ey həbibim, bəs nədəndir sən atarsan
daşlar?
Müddəi
gər tən edib başıma qaxar eşqini,
Sınığa vacib deyildir munca atmaq daşlar.
İcraçı
üçün mahiyyətcə yerinə yetirilməsi
müşkül olan bir iş bəzən başqalarına
daha asan görünür. Həmin ikinci adam
işin çətin olmadığını söyləyir.
Belə məqamda bilavasitə proseslə bağlı olan adam "Dillə demək asandır, hünər
onu yerinə yetirməkdir", "Uzaqdan baxana
döyüş asan gəlir", - deyə hikmətli sözlərlə
cavab verir. Belə bir vəziyyətin təsviri
ilə biz Nəsiminin də şeirlərində
qarşılaşırıq. Sevgilisinə
qovuşmaq, vüsal həsrəti həqiqi aşiqi
sıxır, ona əziyyət verir. Amma kənardan
baxanlar bu işi çox ucuz qiymətləndirdikləri zaman o
deyir:
Ləblərin
vəslinə irmək mana müşkül görünür,
Gərçi sordular anı, dil ilə asan dedilər.
Böyük şair, ümumiyyətlə, insanı
sözün əsl mənasında əzəmətli və
yüksək görmək istəyir. Çünki onun fikrincə, insan
dünyada ən ali varlıq, qüdrətli
bir yaradan və hər şeyə qadirdir. Lakin
bu qadirlik ilahi bir vergi deyil, bəlkə onun əsl mayası zəhmətdir.
Şərəflə yaşamaq
üçün insan zəhmətsevər olmalıdır.
Sən
bir tikə çörək üçün minnət çəkmə
alçaqlardan,
Qəflətdəsən, ruzi, nemət aşiq kimi səni
sevər.
Nəsimi rübailərində də hikmətli sözlərdən
məharətlə istifadə etmişdir. Həqiqət
çarçısı olan sənətkar "Doğru
söz acı olar", "Doğru sözdən xəta gəlməz",
"Doğruya zaval yoxdur, çəksələr min
divana", "Yalan ki var, doğrunun quludur" kimi misallardan yaradıcı
şəkildə faydalanır:
O bilir həqqi
ki, yalançı degil,
Hər kim yalan söylər, ol naci degil.
Həccə
doğru varmayan hacı deyil,
Doğru söz doğrulara acı deyil.
Nəsimi
həmişə düzlüyə meyl etmiş,
doğruluğu insan həyatının, insan səadətinin ən
zəruri şərtlərindən, ən yüksək ləyaqətlərindən
hesab etmişdir:
Dil
bazarçısı yalandır, varmazam bazarına,
Gərçi olmaz əyri dil, inanmazam iqrarına.
Sadiq oldur
dilini könlü ilə bir eyliyə,
Əyri
dildən nəsnə gəlməz, durmuşam inkarına!
- deyən şair doğruluğu özünə
şüar etmiş, həqiqəti dərk etməyə və
insanlara söyləməyə
çalışmışdır. Nəsimi
dönə-dönə sədaqəti, düzlüyü,
doğruçul olmağı təbliğ və tərənnüm
edir, bu keyfiyyətləri insanın yüksək mənəvi
amalı sayır. Bu şeirlərdə
M.İbrahimovun təbirincə desək Mənsur Həllac və
Fəzlullah Nəimi kimi canlı surətlər var və onlar
xalq arasında insaniyyət, sədaqət, cəsarət, mərdlik,
doğruluq, dönməzlik rəmzi kimi tərənnüm
olunur.
Yuxarıda qeyd etdik ki, Nəsimi xalqının
nağıllar və əfsanələri, zərbi məsəlləri
ilə yanaşı, musiqisini də sevmişdir. Şair, xüsusən musiqi
tərbiyəsinə də böyük əhəmiyyət
vermiş, musiqini haram elan edən yalançı din nümayəndələrinə,
sufilərə istehza edərək yazır:
Səfasız
sufiyi gör kim, haram der, dinləməz
sazı...
Şair musiqini insan mənəviyyatını zənginləşdirən
əsas amillərdən biri kimi qiymətləndirir, qəzəllərində
musiqinin muğamlarını və hissələrini bir-bir
sayır.
Gözəl avazla oxunan "Rast", "Hüseyni",
"Cahargah", "Segah", "Əraqi",
"Şahnaz" kimi muğamların vurğunu olduğunu qəzəlində
belə qeyd edir:
"Zəngulə"
sifət nalı qılam zar "Segah"a,
Çün əzmi - "Hicaz" eyləyə məhbubi-xoşavaz.
Göründüyü kimi, Nəsimi xalq deyim və
duyumlarından istifadə etməklə biz nəsil və gələcək
nəsillərə örnək deyimi?! Xalq
pedaqogikasının zəngin ənənələri əsasında
ka-milləşən İmadəddin Nəsimi Yaxın Şərqin
deyim və duyumlarında yaxşı nə varsa öz poetik
yaradıcılığında cəmləşdirmiş və
özünü xalqın yaddaşına əbədiləşdirmişdir.
Ulu öndər Heydər Əliyevin dediyi kimi: ...Nəsimi
bütün dünya qarşısında bütün əzəməti
ilə ucalır. O, elə bir insan idi ki, hələ uzaq
keçmişlərdə cəhalətpərəstlərdən
qorxmayıb zülmə, riyakarlığa, mövhumata etiraz səsini
ucaltmış, çox-çox irəliyə nəzər
salmışdır.
Ümumiyyətlə, Nəsiminin atalar sözləri
və ya hikmətli sözlərə olan münasibətini
dürüst müəyyənləşdirmək, təhlil etmək
xüsusi tədqiqat mövzusudur. Biz bu yazıda böyük
şairin yaradıcılığından bəzi nümunələrə
nəzər saldıq. Xalq yaradıcılığının
zəngin xəzinəsindən sənətkarlıqla istifadə
etmiş İmadəddin Nəsiminin öz sözləri
xalqımız tərəfindən sevilə-sevilə təkrar
olunur, zərbiməsəllərə çevrilir. Səməd
Vurğun əbəs yerə deməmişdir: "Tarixlər
boyunca qaldı yadigar, ölməz fikirlərin, ölməz
sözlərin".
Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar
müəllimi
525-ci qəzet.- 2019.- 19 iyun.- S.19.