Osman, sən indi haralardasan?   

 

 

 

Yadımızdan çıxarmaq istədiklərimiz qoymur yaddaşlarda yaşamaq haqqını qazananları yaddaşda qalmağa, yadda saxlamağa. Pərpətöyün toxumu kimi səpələniblər beynimizin hüceyrələrinə. Olan-qopan hüceyrələrimizi məhv etməklə məşğuldurlar.

 

Bəlkə də bu səbəb üzündəndir ki, 2018-ci ildə nəşr olunmuş bir kitab nədənsə 2019-cu ildə əlimə "keçdi".

 

Özü də hansı gün?

 

Mayın 28-də - Respublika Günündə!

 

Elə bil, həmin müstəqillik günü zamanı mən də bir az müstəqilləşdim. Beynim "işğalçı" pərpətöyün toxumlarından azacıq da olsa təmizləndi.

 

Həm baxtımdan!

 

Həm də tam vaxtında!

 

Dediyim gün müqəddəs bir gün olduğu qədər də, əlimə sanki təzə keçən kitab da çox müqəddəsdi.

 

Müstəqilliyimiz uğrunda bütün varlığıyla mübarizə aparmış xalq şairimiz, İstiqlal şairimiz Bəxtiyar Vahabzadə haqda şair qardaşım, məsləkdaşım Osman Əhmədoğlunun yazıb çap etdirdiyi "219-cu auditoriya" adlı kitabını müstəqillik günündə oxumaqdan da gözəl nə ola bilərdi?!

 

Sən demə, Bəxtiyar müəllim BDU-da işləyəndə yalnız dərs deməyibmiş, sağ əlini tələblərinin başına çəkibmiş.

 

Osmanın da!

 

Bəxtiyar Vahabzadənin sağ əliymiş, Osman da!

 

Auditoriya-219.

 

İl-2019!

 

Birdən-birə beynimdə bir "9" da peyda oldu: 1949.

 

Aha! Niyə fikir verməmişəm ki, dostumun 70 yaşı tamam olubmuş...

 

Öz-özümə söyləndim. Öz qaramca bir az danışandan sonra başladım dostumla "danışmağa".

 

- Ayə, - dedim, - a öyü yıxılmamışın oğlu, sən danışanda, şeir deyəndə 500-700 yaşlı adam kimi danışırsan.

 

Bə 70-ə hələ təzəmi gəlib çıxıbsan?! Elə bil, heç vaxt imkanım olmayıb ki, soruşam: "Ay Osman, ayə, sənin neçə yaşın var? Bu yubileyin-zadın da sənə dəxli yoxdu yoxsa?!

 

Yoxsa xəbərimiz yoxmuş, hər gün yubiley keçirirsənmiş Özünə, Sözünə, Əməlinə, Amalına?!

 

***

 

Bəli, 50 yaşında gürcülərin "Şöhrət" ordeninə layiq görülmüş Borçalı türkü Dərviş Osmanın (onu çoxları bu adla da tanıyırlar) 70 yaşı tamam oldu.

 

50 yaşını çal-çağırla qarşılıayıb qeyd edən Zaman indi şairin 70 yaşını Sükutlamı qeyd etmək istəyir, nədir?

Bu, daha çox kimlərə sərf edir? Başımıza oyunlar açan, öz əngəl-kələflərimiz"əmi?! Yoxsa kirmişcə, mısdır-məsdır qımışan düşmənlərimizəmi?!

 

Əlbəttə, həyat və mübarizə dərsini Xalq şairi Bəxtiyar Vahabzadədən aldığını yada salsaq, həmin suala cavabımız birmənalı şəkildə belə olar: "Bu, düşmənlərimizin ürəyincədir." Bu, təkcə özümüzün yox, bütünlükdə millətimizin kefinə soğan doğramaqdır, Əhmədin oğlu!

 

Osman gənc yaşlarında Bakıda BDU-nun 219-cu auditoriyasında Xalq şairi Bəxtiyar Vahabzadədən dərs alıb.

 

Osman Əhmədoğlu 2019-cu ildə Borçalıda 70 yaşında hələ də tələbədir. Böyük şairimiz hələ də ona dərs keçir. Millət dərsi, Yurd dərsi! Tutduğu və getdiyi yoldan dönməmək dərsi!

 

Xüsusən də, kitabında qeyd etdiyi kimi, "Yaşamaq ümidi, cəsarət dərsi!"

 

Odur ki, onu bu gün də dəyirmanın gözündən ölü salsalar, qayıdıb dip-diri çıxası haldadır!

 

Hönkürtüsü hönkürtüdü, Hayqırışı hayqırış!

 

70 yaşında da 18 yaşındadır.

 

Sıradan bir adam olaraq yaşamır (Yaşamaq istəmir! Yaşaya bilmir!).

 

Amal, Əməl, Millət qəhramanı kimi dərdlərimizi car çəkir, hayqırır, sevinclərimizi paylaşır.

 

Öz elindədir!

 

Öz yolundadır!

 

Min il ağrısa da, acısı da sağ-salimdir.

 

Önündə keçilməz yollar olduğunu görüb geri çəkilməyib. Keçilməli yol da olduğunu anlayıb, özünü ilan kimi güllə qabağına atıb, millət, Xalq, Haqq yolunda yaralananda toxtayıb, özünə gəlib.

 

Ən çox da istəyib ki, mənsub olduğu millət öz haqqını bilsin, özünə gəlsin!

 

Şeirləriylə də, məqalələriylə də, çıxışlarıyla da bu amala xidmət edib. Aşıq yaradıcılığına, sənətinə sevgiləriylə də!

 

Ömrü boyu Ustadına oxşamaq istəmişdi. Ustadı B.Vahabzadə haqqında yazdığı kitabda, xatirə-povestində qeyd etdiyi tək, "Yerləri, Göyləri isitməyə, canları qızdırmağa, torpağın qəlbinə nəfəs verməyə doğan Günəş kimiydi!

 

Düşüncələrdə, şüurlarda puçur-puçur cücərtilər boy göstərirdi. Və bu cücərtilər üzü İşığa, üzü Nura, üzü Haqqa, üzü Bağımsızlığa, Azadlığa doğru çiçəkləyirdi zaman-zaman!"

 

Bəxtiyar Vahabzadə nə istəyirdi?

 

"Bizim olan halal Yurdumuza Sahib çıxmağımızı!"

 

"Üç qitədə at oynadan Dədələrimizin bugünkü mağmın övladlarının manqurtlaşa-manqurtlaşa suruxvatlaşmamasını. Mənfur imperiyanın çökəcəyinə inanırdı".

 

Bax, bu müqəddəs məqsəd və məramlardan yazır Osman Əhmədoğlu "219-cu auditoriya" adlı kitabında.

Tələbə olasan!

 

Ancaq bir şərtlə: B.Vahabzadə kimi bir şairin tələbəsi! Və "Gülüstan" poemasını başdan-ayağa əzbər bilməyin bir yana, Sovet DTK-sından qorxmadan istənilən yerdə az qala onların düz gözünün içinə deyəsən!

 

O dövr üçün bu, o qədər asan məsələ deyildi.

 

Üstəlik, tələbə yoldaşlarından biri vaxtsız vəfat etmiş Sokrat Musayev ola və ustada hamının ürəyindən olan bir şeir yaza:

Baxtı yarım mənim,

Baxt diyarım mənim.

Baxtı yarı bölünmüş,

Baxtiyarım mənim!

Əhsən sizə, Bəxtiyarın "Baxt diyarı"nın övladları!

 

Ustadı və müəlliminə Osman da bir şeir yazıbmış:

Bir gün fırça götürüb,

Tablo cızmaq istədim.

Fikrimdən keçənləri,

Daşa yazmaq istədim.

O Tay rəsmini çəkdim,

Gördüm sənə bənzəyir.

Bu Tay rəsmini çəkdim,

Gördüm sənə bənzəyir.

Heykəl yondum həsrətə,

Sənlə yarı almadı.

"Qəm" düzəltdim olmadı,

"Dərd" düzəltdim olmadı.

"Türkmənççay"ım sən oldun,

"Gülüstan"ım-canım, sən!

Təbrizə güzgü tutdum,

Ərkim, Savalanım, sən!

Hara baxdım - sən idin,

Bu işə özüm matam.

Məni heyrətdən qurtar,

Söylə kimsən, ay adam?!

Bu şeiri ustada Osmanın tələbə yoldaşı bir qız təqdim edibmiş. "Bəxtiyar müəllim bu yazını oxuyub və altından yazıb: "Bu adam - Bəxtiyar Vahabzadə!" Sonra deyib: "Qızım, öz üzərində işləsən, hə!" Təhminə cavabında: "Bəxtiyar müəllim, bu, Osmanın şeiridir" deyib.

 

Bu cür dadlı-düzlü xatirələrlə doludur O.Əhmədoğlunun həm könül, həm də ömür kitabı!

 

Bir daha təkrar etməyi lazım bilirəm:

 

Bir adamın ki, müəllimi Bəxtiyar Vahabzadə olsun, bəs o, özgə nə cür ola bilərdi?

 

Belə müəllim də və tələbələrinin də ömrü boyu bircə amalı olur: Millət bir olsun! Vətən bölünməsin!

 

Özgürlüyümüz və birliyimiz əbədi olsun! Bir el bayatısında bu haqda daha doğru-dürüst deyilib:

Ağzıbir arxam olsa,

Sel olar məncə sular!

 

***

 

Osman, yaşadığın bu 70 ildə həmişə sənin yerin bəsbəlli olub: Yerin görkəkdə olub. Seçilib başqa yerlərdən.

Bax, belə...

 

Culfada iki aylıq hərbi dərsdəymişsən.

 

"Nəsimi" filmi çəkilirmiş. Sən görəndə ki, Teymurləngin çadırı qarşısına fakültənizin rus bölümündə oxuyan erməni Yuriy Asatyanı qoyublar, qan beyninə sıçrayıb, onu ordan uzaqlaşdırmaq istəyibsən.

 

"Mən Yuriyə dedim ki, burdan get!

 

O tərpənmədi.

 

- Məni bura qoyublar, - dedi.

 

- Yox! - dedim. - Bura mənim yerimdir.

 

- Nəyə görə?

 

- Ona görə ki, sən ermənisən. Teymur türk sərkərdəsidir. Mən də türk əsgəri olduğuma görə, həm də Teymur mənim ulu babam olduğuna görə, öz halal dədəmin çadırını qorumaq mənim boynumun borcudu. Mən sənə etibar eyləyə bilmərəm".

 

Uzun dartışmadan, mübahisədən sonra sən öz istəyinə nail olubsan. Filmdə Teymur əsgəri kimi sən çəkilmisən. O dövrün beynəlmiləlçi ab-havasına qarşı çıxmağın qorxulu olmağına baxmadan!

 

Sən doğrudan da əsl türk əsgərisənmiş, əsl Mehmetçiksənmiş, Osman!

 

Sən doğrudan da haqq döyüşçüsüsənmiş!

 

İnam və iman adamısanmış!

 

Sən təkcə B.Vahabzadənin tələbəsi deyilsənmiş. Sən həm də dədən Dərviş Osmanın 55 il Qazaxda, Astanbəyli kəndində müqəddəs ziyarətgahımız olan Göy Türfə Ocağında dərvişlik eləmiş, ibadətlə məşğul olmuş o müqəddəs məkana çıraqdanlıq etmiş bir ovliya kişinin nəvəsi - torunusanmış!

 

Ustadın və müəllimin kimi heç nədən, heç kimdən qorxmadan, çəkinmədən yazmaq və demək haqqını qazanmısanmış:

Azərbaycan - mənim eşqim,

Mənim andım, mənim anam!

Biz ikimiz bir torpağıq,

Mən də sənin bir parçanam!

Bu cür düşünmək və yazmaq cəsarətini Bəxtiyar Vahabzadəyə sən demə, Allah ona ürəyinin sağ tərəfində olduğuna görə veribmiş.

 

Sənə isə... o cür kişi sağ əlini sənin də başına çəkdiyinə görə!

 

Yoxsa belə ürəklə (diləklə) yaza bilərdinmi?

Sən dedin, Vətənə, Elə yar olun,

Haqqa işıq tutun, fədakar olun

Hərəniz yurdda bir "Bəxtiyar" olun,

Bu yurdun ürəyi yaraymış, babam!

...Bizim ağrımızı hər naşı duymaz,

Dağılsın bu "Tufan", gəlsin "doğma yaz!"

Səndən dərs alana giley yaraşmaz,

Azadlıq ən böyük çaraymış, babam!

Çaranı düz axtarmışdınız, düz tapmışdınız! Çaranı əldə etdik "Dağıldı Tufan, gəldi "doğma yaz!"

 

Amma çarə əlimizdə biguman qaldığımız vaxtlar da az olmadı.

 

Barı, bundan belə olmasın!

 

Bir olan Vətənin gələcəyi naminə!

 

Bir olan, pir olan könüllərin eşqinə!

 

Osman, sənin haqqında düşünəndə, Borçalıda hər ilin yayında "Armudlu" deyilən yerdə "Borçalı Cəmiyyəti"nin xəttilə keçirilən türk şölənlərini xatırlayıram. Hamı yığılardı başınıza. Azərbaycandan, Türkiyədən gələn, Borçalıdan olan türklər yığılardı başınıza.

 

Bir dəfə gəlib səni nə gündə gördüm, aman Allah!

 

Hamı elə bil səni başından etmişdi. Sənin də ürəyin (idealların) ayaq altına düşüb çilik-çilik olmuşdu. Yerli hakimiyyət orqanları, özümüzdən olan satqın qüvvələr müqəddəs işinizə pəl qatmışdılar.

 

Hamı artıq hamı deyildi o gün orda.

 

Hamı Dərviş Osman deyilən bir fədainin - Osman Əhmədoğlunun nahaq yerə tökülmüş (tökdürülmüş!) qanı şəklindəydi onda.

 

Qarşımızdan hamıdan (elə o qandan da!) küsüb tək-tənha pay-piyada yol alıb hara gedirdin, elə?!

 

Salam verdik. Almaq gücündə deyildin. Qapqara qaralmışdın.

 

Yol aşağı enirdin. Arxanda səni anlamayan izdiham (Bəlkə də kütlə?). Qarşında- özünə oxşayan, hirsindən üzün kimi ağaran (qaralan) yol! Xəyalında ala bilmədiyin intiqam! Onda neçə yaşındaydın görən?! Səksən, doxsan, yüz, yoxsa min, milyon?! Uzaqlarda, "Əyriqar"da heç vaxt günəşin fürsət tapıb əridə bilmədiyi bir əlçim qar ağarırdı.

 

Yox, hələ umid vardı!

 

Yaşamaq olardı.

 

Necə də sən "Əyriqar"dakı o qara bənzəyirdin həmin anda!

 

Çoxlarını Borçalıdan didərgin salıb qaçmağa məcbur etmişdilər, qar kimi əritmişdilər.

 

Səni əridə bilməmişdilər!

 

Və sən yenə də həmişəkitək məsləkdaşlarınla birgə hamıdan düz yoldaydın, mənim "Əyriqar"ım!

 

Yadındamı, bir gün şeytanın ayağını qırıb bizə gəlmişdin?

 

Çox hörmətli qələm dostumuz Qiymət xanım şəklimizi çəkdi. (telefonuyla).

 

Qapımızdakı itin xətrinə itlə də şəkil çəkdirdn, ay zalım!

 

Şəkildə it sənə baxır.

 

Mən saz çalıram. Sən qol qaldırıb oynayırsan!

 

Eh, bəlkə də əsl həyat buymuş, ömür-gün deyilən buymuş, bilmirik?!

 

Bəlkə də heç Barat da gördüyün bu Barat deyil. Osman bəlkə o itlə şəkil çəkdirib oynayan kişidi, şairdi, aşiqdi, dəlidi, vəlidi, övliyadı bəlkə?!

 

Maşın yavaş gedəndə "bir az qaz ver, sürətini artır!" - deyirlər.

 

Sən də "qazlanmamış", özünə, sözünə "qaz" verməmiş danışmırsan, dinmirsən, yerimirsən, yürümürsən!

 

Gərək şimşək kimi çaxasan, ildırım kimi gur-gur guruldayasan! Sən meydana hər saatlığına girmirsən, girdinmi, "meydan gumbur gumburlanır". Ha istəyirəm mən də danışam Bəxtiyar Vahabzadədən - sənin kimi!

Olmur!

 

Ha istəyirəm oynayam - sənin kimi! Olmur!

 

Ha istəyirəm itlə şəkil çəkdirəm - sənin kimi! Olmur!

 

***

 

Sən Bəxtiyar Vahabzadədən BDU-nun 219-cu auditoriyasında dərs almışam deyirsən, Osman!

 

Xəbərin yoxmuş: Sən anadan BDU-nun 219-cu auditoriyasında doğulubsanmış!

 

Divin canı şüşədədir, deyirlər.

 

Sənin canın 219-cu otaqdadır!

 

Yeriyəndə İşıq kimi yeridin.

 

Yürüyəndə İşıq kimi yürüdün, Osman!

 

Uçanda İşıq kimi uçdun.

 

Ona görə də səni çox vaxt görə bilmədilər.

 

Görmək istəmədilər!

 

Mif kimi bir şeysən!

 

Mifin qədimlik, ululuqla bağlı "hekayət" (K.Marks) olduğunu hardan bilsinlər bu bədbəxt yalançı "həqiqətpərəstlər?!"

 

Hər dəfə mənə hardansa zəng edəndə elə bilirəm ki, dünyanın o başındasan, Yupiterdəsən, Veneradasan.

 

Sənə nə demək olar?

 

Bunu ancaq belə işləri səndən gözləmək olar?

 

Sən nəfəs alanda da, danışanda da, çıxış edəndə də, lap elə şeir yazanda da başının üstə (başlar üstə!) bayraq qaldırmaqla məşğul olmusan.

 

Bilənlər bilir.

 

Bilməyənlər bilməsin!

 

Nə yaxşı ki, Borçalıdansan, Osman! Borçalıdasan! Nə yaxşı ki, hələ də eşqinlə, amalınla "Vətənin qıraq yerləri"ndən birisən!

 

Sən bu yaşında da, öz atındasan, öz "qanad"ındasan!

 

Burdan vurub ordan çıxırsan, ordan vurub burdan çıxırsan.

 

Evdəsən, Tiflisdəsən, Qazaxdasan, Gəncədəsən, Bakıdasan, Ərzurumda, Qarsdasan, Anadoluda, "Anaxatır"dasan...

 

Harada türk varsa, oralardasan.

 

Harada "Bəxtiyar Vahabzadə küçəsi" var, ilk qədəm basanı sənsən.

 

Harada B.Vahabzadəyə heykəl, büst qoyulubsa, qarşısında ilk gül qoyan, ilk baş əyən sənsən!

 

Gözümdən iraqdasan...

Könlümün önündəsən!

İndicə burdaydın, hara çəkildin belə?

Haralardasan, Osman?!

Haralarda deyilsən?!

 

 

 

Barat VÜSAL

 

 525-ci qəzet.- 2019.- 19 iyun.- S.18;24.