Bir cümlə yaz,
10 kitab qazan!
Hekayə
yarışması
Bugünlərdə Azərbaycan Yazıçılar
Birliyinin katibi,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid feysbuk sosial şəbəkəsində
qısa hekayə yarışması elan etdi. Yarışmanın şərti
belə idi: 5 sözdən (corab, qələm, saat, ətir, alışqan) istifadə edərək bir cümləlik hekayə yazmaq.
Yarışma 10 gün qüvvədə idi. Rəşad Məcid
statusunda bildirmişdi
ki, bu müddət
ərzində hekayəsi
ən çox layk alan müəllif
qalib sayılacaq, qalibə 10 kitab və yaxud 100 AZN pul mükafatı hədiyyə ediləcək,
ən çox bəyənilən hekayələr
isə "525-ci qəzet"də
çap olunacaq.
Yarışma sosial şəbəkələrdə
fəal olan yazarlar arasında böyük maraqla qarşılandı: yarışma
ilə bağlı elan 27 paylaşım, 400 layk aldı, 450 rəy bildirildi. Müsabiqə çərçivəsində
çox sayda bir cümləlik hekayə yazıldı.
Müsabiqənin sonunda Ceyhunə Cəlilova adlı yazar 157 səslə (layk) yarışmanın qalibi oldu. İştirakçıya
öz seçiminə
əsasən 100 AZN təqdim
olundu (Qeyd: Ola bilər ki, bu hekayəni oxucularımız digər
hekayələrdən güclü
hesab etməsin. Amma yarışmanın əsas
şərti layk sayı olduğundan məhz bu hekayə
qalib sayıldı).
Yarışmaya marağı nəzərə
alaraq, ən çox layk olunmuş bir cümləlik 10 hekayə
arasında növbəti
dəfə səsvermə
elan olundu və qalibə 10 kitab hədiyyə ediləcəyi diqqətə
çatdırıldı. Bu dəfə yalnız münsif seçilmiş şəxslərin rəyləri
nəzərə alınacaqdı.
100 ədəbiyyat adamının ixtiyarına
verilən 10 hekayə
5 gün ərzində
bir daha dəyərləndirildi. Səs çoxluğu
ilə bu dəfə Tural Turanın bir cümləlik hekayəsi qalib oldu. Ona 10 kitab hədiyyə edildi.
Beləliklə, sosial şəbəkədə
böyük əks-səda
yaradan bu yarışmaya yekun vuruldu.
Söz verildiyi
kimi, hekayələr arasında söylənilən
kriteriyalara uyğun olmayanları çıxmaq
şərtiylə, ən
çox bəyənilmiş
hekayələri qəzetimizdə
dərc edirik.
Qalib hekayə I: "Dodaqları
cadar olmuş qadın saata baxdı, artıq yollanmaq vaxtı idi, alışqanını
və yoldaşından
yadigar qalan qələmini götürməyi
unutmamışdı, axı
sevgilərinin möhrü
bu qələmlə qoyulmuşdu, doğrudur, bir qadınçün siqaret xoş qarşılanmırdı, lakin
o dəhşətli hadisədən
sonra körpəsindən
qalan balaca corablarının ətrini
bu tüstü qoxusuyla özünə unutdurmağa çalışırdı..."
Ceyhunə Cəlilova
***
Qalib hekayə II: "İlk qonorarımla atama alışqan, anama ətir, bacıma corab, yazıçı olmaq istəyən qardaşıma saat və qələm alıb qəbiristana - ailə məzarlığımıza
getdim"
Tural Turan
Daha çox maraq cəlb edən digər hekayələr:
Fərhad
Kərimli: "Adəm
güzgünün qabağına
keçib üst-başına
ətir səpdi, qələmini döş cibinə taxıb saatını bağladı,
bir az əvvəl
eyvanda siqaret yandırarkən pəncərənin
ağzında qalan alışqanı götürüb
cins şalvarının
dar cibinə dürtdü, əyilib başının ilməsi
qaçmış corablarını
yuxarı çəkib
sığalladı, qəddini
düzəldib güzgüdə
bir də özünə ötəri
nəzər salaraq məğrur addımlarla onu edam etmək üçün aparmağa
gələn və qapının ağzında
gözləyən əsgərlərə
doğru getdi".
***
Vüsalə Məmmədova: "Siqaret taparsa alışqanı, kağız
taparsa qələmi, iş taparsa saatı, sevgili taparsa ətiri istifadə edər deyə yanından ayırmayıb, corabında
gəzdirirdi və elə bu ağırlıqdan
da bir addım
irəli gedə bilmirdi"
***
Kübra Əliyarlı: "Dünyanın ətrindən bihuş olub, getdiyi yuxudan çalar saatın zəngi ilə oyananda ağır cığırlardan cırıq-cırıq olmuş corabları, rəngli qələmlərlə doldurulmuş əməl dəftəri, bir də cəzalarını gözləyən alışqanla baş-başa qalmışdı".
***
Tağı Türk: "Günəş səmanı aydınladanda ana öz övladını düşmən gülləsindən ölmüş, üz-gözü tanınmaz hala salınmış meyidlərin arasında corablarından tanıdı, körpəni bağrına basıb ətrini qoxladı, qələmlə qara yazılmış taleyi onun ürəyini alışqan kimi yandırırdı və həmin an ömür saatının dayanmasını Tanrıdan dilədi".
***
Sofiya Babazadə: "Bu, keçmişdə kasıblıqdan corabı belə olmayan, gələcəkdə yazıçı olmaq istəyinə görə atasının ona əl qaldırmasına baxmayaraq, ilk addımlarını ata-ata düşüncələrini sınıq bir qələmlə cırıq bir kağıza yazıb, atasının evə gəlib onu yazaraq görməməsi üçün tez-tez saata baxan, anası ilə divanda oturub bir yandan onun ətrini, bir yandan isə canına çəkərək siqareti necə alışqanla yandırdığını izləyən qızcığazın həyatında baş vermiş, bəlkə də ən təsiredici hadisə kimi yadda qalmışdır".
***
Roma Xosrov: "Gecə saat ikidə, alışqanı götürüb o qıza yazdığım şeirləri yandırarkən, qələmim gözümə dəydi, bir vətən şeiri yazmaq istədim, bir anda, bütün dünya üstünə yıxılmış halda, anam evimizin qapısından özünü içəri atıb dedi: "Oğlum, atan cəbhədə şəhid olub" - atam minaya düşmüşdü, sanki cansız bədəni göylərə çəkilmişdi, batinkada bir ayağını tapıb dəfn etdiyim atamın, o vaxtdan bizə verdiyi tək təsəlli, corabının barıt qoxulu ətridir".
***
Aləmzər Sadıqqızı: "Toy gecəmizin sabahı Qarabağ uğrunda döyüşə gedən ərimin mənə qalan corabını, qələmini, saat və alışqanını qızıma verib son dəfə ətrini ciyərlərimə çəkmək istərkən qızımın "bunlardan ata qoxusu gəlir" cümləsindən anladım ki, bir ömür mən ər ətrinin, qızım isə ata ətrinin həsrətini yaşamışıq..."
***
Namiq Cavadlı: "Alzhaimer xəstəsi qoca 3 il əvvəl asmadan ölən yoldaşının ona toxuduğu yun corabı, atasının ona ölmədən əvvəl hədiyyə verdiyi kəməri bir az yeyilmiş köhnə qol saatını, şəhid olan mayor oğlunun ona 70-ci yaş gününde aldığı görkəmli metal qələmi bir yərə toplayıb, dəmir krikert alışqanının çaxmağını çəkərək yanaraq kül olan və sabah xatırlamayacağı bütün xatirələrinin ətrini ciyərlərine çəkirdi.
***
Tural İrfan: "Corabı yamaqlı dilənçi qızcığaz yan tərəfdə asfaltın üstündə qələm satan yetim oğlana tərəf oğrun-oğrun baxıb küçədən tələsik keçən qara eynəkli yaraşıqlı oğlanın cibindən düşən alışqanın fərqinə varmadı ona görə ki, oğlandan bir az qabaq qarşılarından keçən göygöz qızın ətri ona, cavan ölüb onu körpə yaşda yetim qoymuş anasının qoxusunu xatırladaraq xəyallar aləminə aparmışdı..."
P.S. Yarışmaya hekayə göndərən, mətnlərə münasibət bildirən bütün yazarlarımıza təşəkkür edib, diqqətə çatdırırıq ki, "525-ci qəzət"də belə yarışmalar davamlı olaraq keçiriləcək, qalib müəlliflərə mükafatlar təyin olunacaq.
Şəhla ASLAN
525-ci qəzet.- 2019.- 19 iyun.- S.17.