"Nəşriyyat yalnız küçədə
kitab satmaqla davam gətirə bilməz"
"QANUN"
NƏŞRLƏR EVİNİN RƏHBƏRİ ŞAHBAZ
XUDUOĞLU ÖLKƏDƏ KİTABÇILIĞA
HƏRTƏRƏFLİ DƏSTƏYİN
VACİBLİYİNİ VURĞULAYIR
- Şahbaz bəy, rəhbərlik etdiyiniz "Qanun"
Nəşrlər Evinin ciddi problemlərlə üzləşdiyi,
nəşriyyatın işinə maneələr törədildiyi
ilə bağlı tez-tez müxtəlif səpkili xəbərlər
yayılır.
Bəs hazırda vəziyyət necədir, fəaliyyətinizə
müdaxilər davam edirmi?
- Son illər
əvvəlki kimi problemlər yoxdur. Əvvəllər
"Qanun"un üzərində cərimələr
vardı. O zaman hesablarımız 5 il
bağlı qaldı, haqqımızda cinayət işi
açıldı. Nəşriyyatda
çalışanlar istintaqa cəlb olundular. Buna baxmayaraq, biz ruhdan düşmür, fəaliyyətimizi
davam etdirirdik. Şükür, hazırda
bu problemlər arxada qalıb. İndi ciddi
problemimiz yoxdur, amma daha da yaxşı olması
üçün çalışırıq. Hər gün yeni kitablar nəşr edirik. Bu, bizim nəşr etmək arzusunda olduğumuz
kitablardır. Təbii ki, xırda problemlər,
manelər də var; bəzən ölkəmizdə
qanunları başqa cür tətbiq edənlərlə
üz-üzə qalırıq. Bunlarla
bağlı öz narahatlığımızı bildiririk.
Amma hazırda məxsusi olaraq "Qanun"a
qarşı hər hansı bir təzyiq, fəaliyyətimizi məhdudlaşdırma
cəhdi yoxdur.
- Kitabçılıq
sahəsində qarşılaşdığınız ən
böyük problem nədən ibarətdir?
- Bu il fevralın 1-dən qüvvəyə minən
qanun sahibkarların fəaliyyətini, o cümlədən,
kitabçılıqla bağlı işləri çətinləşdirib.
Gömrükdə kitablarla haqsız rüsumlar
tətbiq olunur. Ölkəyə gətirdiyimiz
kitablara görə, indiyə qədər 4 faiz rüsum ödəyirdik,
bu ildən bu rüsumu 5 faizə qaldırdılar. Gömrük Məcəlləsinin 113-cü maddəsinə
edilən əlavəyə əsasən, ölkəyə gətirilən
mallar gömrük ərazisinə çatmazdan əvvəl həmin
mallarla bağlı gömrük orqanlarına elektron formada
qısa idxal bəyannaməsi verilməsi tələb olunur.
Bəyannamə vaxtında verilməyəndə İnzibati Xətalar
Məcəlləsinin 485.2-ci maddəsinə əsasən vəzifəli
şəxslər min manat, hüquqi şəxslər isə
min beş yüz manat cərimə ödəməyə
məcbur olurlar.
- Bu sənədi
əvvəlcədən təqdim etmək çətindir ki?
- Təcrübədə
belədir ki, sahibkarlar tələb olunan bu bəyannaməni
gömrük orqanlarına kitab yükü Azərbaycana gələndən
sonra, yol sənədlərinə əsasən təqdim edə
bilirlər. Bəyannamənin yük gəlməmişdən
əvvəl gömrük orqanlarına təqdim edilməsi
mümkünsüzdür. Belə bir
mümkünsüz addıma görə də cərimə
ödəməklə xeyli miqdarda zərərə
düşürük. Bu da
kitabçılığa növbəti zərbədir. Nəzərə alınmalıdır ki, biz
ayrıca bir maşını kitabla doldurub ölkəyə gətirmirik.
Ona görə də, bilmirik bu yük ölkəyə
nə zaman daxil olacaq, onun haqqında gömrük idarəsinə
əvvəlcədən məlumat verə bilmirik. Onlar bunu əsas götürürlər və dəyərindən
asılı olmayaraq, yük haqqında əvvəlcədən
məlumat vermədiyinə görə sahibkarları cərimə
edirlər. Biz də deyirik ki, bu cərimənin dəyərini
kim müəyyən edib? Niyə biz, məsələn,
beş yüz manatlıq kitaba görə
min beş yüz manat cərimə ödəməliyik? Belə bir qanun qəbul edilərkən yükün
həcmi və yaxud da dəyəri nəzərə
alınmalı idi. İndi yüzlərlə
sahibkar var ki, qanunun bu maddəsindən narazıdır. Bəlkə də, böyük sahibkarlar
üçün bu məbləğ çox xırda
görünə bilər, amma orta və kiçik sahibkarlara
bu cərimə çox ciddi ziyan vurur. Halbuki
dövlət tərəfindən orta və kiçik
sahibkarlığın inkişafı üçün xeyli
normativ aktlar qəbul olunub. Təəssüf
ki, qanuna yeni əlavə bizə - kiçik və orta sahibkara
qarşı yönəlib.
- Şahbaz bəy, tez-tez müxtəlif təhsil müəssisələrində,
açıq havada kitab yarmarkaları keçirirsiz. Bu aksiyalar
kitaba marağı artırırmı?
- Biz təqribən
7-8 ildir, küçələrdə kitab yarmarkaları
keçiririk. Paytaxtın müxtəlif yerlərində,
Yasamalda, Nərimanovda, Səbaildə və əhalinin çox
olduğu digər ərazilərdə
kitablarımızı sərgiləyirik. Parklarda
endirimli kitab aksiyaları, imza günləri təşkil
edirik. Məşhur jurnalistlər,
yazıçılar həmin yarmakalarda bizimlə birlikdə
kitab satırlar. Burada bizim məqsədimiz
yalnız kitab satmaq deyil, eyni zamanda, biz insanlarla yeni çap
olunmuş kitablar haqqında söhbət edirik. Bəzən günlərlə, səhərdən
axşama qədər yeni kitablar haqqında insanlara məlumat
veririk. Söhbətlər zamanı məlum
olur ki, insanların çoxu Bakının hansı ərazilərində
kitab mağazalarının olduğunu bilmirlər. Biz insanlarda kitaba maraq artırır, bu yarmarkalar vasitəsi
ilə yeni oxucular qazanırıq.
- Nəşriyyatınızda
çıxan yeni kitablar haqda sosial şəkəbədə
paylaşımlar edir, canlı yayında kitablar haqda məlumat
verirsiniz. Belə aksiyaların kitab
satışına təsiri olurmu?
- Əlbəttə, olur. Nəşriyyatımızda
çıxan yeni kitabı sosial şəbəkədə
reklam etdikdən sonra onun reytinqi dərhal qalxır. Həmin kitabla bağlı müraciətlər
olunur, sifarişlər artır. Kitab
mağazalarında kitabın satışı sürətlənir.
Biz bu ənənəni davam etdirəcəyik.
Biz düşünürük ki, bu, kifayət
deyil, kitab təbliğatıyla bağlı fərqli
yanaşmalarımız olmalıdır. Biz
bu işi mükəmməl şəkildə qurmağa
çalışırıq.
- Kitab
satışınını qənaətbəxş hesab etmək
olarmı? Nəticələrdən
razısınızmı?
- Biz bu
işin peşəkarı olduğumuz və kənar fəaliyyətlə
məşğul olmadığımız üçün
real mənzərə bizim üçün ürəkaçandır.
Hər gün ərzində azı 1 kitab, ildə
isə 400-dən çox kitab çap edirik.
- Yerli ədəbiyyatdan,
yoxsa xarici müəlliflərdən?
- Daha
çox tərcümə ədəbiyyatından nümunələr
nəşr edirik.
- Səbəb
nədir, oxunmur ki, yerli ədəbiyyat?
- Bu,
bazarın anormal vəziyyəti ilə bağlıdır. Əslində, daha çox yerli ədəbiyyat
oxunmalı, yəni maraqlı yazarlar çox olmalıdır.
İndi bizdə də bu baxımdan inkişaf
gedir. Məsələn, əvvəllər
təkcə Çingiz Abdullayevin kitabları
satılırdısa, indi artıq belə deyil. Biz Anarın, Kamal Abdullanın əsərlərini
yüksək maraq olduğu üçün ikinci dəfə
nəşr etmişik.
- Son
dövrdə kitabın təbliğinə dair dövlət tərəfindən
həyata keçirilən layihələr sizi qane edirmi?
- Rəsmi
statistikaya görə, ölkədə iki mindən çox
işlək kitabxana var. Biz istərdik ki o kitabxanalara bizim
kitablarımız getsin. Bizdə haqlı olaraq sual yaranır:
niyə "Qanun"un kitabları o
kitabxanalarda yoxdur? Rayondakı kitabxanalara getsəniz, baxın,
orada "Qanun"un bir dənə də
kitabı da yoxdur. Amma orada elə kitablar var ki,
heç oxunmur. Biz yalnız kitabxanlarda
"Qanun"a şərait yaradılsın, demirik. İstərdik ki, mərkəzi və yerli qurumlar nəşriyyatlardan
kitab alsınlar. Arzu edirik, yüksək vəzifəyə
sahib insanlar kitab yarmarkalarında görünsünlər.
- Qurumlara
kitab satışı üçün müraciət etmisizmi,
nə deyirlər?
- Əlbəttə. Dəfələrlə söhbətlərimiz
olub və alacağlarına söz veriblər. "Qanun"
elə kitabları Azərbaycan dilinə gətirib ki, bu
qısa müddəti üçün fantastik göstəricidir.
Buna dəstək olmaq lazımdır. Eyni zamanda, Azərbaycanda 4500 məktəb
kitabxanası var. Biz uşaq ədəbiyyatı seriyasından
çox faydalı kitablar nəşr edirik. Bunların əksəriyyəti klassik əsərlərdir.
Niyə bu kitablar kitabxanalarda yoxdur?! Olmalıdır. Dövlət nəşriyyatların
kitablarını alsa, bu, həm yazıçıya dəstək
olar, həm də nəşriyyata. Nəşriyyat
yalnız küçədə kitab satmaqla davam gətirə
bilməz. Bizə dövlət qurumları
dəstək olmalıdır. Təəssüf
ki, bizdə yeni qurumlar yaranarkən büdcəsi varsa, digər
nəşriyyatlardan kitab almaq əvəzinə,
düşünür ki, bəlkə elə bir mətbəə
də özümüz açaq?! Yəni
qurumlar əməkdaşlıqdan yayınırlar. Mən qurumları da qınamıram. Amma bəzən xırda məsələlər də
insanı çox incidir. Məsələ
budur ki, hər kəs kitabdan danışır, amma kitaba
konkret əl uzadan, sahib çıxan yoxdur. Yaşlılar çox zaman gəncləri
qınayırlar "kitab oxumurlar" deyə. Biz fəaliyyətimiz zamanı buna şahidik ki, ən
çox kitab oxuyan elə gənclərdir. Bu gün "Qanun" gənclərin
aldıqları kitabların hesabına ayaqda dura bilir.
-
Şahbaz bəy, sizcə, ali təhsil
müəssisələrində kitaba münasibət nə səviyyədədir?
- Əslində, tələbəni kitabsız təsəvvür etmək olmaz, o kitabla paraleldir, tələbə mütləq kitab oxumalıdır. Məsələn, Azərbaycan Dillər Universitetində bir gözəl təşəbbüs oldu; tələbələr aldıqları kitabların pulunu universitet ödəyirdi. Bu, gözəl ənənədir. Azərbaycanda çox gözəl universitet binaları var. Bəs niyə gözəl müəssisələrin kitabxanalarında lazımi kitablar tapılmır? Kitabxanalar niyə kitab almır? Belə şəraitdə tələbə necə intellektual ola bilər?! Tələbələr öz universitetlərində istədikləri kitabları tapıb oxuya bilmirlər. Bu baxımdan, nümunə olaraq UNEC-i, yəni İqtisad Universitetini misal göstərə bilərəm. Bizdən ən çox bədii ədəbiyyat alan tələbələr məhz bu universitetin tələbələridir. Biz bunu yarmarkalarımıza gələn tələbələrin sayına əsasən müəyyən edə bilirik. Təəssüf ki, kitab oxuma məsələsində filologiya fakültəsinin tələbələri bir o qədər aktiv deyillər. Bakı Dövlət Universitetində hər zaman bizim kitab stendlərimiz olub. BDU Azərbaycanda ən çox tələbəsi olan universitetdir və orada kitaba indiki münasibət heç də qənaətbəxş deyil.
- Digər qurumlara kitaba dəstək layihələri təklif edirsinizmi, cavabında nə deyilir?
- Əlbəttə, edirik. Hətta dəfələrlə! Biz ölkənin böyük mobul operatorlarına müraciət edirik. Təklif edirik ki, siz müştərilərinizə müxtəlif hədiyyələr verirsiniz, olmazmı ki, o hədiyyələri kitablarla əvəz edək?! Eyni zamanda, məsələn, bir kitabla ailənin digər üzvləri də maariflənsinlər. Nəticə yoxdur...
- Şahbaz bəy, bir kitabı həm tərcümə, həm nəşr, həm də satışını təşkil etmək sizə çətin olmur? Bütün bunların öhdəsindən necə gəlirsiz?
- Azərbaycan mühitində çətindir. Şəxsən nəşr etdiyimiz kitabları mütləq oxumalıyam ki, oxucularımıza tövsiyə edə bilim. Bu, asan başa gəlmir. Günümün çox hissəsi kitablara həsr olunur. Bu məsələdə mənə situmul verən oxucuların rəyidir. Çalışıram, günlük vaxt qrafikimə əməl edim. Hər gün azı əlli səhifə kitab oxumalıyam. Bu, həftəyə 4-5 kitab edir. Gündə azı bir saat tərcümə edirəm. Eyni zamanda, redaktə işi ilə də məşğul oluram. Çalışıram, kitab oxuma sürətim ləngiməsin.
- “Nəsimi ili” ilə bağlı "Qanun"da hansı işlər görülür?
- Biz ingilis və rus dilində İ.Nəsiminin qəzəllərini çap etmişik. "Mini klassika" layihəmizdə “Nəsimi ili” ilə bağlı 4 kitab buraxmışıq.
- Böyük bir nəşriyyat üçün 4 kitab az deyilmi?
- Əlbəttə, azdır. Biz bu işi ilboyu davam etdirəcəyik.
- Belə deyilir ki, nəşriyyatlar yerli yazıçıları yetəri qədər təbliğ etmir. Səbəbi sizdən öyrənək...
- Biz ayrı-ayrı yazıçıları deyil, bütövlükdə kitabı təbliğ edirik. Bu mənada, müəlliflər özləri-özlərini təbliğ etməli, lazımi məlumatları oxuculara çatdırmalıdırlar. Bu təbliğat, televiziyalarda və eləcə də sosial şəbəkələrdə getməlidir. Müəllif kitabı haqqında danışmalı, kitabından hissələr paylaşaraq, onu reklam etməlidir.
- "Qanun" kitabla bağlı daha nə kimi işlər görməyi planlaşdırır?
- Əvvəla, çalışırıq köhnə müəlliflərlə əməkdaşlığımızı davam etdirə bilək. Önümüzdəki süni maneələri aşmağa səy göstəririk. Digər problemlər də var ki, onların da həlli vacibdir. Biz kitabı sevdirmək haqda yollar düşünərkən, qəfildən qaz, işıq, su və başqa idarələrdən başımızın üstünü kəsdirirlər və bütün günü nəyisə izah etmək məcburiyyətində qalırıq. Bütün bunlar çox çətin vəziyyət yaradır. Davamlı olaraq rayonlarda yarmarkalar keçirmək istəyirik. Digər iri şəhərlərdə indiyə qədər yarmarka keçirməmişik. İstəyirik, yerli yazıçılarla regionlara səfər edək, kitab günləri keçirək. Tanınmış müəlliflərin Bakıya gəlişini təşkil etməyi, onların imza günlərini Bakıda keçirməyi düşünürük. Azərbaycan və xarici ədəbiyyatdan "Mini klassika" layihəmizi davam etdiririk. Bu layihə bu gün özünü doğruldur. Məsələn, bu seriyadan nəşr etdirdiyimiz Cəlil Məmmədquluzadənin kitabları keçən ay rekord sayda satıldı. Bu, bizi sevindirir. Bildiyiniz kimi, dram əsərləri və uşaq ədəbiyyatı Azərbaycanda məhduddur. Gələcək nəşrlərimizdə bu sahələrə daha çox diqqət ayırmağı nəzərdə tutmuşuq.
Şəhla ASLAN
525-ci qəzet.- 2019.- 19 iyun.- S.16.