"Şəhrizadın... tarzən Ramiz
Quliyev nağılı"
VƏ
YA NAĞILA BƏNZƏYƏN SƏNƏTKAR HƏYATI
Böyük sənətkarlar haqqında fikirləri layiq
olan səviyyədə, orijinal tərzdə qələmə
almaq özü böyük ustalıq və istedad tələb
edir.
Virtuoz
tarzən kimi xalq tərəfindən sevilən, peşəkar
musiqiçilər, görkəmli incəsənət xadimləri
tərəfindən layiqincə qiymətləndirilən
Respublikanın xalq artisti Ramiz Quliyevi böyük bir sənətkar
kimi səciyyələndirmək heç də asan deyil, bunu
yalnız qeyri-adi yanaşma, qeyri-adi sujet və mahir yazar
düşüncəsi ilə ifadə etmək
mümkündür.
Tarzən
Ramiz Quliyev haqqında yazıçı-jurnalist, Cəfər
Cabbarlı və Beynəlxalq Rəsul Rza Ədəbi
mükafatları laureatı Rafiq Hacıyevin ərsəyə
gətirdiyi bu bədii-biblioqrafiyanı, esseni, oçerki,
povesti həyəcansız, fasilələrlə oxumaq
mümkün deyil. Böyük dəqiqliklə
və ətraflı verilən əhvalatlar, istər-istəməz
bir daha gözümün qarşısında 1958-1964-cü illəri
canlandırdı. Ramizlə bizim
tanışlığımız 1958-ci ildə olmuşdu.
Həmin il bizim ailəmiz Ağdama
köçəndə (valideynlərim həkim idilər) mən
Ağdam uşaq musiqi məktəbinin birinci sinfinə qəbul
olundum. Ramiz onda uşaq musiqi məktəbinin
üçüncü sinfində oxuyurdu. Həm
qonşu olmağımız, həm də musiqi məktəbində
eyni vaxtda ikinci növbədə oxumağımız ünsiyyətimizi
xeyli istiləşdirmişdi. Hələ o
vaxtlar Ramiz musiqi məktəbinin ən seçilən,
qabaqcıl, konsertlərdə ən uğurlu iştirakı ilə
yadda qalan şagirdi idi.
XX əsri Azərbaycan musiqisinin intibah dövrü
adlandırsaq, yəgin ki, səhv etmərik. Böyük bəstəkar
və milli ziyalı Üzeyir bəy Hacıbəylinin milli
musiqisinin inkişafına verdiyi əvəzsiz töhfələr,
onun yaratdığı "Leyli və Məcnun", daha sonra
"Koroğlu" operaları Azərbaycan milli musiqisini
böyük yüksəkliklərə
qaldırmışdı.
Azərbaycan milli musiqisinin əsas alətlərindən
olan tarın imkanları, Sadıqcanın etdiyi dəyişikliklərdən,
simlərin sayı 11-ə çatdırıldıqdan və
dizlərin üstündən sinəyə
qaldırıldıqdan sonra muğam ifasında xeyli
artmışdı. Bu işdə böyük xidmət Azərbaycanın
tarzənlərinə məxsus idi. Muğam
ifasının çox maraqlı və bəlkə də
sirli xüsusiyyətlərindən biri klassik musiqi əsərlərindən
fərqli olaraq onun doğma kimi mövcud olması deyil, əksinə,
daimi təkamüldə, inkişafda olması idi, bu isə ilk
növbədə ifaçıların yaradıcı, dinclik
tapmayan axtarışlarının səbəbi və həm də
nəticəsi idi.
XX əsrin ortalarında muğam ifası ilə
yanaşı, klassik musiqi əsərlərinin tarda ifası
onun yeni və tükənməz imkanlarını üzə
çıxartdı. Məşhur muğam və həm də
klassik musiqi ifaçısı olan cərrah-tarzən Hacı
Məmmədov, o vaxtlar, musiqi məktəbində oxuyan
şagirdlər üçün bir uca mayak idi. Onun ilk ifaçısı olduğu Qərbi Avropa və
Rusiya bəstəkarlarının seçilmiş əsərlərinin
tarda səslənməsi özünə məxsus əsrarəngliklə
bizi valeh edir, primitiv də olsa ona bənzəməyə
çalışırdıq.
Elə həmin vaxtlarda milli musiqidə tarın
instrumental ifa imkanlarını xeyli artıran əsərlərin
yazılması öz mütərəqqi rolunu
oynayırdı. Bəstəkar Hacı Xanməmmədovun
1952-ci ildə yazdığı tar və simfonik orkestr
üçün 1-ci konsertini çala bilmək bizim
çoxumuz üçün ən böyük arzu idi. Düzdür, həmin konsertin texniki cəhətdən
nisbətən sadə, lakin gözəl melodiyası olan 2-ci
hissəsini konsertlərdə ifa edirdik. Lakin
həmin konserti bütövlükdə ilk dəfə ifa edən
bizim aramızda məhz Ramiz Quliyev olmuşdu.
Bir maraqlı məqam da o vaxtdan yadımda qalıb. 1-ci konsertin
not yazısında bir səhv getmişdi, onu da Ramiz
tapmışdı. Ramizin israrına
baxmayaraq, şagirdlərin çoxusu bununla
razılaşmırdılar. Son nəticədə
Ramiz haqlı çıxdı. Həqiqətən
də həmin konsertin, səhv etmirəmsə, ilk
ifaçısı olan məşhur tarzən Əhsən
Dadaşov həmin yeri notada yazıldığı kimi deyil,
Ramizin dediyi kimi çalmışdı. Ramizin
son dərəcə diqqətli olması, ifasında heç
bir kiçicik səhvin belə üstündən keçməməsi
onun parlaq gələcəyinin ilk parıltıları idi.
Deyilənlərə sübut hələ
uşaq musiqi məktəbinin şagirdi ikən
ifaçıların Respublika müsabiqəsində qalib
çıxması, bəstəkar Səid Rüstəmovun
gözəl ifaya görə ona təşəkkür etməsi
idi (bu haqda mənə o vaxt konservatoriyanın tələbəsi
olan bibim oğlu mərhum Hafiz Kərimov
danışmışdı).
1963-cü ildə mən Ağdam orta musiqi məktəbinin
(ona çox vaxt musiqi texnikumu da deyirdilər) I kursuna daxil
olanda Ramiz artıq III kursda oxuyurdu. Yetkin tarzən kimi onun
həyatını musiqiyə həsr edəcəyi və
konservatoriyaya daxil olacağı heç kəsdə
şübhə doğurmurdu. Özünə olan tələbkarlıq,
zəhmətsevərlik musiqini duymaq qabiliyyəti, sol əlin
barmaqları ilə sağ biləyin heyrətamiz simbiozu hər
an Ramizi gələcək arzularına,
qarşısına qoyduğu məqsədə
yaxınlaşdırırdı.
Qeyd etmək lazımdır ki, o vaxtlar Ağdam musiqi
texnikumunda gənc ifaçılar arasında güclü rəqabət
mühiti formalaşırdı. Səriştəli
müəllimlərin dəvət ilə gəlib orta musiqi məktəbində
dərs demələri öz müsbət rolunu
oynayırdı. Xüsusən, xanəndələrin
ağsaqqalı sayılan, geniş ürəyə malik Seyid
Şuşinskinin o vaxt Ağdama gəlməsi bizim
üçün böyük hadisə idi. Belə bir mühit Ramizin də formalaşmasına
öz təsirini göstərmişdi. Lakin ədalət
naminə qeyd etmək lazımdır ki, eyni mühitdə
oxuyan, eyni müəllimdən dərs alan
ifaçıların heç biri Ramiz Quliyev səviyyəsinə
çata bilməmişdi. Bunun əsas səbəbi
Ramizin istedadında, əzmkarlığında və qeyri-adi
qabiliyyətində idi.
İndi təbəssümlə
xatırlayıram ki, Ramizlə orta musiqi məktəbində
oxuya-oxuya uşaq musiqi məktəbində ixtisas tar kursundan dərs
deyən vaxtlar gələcək planlarımız haqqında
tez-tez danışardıq. Ramiz qəti fikirdə
idi ki, orta təhsilini bitirəndən sonra konservatoriyaya daxil
olacaq. Mənimsə fikrim başqa idi.
Məni daha çox kimya cəzb edirdi. İndi fikirləşirəm ki, kimyanı seçməkdə,
bəlkə də, kimya ilə musiqi arasında müəyyən
bir yaxınlığın, oxşarlığın olması
öz rolunu oynamşdı. Axı bizi əhatə
edən bütün maddi aləmin məhdud sayda kimyəvi
elementlərdən təşkil olunduğu kimi bu qədər
möhtəşəm, qəlbləri fəth edən
çoxsaylı musiqi əsərləri də məhdud sayda
notlardan, səslərdən təşkil edilmişdi. Bir qədər də dərinə baxsaq, Mendeleyev
kimyəvi elementlərin Dövri cədvəlini qurduğu kimi
akademik Lev Şerba da səslərin təsnifatını
Mendeleyevin Dövri cədvəlinə oxşayan səslərin
fonetik cədvəli şəklində vermişdi. Kimyəvi element atomlarından molekullar, kimyəvi
birləşmələr əmələ gəldiyi kimi
notlardan da akkordlar və melodiyalar yaranır. Və hər iki halda onlar simmetriya prinsiplərinə,
harmoniya qanunlarına əsaslanırlar.
1966-cı ildə mən Bakı Dövlət Universitetinin kimya fakultəsinə daxil olandan sonra yollarımızın ayrıldığına baxmayaraq, həmişə bir-birimizlə maraqlanır, uğurlarımıza sevinir və görüşəndə böyük şadlıq hissi keçirdirdik. Təbii ki, Ramizin istedadı çox tez parlamış, musiqi aləmində getdikcə daha da böyük nüfuz qazanmağa başlamış, mahir və istedadlı tarzənə çevrilmişdir. Onun şöhrəti ölkəmizdən çox-çox uzaqlara yayılmış, onlarla nüfuzlu müsabiqələrdə və toplantılarda vətənimizi layiqincə təmsil edərək, Azərbaycan musiqi ifaçılığının şöhrətini yüksəkliklərə qaldırmışdı.
Ramiz Quliyevin ifaçılığında iki qanadın - Azərbaycan muğamının və klassik musiqi janrının paralel, özü də hər ikisinin virtuoz səviyyəsini xüsusi qeyd etmək lazımdır. Bu xüsusiyyət özünü Ramizdə hələ musiqi məktəbində oxuyanda artıq büruzə verməyə başlamış və bütün yaradıcılq dövründə o, hər iki qanadın təkmilləşməsinə, cilalanmasına sadiq qalmışdır.
Tar uzun illər instrumental alət kimi muğamın ifası üçün əvəz olunmaz bir vasitə olmuşdur. Min illiklərlə, heç bir yazı olmadan muğam nəsillərdən nəsillərə şifahi şəkildə ötürülmüşdür. Ümumi məzmununu və quruluş xüsusiyyətlərini qoruyub saxlayan muğam eyni zamanda, tarzənlər üçün geniş yaradıcılıq meydanı açmışdır və çətin ki, iki məşhur tarzənin ifasında bir muğam tamamilə eyni cür səslənsin. Bu baxımdan muğam sözün əsl mənasında bir möcüzədir. Müqayisələr göstərir ki, əsas muğamlardan biri olan "Rast"ın quruluşu bir növ məşhur fizik Nils Borun təklif etdiyi atom quruluşunda elektronların energetik səviyyələrə keçidlərinə bənzəyir. Əlbəttə, fikirləşmək ki, muğamı yaradanlar atomun quruluşu haqqında primitiv formada da olsa təsəvvürlərə malik idilər, olduqca böyük sadəlövhlük olardı. Bu, sadəcə olaraq muğam musiqisində də təbiətin ümumi harmoniya qanunlarının, simmetriya prinsiplərinin təcəssüm olunmasının nəticəsi idi.
Muğam ilə klassik musiqi arasında körpünün yaranmasında biz Fikrət Əmirovun simfonik muğamlarına, onun xalq musiqisinə yaradıcı münasibətinə borcluyuq. Xaricdə ilk dəfə Boston simfonik orkestrinin ifasında səslənən "Şur" simfonik muğamı (Azərbaycanda bu əsər 1948-ci ildə Maestro Niyazinin dirijorluğu ilə səsləndirilmişdi) musiqi aləmində yeni bir səhifə idi. Özü gözəl tarzən olan Fikrət Əmirovin yaratdığı yeni musiqi janrı ümumiyyətlə, Azərbaycan xalq musiqisi zəminində ölməz musiqi əsərləri yaratmağın başlanğıcını qoydu.
Simfonik muğamlar təbii ki, ifaçılıq sənəti üçün də təsirsiz ötüşmədi. Bu, özünü ilk növbədə tarzənlərin klassik musiqi nümunələrinə müraciət etməsində göstərdi. İşlək simləri cəmi üç cüt (ağ, sarı və kök simlər), pərdələrinin sayı 22, diapazon intervalı isə cəmi 2,5 oktava olan tar (müqayisə üçün skripkada bu diapazon 4 intervaldan yuxarıdır) instrumental musiqi ifaçılığında möhtəşəm bir alətə çevrildi. Və bu prosesdə ən böyük xidməti olan tarzənlərdən biri də Ramiz Quliyev olmuşdur. Texniki cəhətdən mürəkkəb olan musiqi əsərlərini tarın dilinə çevirmək, onları böyük ustalıqla virtuozcasına ifa etmək hər şeydən əlavə gənc tarzənlərin yetişməsində olduqca vacib rol oynayır, necə ki, vaxtı ilə Hacı Məmmədovun klassik musiqi əssərlərinin tarda ilk ifası xatirəmizdə silinməz iz buraxmış, çoxları üçün örnək və ustad dərsi olmuşdur.
Müasir dövrümüzün ən ustad sənətkarlarından, ən virtuoz ifaçılarından, ən görkəmli incəsənət xadimlərindən biri olan Ramiz Quliyevin yaradıcılıq axtarışları yorulmaq bilmədən bu gün də davam edir. "Bir yerdə dayanmaq geriyə getməyə bərabərdir" prinsipini həmişə yadda saxlamaq və daima yeni uğurlara can atmaqda əzmkarlq göstərmək onun ucalmasının əsas səbəblərindən biridir. Bu çətin və şərəfli yolda dostum Ramiz Quliyevə yeni yaradıcılıq uğurları və xalqımızın əvəzsiz musiqi dünyasına yeni töhfələr verməsini arzu edirəm.
06.06.2019
Dilqəm
TAĞIYEV
Azərbaycan
MEA-nın Vitse-prezidenti, akademik
525-ci
qəzet.- 2019.- 19 iyun.- S.15.