Səhnədə hər zaman parlaq ulduz kimi...  

 

XALQ ARTİSTİ BƏSTİ CƏFƏROVA YUBİLEY GECƏSİNDƏ BİR DAHA QƏTİBƏ İNANC KİMİ SƏHNƏYƏ ÇIXARAQ MÖHTƏŞƏM İFA SƏRGİLƏDİ

 

 

 

Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubiley tədbirinə getməzdən öncə baş redaktorumuz Rəşad Məcidlə yubilyar haqqında kiçik söhbətimiz oldu.

 

Bəsti xanımı gəncliyindən tanıdığını deyən Rəşad müəllim yığcam bir məzəli əhvalatı da xatırladı. Bütünlüklə yalnış anlamadan ibarət olan hadisə bir gənc şairlə gənc aktrisanın uzunmüddətli sənət dostluğunun təməlini təşkil edir. Eyni zamanda, Bəsti xanımın hələ gəncliyindən işinə, sənətinə olan məsuliyyətindən xəbər verir.

Məzəli əhvalatın ardından dərhal teatra üz tuturam. Yol boyunca Bəsti xanımın tanıdığımız, sevdiyimiz obrazlarını xatırlayır, onun xarakterindən asılı olmayaraq, hər obrazı özündə dolğun şəkildə əks etdirən simasını gözlərimin qarşısında görürəm. Xəyalən Bəsti Cəfərovayla Xalq artistinin yubiley tədbirinə gedirik. O, gah "Solğun çiçəklər"dəki (Cəfər Cabbarlı) Pəri kimi aşiq, gah Xurşidbanu Natəvan  ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev) qədər cəsarətli bir qadın olurdu.

Nəhayət, sürəkli alqışlarla yubiley tədbiri başladı. Səhnəyə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, Xalq artistləri Hacı İsmayılov və Ramiz Novruz çıxdılar.

Azər Paşa müəllim sözü çox uzatmadan Bəsti Cəfərovanın sənətkar yolundan danışdı, onun Akademik Milli Dram Teatrında və Azərbaycan televiziyasında oynadığı tamaşalardan, filmlərdən söz açdı. Bəsti xanımın hər zaman Azərbaycan səhnəsi üçün lazımlı aktrisalardan olduğunu deyən direktor, onun peşəkarlığı və işinə ciddiyyətilə tamaşaçılar tərəfindən sevildiyini xüsusi vurğuladı. Xanım sənətkarı əlamətdar yubileyi münasibəti ilə təbrik edən A.Nemətov ona daha böyük yaradıcılıq uğurları arzu etdi.

Sonra Azər Paşa Nemətov Mədəniyyət naziri Əbülfəs Qarayevin Bəsti Cəfərovaya ünvanlanan təbrik məktubunu oxudu. Məktubunda 60 yaşlı sənətkarın uzun illərdir Azərbaycan incəsənətinə yorulmadan xidmət etdiyini vurğulayan nazir ona gələcək yaradıcılığında uğurlar diləyib.

Bəsti Cəfərovanı Azərbaycan Teatr Xadimləri İttifaqı adından Hacı İsmayılov, Akademik Milli Dram Teatrının kollektivi adından isə Ramiz Novruz təbrik etdilər. Onlar da sevdikləri həmkarlarının keçdiyi sənət yolundan danışdılar.

Təbriklərdən sonra söz yubilyarın idi. Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirdi. Keçdiyi sənət yoluna nəzər salan yubilyar tamaşaçıların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini dedi: "Bu günlərdə mənə olan zənglərin ardı-arası kəsilmir. Dostlarım, kolleqalarım, tamaşaçılar zəng edib təbrik edirlər. Yubiley münasibəti ilə teatrda hamı mənim üçün nə isə eləməyə çalışır. Bu, məni çox sevindirir. Hərdən deyirlər ki, aktyorlar bir-biri ilə yola getmirlər. Amma belə deyil. Teatr kollektiv işidir. Mən bu teatra, bu kollektivə xidmət edirəm və bununla qürur hissi keçirirəm. Teatrımızın rəhbəri Azər Paşa Nemətova təşəkkür edirəm ki, bu təntənəni mənim üçün təşkil edib".

***

Yubiley tədbirinin rəsmi hissəsi Azər Paşa müəllimin "indi isə Bəsti xanımı yola salaq səhnənin arxasına, bir azdan o, Qətibə İnanc kimi qarşımıza çıxacaq" sözləriylə yekunlaşdı. Xalq artisti Bəsti Cəfərovanın baş rolunu oynadığı "Qətibə İnanc" tamaşasına bir neçə ay öncə baxmışdım. İki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur. Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov "Qılınc və qələm" əsərini tamaşaya qoyub.

Səhnə əsərində Xalq artistləri Bəsti Cəfərova (Qətibə İnanc) və Sabir Məmmədov (Nizami), Əməkdar artistlər Kazım Abdullayev (Toğrul), Mirzə Ağabəyli, Elxan Quliyev (Vəzir), Məzahir Cəlilov (Qazı), Rövşən Kərimduxt (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı), aktyorlar Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), Elnur Qədirov (Qutluğ), Cümşüd Zeynalov (Zindan keşikçisi), Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə) iştirak edirlər.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.

Səhnə əsəri Qətibə İnancın yaşlılıq, sürgün dövrlərindən bəhs edir. Tamaşada rejissor güzgü effekti yaradaraq Qətibənin gəncliyini səhnəyə gətirməklə tamaşaçını zaman içində səyahətə, romanın əvvəllərinə dəvət edir.

Qətibə İnancın cavanlığını oynayan aktrisa Fidan Cəfərovanın səhnəyə çıxışı mənə düz altı il öncəni xatırlatdı. Hələ tələbə ikən Məmməd Səid Ordubadinin doğum günüylə bağlı səhnələşdirilən "Qılınc və Qələm" əsərində Azərbaycan ədəbiyyatında ən sevdiyim qadın obrazlardan biri olan Qətibənin cavanlığını canlandırmaq mənə də qismət olmuşdu. Gəncliyindən prinsipiallığı, cəsarəti, qorxmazlığı, vüqarı və qadın hiyləgərliyi ilə seçilən Qətibənin sonrakı taleyi də məhz bu xüsusiyyətlərinin fonunda qarışıq, ən sonda isə faciəvi oldu. Cavan Qətibənin ən həlledici məqamlarda ortaya çıxıb gələcəyi ilə dialoqa girməyi keçmişlə gələcəyin qarşılaşması, daha doğrusu, hesablaşması təsiri yaradır. Əslində, cavan Qətibə gələcəyinə qarşı bir az da əsəbidir. Çünki onun əməllərindən, oyunlarından məmnun deyil. Bu da Qətibə İnancın tamamilə mənfi obraz olmadığını göstərir. O, heç də göründüyü qədər qəddar, duyğusuz qadın deyil. İçində fırtınalar qopan bu qadın etdiklərinin nə qədər pis və dəhşətli olduğunun fərqindədir. Ancaq illər boyunca yaşadıqları, ürəyində qalaqlanan kin onun içindəki bütün gözəl duyğuları məhv edib, gənclik məsumluğunu illərin o tayında dəfn edib.

Qətibə sevməyi bacaran qadın idi. Ancaq sevgisini göstərmək, ona sahib çıxmaq şəkli fərqli idi. Rey hakiminin qızı, Cahan şahlarının həyat yoldaşı, şahzadənin anası olan Qətibəni rədd etməyə hansı kişinin qüdrəti yetərdi? Dövrünün ən məşhur və dahi şairi Nizami Gəncəvi o qüdrət sahibi idi. İçindəki eqoizm, tapdanan qürurunun sancısı Qətibəni bir qadın kimi xoşbəxt olmağa qoymur. O, ömrünü müxtəlif mübarizələrə həsr edir. Gah məhəbbəti uğrunda savaşır, gah da taxt-tac uğrunda. "Qadın yıxan evi fələk də dağıda bilməz" deyirlər. Qətibə İnanc da öz nifrəti və bu nifrətdən doğan hiylələri, oyunları ilə uzun illər taxtın sahibi olan böyük bir sülalənin hakimiyyətinə son qoyur.

Qətibə İnanc Bəsti Cəfərovanın misilsiz sənətkarlığı ilə səhnədə qüruru, sevgisi, nifrəti, kini, əsaləti ilə təkrar-təkrar canlanırdı. Hər dialoqunda sanki obraz içərisində obraz yaranırdı. Hiyləgər qadın hər kəslə bir cür danışır, özünün əsl üzünü ustalıqla gizlədə bilirdi. Qətibənin ətrafındakılara qarşı ustalıqla gizlətdiyi üzünü Bəsti Cəfərova biz tamaşaçılara elə həmin ustalıqla açıb göstərirdi.

Xalq artisti yaratdığı obraz haqqında bu fikirdədir: "Qətibə mənfi obraz olsa da, sonda onun ölümü insanlarda təəssüf doğurur. Çünki heç bir insan bu dünyaya pis olaraq gəlmir. Zaman, hadisələr onu tədricən dəyişir. Tamaşada Qətibənin gəncliyi ilə üzləşməsi, oradakı səmimi etiraflar da bunun sübutudur ki, o, əslində, pis insan olmayıb. Tamaşaçı da mənim obrazımı tam mənfi obraz kimi qəbul etmir. Hətta onlar Qətibənin taleyindən təsirlənib ağlayırlar.

Tamaşanın xeyli yükü də mənim ifa etdiyim Qətibə obrazının çiyinləri üzərindədir. İndi o böyüklükdə mətni əzbərləməyi, səhnədə o cür çevik hərəkətlər etməyi mən yaşda olan aktrisalar bacarmırlar. Mən onları da qınamıram. Yaş öz sözünü deyir. Amma mən öz aktyor qüvvəmə inanmasaydım, Qətibə İnanc obrazını da boynuma götürməzdim".

Burada Bəsti xanım çox haqlıdır. Həqiqətən də Qətibə kimi canlı, diri, çevik, ən xırda hisslərini belə bütün bədəniylə, varlığıyla yaşayan qadını canlandırmaq hər akrisanın öhdəsindən gələ biləcəyi iş deyildi. Amma o, yaşını hiss etdirmədən hər dəfə tamaşaçını təəccübləndirməyi bacarır.

Səhnə əsəri digər obrazların da peşəkar oyunu ilə yadda qaldı. Sabir Məmmədovun xarizması, təmkini, müdrik duruşu əsil Nizami Gəncəvi dühasına yaraşan şəkildə idi. Qətibənin başına gətirdiyi oyunlardan, ona qarşı qurduğu tələlərdən, sui-qəsdlərdən sonra belə səbrlə davranan, təmkinini, qarşısındakı qadına qarşı hörmətini itirməyən şair bütün əzəmətiylə bir daha gözümüzdə ucaldı.

Qətibə İnancın cavanlığını isə qızı aktrisa Fidan Cəfərova canlandırır. Fidan xanım yaratdığı obrazın və anasıyla eyni səhnəni bölüşməyin yaratdığı hisslərdən bu cür bəhs edir: "Mən fiziki yorğunluqdan daha çox emossional yorğunluq hiss edirdim. Amma bu da yaxşı yorğunluqdur. Adam öz işindən razı qalandan sonra yorğunluq da xoş hissə çevrilir. Nəzərə alsaq ki, mən səhnəni çox sevirəm, o eyforiya hissini hər tamaşadan sonra keçirirəm. Bütün hallarda Bəsti xanımla tərəf-müqabili olmaq, onunla səhnədə kəsişmək məndə yorğunluq yox, xoşbəxt hisslər yaradır".

Etiraf edək ki, əsər boyunca Qətibə bizi nə qədər sarsıntıda, gərginlikdə saxlasa, ona gah qəzəblənib, gah acısaq da, sonda ölümünə kədərlənməyə bilmirik. Çünki Qətibə bir qadın kimi əzəmətli duruşun nümunəsi olmağı bacarmışdı. Onun illər boyunca içində bəslədiyi duyğu burulğanının son qurbanı da özü olur. Və ən maraqlısı da odur ki, Qətibə özünün hazırladığı oyunda özü məğlub olur. Qürurla, mərdliklə. Onun zəhərli badəni hər kəsin gözü önündə bir an belə tərəddüd etmədən başına çəkməyi bir qadının dünyaya, taxt-taca, hakimiyyətə, ən nəhayət, kişi zəifliyinə oxuduğu meydan idi.

Əsər demək olar ki, bütün dialoqlarında cəmiyyətə ünvanlanan mesajlarla dolu olsa da, ən tutarlı mesaj məhz Qətibənin ölümün gözlərinə dik baxdığı son səhnə idi. Bəli, o, ölmək istəmirdi, amma yaşamaq üçün də bir məna görmürdü. Hələ gəncliyində sevgisini itirən qadın bütün həyatı boyunca o sevgini aradı, tapmadı, sonda isə yenə də toxunduğu hər yeri alova qərq edən, dağıdıb keçən məhəbbətini ürəyinə həbs edib sevdiyi Nizami, sevmədiyi dünya ilə əbədi vidalaşdı. 

***

Qətibə İnanc Bəsti Cəfərova adını bir daha, təkrar-təkrar, dönə-dönə həm Akademik Milli Dram Teatrı, həm də ümumilikdə Azərbaycan səhnəsinə yazan obrazdır. Səhnəmizin Qətibəsini, Natəvanını, Pərisini, Afətini, Ədiləsini, Bənövşəsini, Əsmərini, Solmazını, Alinasını... və nəhayət, əziz Xalq artistimiz Bəsti Cəfərovanı yubiley yaxşı münasibətilə biz də təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 19 iyun.- S.14.