Azərbaycanda gender bərabərliyi
və media azadlığı
"Azərbaycanda Gender bərabərliyi və media
azadlığı" layihəsinə yekun vurulub.
Bununla əlaqədar
dünən Bakıda "Gender bərabərliyi və
media" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Avropa
Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan
Hernyes layihənin əhəmiyyətindən
danışıb. O bildirib ki, belə layihələr gender bərabərliyi,
media azadlığı mövzularında müzakirələrin
aparılması baxımından çox önəmlidir:
"Layihə çərçivəsində vətəndaş
cəmiyyəti, media təmsilçiləri də qeyd olunan
layihənin həyata keçirilməsində
iştirakçı olub, müvafiq tövsiyə və təkliflər
irəli sürülüb".
Səfir medianın demokratik cəmiyyətdə
mühüm rol oynadığını diqqətə
çatdırıb. O deyib ki, medianın müstəqilliyi önəmli olsa
da, media işçiləri qadın və kişilərin
obrazını qərəzsiz, stereotipsiz şəkildə təqdim
edilməsinə görə cavabdehlik
daşıdıqlarını bilməlidirlər: "Gender bərabərliyinin
reallığa çevrilməsində medianın rolu əvəzedilməzdir.
Media gender bərabərliyinin inkişafına həm təkan
verə, həm də onu əngəlləyə bilər: O, cəmiyyətdə
ideyaların, münasibət və davranışların
formalaşmasında aparıcı rol oynayır. Məhz bu səbəbdən
Avropa Şurası gender bərabərliyi və media sahəsində
bir sıra standartlar və bələdçilər
hazırlayıb".
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova
vurğulayıb ki, Azərbaycanda gender bərabərliyinə
həssas yanaşma var. Onun dediyinə görə, Azərbaycan
gender bərabərliyinin təmini yolunu seçib və bu
günə qədər qadınların hüquqlarının
müdafiəsini davam etdirir: "Azərbaycanda
qadınların hüquqlarının müdafiəsi sahəsində
xeyli inkişaf var. Qadınlar bir çox ölkələrdə
əhalinin, demək olar ki, çox hissəsini təşkil
edirlər. Azərbaycanda isə demək olar ki, qadın və
kişi sayı bərabərdir. Azərbaycanda çox güclü, düzgün
balanslaşdırılmış gender siyasəti
yürüdülür".
S.Qəhrəmanova
qeyd edib ki, gender bərabərliyi Azərbaycanın siyasətində
həmişə önəmli yer tutub: "Bizə yalnız
qadınlar deyil, kişilər də müraciət edirlər.
Çünki biz cəmiyyətdə bərabərliyi
qorumaq istəyirik. Bu gün artıq gender bərabərliyi
Azərbaycan cəmiyyətində mühüm amil kimi qəbul
edilir".
Komitə
sədrinin müavini cəmiyyətin inkişaf etməsi
üçün qadınların inkişafını çox
vacib sayıb: "Əhalinin yarısını təşkil
edən qadınlar inkişaf etməsə, ölkənin
demoqrafik inkişafından da danışmaq olmaz. Qadınların özünəinamı, peşəsini
düzgün seçməsi vacibdir. Bu
gün hansısa peşədə qadınların sayı
kişilərə nisbətən daha çoxdur. Məsələn, təhsil, mədəniyyət və
səhiyyə sahəsində qadınların sayı hər
zaman çox olub. Amma yüksək vəzifələrdə
daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini
azaldır".
Prezident Administrasiyasının nümayəndəsi
Vüqar Səlimov qeyd edib ki, Azərbaycan bundan sonra da belə
layihələri dəstəkləyəcək.
Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov isə bildirib ki, Avropa Şurası Azərbaycanda
fəaliyyətə başlayandan jurnalistlərin peşəkarlığının
artırılması, söz və mətbuat
azadlığı məsələsi ilə bağlı
çoxsaylı tədbirlər həyata keçirir: Avropa
Şurasının "Azərbaycanda Gender bərabərliyi və
media azadlığı" layihəsi də həyata
keçirilən çox önəmli layihələrdən
biridir. Onun sözlərinə görə, ümumilikdə
layihə Azərbaycanda gender bərabərliyi və media sahəsində
maarifləndirmə tədbirlərinə yeni bir təkan verib,
jurnalistlərin bu istiqamətdə peşəkarlığının
daha da artırılmasına xidmət edib.
Ombudsman
Aparatının rəhbəri Aydın Səfixanlı isə
deyib ki, icra
olunan layihə insan hüquqlarının təmini
üçün aktual məqsədlər qoyub və elə bu
səbəbdən uğurlu həyata keçirilib: "Uzun
müddətdir Azərbaycan insan hüquqlarının
müdafiəsi baxımından Avropa Şurası ilə bir
sıra mühüm layihələri həyata keçirir. Zaman-zaman müxtəlif layihələr ilə
bağlı birgə işlər görülüb və
çox dəyərli nəticələr əldə edilib.
"Azərbaycanda Gender bərabərliyi və
media azadlığı" layihəsi də çox əhəmiyyətli
layihlərdən biridir. Burada həm gender bərabərliyi
həm də bunun mediada təmin olunması prinsipi öz əksini
tapıb".
Sonra
"Gender bərabərliyi və media azadlığı":
əsas nailiyyətlər və alınan dərslər mövzusunda Avropa
Şurası Bakı ofisinin əməkdaşı, layihə rəhbəri
Pərvanə Bayramova çıxış edib. Həmçinin,
gender və media eksperti Yelena Surculiya Miloyevicin video çıxışı
nümayiş olunub.
"Gender bərabərliyi və media
azadlığı" layihəsinin nəticələrinə
həsr olunan film nümayiş olunub, "Gender bərabərliyi
və media azadlığı" kursu üzrə kurikulumun təqdimatı
olub.
S.Qarayeva
525-ci qəzet.- 2019.- 19 iyun.- S.7.