Milli Kitabxanada yeni tədbirlər keçirilib

 

  Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası "Həqiqət" Tarixi Araşdırmalar İctimai Birliyinin"Gənc istedad"Fəxri diplomçusu, eyni zamanda "Asiya-Fakt-İnformasiya Agentliyinin" "Sizi tanıyaq" layihəsində iştirakına görə uşaqlar arasında "Ən yaxşı yazar" diplomu ilə təltif edilən Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimat mərasimi keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru, professor  Kərim Tahirov açaraq qonaqları salamladı. Direktor belə istedadlı gənclərdə elmə, təhsilə, mütaliəyə həvəsin olduğunu görəndə çox sevindiyini, qürurlandığını bildirdi. O gənclərin kitabxanaya axınını, mütaliəyə marağın artdığını söylədi. Kitabxananın direktoru qeyd etdi ki, on yaşlı Sevindik həm mütaliə edir, həm də yazır. Bu yaşda iki şeir kitabının çap olunması çox təqdirəlayiqdir. Kərim Tahirov gənc şairə dəstək verərək daha  yaxşı yazmağı tövsiyyə etdi. Direktor söylədi ki,  illər keçəcək Sevindik bundan daha yaxşı yazacaq, vətəninə, xalqına layiqli bir övlad, vətənpərvər vətəndaş olacaq, Azərbaycan ədəbiyyatının görkəmli bir nümayəndəsinə çevriləcək. Sevindik hələ gəncdir, uşaqdır o uşaq təxəyyülü ilə yazıb yaradır, belə bir təqdimatın keçirilməsi bizim tərəfimizdən ona dəstəkdir deyə qeyd etdi. Direktor Azərbaycan Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan Açıq Kitabxanada teztez məktəb yaşlı uşaqlarla görüşlərin, istedadlı gənc yazarların kitab təqdimatlarının keçirildiyini söylədi, dövlətin gənclərə diqqət və qayğısından danışdı.

ADPU-nun kafedra müdiri, uşaq yazıçısı Zahid Xəlil  Milli Kitabxanada istedadlı  bir gəncin kitabının təqdimatının keçirilməsində iştirak etdiyinə görə şad olduğunu bildirdi. O, qeyd etdi ki, mən bu iki kitabı oxudumgördüm ki, Sevindik ədəbiyyatda addımlarını düz atır, düz yoldadır. Onun şeirlərində vətənpərvərlik duyğuları çox yüksəkdir.

Professor Rafiq Yusifoğlu  hər iki kitabın çap olunması və təqdimatı münasibətilə təbriklərini bildirdi və gələcəkdə yeni-yeni kitablarının çap olunmasını arzuladı. O,qeyd etdi ki, uşaq dünyanın ən böyük  varlığıdır buna görə də hər zaman uşaqlara, gənclərimizə dəstək olmalıyıq.

Professor Füzuli Əsgərli  Sevindiyin çox böyük fitri istedada malik olduğunu, şeirlərində poetik bir üslub olduğunu, vətənpərvərlik üslubunda yazdığını bildirdi.

Professor Asif  Rüstəmli çıxışında Sevindiyin dünyagörüşü,  zehni, qabiliyyəti ilə seçilən bir gənc olduğunu qeyd etdi. Sevindiyin vətənpərvər ruhda böyüməsini,onun Azərbaycan ədəbiyyatının nümayəndələri ilə yanaşı dünya ədəbiyyatının da nümayəndələrindən oxuduğunu qeyd etdi. O, belə bir tədbirin keçirilməsini çox yüksək  qiymətləndirərək bildirdi ki, Azərbaycanın gələcəyi uşaqlardan, belə istedadlı gənclərdən asılıdır. Professor qeyd etdi ki, biz öz gələcəyimizə, gəncliyimizə  qiymət verməyi bacaran xalqıq.Sevindiyə hər zaman çox oxumağı, mütaliə etməyi, hər zaman Vətənini sevməyi, onu hər yerdə  müdafiə etməyi  tövsiyyə etdi.

Təqdimat mərasimində digər ziyalılar  Sevindik Nəsiboğlunun ailə üzvləri çıxış etdilər.

Gənc şairin dostları şairin yaradıcılığından “Salam olsun“, “Allah türkə yar olsun“, “Sizi tanıyaq“ layihəsinin rəhbəri Vüsalə Qələndərli isə“Ay gəlin,Gədəbəyə köç“ şeirlərini söylədilər. Sonra Sevindik Nəsiboğlu AVMVİB Sabunçu rayon şöbəsi tərəfindən Azərbaycan  Milli Ordusunun yaranmasının 100 illiyi, müharibə veteranlarının dostu, yeni kitablarının işıq üzü görməsi,“Dünyamsan Azərbaycan“, “Hərdən uçmaq istəyirəm“ kitablarına  görə Fəxri Fərmanla, “Zəngəzurun səsi “ qəzetinin Fəxri Diplomu ilə təltif olundu.

Tədbirin sonunda  gənc şairə söz verildi. On yaşlı şair yaradıcılığından“Zəngəzurşerini oxudu, gələcək planlarından danışdı.

Yekun olaraq xatirə şəkli çəkdirildi.

 

Şahanə

 

525-ci qəzet.- 2019.- 19 iyun.- S.12.